“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir.
NƏBİ Ramazanlı
LORU-PƏMBƏK MAHALI
Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürül-məsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası üç mərhələdə aparılıb:
Birinci mərhələ: 1905–1920-ci illər
İkinci mərhələ: 1948–1953-cü illər
Üçüncü mərhələ: 1988–1992-ci illər.
Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Zəngəzurda Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada – 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanları, tarixi-mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbiristanı dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda, bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir. Əgər krım tatarlarını, çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi.
Əgər digər repressiyaya məruz qalan xalqlar yaşadıqları bütün torpaqlardan deportasiya olunmuşdularsa, azərbaycanlılar yalnızca sonradan Ermənistan adlandırılan qədim türk torpaqlarından köçürüldülər ki, məqsəd Ermənistanın "təmizlənməsi" idi. Ermənistanın bütün toponimikasının da təmizlənməsi qərara alınmışdı. SSRİ Nazirlər Kabinetinin çoxlu sayda sərəncamları ilə 2 mindən çox yer adı dəyişdirildi. Lakin Ermənistanın tam təmizlənməsinə sovet dövrü bəs etmədi və ölkədəki bütün türk mənşəli sözlərin dəyişdirilməsi SSRİ dağıldıqdan sonra da davam etdirilərək 2007-ci ildə sona çatdırıldı.
Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün xüsusi siyasət yürüdüb. Azərbaycanlılar isə həmin vaxtlarda ermənilərin bu iyrənc siyasətinin arxasında duran məqsədləri dərk etməyib və yaxud bunları dərk edən rəhbər kadrlar isə zamanında zərərsizləşdirilərək aradan götürülmüşdür. Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O vaxt Qərbi Azərbaycanın-indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib. Loru mahalı – Azərbaycanın tarixi mahallarından biri kimi Səfəvilər dövləti o zamandan etibarən qədim oğuz türklərinin yaşayış məskəni olaraq mövcuddur. Borçalı Rusiya tərəfindən işğal edildikdən sonra, 12 sentyabr 1801-ci ildə Gürcüstan quberniyası daxilində Borçalı yaradılır. 1880-ci ildə Tiflis quberniyası da-xilində Borçalı qəzası təşkil edilir və onun ən böyük nahiyəsi də Loru olur. Loru Borçalının dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər. Bu ərazidə bir vaxtlar Loru şəhərinin mövcudluğu və həmin şəhərin 1236-cı ildə monqollar tərəfindən dağıdıldığı, XIV-XV əsrlərdə yenidən bərpa olunduğu, XV-XVIII əsrlərdə Osmanlı-İran hücumlarına məruz qaldığı haqda da tarixi faktlar vardır.
1918-ci ildə erməni-daşnak hökumətinin silahlı qüvvələri qəflətən hücum edərək Loru və Pənbək mahalı ərazilərini işğal edir. 1919-cu ilin yanvarında Tiflisdə keçirilən Ermənistan-Gürcüstan konfransında Borçalı (əslində, Loru zonası) neytral zona elan edilir. 1920-ci ilin sentyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zonasına nəzarəti öz üzərinə götürür.
1921-ci ildə isə Gürcüs-tan və Ermənistan bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edilir.
Beləliklə, Ermənistanın inzibati bölgüsündə Loru mahalı 4 rayon – Barana, Allahverdi, Cəlaloğlu və Vorontsovka rayonları şəklində formalaşmağa məcbur qalır.
Loru mahalının tarixi ilə bağlı ən maraqlı faktlardan biri də burada qədim Loru türk qalasının mövcud olması idi. Lakin bu qala 1236-cı ildə monqollar tərəfindən dağıdılmış, XIV-XV yüzillərdə təzədən bərpa olunmuş, XV-XVIII yüzillərdə İran və Osmanlı qoşunlarının dağıdıcı hücumlarına məruz qalmışdır. Loru mahalı ilə birlikdə bütün Borçalı eli XVIII yüzilin əvvəllərində Gəncə bəylərbəyliyinin tərkibində olmuş, lakin bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Muğanda Nadirin şah elan olunması əleyhinə çıxdığı üçün Nadir şah da şah seçiləndən sonra Borçalı və Qazax mahallarını Gəncə bəylərbəyliyindən alıb Kartli-Kaxeti çarlığının tabeliyinə vermişdir.
İndiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü də məhz bu ərazi ilə bağlıdır. Belə ki, bu tarix 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı işğal etməsi və bunun nəticəsində Şəmşəddil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlanır. 1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5-6 min nəfər türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışdır. Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına sığınmışlar. Onların geri qaytarılması üçün knyaz Sisyanov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdir. Bölgəyə ermənilərin köçürülməsi də, təəssüf ki, həmin illərə təsadüf edir.
Pənbək mahalının Hamamlı (sonralar Spitak), Allahverdi (sonralar Tumanyan), Calaloğlu (sonralar Stepanavan), Barana (sonralar Noyemberyan) və Vorontsovka (sonralar Kalinino və ən sonda Taşir) əraziləri son 200 illik tarix boyu erməni-rus birləşik şovinizminin çoxsaylı məkr dolu siyasətinin qurbanına çevrilmişdir.
Qazaxdan Böyük Qarakilsəyə, Gümrüyə gedən yol Dilican dərəsi ilə qalxaraq Ağstafa çayının sahili boyunca uzanır, Dilican şəhərindən ayrılaraq dərə boyu burulur. Bu dərə Pəmbək dərəsi adlanır. Pəmbək dərəsi boyunca yerləşən ərazilər Pəmbək mahalı adlanır. Bu mahal sovet dövründə də deformasiya olunaraq iki rayon arasında bölüşdürülmüşdür: Böyük Qarakilsə (sonralar Kirovakan və Quqark) və Hamamlı (sonralar Spitak) rayonları.
Belə ki, vaxtilə erməni astronomu, qatı daşnak, akademik Viktor Hambarsumyan Ləmbəlinin üstündəki Heyvalı aşırımında dayanaraq heyrətlə bu yerləri seyr etmiş, buranı Ermənistanın Kaliforniyası adlandırmış və dərindən köks ötürərək "ancaq heyif ki, bu torpaqlarda türklər yaşayırlar " demişdi.
Təəssüf ki, "insanlığın düşməni" olan erməni haylar öz murdar istəklərinə, axır ki, nail oldular və 1988-ci ildə xarici havadarlarının köməyi ilə bu tarixi türk torpaqlarından soydaşlarımızı görünməmiş vəhşiliklə qovub çıxardılar və həmin yerlərə vaxtilə xarici ölkələrdən köçürülüb gətirilmiş erməniləri yerləşdirdilər. Loru-Pəmbək mahallarının ərazisi tarixi Azərbaycan-türk torpaqları olduğu kimi, ən qədim zamanlardan üzü bəri bu yerlərdə Azərbaycan türklərinin etnogenezində iştirak edən müxtəlif azər-türk boyları yaşamış, burada özlərinin mədəniyyətini, ədəbiyyatını, incəsənətini, folklorunu formalaşdırmış, yaşadaraq nəsillərdən-nəsillərə ötürmüşlər.
Bu mahalların sakinləri olan hər bir ağsaqqalın, ağbirçəyin sinəsində neçə-neçə nağıl, əfsanə, dastan, nəğmə, bayatı, atalar sözü və məsəl, tapmaca və lətifə yurd salıb. Bunu bölgədəki hər bir kəndin timsalında görmək mümkündür. Loru-Pəmbək mahallarının adamları, Qərbi Azərbaycanın başqa bölgələri kimi, söz qədri bilən, sözü yerində deyən, sözdən söz çıxaran, sözlə insanı ayıldan, tərbiyə etməyi bacaran insanlar olublar. Bəzən isə onlar həm sözdən qorxublar, həm də sözlə qorxudublar, hərdən sözə sığınıblar, sözə tapınıblar, sözə inanıblar, "Sözümün qavağınnan söz demə", "Sözü cılızdaşdırma", "Sözü çeynəmə", "Sözüm sözdü", "Ağzınnan xeyirri söz çıxsın", "Nə qədər ki söz mənim içimdədi, mən onun ağasıyam. Ağzımdan çıxdı, oldum onun qulu", "Sözümün yiyəsiyəm"- deyə sözə də canlı varlıq, Tanrı qisməti, ilahi bir pay kimi baxıblar. Öz deyimləri ilə, sözün əsl mənasında, sözdən qala qurublar. Elə ona görə də sözü dədə-baba əmanəti – torpaq kimi, övlad kimi, ana, bala kimi sevə-sevə qoruyublar. Çox vaxt öz ləhcəsində danışmayan adamı lağa qoyublar, ona "lateri" deyiblər: "Bağa çanağınnan çıxıf, çanağını bəyənmer", "Kənddən çıxannan tatdaşıf", "Filankəs dilini dəyişif".
Hər bölgənin folkloru kimi, bu bölgənin də folkloru orada yaşayan insanların etnik özünəməxsusluğunun, həyat və məişət tərzinin göstəricisi kimi meydana çıxıb. Qərbi Azərbaycanın başqa bölgələri kimi, Loru-Pəmbək mahalı da son iki yüz ildə Rusiyanın Qafqazı işğal siyasəti ilə bağlı erməni-hay kimi yaramaz bir etnik toplumun xalqımıza qarşı düşmənçilik hərəkətlərinin hədəfinə çevrilmiş, özünün mövcudluğu, dədə-baba torpaqlarının düşməndən qorunması uğrunda qanlı savaşlar aparmaq məcburiyyətində qalmışdır.
Xatirimdədir, 1979-cu ildə erməni quldur dəstələri Məmmədov Novruzun ailəsinə silahlı basqın edərək onun 24 yaşında olan gənc oğlu Aydını və həyat yoldaşı Ağabacını qətlə yetirdilər, özünü isə ağır yaralayaraq ömürlük əlil etdilər.
Lakin bütün bu kimi hallar bu mahalda yaşayan insanların tam olaraq milli mədəni irsini, mədəniyyətini qorumaqla yaşamağa davam etməsinə mane ola bilmədi. Lakin təəssüf ki, ötən əsrin 80-ci illərinin sonunda Sovet imperiyası rəhbərliyinə gətirilən M.S.Qorbaçov kimi ermənipərəst və yarıtmaz rəhbərin himayəsi ilə nəinki Loru Pəmbəkdə yaşayan azərbaycanlılar, bütövlükdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlı soydaşlarımız öz ata-baba yurdlarını tərk etməyə məcbur qaldılar və ermənilər son 3 əsrlik tarix boyu düşüncələrində daşıdıqları azərbaycanlılarsız Ermənistan ərazisinə sahib çıxdılar. Lakin bütün bunların müvəqqəti olduğuna inanır və tarixin uyğun zamanında bu torpaqların qaytarılmasına şübhə etmirik.
“Ədəbiyyat və incəsənət”
(12.07.2024)