Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
20.01.2024 - Bu tarixdə yenə dərdlərim qəlbimdə, yaşılı sevən oğlaq öz-özlüyümdə danışaraq yol gedirdim.
Növbəti doğum günüm idi.
Yenə doğum və ölüm günüm bir gündə olsun düşüncəsində idim.
Bir anlıq sanki onu gördüm, artıq çox vaxt olardı ki, Amiri görmürdüm, amma qəlbimdə Amirdən nə əvvəl, nə də sonra sahiblik edən bir "sakin" olmuşdur. O sirli insan qəlb qapımın açarını, bəlkə də, gözlərimdən oğurlamışdı. Gözlərimə ona görə acıqlı idim, çünki qəlbimə keçməsi üçün gözlərim ona bələdçilik etmişdi. Amma gözlər nə etsin ki!? Axı qəlb öz qapısını öz əlləri ilə açır. Gözlər günahkar deyil, onlar çox simalar görür, qəlbim özü bu simaya vurulmuşdu.
Həmin qara gödəkçə, enli çiyinlər, ağır addımlar, idmansayağı saç düzümü və qürurlu qamət...
Artıq ayaqlarım yerdən üzülmüşdü və yenə var gücümlə ona- " sevgimə layiq deyilsən " demək istəyirdim.
İşıqforu unutmuşdum və ona tez çatmaq istəyirdim.
Deyəsən, sürətlə gələn maşını da görməmişdim.
Sadəcə zərbə hiss etdim və hər yer qaraya boyandı.
Ayılanda olmadığım, görmədiyim bir yerdə idim.
Nə baş verirdi, mən harada idim, heç nə anlamırdım.
Rəngli güllər, heç yerdə görmədiyim quşlar, göy qurşağı, yaşıl kəpənəklər və möhtəşəm mənzərə.
Bir anlıq hiss etdim ki, yazdığım hekayələrimdəki obrazam.
Axı hər obrazımı hiss edirdim; onlara dönüb o qədər ağlayıb, kədərlənib, gülmüşdüm ki.
Birdən gözümə böyük bir güzgü sataşdı və uzunluğu 1.80 sm, eni isə əlli santimetr olardı.
Bu güzgü çox maraqlı idi və fırlanırdı.
Özümə baxmağa həvəsləndim və güzgüdə fərqli görünürdüm. Saçım uzunluğu qədər güllərlə bəzənmişdi, donum ağ rəngində tüllərdən tikilmişdi və ayağımda isə şəffaf və parıldayan bir ayaqqabı vardı.
Bu nədir?
Yoxsa, maşın məni vurub bu fərqli dünyaya yollamışdır.
Həm də doğulduğum gündə doğum və ölüm günü hədiyyəm idi bu məkan.
İlahi, ölüm günü hədiyyəsi.
Nə maraqlı ifadə idi, ilk dəfə idi bu ifadəni zəkam işlətdi.
Nə yaxşı, arzum yerinə yetmişdi.
Mənim doğum və ölüm günüm bir günə düşmüşdü.
Sevincimdən yerimdə dövrə vururdum.
Bu an bilmədən güzgüyə toxundum. Və...
Güzgü elastik idi. Əvvəlcə əllərimi güzgüyə toxundurdum.
Əllərim güzgünün o biri tərəfinə keçdi.
İlahi, mən tərəddüd etmədən güzgünün o biri tərəfinə keçdim. Dəfələrlə bu epizodu xəyalımda canlandırmışdım və indi, əlbəttə ki, düşünmədən bunu real yaşayacaqdım.
Hər yer dumanlı idi, amma xoş qoxu vardı.
Dumandan heç nə görmürdüm. Birdən tanış sima gördüm. Gözlərim dolmuşdu, amma göz yaşlarım çox fərqli idi. Bu dəfə göz yaşlarım mirvariyə dönürdü, və yoxa çıxırdı. O sima Şəhid, Şair Əsgər- Səbuhinin siması idi.
Çox sevindim. Adını ucadan çəkdim, səslədim onu.
Səbuhi səssizcə gülümsədi və mənə tərəf addımlamağa başladı. Duman çəkilirdi və mən onu aydın görürdüm.
Mənə yaxınlaşan kimi:
" Niyə tələsirdin? Axı yaşıl rəngi sevirdin. İşıqfordakı yaşıl rəngi gözləmək çətin idi?! Niyə bu qədər səbirsizsən? " - söylədi.
Mən bilmirdim nə düşünüm, deyəsən, həqiqətən, ölmüşdüm, belə düşünməyə məcbur idim. Cahan ana ilə Səbuhi haqqında çox danışmışdım və onu görəndə sanki illərdi tanıdığım birini görürmüş kimi hiss etdim.
Ruh cismə sığırdımı? İslamşünas dostum söyləmişdi ki, ruh cismə sığmaz və ruh görünməz.
Mən də elə düşünürdüm ki, ruh cismə sığmaz və həmişə bədənlə rabitədə olar.
Bəs mən harada idim?
Özümə söyləyirdim ki, Əbülfəzqızı, yuxuda deyilsən.
Səbuhinin ilk sualı belə oldu:
-Ruhların səsini eşitmisənmi?
-Əlbəttə ki, yox söylədim. Hər halda sağ olduğumu bildirdim.
Şair əsgər elə şəkillərində olduğu kimi gülümsədi.
Dilim susmağa aşiq deyildi, söylədim ki, ruhum cismin yükünü daşıyır, bəzən o yükdən qurtulmağı arzu edirəm.
-Niyə bu qədər bədbinsən -deyə, Səbuhi söylədi.
Söylədim ki, Şair əsgər, bircə sən mənə- bədbinsən , - söyləməmişdin.
Söylədim ki, ruhu duymaq üçün nə qulağa, nə də dilə ehtiyac var.
Sirlidir, cazibəlidir, vahiməlidir.
Deyim ki, məncə, ruhlar xəta etməz.. Düzmü söylədim?
Səbuhi yenə gülümsündü, amma susdu.
Bir az gərginləşib, -niyə ancaq mən danışmalıyam- söylədim.
O isə getməlisən -,Əbülfəzqızı, dedi.
Əlbəttə, getmək niyyətim yox idi və- getmirəm-, söylədim.
O bir daha- getməlisən- söylədi.
Xahiş etdim ki, bir sualıma heç olmasa, cavab ver.
Üzümə baxıb bir anlıq susdu, sanki suallarımı əvvəlcədən üzümdən oxumuşdu.
-Vətən üçün bir də Şəhid olardınmı? - söylədim.
O, yenə gülümsədi: Vətən üçün bir dəfə yox, neçə dəfə həyata gəlsəm, o qədər də Şəhid olmağa hazıram - söylədi
- Gözlərindən dəyən güllə səni çox ağrıtdımı? - söylədim.
O isə: torpağımın yağı tapdağında olmağı daha ağrılı idi - söylədi.
Söylədim ki, qanınız yerdə qalmadı və sizin kimi igid oğullar sayəsində başımız uca, Vətənimiz azaddır.
Səbuhi möhtəşəm gülüşü ilə: bəli, - söylədi və çox qürurlu, sevincli görünürdü.
Sualların bitdisə, get xahiş edirəm- dedi.
Təbii ki, etiraz etdim.
Amma ölüm fikrindən daşın, pay olan hər saniyənə Şükür et söylədi.
Artıq kövrəlirdim, o sanki daxilimi duymuşdu.
Qəlbindəki sevgini incitmə.
Hamının günahları olur, bağışla onu söylədi.
Maraqla soruşdum.
- Mənim daxilimi necə bilirsən?
-Yenə o susdu.
Bir-iki dəqiqə ara verdim, sanki kimsə ağlayırdı.
Anamın səsinə bənzəyirdi, çox həyəcanlandım.
Anamı axtarmaq üçün dəli kimi boylandım.
Səbuhi isə getməlisən- söylədi.
-Get və ona zəng vur, sevdiyini söylə.
O bütün yazılarının müsbət baş obrazı, şeirlərinin ruhu deyilmi?
-İndi Səbuhi ilə yerimizi dəyişmişdik, bu dəfə isə mən susurdum.
İşıqforu niyə unutdun?-söylədi.
- Ona bənzər birinimi gördün? Görürsən, onun izinə düşüb bura gəlmisən.
Deməli, sevgin canından dəyərlidir, Əbülfəzqızı.
-Hə, bayaqdan suallarını Bakının tıxacı kimi ard-arda düzmüsən və məndən cavab istəyirsən.
İndi buyur, sən mənim suallarıma cavab ver, onu ölümə dik baxacaq qədər çoxmu sevirsən?
Suallara cavab vermək mənə heç bu qədər çətin olmamışdı.
Bir çox imtahanlar vermişdim, amma bu qədər heç bir sualların qarşısında aciz qalmamışdım.
Səbuhi isə xüsusi təbəssümlə cavab gözləyirdi.
-Sanki birdən hər şeyi bilən şagirdtək sinifdəki bir-iki paxıl şagirdin tənəli baxışlarını görən kimi oldum.
Bəli, bəli, onu sevirəm. Səsim əks-səda verdi.
Öz səsimi düz 3 dəfə eşitdim.
Səbuhi isə gülərək: Elə bunu gözləyirdim- söylədi.
Hamımızın səhvi olur, onu bağışla, zamanımız qısadır , - söylədi.
-Bunu anladığını bilirəm. Yarım qalmış çox hekayələrimiz var.
Atamın mənim otağımda çəkdirdiyi rəsmi xatırla- söylədi.
Bu cümlə məni yaman təsirləndirdi, göz yaşlarım yanaqlarımdan sürətlə tökülüb elə havada mirvariyə dönüb yerə tökülürdü və yenə yoxa çıxırdı.
Reallıq, yuxu, ya təxəyyülüm mənə tələ hazırlamışdı, nə baş verdiyi mənə çatmırdı.
Yaşadığım ağrılı anlar, onu bağışlamağıma imkan vermirdi, amma Səbuhi yaman israrlı idi.
Budur, anamın səsi aydın eşidilirdi, Səbuhi isə həyəcanla tələs-tələs söylədi. Mən isə getmirəm dedim. Səbuhi əsəblə: "mənim anamı sevirsənmi?"- söylədi.
-Əlbəttə, sevirəm söylədim. Daha bir cümlə işlətdi.
-Öz ananı incitmək istəyirsənmi?
-Təbii ki, xeyr- söylədim.
O isə: Bura gəlmə zamanın indi deyil, Əbülfəzqızı- deyib məni fırlanan güzgüyə sarı itələdi.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)