Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Oğuz tayfaları daim hücumlara məruz qalırdı. Əmir qorunmaq məqsədilə sıldırım qayanın zirvəsində qala tikdirmək istədi. Qala üç tərəfdən çayın dərin dərəsi, digər tərəfdən möhkəm divarla tikilməliydi, həm də qaladan çaya gizli yol olmalıydı. Əmir ən məşhur sənətkarları sarayına dəvət etdi. Sarayın tikintisi ilə bağlı göstərişlər verdi. Onların içindən yalnız Urud adlı bir gənc qalanın tikilişi ilə bağlı şərtlərlə razılaşdı. Əmirin Alagöz adlı gözəl bir qızı vardı. Bir çox zəngin taliblər ona elçi düşsələr də, onun sevgisini qazana bilməmişdilər. Urud saraya gələn gündən hər iki cavan bir birinə aşiq olmuşdu. Alagöz şahzadə idi, Urud isə kasıb sənətkar. Alagöz onu istəməyə gələn bütün elçiləri, talibləri rədd edirdi. Nəhayət Alagöz atasına Urudu sevdiyi bildirir. Qəzəbli hökmdar qızını yeddi gündə səmaya qədər ucalan minarə tikənə ərə verəcəyini söyləyir. Məhəbbətdən ilham alan zavallı aşiq Urud belə bir minarə tikir. Əmirə bu xəbəri vermək və sevgilisinə qovuşmaq ümidi ilə səhər tezdən saraya gəlir. Lakin hökmdar qızını kasıb bir bənnaya verməkdən imtina edir. Kədər içində qovrulan gənc özünü tikdiyi minarədən atır. Alagöz sevgilisinin arxasınca qaçıb özünü minarədən atır. Və yalnız ölməklə ruhlarını birləşdirə bilirər. Əmirin göstərişi ilə onlar bir yerdə dəfn etdilər. Qəbrin üstündə hökmdarın əmri ilə dağıdılmış minarənin kərpicindən tikilmiş məqbərə ucaltdılar. İki gəncin əbədi sevgisi naminə bu qala Urud qalası adlandı.
Urud qalası Zəngəzur mahalının Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Urud qalasının adı mənbələrdə 450- ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104- cü ildə Səlcuqlular, 1386-cı ildə Əmir Teymur, 1407- ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(12.07.2024)