STATUS YAĞIŞI - Emin Piri ilə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını qazi şair Emin Piri üçün açır. Buyurun.

 

 

KSEROKS HƏYATLAR

 

Zaman keçdikcə insanlarda özəlliklər, təbiilik və.s qeybə çəkilməyə başlayır. Özü olmağı bacaranları günün günorta çağı şam işığında axtarmalı oluruq.

 

Kapitalist dünyasının bəşəriyyətə sırıdığı “baxımlı olmaq” nədənsə insanlara bahalı hədiyyələr, gündə bir geyim dəyişmək, brend ətirlər və estetik əməliyyatlar bazarının aşılanması ilə nəticələndi.

 

Dəbədəb, özünü aldadan günlük şöhrət, bəhsə girmələr əslində fərqlilikləri, özü olmağı deyil, eyniləşdirməyi gətirdi.

 

Bir növ kseroks həyatlar yaşamağa başladıq. Hər hansı əsər kimi orijinaldan kseroks edilmiş eyni insanlar ətrafımızda dolaşır. Onlar nəinki eyni görünür, get-gedə əməlləri hərəkətləri, davranışları da bir-birinə bənzəyir. Estetik əməliyyatlar bazarı nəticəsində insanların sevinci, kədəri, sevgisi belə oxşardır. Kədərə eyni üzülən, şad xəbərə eyni cür sevinən mimikalar...Eyni insanlar...

 

Bu təkcə görüntüdə, mimikada jestlərdə belədirmi? Xeyr. Elə kitab aludəçisi olanlar, mütaliə və.sdə kseroks həyatlara dönüb.  İnsanlar öz şəklini belə öz sözüylə deyil brend markalar, imzaların aforizmiylə paylaşır.

 

Söhbət əsnasında belə yalnız başqalarından sitatlar, sözlər. Sanki canlı deyil, hansısa yazıçının əsərindəki obrazlardı. Və o obrazların dilindən danışırlar.

 

Axı, özün nə yaşayırsan, nə düşünürsən? Heç öz fikrin, öz hissin, öz yanaşman yoxdur?

 

..Tv-ni açdım, xəbər izləyim dedim. ...Sonra bir-bir kanalları dəyişdirdim. İlahi, bütün aparıcılar eyni adam idi. Bütün kanallarda eyni aparıcı xəbər oxuyurdu. Hətta bu da bəs etmədi, şou verilişə döndərdim, bəlkə yanlış edirəm deyə. Orda da həmin aparıcı idi. Dəli olmuşam deyə düşünməyə başladım. Bəlkə sosial şəbəkədə bir psixoloq tapım məsləhətləşim dedim. Biri, iksi, üçünün profilinə baxdım. Hamsı eyni adam idi.

 

Özüm-özüm şübhə etməyə başlayırdım ki, ayıldım. Mən hamını eyni görmürəm, sadəcə kapitalizm dünyasının estetik əməliyyatları bazarı hamını bir sifətə çevirib. Məqsədli, bir tərəfli təbliğatsa hamını eyniləşdirib. Bizi bir növ idarə olunan dəlilərə çeviriblər.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.