“Müəllimlik etməklə öz xalqımın ən ağır xəstəliyini müalicə edirəm" Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Bir gün ondan soruşurlar ki:

- Mirzə, siz həkimsiniz, niyə uzun illərdir ki, müəllimlik edirsiniz?

O isə cavabında deyir:

- Mən müəllimlik etməklə öz xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm. 

 

Bu gün Azərbaycan ədəbi-ictimai fikri tarixində Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şeir nəzəriyyəçisi, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının nümayəndəsi, şair, nasir, dramaturq, tərcüməçi, müəllim, həkim kimi tanınmış  Abbas Səhhətin anım günüdür. 

 

Abbas Əliabbas oğlu Mehdizadə 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib. 1900-cü ildə Tehran Universitetinin Tibb fakültəsini bitirən, rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən şair 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyir. 

 

Yaradıcılığının əsas mövzusu vətən olan şair ik şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş və sonralar da mütəmadi olaraq Azərbaycan dövri mətbuatında şeir, məqalə və hekayələrlə çıxış etmişdir. 

 

1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görmüşdür.

“Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulmuş və onun görkəmli nümayəndəsi olmuşdur. 

 

Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan şair Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirmişdir. 

 

1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur. 

 

Dövri mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur. O, həmçinin Sabirin əsərlərini toplayaraq, vəfatının ildönümünə qədər ilk dəfə “Hophopnamə” adı ilə nəşr etdirmiş. Və çox gözəl ön sözüylə Mirzə  Əkbər Sabirin yığcam tərcümeyi-halını qələmə almışdı. 

 

Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etmiş, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirmiş və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləmişdir.

Görkəmli şair 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.