Akademik Milli Dram Teatrı ölkəmizi II Rusiya Milli Teatrları Konqresində və Rusiya Milli Teatrlarının Birinci Yay Festivalında fəxri qonaq qismində təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalı təəssüratlarıyla bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallıya müraciət edib və aşağıdakı məlumatları alıb:
Akademik Milli Dram Teatrının iştirak etdiyi Rusiya Milli Teatrları Konqresi və Rusiya Milli Teatrlarının Birinci Yay Festivalı Suzdal şəhərinin 1000 illik yubiley tədbirləri çərçivəsində, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Mədəniyyət Təşəbbüsləri Prezident Fondu, Vladimir vilayəti hökuməti, Suzdal Muzey-Qoruğu və Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) təşkilatçılığı ilə reallaşmışdı.
Tədbirdə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov “Maarif və təhsil: milli teatrlar yeni mənaların doğuş nöqtələri kimi”, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov isə “Milli teatrın gələcəyi: ənənə və innovasiyanın balansı” mövzusunda təşkil olunan panel-müzakirələrdə çıxış etdilər. Konqres çərçivəsində 20-yə yaxın Rusiya milli teatrlarının rəhbəri ilə, o cümlədən, Aleksandrinski Teatrının, Tatarıstan Dövlət Akademik Milli Teatrının, Başqırd Dövlət Akademik Milli Dram Teatrının, Kalmıkiya Milli Dram Teatrının rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, festivallarda iştirak və master-klasların təşkili haqqında müzakirələr aparıldı. Müzakirələr əsnasında ötən il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Aleksandrinski Teatrı arasında yaradıcılıq proqramı hazırlandı. Bu proqram çərçivəsində teatrımız Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunmuşdu.
Forum zamanı yaranan əlaqələrin nəticəsi olaraq Akademik Milli Dram Teatrı ilə Aleksandrinski Teatrı arasında əməkdaşlıq memorandumu imzalandı. Layihə çərçivəsində Akademik Milli Dram Teatrında “Rusiya səhnəsinin seçilmiş obrazları” adlı sərginin açılışı oldu.
Bu mövsümdə Milli Teatr IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizi təmsil etdi. Forum çərçivəsində teatr sənətinə həsr olunan xüsusi paneldə Rusiya, Belarus və Serbiya milli teatrlarının rəhbərləri ilə yanaşı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov çıxış edib, həmçinin Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanov, Belarus Akademik Milli Teatrının direktoru Aleksandr Şastakoyla görüşüb, qarışılıqlı əməkdaşlıq, qastrol səfərlərinin və festivalların təşkili haqqında müzakirələr apardı.
Digər uğurumuz isə Rusiyanın Aleksandrinski Teatrı ilə teatrımız arasında əməkdaşlıq Memorandumu imzalanmasıdır. Memorandumun imzalanması Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Memoranduma qastrol səfərlərinin, dəyirmi masaların, konfransların və ustad dərslərinin təşkili daxildir. Sankt-Peterburq Aleksandrinski və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində ustad dərsləri keçirildi.
Həmçinin teatrımız Qazaxıstanda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB), Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda ölkəmizi təmsil edib. Beynəlxalq tədbirdə iştirak Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə reallaşıb. Forum çərçivəsində Uyğur Respublikasının K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında teatrımızın “Sənsiz” tamaşası nümayiş olunub. Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayevdir.
Cari mövsümə isə “Ölülər” tamaşası ilə yekun vuruldu. 2016-cı ildə premyerası olan tamaşaya uzun illərdir böyük maraqla baxılır. Səhnə əsəri 100 dəfədən çox nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)