Azərbaycan Dövlət Yuğ Teatrında yeni tamaşa təqdim edilib

Azərbaycan Dövlət Yuğ Teatrında rumın yazıçısı və dramaturqu Matey Vişnekin pyesi əsasında səhnələşdirilmiş P.A.N.D.A. tamaşasının premyerası olub. Quruluşçu rejissor qismində teatrın baş rejissoru Mikayıl Mikayılov çıxış edib.

 

AzərTAC xəbər verir ki, tamaşanın premyerasına mədəniyyət və incəsənət xadimləri, bakılılar və paytaxtın qonaqları toplaşıblar. Rolları Günəş Tegin və Oqtay Mehdiyev ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Humay Həsənovadır.

Matey Vişnekin əsrarəngiz, romantik və eyni zamanda mistik pyesində hadisələr çətin qanunlar əsasında inkişaf edir və mətndə olduğu kimi, tamaşa da bir çox mənalarla doludur.

Rejissor Mikayıl Mikayılov tamaşaya hazırlıq prosesinin necə getdiyi barədə AzərTAC-ın müxbirinə danışıb.

“Mən bu tamaşanı Rusiyada, Novosibirskdə, “Krasnı fakel” teatrında səhnələşdirmişəm. Çoxdan istəyirdim ki, tamaşaçılarımız da ona baxsınlar. Ona görə də quruluş üçün bu tamaşanı seçdim. Pyes aktyorların xoşuna gəldi və biz onu deşifrə etməyə başladıq. Yanvarda mətni oxumağa başladıq, apreldə isə məşqlər daha intensiv hal aldı. Proses çox maraqlı keçdi!” – deyə rejissor qeyd edib.

P.A.N.D.A. tamaşası “21:15-də qatar” ilə birlikdə teatrın ümumi mövzunu birləşdirən tamaşalar silsiləsinə daxil edilib.

Quruluşçu rejissor qeyd edib: “Bu, sevgi və ölüm mövzusudur, Eros və Tanatosun vəhdətidir və yenidən doğuşa aparır. Silsilə çərçivəsində hələ hazır olmayan üçüncü tamaşa gözlənilir - bu, İvan Vırıpayevin “İllüziyalar” pyesidir.

P.A.N.D.A. tamaşasının nümayişi teatrın yeni mövsümündə - 2024-cü ilin sentyabr ayından etibarən davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.