Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Təranə xanım, yadımdadır tələbə vaxtı mənə oxumaq üçün ədəbiyyat siyahısı yazdırmışdınız.
İndiki gənc yazarlara hansı kitabları oxumağı tövsiyyə edirsiniz?
CAVAB
Tələbələrimin mütaliə ilə bağlı suallarına həmişə beynimdə hazır siyahı olub. O siyahıya bəzən əlavələr etmişəm, amma əsas yazıçılar və vacib əsərlər daim toxunulmaz qalıb. Bu sualı oxuyanda isə qeyri-ixtiyari bir fraza yadıma düşdü. Xalq yazıçısı Mirzə İbrahimov hələ yaradıcılığa yeni başladığı vaxtlar dövrün görkəmli tənqidçisi Əli Nazimdən yazıçı olmaq üçün hansı kitabları oxumağın vacibliyi haqda soruşur. Əli Nazim "Get, Lev Tolstoyu oxu" deyir. Təbii ki, mütaliə ədəbi zövq məsələsidir. Hamı eyni əsərləri sevərək oxuya bilməz. Amma Tolstoy bir başqadır axı. Ümumiyyətlə, dünya ədəbi təcrübəsinin elə şedevrləri var ki, onları qeydsiz-şərtsiz hamı sevir. Mən Viktor Hüqonu, Lev Tolstoyu, Fyodr Dostoyevskini, Ernest Heminqueyi, Harriet Biçer Stounu, Mişima Yukionu, Onore de Balzakı, Etel Lilian Voyniçi, Teodor Drayzeri, Gabriel Qarsia Markesi, Corc Ourelli, Mixail Bulqakovu, Frans Kafkanı, Aleksandr Dümanı... oxumadan yaxşı yazıçı olmağın mümkünlüyünə inanmıram. Əlbəttə, bu siyahı fikrimdəki adların hamısını ehtiva etmir. Və bu yazıçıların da hər birinin elə əsərləri var ki, onu oxumadan "bu yazıçını tanıyıram" deyə bilməzsən. Məsələn, Tolstoy deyəndə ilk “Hərb və sülh"ün əzəməti, sonra "Anna Karenina"nın cazibəsi yada düşür. Dostoyevski dünyasının açarı kimi "Cinayət və cəza", sonuncu qapısı kimi "Karamazov qardaşları" cazibəli görünür. Hüqonun "Səfillər"indən başlanan mərhəmət fəlsəfəsi bizi "Paris. Notrdam kilsəsi"nin iç dünyasına çəkib aparır. Mişimanın "Patriot"undakı polad əqidə məsələsi, Markesin "Yüz ilin tənhalığı"ndakı yalqızlıq fəlsəfəsi bəşər tarixi boyunca insana doğma olan ən mübhəm duyğuları anladır. Deyəsən, cavab çox uzun oldu.
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)