Əlibala Məhərrəmzadənin yeni kitabı - “Atabəylər: Şəmsəddin Eldəniz”

“XAN” nəşriyyatında yazıçı Əlibala Məhərrəmzadənin “Atabəylər: Şəmsəddin Eldəniz” kitabı işıq üzü görüb. 

“Ədəbiyyat və incəsənət” portalına müəllifin verdiyi açıqlamaya görə, kitabda XII əsrdə baş vermiş və indiyə kimi elə də işıqlandırılmamış tarixi hadisələrdən bəhs edilir.

 

Roman Atabəy Şəmsəddin Eldənizin uşaqlığından başlayaraq Naxçıvandakı idarəçilik dönəminə qədər başına gələnləri, eyni zamanda, həmin dövrün ictimai-siyasi mühitini işıqlandırır, tarixi şəxsiyyətlərin, o cümlədən də Möminə Xatunun görünən və görünməyən tərəflərini oxucuya çatdırır.

Əsərdə obrazlı dillə batinilər təriqətinin törətdiyi sui-qəsd və basqınlardan, bunların Azərbaycan tarixinə təsirindən də danışılır.

Bundan başqa, saray çəkişmələri, eləcə də Səlcuqlu dövlətinin zəifləməsi fonunda idarəçiliyin xaosa sürüklənməsindən, separatçılıqdan, yadelli basqınlarının intensivləşməsindən də söz açılır. 

Elə bu məqamda tarix səhnəsinə Atabəy Şəmsəddin Eldəniz çıxır...

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş roman olduqca maraqlı və oxunaqlıdır. 

Yazıçıya sualımız belə oldu:

-Bəs Atabəy Şəmsəddin Eldənizin həyatının növbəti dönəmləri, Azərbaycan tarixinin sonrakı hadisələri necə, onlar barədə bəhs etmək fikriniz varmı?

Bu isə onun cavabı:

-Əlbəttə, oxucuların romana maraq göstərəcəyinə inamım böyükdür, bu kitab 1-ci kitabdır və mütləq davamı olacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.