Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Beyləqanda Üzeyirlə Damlanın birgə konserti sel daşması səbəbindən ləğv edilib. Təbiət yenə də insanlığın müdafiəsinə qalxası olub.
2.
Yaxşı toyuğa yumurta mane ola bilməz.
3.
Kredit kartları da qədirbilməz imansız insanlar kimidirlər, onlara nə qədər pul qoyursan qoy, yenə də borclu qalacaqsan.
4.
-O hansı qurumdur ki, ancaq qaldırır?
-Tarif Şurası.
5.
Həyat quş kimidir, uçub gəlir, batırır və uçub gedir.
6.
Keçmişdə nağıllar belə başlayırdı: “Biri vardı, biri yoxdu…”
İndisə nağıllar belə başlayır: “Ekspertlər iddia edir ki…”
7.
Əməl adamı ilə Söz adamı qarşılaşırlar. Birinci ortaya əməl qoymaq istəyəndə ikincə söz-söhbətlə onun əlini-qolunu işdən soyudur.
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)