Super User

Super User

Cümə axşamı, 04 İyul 2024 11:05

“110 yaşlı “Lək-lək - CƏLAL ALLAHVERDİYEV

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün 

filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “110 yaşlı “Lək-lək” məqaləsi təqdim ediləcək.

 

 

Cəlal ALLAHVERDİYEV

 

110 YAŞLI "LƏK-LƏK"

 

Qədim mədəniyyətə, zəngin ədəbi irsə malik olan İrəvanda milli mətbuatın yaranması ictimai-ədəbi fikir tariximizin inkişafında özünəməxsus yer tutur. XIX əsrin sonlarında İrə­van­da yaşayan azərbaycanlı ziyalılar maarifi, mədəniyyəti, ədəbiyyatı inkişaf etdirməyin  yo­lu­nu,  ilk  növbədə, məhz mətbuatda – ana dilli mətbuatın yaranmasında  görürdülər. Onlar bu yol­­­­da ardıcıl mübarizə aparır, əvəzsiz xidmətlər göstərirdilər. İrəvanda Azərbaycan mət­buatı­nın, maarifçilik hərəkatının, ictimai-bədii fikrinin aparıcı simaları Mirzə Ələkbər Elxanov, Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə Kazım Qazi Əsgərzadə, Axund Əhmədov, Mir­zə Əlixan Şəmsil Hükəma, Hacı Seyid  Rza Əmirzadə, Axund Məmmədbağır Qazızadə, Ab­bas Razi Məmmədzadə, Cabbar Əsgərzadə, Əli Məhzun Rəhimov, Mirabbas Mirbağırov, Mir­­məhəmməd Mirfətullayev, Məmmədvəli Qəmərlinski, Mirzə Cabbar Məmməd­zadə, Axund Əbülhəsən Qazızadə, Həsənzadə Mirzə Hüseyn İrəvani, Asəf bəy Şəfibəyov, Məm­mədəli Na­sir, Həsən bəy Qazıyev, Əkbər Rizayev və burada yaşayıb-yaradan onlarla bu kimi maarif­­pərvər ziyalılar öz səslərini xalqa çatdırmaq üçün ana dilində qəzet, jurnal təsis etmə­yin vacib­liyini aydın dərk edib, bu ideyanın ger­çək­ləşdirilməsinə ciddi səy və təşəbbüs göstə­rir, bu yolda qələmləri ilə mübarizə aparırdılar. İrəvanda ana dilli mətbuat orqanının ya­ran­ması isə günün ən vacib məsələsinə çevril­mişdi. Bunu həm də dövrün mövcud ictimai-siyasi, ədəbi-mədəni proseslərində baş verən mütərəqqi dəyişikliklər də zəruri edirdi. Lakin İrə­van­da Azər­baycanın ictimai, ədəbi-mədəni həyatının ən mühüm hadisələrindən olan milli mət­buatın yaran­ması XX əsrin əvvəllərinə təsadüf edir. İrəvan şəhərində yaşayıb-yaradan ziya­lı­larımız XX əsrin ikinci onilliyində bu böyük missiyanı, məsuliyyəti öz üzərlərinə götür­dülər və Azərbaycan dilində fəaliyyət göstərəcək mətbuatın əsasını qoydular. İrəvanda milli mət­buatın yaranması ideyasını gerçəkləşdirmək ilk dəfə nəinki İrəvanda, bütün Cənubi Qaf­qazda, hətta onun hüdudlarından kənarda tanınmış, yetkin qələm sahibi, jurnalist, şair Cabbar Əsgər­zadə və Mirməhəmməd Mir­­fətullayevə nəsib olmuşdur. 

Jurnalın nəşri ilə onlar, əslində, bir vətəndaş olaraq xalqın qarşısında yaranmış prob­lem­ləri  aradan qaldırmağa, onları həll etməyə və ideyalarını həyata keçirməyə çalışmışdır. Onla­rın əsas məqsədlərindən biri də soydaşlarımızın əksəriyyətinin düçar olduğu dini fanatizm bə­­la­sına və cəhalətə qarşı satirik üslub ilə mübarizə aparmaq idi. "Lək-lək" və onun səhi­fə­lərində çıxış edənlər çətinliklə də olsa, məqsədlərinə uğurla nail olurdular. Hələ "Lək-lək"in nəşrinə icazə alınmamışdan xeyli əvvəl Cabbar Əsgərzadə İrəvanda jurnal burax­maq barədə yaxın dostu, görkəmli ziyalı mühərrir Məmmədəli Sidqi ilə məsləhətləşmiş və məktublaşmışdı. Cabbar Əsgərzadənin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Məmmədəli Sidqiyə aid fondda ona ünvanladığı 40-dan artıq məktubu saxlanılır. Cabbar Əs­gərzadənin yazdığı məktublar Azərbaycan dilində ərəb əlifbası ilə yazılmışdır. Bu nümu­nə­lərin hər birində Sidqiyə hörmət, qardaş məhəbbəti duyulur. "Lək-lək"lə bağlı müəyyən mə­­sə­lələrə aydınlıq gətirmək üçün bu epistolyar nümunələr fakt və sənəd olaraq çox qiy­mət­lidir. Cabbar Əs­gərzadə məktub­la­rın­da "Kəlniyyət", "İqbal", "Dirilik", digər qəzet-jur­nal­ların durumu, məsləki, dövrün ziya­lı­ları Salman Mümtaz, Seyid Hüseyn, Əliqulu Qəm­kü­sar, Zül­füqar Ha­cı­bəyov, Hüseyn Minasazov, Mirzəağa Əliyev və başqaları haqqında öz fikirlə­rini Məm­mədəli Sidqi ilə pay­laşır. Həmin məktublarla tanış olduqda aydın olur ki, Cab­bar Əsgərzadə və Mirməhəmməd Mirfətullayev "Lək-lək"in nəşrinə uzun müddət hazır­laş­mışlar. Bu cəhət­dən Cabbar Əsgər­za­dənin Məmmədəli Sidqiyə göndərdiyi 4 dekabr 1913, 18 fevral 1914, 16 yanvar 1914-cü il tarixli məktubları səciyyəvidir. O, birinci məktubunda "Lək-lək" ad­lı sati­rik jurnal çıxarmaq istəyini və bu barədə öz fikir və düşüncələrini Məm­mədəli Sid­qiy­lə bö­lü­şür. Məktubların bir ne­çəsi "Lək-lək" jurnalına məhz mollanəsrəddin­çilərin cəlb edilməsi ilə əlaqədardır. Bu epistolyar nümunələrdə nəşrinə başlaya­caq jurnalın ətrafına daha çox mollanəs­rəd­dinçi­lə­rin cəlb edilməsini Məmmədəli Sidqiyə bildirir. Məc­muənin sanballı, qüsursuz nəşri üçün Cab­bar Əsgər­zadənin bu məsələdə daha çox arxalan­dı­ğı qüvvə məhz mollanəs­rəddinçilər idi. Bu məq­sədlə daha çox tanıdığı mol­lanəsrəddinçi yazar­ların jurnal­da işti­rakına nail olmaq üçün Məm­­mədəli Sidqidən onla­rın ünvanlarını xə­bər alır və tanıma­dıq­ları ilə isə tanış etmələrini xahiş edir. Cabbar Əsgər­zadənin Məmmədəli Sidqiyə ün­van­la­dığı digər mək­tublarında "Lək-lək" məcmuəsinin daha geniş coğra­fi­ya­da ya­yıl­ması, baş­qa əla­­qə­dar məsə­lələrlə bağlı məsləhətləşmələr və fikir mü­ba­dilələri də öz əksini tap­mış­dı. Məktub­laşma­lardan aydın olur ki, "Lək-lək"in meydana gəlməsində və yayılmasın­da Cab­bar Əsgər­zadə­nin ən yaxın məs­lə­hət­çisi və isti­qa­mət­vericisi Məmmədəli Sidqi olmuş­dur.

Uzun sürən mübarizədən sonra "Lək-lək" satirik məcmuəsinin nəşrinə İrəvan quber­na­toru tərəfindən 21 yanvar 1914-cü il tarixində jurnalın öz proqramına uyğun olaraq icazə ve­­ril­­mişdir. Məcmuənin proqramında 10 – 1. baş məqalələr: 2. şeirlər; 3. şəhər işləri; 4. Qafqaz xəbər­ləri; 5. teleqramlar; 6. felyetonlar; 7. poçt qutusu; 8. elanlar; 9. xarici xəbərlər; 10. da­xili xəbərlər şöbəsin­dən ibarət olmaqla hər həftə nəşr olunacağı bildirilirdi. Belə aydın proqramla mətbuat aləminə qədəm qoyan "Lək-lək" satirik jurnalı sonadək öz proqramına sadiq qalmışdır. "Lək-lək"in nəşri İrəvanda fəaliyyət göstərən mətbuat müfəttişliyi tərəfindən nəzərdən keçirilirdi. "Lək-lək"in yaranma prosesinə nəzər saldıqda onun nəşrinə Cabbar Əsgərzadə, Mirməhəmməd Mirfətulla­yev və İrəvanın açıq fikirli, qabaqcıl ziyalılarının hələ neçə ay əvvəlcədən hazırlaşdığını gö­rürük. Hətta onlar "Lək-lək"in məslək və ideyasını, tərəq­qi­pərvər istiqamətini də əvvəlcədən müəyyən etmişdilər. Hələ "Lək-lək"in nəşrindən bir müd­dət əvvəl Cabbar Əsgərzadə jurnal barədə, onun abunəsi üçün "İqbal" qəzetində və digər mət­buat orqanlarında elan vermişdir. "Lək-lək"in nəşrindən iki ay əvvəl Cabbar Əsgərzadə 4 dekabr 1913-cü il tarixdə İrəvandan Bakıya, məslək dostu Məmmədəli Sidqiyə gön­dər­diyi məktubunda  jurnalın ideya istiqaməti barədə yazırdı: "Məsləkimiz gərək məlu­mu­­nuz ol­sun, "Molla Nəsrəddin"dir. Amma səliqəmiz ayrı-ayrı vəziyyətlərdir". Cabbar Əs­gər­zadə­nin Məmmədəli Sidqiyə yaz­dığı mək­tub­lar və yazışmalar həm də onlar arasında olan ib­rə­tamiz məfkurə, ideal dostluğun möh­kəm­liyinə və səmimiliyinə aydın şahidlik edir. 1914-cü ilin fevral ayının 22-də Qərbi Azərbaycan mədəniyyəti və mətbuatı tarixində əla­mət­dar bir ha­disə baş verdi. Həmin gün İrəvan ziyalılarının illər boyu həsrətlə gözlədikləri ilk mətbuat nü­munəsi meydana çıxdı. Cabbar Əsgərzadənin redaktorluğu və Mirməhəmməd  Mir­­­fətulla­ye­vin naşirliyi ilə çıxan "Lək-lək"in ilk nömrəsinin işıq üzü görməsi xəbəri İrəvan quber­niyasında böyük əks-səda verdi, nəşrin sorağı bütün Cənubi Qafqaza yayıldı. "Lək-lək"in nəşrini ilk alqışlayanlardan biri Məmmədəli Sidqi olmuşdur. O, Bakıda yaşamasına baxma­yaraq, jurnalın ən fəal oxucularından biri olub. Həyata vəsiqə alan "Lək-lək"in nəşrinə qədər İrə­vanda ana dilində qəzetçilik ənənəsi ol­masa da, çox yetkin yazıçılıq, publi­sis­tika ənə­nəsi var idi. Məşədi İsmayil Hacı Ka­zımzadə, Mir­­zə Kazım Qazi Əsgərzadə Axund Əh­mədov, Mirzə Əlixan Şəmsül Hükəma, Ab­bas Razi Məm­mədza­də, Hacı Seyid Rza Əmir­zadə, Abbas Razi Məmmədzadə, Cabbar Əs­gərzadə, Mirabbas Mirba­ğırov, Əli Məhzun Rə­himov, Məm­mədəli Nasir, Məhəmməd Axun­dov, Ək­bər Əkbə­rov, Mirzə Cabbar Məm­məd­zadə, Əkbər Rizayev və başqaları İrə­van­da Azərbaycan jurnalis­tikası və publisistikasının gör­­kəmli nüma­yəndələri idi. Onların jurna­listlik və publi­sis­tik fəaliy­yəti nəinki İrəvanda, o cüm­lədən Cənubi Qafqazda, Şərqdə və müx­təlif ölkələrdə böyük şöhrət tapmışdı.

"Lək-lək"in ilk nömrəsinin işıq üzü görməsi İrəvan ziyalıları və oxucular tərəfindən böyük sevinclə qarşılanmışdı. Jurnalın ilk nömrəsinin son səhifəsində "İdarədən" başlıqlı bir qeyd dərc olunub. Həmin qeyddə göstərilir ki, "bu nömrə üçün hürufat başqa bir kitaba işlən­diyindən naşi kifayət verməyib, mündəricatın azlığına səbəb oldu. Bu barədə oxucularımız­dan üzr istəyirik!". Jurnalın ilk nömrəsinin cəmi 60 nüsxə ilə işıq üzü görməsi həm də onun maddi-texniki çətinlikləri ilə bağlı idi. Bu barədə jurnalın müdiri  Cabbar Əsgərzadənin 2 mart 1914-cü ildə Məmmədəli Sidqiyə ünvanladığı məktubunda da məlumata rast gəlinir: "Əfən­dim, hələ ki"Lək-lək"imiz qanad bağlayıb o cür zülmün elçi quşlarına. Hər halda, işıq­lı qara­larınızla üzü ağ olmağı təmənna edir. Müzayiqənizi əsirgəyib də necə ki vədələr ver­miş­diniz, kömək ediniz.

Bir də budəfəlik mürəttil və mətbəə cəhətdən görülən bir çox nöqsanları güzəşt ediniz. Hamınıza bir "Lək-lək" Əmircana uçdu". Həm də bu fikirlərdən aydın olur ki, Cabbar Əsgər­zadə "Lək-lək"in ilk nömrəsini Bakı nəşri-maarif cəmiyyətinin tabeliyində olan mək­təbdə müəllimlik edən yaxın dostu Məmmədəli Sidqiyə göndərmişdir.

Hələ jurnalın nəşrindən iki ay əvvəl Cabbar Əsgərzadə "Lək-lək"in 15 gündən bir çıxa­cağı haqqında Məmmədəli Sidqiyə yazdığı məktubunda məlumat verir və bildirir ki, "əgər müvəffəq olsaq, son­ralar həftədə bir dəfə çı­xıb və müsəvvər olacaq". Jurnalın nömrələrini ar­dı­cıl izlədikdə mə­lum olur ki, mətbəə prob­lemi və mətbuat müfəttişliyinin əngəli səbəbindən fasilələrlə, iki ay­da cəmi 3 nömrəsi çıx­mışdı. Bununla əlaqədar "Lək-lək"in müxtəlif nöm­rə­lə­rində bu ba­rə­də oxuculara üzrxahlıq yazıları da verilmişdir. Jurnalın üzləşdiyi problemlər ara­dan qaldı­rıl­dıq­dan sonra 4-cü nöm­rəsindən etibarən, nəzərdə tutulduğu kimi, həftədə bir dəfə nəşr edil­mişdi. "Lək-lək"in nəşri İrəvanda Azərbaycan ictimai-siyasi fikir ta­rixində cid­di bir hadisə olmaqla yanaşı, eyni zamanda  ədəbi-mədəni mühitin inkişafında  da bir dönüş nöq­təsi oldu. Cabbar Əsgərzadə başda olmaqla dövrün ən yaxşı ədəbi qüvvələri – Əli Məh­zun Rə­himov, Məmmədəli Nasir, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar və başqa­ları "Lək-lək" jurnalının ətrafına toplanmışdı. İrəvanlı mollanəsrəddinçilər digər mollanəsrəd­din­­­çi­lərlə çiyin-çiyinə verib öz fəaliyyətləri ilə jurnalın mövzu dairəsini və ideya-bədii səciy­yəsini in­kişaf etdirmiş, xeyli zənginləşdirmişlər.

"Lək-lək" qısa zaman ərzində oxucular arasında böyük şöhrət qazana bilmişdi. Jur­nal ziyalılar üçün böyük bir ədəbi məktəb, mübarizə tribunası olmuşdu. "Lək-lək" həyata vəsiqə alan gündən İrə­vanda Azərbaycan həyatının ən müxtəlif sahələri haqqında ardıcıl, məqsəd­yönlü yazılar dərc etmişdir. Onun səhifələrində dərc olunan yazıları diqqətlə nəzər­dən keçir­dikdə ilk say­larında  yalnız İrəvandan və Naxçıvandan gələn yazılar verilmişdisə, son­ra­lar Gəncə, Bakı, Şamaxı, Tiflis, Cənubi Azərbaycandan da redaksiyaya daxil olan yazı­lar dərc edilmişdi. Qısa zaman ərzində "Lək-lək"in mü­ba­rizə sədası, üsyankar səsi Cənubi Qafqazı aşaraq onun yayılma arealını daha da genişlən­dir­miş, Orta Asiya və Türkiyəyə də gedib çat­mışdır. Bu ba­xımdan tədqiqatçı Zahid Əkbəro­vun "Lək-lək" jurnalının xalq qarşı­sında xid­mə­tinə verdiyi dəyər olduqca təqdirəla­yiqdir. O yazır: "Lək-lək" nəşr olunduğu müd­dətdə Azər­baycan icti­mai-siyasi və ədəbi fikri­nin inki­şafına müəyyən kömək göstərmiş, tərəqqi və demokratik ide­yalarına xidmət etmişdir. O, an­la­şıqlı dili və demokratik məzmunu sayəsində Zaqafqa­zi­yada, ümumən Qafqazda olan azər­bay­canlılar içərisində çox yayılmış nəşrlərdən biri olmuşdur". "Lək-lək"in səhifələ­rində İs­tan­bulda "Şahbal" məcmuəsi­nin, Daş­kənddə "Sə­da­yi-Tür­küstan" qəzetinin abunə şərtləri ilə bağlı elanların təkrar-təkrar veril­məsi də bunun əyani sü­butudur. Eyni zamanda həmin mət­buat orqanları da İrəvan ziyalıları arasında yayıl­mış və ma­raqla oxunmuşdu. "Lək-lək"in daha geniş arealda yayılmasında Salman Müm­­taz, Seyid Hü­seyn və başqa görkəmli ziyalı­la­rımızın da fəaliyyəti təqdi­rəla­yiqdir. Jurnalda İrəvan ziyalıları ilə birlikdə  mollanəsrəddin­çilər sıra­sında fəxri yer tutmuş  Məmməd Səid Orduba­di də yaxın­dan iştirak etmişdir. O, hə­min dövrdə sürgündə olmasına baxmayaraq, jur­nalla əmək­­daşlıq etmiş, felyeton  və məqa­lə­lər göndərmişdir. Onun "Lək-lək"in 12 may 1914-cü il ta­rix­li 6-cı nömrəsində "Hər­dəm­xə­yal" imzası ilə verilmiş şeirində xalqın ağır vəziyyətitəs­vir edilmişdir. M.S.Ordubadinin jurnalda "Hərdəmxəyal" imzası və  "Ədəbiyyat" başlığı adı ilə verilmişHissim dağılır gərdişi, dövranı görəndə,Dünyadakı nadan olan insanı görəndə. − beyti ilə başlayan şeiri forması etibarı ilə Füzulini, ruhu etibarı ilə Sabiri xatırladır. Məmməd Səid Ordubadinin "Lək-lək"də satirik yazıları ilə yanaşı, didaktik şeirləri də çap olunmuşdur ki, bu şeirlərdə də nəsihətçilik, ritorik mükalimə vardır. M.S.Ordubadinin və digər bu kimi tərəqqipərvər ziyalıların şeirlərinin və məqalələrinin "Lək-lək"in səhifələrində dərc olunması həm də jurnalın əsas qayəsinin azər­baycanlı əhalisi arasında maarifçilik ənə­nələrini güclən­dirmək olduğunu sübut edir.

Ana dilinə böyük önəm verən jurnalda dilimizin saflığı, əlifbanın sadəliyi, cəhalətin yaratdığı ağır həyat tərzi haqqında da maraqlı yazılar verilmişdir. "Lək-lək" yeni əlifbanın zəruriliyi haqqında xüsusilə cəsarətli fikirlər söyləmişdir. Jurnalda dərc olunmuş materiallarda dönə-dönə göstərilir ki, xalqın maariflənməsində çətinlik törədən əsas səbəblərdən biri də ərəb əlifbasıdır. Milli mədəniyyət və milli dil məsələsinə "Lək-lək"in ob­yek­tiv münasibəti di­li­mizin yad ünsürlərdən qorunması, saflığı, zənginləşməsi və inkişaf etdirilməsi jurnalda  çap olunmuş "Dil məsələsi" və "Təzələşmək" adlı fel­ye­tonlardan aydın görünür. Jurnal hə­min felyetonlarda Azərbaycan dilini yad təsirlərə uğratmaq istəyənlərə qarşı çıxırdı. Do­laşıq yazılara, ərəb-fars təsirinə, azərbaycanlıların çətin anladığı və mənimsədiyi ərəb əlifbasına qar­şı sadə dil və yazını qoruyurdu. Ana dilinə xor baxan, onu korlayan ziyalılar, məmurlar ciddi tənqid atəşinə tutu­lurdu.  

Jurnalda materiallar sadə və təmiz bir dillə yazılmaqla bərabər, orada Azərbaycan dili­nin saflığı uğrunda ardıcıl mübarizə aparılmışdır. "Lək-lək"də Ada, Abaska, dünən başım elə kru­jit olurdu ki, çesnti slova, az qalırdım rastrelitsa olam. Lap oni mənə nadayela" deyə da­nışan, ana dilinə etinasızlıq edənlər tənqid olunursa, digər tərəfdən də "bəraderəm, ərzi salam izhari-sə­nayi-ehtiram və ifayi-pəyaniş, ərzi-bəndəgi və məhəbbəti-bəraderanədən sonra ifa­deyi-mətləb və mərami-məğzi-kitabe və kəlame-həzər bahirünmur zati-züleh tişamınıza…" və s. bu kimi heç bir mənası olmayan, cəfəngiyyatı yazan mollanümaların həcv və ifşasına rast gəlirik. "Lək-lək" jurnalı və onun yazarları heç də əcnəbi dillərin öyrənil­məsinin əleyhinə deyildir. Onlar əcnəbi dilin təsirinə məruz qalıb doğma ana dilinə etinasız­lıq edən­lərə, dili eybəcərləşdirən­lərə zidd idilər. Göründüyü kimi, "Lək-lək" jurnalı ana dili uğrunda mübarizə aparmaqla, ilk növbədə hər bir azərbaycanlını öz vətəndaşlıq haqqına qo­vuşdurmaq istəyirdi. "Lək-lək"in qazandığı ən böyük uğurlar ilk növbədə onun xalq dilinə ya­xın, sadə, an­laşıqlı və səlis olmasında idi. "Lək-lək" də Azərbaycandakı mət­buat orqanları ki­mi, xalqın maarif­lənməsinə, onun elminin daha da inkişafına səy göstərirdi.

"Lək-lək" jurnalı özündən əvvəlki satirik mətbuatın ənənələrini hər tərəfdən inkişaf et­dir­məyə çalışmışdır. "Molla Nəsrəddin"in əsasını qoyduğu gizli imzalarla yazmaq ənənəsi müx­təlif satirik jurnallarda olduğu kimi, "Lək-lək" tərəfindən də davam etdirilmişdir.

"Lək-lək" jurnalı əməkdaşlarının, yazıları dil-üslub baxımından zəngin və çox­cə­hətlidir. Bəzi müəlliflər "Lək-lək"də bir neçə gizli imzalarla çıxış etmişdi. Bu cür gizli im­zayla sırasında jurnalın müdiri Cabbar Əsgərzadəni, jurnalla əməkdaşlıq edən Əli Məh­zu­nu, Məmmədəli Nasiri, Məmməd Səid Ordubadini və b. göstərmək olar. Jurnalın ağırlığı məhz bu satiriklərin çiyninə düşürdü. "Lək-lək" cəmi 5 ay fəaliyyət göstərmiş və jurnalda 43-dən artıq gizli imzadan istifadə edilmişdir. Əlbəttə, bu qədər geniş və zəngin imzaların arxasında kimlərin durduğunun, onların şəxsiyyətinin müəyyənləşdirilməsi çox çətin olduğu kimi, həm də bu istiqamətdə fundamental araşdırmalar aparılmasını tələb edir.

"Lək-lək"də verilən materialların mühüm bir qismi nadanlıq, cəhalət, dindən sui-isti­fadə edən ruhanilərə qarşıdır və bu yazıların çoxu "Molla Nəsrəddin" jurnalında rast gəldi­yimiz yazıların ruhunu xatırladır. Jurnalın səhifələrində Sabir satirasının təsiri altında yazılan çoxlu mənzum parçaya da təsadüf edirik. Buradakı "Təbrizdə söhbət", "Sənə", "Oğlum", "Qə­zəl" və sair mənzum parçalar öz forması və ruhu etibarı ilə "Molla Nəsrəd­din"dəki yazı­lara yaxındır. Xüsusilə Əli Məhzun Rəhimova məxsus olan  "Yazıq", "Şeytan", "Yetim cü­cə" imzalı şeirlər həm məzmun, həm də üslubu etibarı ilə dəyərli əsərlərdir. Jurnalın səhifə­lə­rində elə gizli im­zalar vardır ki, bu gün də onların dəqiqləşdirilməsinə böyük ehtiyac vardır. Əli Məhzun Rəhi­mo­vun ədəbi fəaliyyətinin, o cümlədən satirik şeir yara­dıcılığının mühüm bir qolu da "Lək-lək" jurnalı ilə bağlı olmuşdur. Jurnalın səhifələrində Əli Məhzun Rəhi­movun "Yetim cücə" imzası ilə "Cünənbər noğulu", "Çəkic", "Kamal paşanın ruhuna ithaf" ki­mi maraqlı satirik şeir­ləri ilə rastlaşırıq. "Kamal paşanın ruhuna ithaf" şeiri o dövrdəki Türkiyə həyatının müəyyən bir səhifəsini canlandırır. Bu kimi şeirlər o zamankı mövcud döv­rün müəyyən xüsusiyyətlərini özündə əks etdirir və həmin analoji nümunələrə digər sati­riklərin əsərlərində də rast gəlinirdi. "Lək-lək"də "Şeytan", "Yetim cücə" və digər gizli im­zalarla çıxış edən Əli Məhzun Rəhimov jurnalda Mirzə Ələkbər Sabirin satira ənənələrini uğur­la davam etdirirdi. O, Sabirin satirik şeir formasından, taziyanə və epiqram­larından mə­harətlə istifadə etməyə çalışmışdır. Əli Məhzun jurnalda öz kiçik satirik taziyanə­lərini "Taq­qıltı" başlığı ilə çap etdirirdi. Jurnalda "Taqqıltı" başlığı və "Şeytan" imzası ilə çap olunan dördlüklərin hamısı Əli Məhzu­na məxsus­dur. "Taqqıltı" başlığı altında verilmiş dördlüklər öz­lüyündə geniş bir möv­zunu əks etdirməsə də, oxucuların diqqətini cəmiyyətdə mövcud olan ictimai qüsurlara yönəl­dir. Həmin poetik nümunələrə diqqətlə nəzər saldıq­da görürük ki, o bədii qayəni konkret və yığcam ifadə edə bilmişdir. Məsələn, "Lək-lək"in 1914-cü il 2-ci nömrə­sin­də Əli Məh­zunun "Taqqıltı" başlığı ilə ve­ril­miş şeiri bu baxımdan olduqca səciyyəvidir.

 

Qərq olmalı olsan da, dənizlərdə boğulsan,

Heç olmasa da mümkün əgər sahilə çıxmaq,

Namərd əlinə vermə əlin, tərki-həyat et,

Namərd əlini tutmadan əfzəldi boğulmaq.

 

Göründüyü kimi, bu şeirin əsas məzmunu məşhur atalar sözü olan "Keçmə namərd kör­püsündən, qoy aparsın sel səni" ifadəsindən alınmışdır. "Taqqıltı" adlı şeirdə şair namərd əlin­dən tutub xilas olmaqdansa, suda boğulmağı mərd üçün daha əfzəl saymışdır. Əli Məh­zu­nun bir şair kimi sənətkarlıq bacarığı həm də ondadır ki, şeirdə namərdin real poetik təsvirini yarada bilmişdir.

"Lək-lək"in müəllifləri Cabbar Əsgərzadə və Əli Məhzun Mirzə Ələkbər Sabirə yalnız nəzirə və bənzətmələr yazmaqla, onun satira ənənələrini uğurla davam etdirməklə kifayətlən­mə­yib, böyük şairinin zəngin ədəbi irsini İrəvanda təbliğ etmiş, onun əsərlərinin çapına köməklik göstərmişlər. İstər "Lək-lək"də, istərsə də digər jurnallarda Cabbar Əsgərzadəyə və Əli Məhzuna məxsus olan şeirlərin mövzu dairəsi çox genişdir. Mövzularının rəngarəng­liyi­nə görə də onları Mirzə Ələkbər Sabirin ləyaqətli xələfi saymaq olar.

"Lək-lək"də və başqa mətbuat orqanlarında dəfələrlə "İrəvan xəbərləri" adı al­tın­­da keçirilən ədəbi-mədəni tədbirlər haqqında məlumatlar verilmişdir. Mirzə Ələk­bər Sabirin yaradıcılığını səylə öyrənən "Lək-lək" müəllifləri ona bir sıra parodiyalar çap et­mişlər. Sabirin məşhur "İki həpənd" və "Bir məclisdə 12 kişinin söhbəti" satiralarına ya­zıl­mış bən­zətmələr bu cəhətdən səciyyəvidir.

Jurnalda xeyli şeirlər, felyetonlar çap olunmuşdur. "Lək-lək"in 5 may 1914-cü il tarixli 5-ci nöm­­rəsində "Balaca felyeton" başlığı ilə verilmiş yazıda molla, hacı, artist, student, jur­nalist və başqa tiplər öz xüsusiyyətlərindən söhbət açmışlar. Cabbar Əsgərzadə Sabir ru­hunda şeir­lər yazmış, "Lək-lək"dən başqa Bakıda nəşr edilən satirik jurnallarda da çap etdirmişdir. "Lək-lək"in 19 may 1914-cü il tarixli 7-ci sayında "Ədəbiyyat" başlığı ilə verilmiş şeir Sa­birin "Mol­la Nəsrəddin" jurnalının 1908-ci il 41-ci nömrəsində "Əbunəsr Şeybani" imzası ilə ve­rilmiş məşhur "Nə yazım" şeirini xatırladır.

 

Şairəm, fikrimdə var, hər cür hekayələr yazım,

Bir həqiqətçün yalandan min rəvayətlər yazım.

Bu avam ünnas üçün ağı qaradan seçməyə,

Göz verim, alət tapım qıl körpülərdən keçməyə,

Varmasınlar turp əkilmiş yerdə buğda biçməyə,

Getməsin meyxanələrdə abi-heyvan içməyə,

Millətə meyxanələrdən min qəbahətlər yazım,

Min fəlakətlər, rəzalətlər, şəmaətlər yazım.

 

Bu sətirlər həm də "Lək-lək"in hansı məsələlərdən yazmaq istəyini, hansı yazılara to­xunmağa cəhd etdiyini göstərir. "Lək-lək" İrəvanın oçağki qaranlıq sosial həyatının və icti­mai-mədəni mühitinin işıqlanmasında, cəmiyyətin yeniliyə doğru inkişafında mühüm rol oy­na­­mışdır. 

Jurnalın 12 iyun 1914-cü il tarixli 10-cu nömrəsində Əli Məhzunun "Şeytan" imzası ilə verilmiş "Ana və qız" adlı satirik şeirində qadınların hüquqsuzluğu təsirli bir dillə təsvir olun­muşdur. Ana ilə qızın kədərli söhbəti dövrün xüsusiyyətlərini göstərən bir hekayətdir.

"Lək-lək" ədəbiyyat və sənət adamlarına sadə, təvazökar, öz işinə tələbkar olmağı dö­nə-dönə tövsiyə etmiş, aktyorlar, teatr həvəskarları haqqında tənqidi qeydlər çap etmişdir. Bu­rada Cənubi Azərbaycan mövzusu da müəyyən qədər yer tutmuş, "Təbrizdən xəbərlər" başlığı al­tın­da yazılar verilmişdir.  

"Lək-lək" jurnalı birinci nömrəsindən axırıncı nömrəsinə qədər "Molla Nəsrəddin" plat­formasında dayanmış, onun yoluna, üslubuna sadiq qalmışdır.

Jurnalın 30 iyun 1914-cü il 12-ci nömrəsində Mirməhəmməd Mirfətullayev tərəfindən "Lək-kək"in müdiri və naşiri vəzifəsindən istefa verdiyi barədə belə bir məlumat dərc olun­muşdur.  Həmin məlumatdan Mirməhəmməd Mirfətullayevin "Lək-kək"in müdiri və naşirli­yin­dən azad olunması ilə bağlı İrəvan qubernatoruna ərizə ilə müraciət etdiyi aydın olur. Mə­lumatda bildirilir ki, "bəzi səbəblərə görə bir neçə nömrədən sonra daha "Lək-lək" məcmuəsi çıxmayıb və "Lək-kək" müştərilərinə "Çınqı" namində məcmuə göndəriləcəkdir. Bu yeni nəşr olunan "Çınqı" məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgər­zadənin təhti-müdiriyyətlərində olub və İrəvanın bir neçə maarifpərvər cavanlarının maddi və mənəvi köməkliyi ilə nəşr olunacaq". Amma hansısa səbəblərdən "Çınqı" məcmuəsinin nəşri müm­kün olmamışdır. "Lək-kək"in 30 iyun 1914-cü il tarixdə işıq üzü görən 12-ci nöm­rəsi onun söz, fikir tribunasında və auditoriyasında son çıxışı oldu. Çox az ömür sürmüş olan "Lək-kək" jurnalının Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində özünəməxsus fəxri yer tutma­sında onun müdir və naşirlərindən biri, məharətli satirik, böyük şair, görkəmli maarif və mət­buat xa­dimi Cabbar Əsgərzadənin misilsiz xidmətləri olmuşdur. İrəvan quberniya­sın­da milli mət­buatın yaranması məhz onun adı ilə bağlıdır.

Mirzə Cabbar 1885-ci ildə Azər­bay­ca­nın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulmuşdu. İrə­van qu­berniya­sında mədəni həyatın dirçəlmə-sinin, teatr tamaşalarının və müsamirələrin keçiril­mə­sinin aktiv təş­kliatçısı və iştirakçısı idi. Ümumiyyətlə, "Molla Nəsrəddin"in mey­dana gə­li­şi digər mollanəsrəddinçilər kimi, Cabbar Əsgər­zadənin də yaradıcılıq yolunu dərhal müəy­yən edir, mövzu, ideya üslub axta­rışları uzun sürmür. Cəlil Məmmədquluzadə, Mirzə Ələk­bər Sabir, Əb­dür­rəhim bəy Haqver­di­yev, Əli Nəzmi, Məm­məd Səid Ordubadi, Əliqulu Qəm­küsar, Mir­zə Əli Möcüz, Ömər Faiq Nemanzadə, Əli Razi Şəmsizadə və Molla Nəsrəd­din ədəbi mək­təbinin başqa yaradıcı ziyalıları ilə bir sırada addımlayan görkəmli satirik sənətkar Cabbar Əsgərzadənin "Molla Nəsrəddinin"in Qərbi Azər­­baycanda geniş şəkildə yayılmasın­da, geniş oxucu ruporuna çev­ril­məsində, abunəçi sayı­nın artırılmasında misilsiz xidməti var idi. O istər "Molla Nəsrəd­din"­­də, istərsə də Cənubi Qafqazda nəşr edilən ayrı-ayrı mətbuat orqanlarında İrəvanın ic­ti­mai, ədəbi-mədəni həyatının işıqlandırılmasında fikri aydın, müha­kimələri cəsa­rətli bir jur­nalist kimi tükənməz enerji ilə çalışmışdır. 1918-ci ilə kimi İrəvanda yaşayıb-ya­rat­mış bu böyük tarixi və ədəbi şəxsiyyətin yaradıcılığı xalqımızın ictimai-siyasi taleyi ilə bağlı olub, onun ictimai-pedaqoji, ədəbi fikri tarixində ayrıca bir mərhələ təşkil edir. Cab­ba­rın sadə ana dilində yazdığı şeirlər, felyetonlar, hekayələr el dərdi, xalq həyatı və təfəkkü­rü­nün parlaq ədəbi güzgüsü olmuşdur. Ədəbiy­yatımızda Mirzə Ələkbər Sabir satirası­nın və didaktikasının təsiri altında yaradıcılığa başlayıb bir sıra şeir nü­munələri yazmış Cabbar Əsgər­zadənin mü­hərrirlik və yazıçılıq fəaliyyəti, keşməkeşli həyatı, zəngin yaradıcılıq yolu, milli fik­rin, mət­buatın inkişafındakı xidmətləri lazımi səviyyədə araş­dırılıb öyrənilməmişdir.

"Lək-lək"in digər müdir və naşiri Mirməhəmməd Hacı Mir Əsədullazadə Mirfətulla­yev İrəvanda milli intibahın önündə gedən, mütəfəkkir qələm sahibləri ilə çiyin-çiyinə xalqı­na xidmət göstərən maarifpərvər ziyalılarımızdan biri olmuşdur. O, 1882-ci ildə İrəvanda ana­dan olmuşdur. Dramaturq, publisist, naşir Mirməhəmməd Mirfətullayev İrəvanda maarif­pərvər, yüksək təhsilə malik, ərəb və fars dillərini mükəmməl bilən, xeyirxah ziyalı və böyük nüfuz sahibi kimi tanınırdı. Onun 1911-ci ildə Bakıda Orucov qardaşlarının elektrik mətbəə­sində 3 pərdəli "Qaradan artıq boyaq olmaz", "Kərbəlayi Güzə­məlinin övrəti" dram  əsərləri, 1916-cı ildə İrəvanda "Lyus" mətbəəsində "Kefcil və kefcillər" 4 şəkilli musiqili komediyası çap olun­muşdur.

Bütün bunlara baxmayaraq, İrəvanda ana dilində ilk mətbuat orqanı olan "Lək-lək" Mir­mə­həmməd Mirfətullayevin maddi və mənəvi dəstəyi ilə işıq üzü görmüş, o, jurnalın bütün ağır­lığını əməl dostu Cabbar Əsgərzadə ilə birlikdə öz çiynində daşımışdır. Qərbi Azərbay­canın mətbuatı tarixinə nəzər yetirərkən İrəvanın görkəmli ziyalıları tərəfindən yaradılmış "Lək-lək" satirik jurnalı həmin dövrdə xalqımızın, onun milli məfkurəsinin, ideologiyasının, mədəniy­yəti­nin inkişafında özünəməxsus rola malik olmuşdur. "Lək-lək" bağla­nandan sonra İrəvanda yaşayan azərbaycanlı ziyalıların ciddi səylərinə baxma­ya­raq, 1917-ci ilə kimi heç bir qəzet və jurnal nəşr edilməmişdir.

 

“Ədəbiyyat və incəsənət”

 (04.07.2024)

Cümə axşamı, 04 İyul 2024 09:29

Şəhid ailələrinə gül ətirli kövrək təsəlli

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portal üçün

 

Tanınmış yazar, Azərbaycan Yazıcılar və Jurnalistlər birliklərinin üzvü, Prezident təqaüdçüsü,  VII Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalı adına təsis olunmuş Atatürk medalı ilə təltif edilmiş, Oğuz rayonunda çıxan “Oğuz yurdu” qəzetinin redaktorü Nazim Hüseynli şeir və hekayələrdən, publisistik yazılardan ibarət 8 kitabın müəllifidir.

“Torpaq uğrunda şəhid varsa, Vətəndir” kitabı onun sayca doqquzuncu kitabıdır. Ön sözdən və 7 bölmədən ibarət ibarət olan kitabın redaktoru şəhid atası, şair C.Xeyirbəy, korrektoru İ.Əsədullayeva, dizayneri R.Mustafayevadır.

Kitab müəllifin anadan olduğu, böyüyüb boya-başa çatdığı doğma kəndinin – Oğuz rayonunun Xaçmaz kəndinin şəhid övladlarına həsr olunmuşdur.

Xaçmaz kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olub. Kəndin tarixi çox qədimdir. Tarixi faktlar sübut edir ki, bu kəndin əhalisi tarix boyu xarici düşmənlərə qarşı mübarizədə öz yurdunun – Azərbaycanın müdafiəsində fəal iştirak edərək qəhrəmanlıq nümunələri göstərmişlər.

Kənd Azərbaycanın cəbhə bölgələrindən uzaqda yerləşən kəndləri arasında, bəlkə də, ən çox şəhid vermiş yaşayış məntəqəsidir. Ümumiyyətlə, Qarabağ müharibəsində Xaçmaz kəndinin 34 oğlu müqəddəs şəhidlik zirvəsinə ucalmış, onlarla övladı qazi olmuş, tarixin sınaqlarında qəhrəmanlıq göstərmiş ulu babalarının qəhrəmanlıq ənənlərinin layiqli davamçıları olmuşlar.

Kitab Qarabağ savaşı başlayandan Qələbə gününə kimi şəhid olmuş həmin 34 qəhrəman şəhidimizin həyat və döyüş yolundan bəhs edir. Şəhidlər – dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçiləridirlər. “Vətən” sözü deyəndə gözü heç nəyi görməyən müqəddəs insanlardır şəhidlər. Özləri haqqında ən böyük kitabı, ən gözəl əsəri onlar özləri yazmışlar. Həm də canlarından keçməklə öz qanları ilə yazmışlar.

Şübhəsiz ki, Allahın dərgahına yüksəlmiş şəhidlər haqqında kitab yazmaq müqəddəs amala xidmət edən xeyirxah əməldir. Amma Şəhidlər haqqında yazmaq çox ağırdı və ağrılıdı. O hissləri yaşamadan, o dərdlərə şərik olmadan belə yazıları yazmaq mümkün deyil. Şəhidlərdən yazmaq üçün səmimi can yanğısı və qəlbən cəfakeşlik gərəkdir. N.Hüseynli bu can yanğısını yaşamışdır.

Kitabı oxuduqca müəllifin qeyrətiylə, mənəvi dünyası ilə öyündüyü şəhidlərin xatirəsini əbədiləşdirmək üçün çox cəfa çəkdiyinin də şahidi oluruq. Ümumiyyətlə, müəllif çətinliyin öhdəsindən layiqincə gəlmiş, şəhidlərə sözdən böyük bir çələng toxumuşdur.

Kitab “Gözün aydın, xalqım, Şuşa alındı” və “Dalğalanır bayraq kimi o yumruq” şeirləri ilə başlanır. Müəllif “Zəfərlərimizin müəllifi: xalq-dövlət-ordu – “Dəmir yumruq” adlı ön sözdə XIX əsrin əvvəllərindən erməni faşistlərinin bölgəmizə gətirdikləri fəlakətlərdən tarixi faktlarla söz acır, ərazi bütövlüyümüzün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsini xronoloji ardıcıllıqla oxucunun nəzərinə çatdırır.

İlk bölmədə Oğuz rayonunun şəhid övladlarından və Oğuz şəhidlər xiyabanından söz açılır. Burada Oğuz şəhidlər xiyabanının yaranması tarixindən bəhs olunur, Birinci Qarabağ müharibəsində, 1994-cü ildən sonrakı hərbi əməliyyatlarda, 44 günlük Vətən müharibəsində, 2022-ci ildə erməni quldurları tərəfindən törədilmiş təxribatın qarşısının alınmasında və antiterror əməliyyatında həlak olmuş 110 nəfər oğuzlu şəhidin şəkilləri, onların siyahısı (təvəllüd tarixi və həlak olduğu tarixlər göstərilməklə) verilir.

Kitabın sonrakı bölmələrində qədim Xaçmaz kəndinin tarixindən, kəndin Birinci Qarabağ müharibəsində, 1994-cü ildən sonrakı hərbi əməliyyatlarda və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış övladlarının həyat və döyüş yolundan bəhs olunur. Kəndin ilk şəhidi – 1992-ci ilin iyun ayının 28-də Ağdamın Paparavənd kəndi uğrunda döyüşlərdə həlak olmuş V.İbrahimovdan başlamış son şəhidi – 2020-ci ilin noyabr ayının 8-də Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş T.Cumazadəyə kimi şəhid olma ardıcıllığı ilə 34 şəhidin hər biri haqqında bioqrafik informasiyalar təqdim olunur.

Bu informasiyalarda şəhidlərin hər birinə yüksək həssaslıqla yanaşılır. Müəllif şəhidlər barədə informasiyaların düzgün və dəqiq, gələcək tədqiqatçılar üçün anlaşıqlı olması üçün onların toplanmasına fərdi yanaşmışdır. O, hər bir şəhid ailəsi ilə ayrı-ayrılıqda görüşmüş, bütün faktları və bioqrafik məlumatları onların özləri ilə dəqiqləşdirmişdir.

Kitab müəllifin şəhidlik məqamına yüksəlmiş həmkəndlilərinə ağısıdır, amma düşmən üzərinə od püskürən, mübarizəyə səsləyən ağısı. N.Hüseynli şəhidlərin qəhrəmanlığına ayna tutur, şəhidlik zirvəsinin ucalığına, müqəddəsliyinə diqqəti cəlb edir, ölümün gözünə dik baxan igidlərə möhtəşəm söz abidəsi ucaldır.

N.Hüseynli özünəxas təhkiyə tərzi ilə, araşdırıcı fəhmi ilə qan süzülən, kədər yağan hadisələri, qəhrəmanların döyüşkən xarakterini, onların valideynlərinin, qohum-əqrabalarının, dost-tanışlarının xatirələrini, xalqımızın mübarizə ruhunu gözlərimiz önündə canlandıra bilmişdir. İmkan daxilində materialları sənədli süjet əsasında quran müəllif bununla faktların reallığını, diqqətə layiq və oxunaqlı olmasını təmin etmişdir.

Kitabda təkcə şəhidlərimizin ömür yolu, göstərikləri qəhrəmanlıqlar haqqında bilgi verilməmiş, həm də onların necə insan olduqları da ustalıqla qələmə alınmışdır. Kitabı oxuduqca heç tanımadığın, bəlkə də adını birinci dəfə eşitdiyin şəhidlər sənə də doğmalaşırlar.

Təqdim olunan informasiyalar şəhidlərin özlərinin, onların şəhidlər xiyabanındakı gül-cicəyə qərq olmuş məzarlarının, anım mərasimlərinin, xatirə lövhələrinin və bulaqlarının, adları verilmiş müəssisələrin şəkilləri, Vətənə, qəhrəmanlığa və şəhidlərə həsr olunmuş şeirlərlə müşaiyət olunur.

Kitaba əlavə edilmiş şeirlərin əksəriyyəti müəllifin özünün şeirləridir. Bu şeirlərdə şəhidlərin həyat və döyüş yolu, qəhrəmanlıqları və xatirələri kövrək hisslərlə təsvir olunur. Adama elə gəlir ki, həmin şeirləri müəllif özü yox, hansısa şəhid anası, atası, şəhid qardaşı, bacısı və ya şəhid xanımı dilə gətirir. Məncə, bu şeirlər şəhidlərimizin ruhuna elegiya, şəhid ailələrinə isə gül ətirli kövrək bir təsəllidir.

Kitabın sonuncu bölməsində şəhidlərin həyat və döyüş yolu, anım tədbirləri və s. tədbirlər barədə mətbuat səhifələrində çap olunmuş məqalələr və yazılar, şəhidlərin adlarını daşıyan küçələr barədə məlumatlar verilmişdir.

Kitab “Hamıdan da Vətən üstün” və “Azərbaycan bayrağı” şeirləri ilə sona çatır.

N.Hüseynlinin Xaçmaz şəhidlərinin həyatından və qəhrəmanlığından bəhs edən “Torpaq uğrunda şəhid varsa, Vətəndir” kitabı onların yaddaşlarda əbədi qalması üçün görülmüş ən mühüm işlərdən biridir. Sözdən ucaldımış heykəldir.

“Torpaq uğrunda şəhid varsa, Vətəndir” kitabı şəhidlərin ölümsüzlüyünə şəhadət verən bir kitabdır. Kitab bu gündən daha çox gələcək üçün yazılıb ki, gələcək nəsillər heç kimi və heç nəyi unutmasınlar. Müəllifin özünün də kitabda qeyd etdiyi kimi, “şəhidlərimizi hamımız tanımalı, tanıtmalı, heç vaxt unutmamalıyıq!” Çünki şəhidlər güllə dəyəndə yox, unudulanda ölürlər.

Kitabın şəhid ailələrinə hədiyyə olunması, rayonun təhsil müəssisələrinə və kitabxanalarına bağışlanması nəzərdə tutulmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

 

 

Azərbaycan professional vokal sənətinin banisi Bülbülün  miras qoyduğu Azərbaycan milli vokal ənənələrini daşıyan Bülbül Vokal Məktəbi yeni tədris ili üçün tələbə qəbulu elan edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına vocal məktəbindən məlumat daxil olub.

 

Keçiriləcək müsabiqədə iştirak etmək üçün 1-20 iyul tarixlərində 10-35 yaş aralığında iştirakçıların CV və ifaları qəbul olunacaq. Birinci mərhələni keçən iştirakçıların dinləməsi 20-25 avqust tarixlərində baş tutacaq. 

Qeyd edək ki, Əməkdar artist, Bülbül məktəbinin davamçısı Ramil Qasımovun yaratdığı Azərbaycanda ilk dəfə ödənişsiz vokal dərslərinin keçirildiyi məktəb artıq bir ildir fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

 

Cümə axşamı, 04 İyul 2024 10:14

Şəhidlər barədə şeirlər - Azər Eldarzadə

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

  

 Azər Eldarzadə 1994-cü il oktyabrın 25-də Göygöl şəhərində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı.

Azərbaycan Ordusunun əsgəri olan Azər Eldarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 03-də Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Eldarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Salam sənə, vətənə

Arxa duran qəhrəman.

Camışdağda düşmənə

Qan udduran qəhrəman.

 

Sən bu xalqın əbədi

Xatirində qalmısan.

Göygölün göylərindən

Cənnətə yol salmısan.

 

Salmısan ürəklərə,

Sonsuz məhəbbət, şəhid.

Bu yalançı dünyada

Mütləq həqiqət şəhid.

 

Canla zarafat olmur,

Cəsarətin bəllidir.

İndi sənin bir balan

Anana təsəllidir.

 

Təsəllidir atana

Təbəssümlü şəkillər.

Sənin igidliyindən

Danışacaq nəsillər.

 

Elə bil ki Qazansan.

Oğuz döyüşlərində.

"Aprel" döyüşlərində,

"Tovuz" döyüşlərində.

 

Bu vətənin adının

Hamısı sənin adın.

Bu ölkənin adının

Yarısı sənin adın.

 

Sən şəhidsən, şəhidlik

Müqəddəslik deməkdir.

Vətənə sarılmaqda

Birnəfəslik deməkdir.

 

Mən də vətən olardım,

O məndən başlasaydı.

Sənə tanrı deyərdim,

Tanrı bağışlasaydı.

 

 “Ədəbiyyat və incəsənət”

(04.07.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı “Qısa fikirlər xəzinəsi”ndə bu dəfə Luis Kerrolun aforizmlərini təqdim edir. Toplayanı və tərtib edəni: C.Məmmədovdur.

 

Luis KERROLL:

 

Hara gedəcəyinizi bilmirsinizsə, istənilən yol sizi ora aparacaq.

***

Zaman, onu öldürənləri əsla sevmir.

***

Meşə ağacları bizim onlara verdiyimiz adla çağırılmadıqca səsimizə hay verməzlər.

***

Əgər Zamanla yaxşı münasibət saxlasan, o da saatı sən istədiyin kimi göstərər.

***

Hər kəs öz işiylə məşğul olsaydı, Dünya indikindən daha sürətlə fırlanardı.

***

Əminəm ki, ən yaxşı həyati məsləhət budur: ölmək istəmədiyin yerdə yaşamağına dəyməz.

***

Yer kürəsi fırlanır ona görə ki, bəzi adamlar başqalarının işlərinə burunlarını soxmurlar.

***

Siz əgər həmişə tələsirsinizsə, möcüzəni əldən qaçıra bilərsiniz.

***

Bilirsənmi, savaşda ən böyük itikilərdən biri – başın itirilməyidir.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

 

 

Çərşənbə, 03 İyul 2024 12:00

“7 iyunun yazısı” - Varis

“Ədəbiyyat və incəsənət” portal yazıçı Varisin yeni yazdığı “7 iyunun yazısı” essesini təqdim edir. İnsan niyə yaşayır? Məqamsız məqsədsiz gün keçirmənin dividendləri hansılardır, ali məqsədlər üçün özünü fəda edənlərin bəs?

 

“Dərd bölməyə kimsə yoxdu

Bu da yağı, o da yağı.

Ömür dediyimiz nəsnə

Arzular qəbristanlığı”, - yazır yazıçı.

 

 

“25-ci saat” adında brend yaratmalıyam, günümüzdəki bu vaxt qıtlığında hər kəs 25-ci saata hədsiz ehtiyac duyur.

“Kimsəsizlər küçəsində apokalipsis” adlı roman yazmalıyam, zatən bütün tənhaların bir qan qohumluğu qədər yaxınlığı var.

Amma “Unuda bilməzsən” (You can’t forget) adlı film çəkməyə daha istəkliyəm. Bir gün sən də anlayacaqsan. Anlayacaqsan ki, keçmiş daim insanı qarabaqara izləyir, məqam gəzir ki, onu yolundan sapındırsın. Və anlayacaqsan ki, heç sən də UNUDA BİLMƏZSƏN!

 

 

1-ci etüd

 

Yaz və yay yağışlarını o qədər sevirəm ki.

Hətta bu yaşımda belə yazda, yayda yağış yağdımı, eynən uşaqlar kimi qaçıb əllərimi yana açaraq, üzümü səmaya tutaraq islandıqca islanmaq sərməstliyi yaşayasıyam.

 

Və bir də. Elə ki səssizlikdə içimin sükutuna dalıram, birdən hardansa lap uzaqlardan qulağıma musiqi sədası gəlir. Tam diqqət kəsiləndə bəlli olur ki, bu səs içimdən gəlirmiş.

Mən daim bu iç musiqimin – o bir simfonik əsərdir – hansı bəstəkara məxsus olduğunu araşdırırdım, Bethovenin, Motsartın, Şopenin, Baxın, Ştrausun, Listin,  digərlərinin əsərlərini dinləyirdim... Amma həmin musiqiylə rastlaşmırdım ki rastlaşmırdım. Və bir gün Madriddəki Kafedral kilsə-muzeydə o ilahi musiqini axır ki eşitdim. Dərhal başılovlu halda xidmətçilərə yaxınlaşanda Tomazo Albinoninin “Adajio”su olduğunu öyrəndim. Ecazkar musiqinin müəllifi 17-ci əsrdə Venesiyada yaşamış Barokko epoxasının bəstəkar-skripkaçısı imiş.

Bu yağış sevgisinin də, bu daxilimdə musiqi səslənməsinin də səbəbinin nə olduğunu uzun illər bilmədim ki bilmədim...

 

Anamın vəfatından sonra şəxsi əşyaları içində bütün bu illərdə bizdən gizlətdiyi xatirə dəftərini aşkarladıq. Ordan oxuyanda ki, dünyaya gəldiyim 7 iyun günündə yağış yağırmış, xeyli təəccübləndim. Oxuyanda ki, həmin gün doğum evinin hava radiosunda da simfonik musiqi səslənirmiş, heyrətdən donub qaldım.

Magik realizm!

 

 

2-ci etüd

 

Qorxudan ibadət etməklə sevərək ibadət etməyin fərqi böyükdür.

 

3-cü minillikdə dünya ədəbiyyatının inkişaf tendensiyasında başlıca amil elitar və kütləvi ədəbiyyat sərhədlərinin aradan götürülməsidir. Kanonik klassisizmin yaratdığı ehkamlar da uçulub dağıdıldı, postmodernizm bastionu da çökdü. Non-fiction son on ilin ən tələbolunan kitabına çevrildi.

Bu gün bütün Amerikanın başılovlu halda Conatan Franzenin kitablarını axtarması, yəni, sizə heç nə demir?

 

Qəssab dükanında da, gül dükanında da eyni mənzərə var əslində. Birində başları kəsilərək, digərində kökündən qoparılaraq öldürülən canlıların ruhları dolaşır. Di gəl, bunların hər ikisi insanların böyük həvəslə baş çəkdikləri məkanlardır.

 

Keçmiş Nobel prospekti ilə gedirdim, bərk tıxaca düşdüm və nədənsə eyniadlı mükafat barədə düşünəsi oldum. Bax, Milan Kunderaya Nobeli vermədilər və o, dünyadan küskün getdi. Ondan öncə Umberto Ekoya da Nobeli verməmişdilər və o da dünyadan küskün getmişdi. Haruki Murakamiyə də Nobeli verməməkdə israr edirlər və onun da dünyadan küskün getməsinə çalışırlar.

Nobel başbilənləri bir şeyi anlamaq istəmirlər ki, ən yaxşılara veriləsi nəsnə ən yaxşılara qismət olmadıqca dəyərini itirir. Anlamaq istəmirlər ki, “Ölməzlik” elə “Qızılgülün adı”ndadır, “Norveç meşəsi”ndədir.

Bakının Nobel prospekti artıq tarixdir. Ədəbiyyat üzrə Nobel mükafatının da tezliklə tarixə çevrilməyəcəyinə kim zəmanət verər ki?

 

Mənfəətgətirici bütün nəsnələr ya o qədər qaynardır ki, əl vuranda yandırır, ya da o qədər soyuqdur ki, toxunanda dondurur. Bizimsə əllərimiz ilıq və sərinlərə öyrəşib. Odur ki, onlarsız keçinməli oluruq. 

 

İnsan ömrü adi günlərin xoşbəxt və bədbəxt günlərə nisbətindən ibarətdir. Bir bədbəxt gün iki xoşbəxt günü aparır - “Qızıl cib saatı” romanımın epiqrafıdır.

Bu tarixi trillerə həddən çox zaman və enerji qoydum. Ədəbi elitanın onu bəyənməsini yazılan resenziyalar, oxucuların bəyənməsini yüksək satış faizi isbatlayır. Eyni zamanda hər iki cəbhədən rəğbət almaq çox çətindir.

Amma sözüm bunda deyil, sözüm ondadır ki, insan ömrünün adi günlərin xoşbəxt və bədbəxt günlərə nisbətindən ibarət olması bir həqiqətdir. Qələmlərə qara mürəkkəb çatdırmaq olmur. Qırmızı mürəkkəbsə əksərən istifadəsiz qalır.

 

Və xoşbəxtlik – 

Yer kurəsinin hansısa okeanına,

dağına,

meşəsinə,

Yaxud hansısa şəhərinin

insan uzdihamı arasına düşən

bir iynə.

Axtarıram onu

Ömrümü yelə verə-verə,

Deyinə-deyinə. 

 

 

3-cü etüd

 

İnsan biləndə ki qanadı var, gec-tez uçacaq.

 

Div-insanlar adi insanların görmə bucaqlarını bütün zənginliklərə bağlayaraq bir tikə çörəyə açmaq üçün, o çörəyə əlləri çatınca isə onları “min şükür” deməyə alışdırmaq üçün yaranıblar.

 

Sevinc kədərə, şənlik yasa, arzu puçluğa ağ bayraq qaldırdıqca fasiləsiz ağ parça istehlakçısına çevrilirsən. Və bir gün ağ parçalar tükənir, sonuncunu bürmələyirsən, ömür ölümə ağ bayraq qaldırır.

 

Qatilin əksi öldürdüyü adamın gözündə ilişib qalır. Öləndə gözlərimdə Qəddar Həyatın əksi qalacaq.

 

Bürkülü yay gecəsinin

Havasızlığına qapanmışam. 

Bu böyük, gen məmləkətin

Yuvasızlığına tapınmışam.

 

Ulduzlar göz qırpırlar,

Gah yanır, gah sönürlər.

Xatirələr əlçim-əlçim

Başıma tökülürlər.

 

Dərd bölməyə kimsə yoxdu

Bu da yağı, o da yağı.

Ömür dediyimiz nəsnə

Arzular qəbristanlığı.

 

Haqqı nahaqqa çevirən

Konveyerlər qoşulubdu.

Orda qılınc çəkən gördüm

Burda silah tuşlanıbdı. 

 

Bilmirəm, harda dayanım,

Bilmirəm, hayana gedim. 

Deyiləsi çox şeylər var.

Mən lap azcasını dedim. 

 

 

4-cü etüd

 

Palçıqdan çıxmaq üçün ətrafdakı quru adacığı görmək lazımdır.

 

Dekadentçilər müasir dövrdə yenə əl-ayaq açıblar, “sənət sənət üçündür” taftalogiyası ilə silahlanaraq, artıq kuluarlarda da deyil, efirlərdə, mətbuat səhifələrində, sosial media statuslarında iddia edirlər ki, yaxşı filmi, yaxşı musiqini, yaxşı rəsm əsərini, yaxşı romanı kütlə anlaya bilməz, bunlara nə baxan olar, nə bunları dinləyən, nə də oxuyan. Deyirlər, yaxşı deyilən hər nə varsa pisdir, pis hesab edilənlərsə yaxşıdır. 

Bu əbləhlərə kimsə niyə başa salmır ki, bəs niyə yüz illərdir ki, yüz milyonlar Rembranta, Da Vinçiyə heyranlıqla tamaşa edir, Fellinini, Kurasavanı durmadan izləyir, Şopendən, Bethovendən qopmaq bilmir, Hüqonu, Markesi heyrətlə oxuyur? 

 

Qaranlıq və işıq sözləri var, adi halın ifadəsidir. Biri də var qaranlığın və işığın metaforası. Bizimçün illərdir ki, bu iki söz metaforik anlam daşımaqdadır.

 

Çağdaş Azərbaycan ədəbiyyatının klassikası, təkrar edirəm, çağdaş ədəbiyyatımızın klassikası deyiləndə ilk əvvəl həm poeziyada, həm prozada dörd ad yada düşür. Poeziyada bu dörd ad Ramiz Rövşən, Nəriman Həsənzadə, Vahid Əziz və Sabir Rüstəmxanlıdır. Prozada isə bu dörd ad Anar, Elçin, Kamal Abdulla və...

Əkrəm Əylisli aldandı, yolundan sapındı, bir səhv buraxıb xalqın sevimli yazıçısından “Daş yuxular”ı yazan Əkrəmə çevrildi, sonradan da bunun altını çəkməyə məcbur oldu. Yoxsa ki, “Adamlar və ağaclar”ı, “Mənim nəğməkar bibim”i, “Ürək yaman şeydir” i yazan Əkrəm nöqtələrin yerində dayanacaqdı.

 

Kaş ki, bunu edə biləydik. Kaş ki, onu başa çatdıraydıq. Kaş... kaş... kaş... İstəklərimiz balina, imkanlarımız kilkə balığı...

 

Sumqayıtdakı mənzilimizin üç otağı və iki eyvanı kitablarla, eləcə də “Ədəbiyyat və incəsənət” qəzetinin, “Azərbaycan” və “Ulduz”jurnallarının toplamsayları ilə dolmuşdu. Atam yeni kitab seriyalarına, qəzet və jurnallara abunə olduqca ədəbiyyat əlindən evimizdə tərpənmək olmurdu.

Amma anam heç vaxt gileylənməzdi, işdən gələndə yorğun-arğın otaqlara əl gəzdirərkən səbirlə kitabların, qəzet-jurnalların tozunu alardı.

Düşünürəm ki, indi ədəbiyyatımızın tozunu almaq üçün mehriban əllərə yamanca ehtiyac var.

 

 

5-ci etüd

 

Baharda yollarına o qədər gül-çiçək səpdim…

Bilə-bilə ki, payız onları solduracaq. 

Amma payızdan qabaq, onları ayrlıq soldurdu…

(Bu məmləkətdə minlərlə sevgi hekayətini müharibə yarımçıq qoyub)

 

İki rəfiqə tanıyıram. Birinin 51 yaşı var, 1993-cü ildə nişanlısı 1-ci Qarabağ müharibəsinə gedib və şəhid olub. O vaxtdan ailə həyatı qurmayıb, gedəninin bir gün qayıdacağına inanaraq yaşayır.

Digərinin 24 yaşı var. 2020-ci ildə nişanlısı 2-ci Qarabağ müharibəsinə gedib və şəhid olub. O da gedəninin geri dönəcəyinə inanaraq yaşayır.

Onları dərd birləşdirir, bir də inam. Bəlkə də, inamı dərd qədər mətinləşdirən başqa nəsnə yoxdur.

 

Dəbdəbəli sarayların şəhid tabutları çıxan kasıb daxmalara necə qibtə etdiyinin dəfələrlə şahidi olmuşam.

 

Qapına gedən çığırları

bir azdan bəyaz qar örtəcək.

Qar sevincini götürüb də 

küknardan oyuncaq tək asaq. 

 

Amma nə yazıq, o qarlı kəndardan

 içəri adlaya bilməyəcəm. 

Sənə doğru yollar

yasaq mənə, 

yasaq. 

 

 

6-cı etüd

 

İndi bir para ağzıgöyçək peyda olub. Bunlar Stalin dönəmində yaşamış ziyalılarımızı satqınlıqda, xainlikdə ittiham edərək onlara çamur atırlar. Arxivlər açıldıqca, o dəhşətli illərin real mənzərəsindən xəbərdar olduqca bu üzdəniraqlara  nifrətim lap artır.

1953-cü ildə Elmlər Akademiyasının prezidenti Musa Əliyev, vitse prezidenti Səməd Vurğun idi - iki dost. Fevral ayında Azərbaycanın rəhbəri Mir Cəfər Bağırov səhər saatlarında Musa Əliyevə zəng vuraraq dərhal Səməd Vurğunla Mirzə İbrahimovun Akademiyadan xaric edilməsi əmrini verir, “tapşırığımı yerinə yetirməsən özündən küs” deyir. Bu tapşırıq iki böyük şəxsiyyətin yalnız Akademiyadan xaric edilməsi deyildi, onların vurulma prosesinin başlanğıcı idi. Gerisi nə olacaqdı, aydın duyulurdu.

Musa Əliyev tam çıxılmaz vəziyyətə düşür.

Bəzən Allah özü insanın köməyinə yetmirmi? SSRİ rəhbəri İosif Stalinin vəfatı xəbəri gəlir, Mir Cəfərin başı qarışır, verdiyi ultimatum bir müddət yadından çıxır. Amma iyul ayında Bağırov yenidən bu məsələnin üstünə qayıdır. Onun emissarı Musa Əliyevin yanına gedib ertəsi gün saat 11-ə kimi ona məsələni həll etməyi tapşırır. Musa Əliyev səhərədək gözünü yuma bilmir. O, xalqın ən öndə olan ziyalılarını güdaza verə bilməyəcəkdi, buna onun kişiliyi, ləyaqəti yol verməzdi, demək, özü qurban getməliydi.

Allah böyükdür, bu dəfə də gözlənilmədən Musa Əliyev xilas olur. Həmin dönəmdə o, Akademiya prezidentliyi ilə yanaşı, SSRİ Ali Soveti deputatı kimi ağır sənaye seksiyasının da sədri idi. Və saat 11-ə sayılı dəqiqələr qalanda Kremldən onun adına teleqram gəlir ki, Ali Sovetin növbədənkənar iclası keçiriləcək, təcili Moskvaya gəl. O, Moskvaya uçası olur, bir həftə davam edən iclaslarda iştirak edir, fikri isə Bakıda qalır, axı orada Mir Cəfər onun hökmünü çıxarmağa hazır vəziyyətdə yolunu gözləyirdi.

Möcüzə bəzən insanın bütün ümidləri üzüləndə, hətta yapışmağa saman çöpü belə qalmayanda gəlir. Həftənin tamamına bir gün qalmış – iyulun 12-si səhər ertə bir xəbər ildırım kimi çaxır, gündəmi zəbt edir. SSRİ rəhbərliyinin elitasında qərarlaşmış ən mənfur şəxs, Mir Cəfər Bağırovun da havadarı Lavrentiy Beriya həbs edilmiş, Bağırov da işdən qovulmuşdu. Beləcə həm Musa Əliyev, həm də Səməd Vurğunla Mirzə İbrahimov qurtulurlar.

Dünyada bir vəfa borcu, bir kişilik deyilən anlayış da var, onları yerinə yetirəndə hər şeyi, ölümü belə göz altına alırsan. 1954-cü ildə Bağırovun yerinə yeni birinci katibin seçilməsi üçün Mərkəzi Komitənin plenumu keçirilir. Kremlin nümayəndəsi öz namizədlərinin adını çəkibmiş – MK-nın kənd təsərrüfatı üzrə katibi işləmiş İmam Mustafayev. Seçki-filan, bunlar çox formal şeylər idi, təklif gəlirdi və yekdilliklə hamı deyilən şəxsə səs verirdi. Amma bu dəm gözlənilmədən plenum üzvü Səməd Vurğun yerindən qalxıb tribunaya yaxınlaşır və deyir ki, bu şəxsi seçməkdənsə mən daha layiqli şəxsin – akademik Musa Əliyevin namizədliyini irəli sürürəm.

Bu gözlənilməz addımdan hamı təəccüb içində qalır. Səməd Vurğunun şair qəlbi onu dostunun etdiyi yaxşılığa yaxşılıqla cavab vermək, bununla özünü misilsiz bir təhlükəyə atmağa vadar etmişdi. Bu dəm onu xilas etmək üçün Musa Əliyev yerindən qalxıb söyləyir ki, mən öz namizədliyimi geri götürürəm...

İndi arxaya boylandıqca, tarixin saralmış səhifələrini vərəqlədikcə görürük ki, biz necə insanları itirmişik. Musa Əliyevlər, Səməd Vurğunlar həqiqətən də xalqın kisəsindən gediblər.

Heç iki il keçməmiş - 1956-cı il mayın 24-də cəmi 50 yaşında Səməd Vurğun vəfat edir. Ən yaxın dostunu, sirdaşını, arxa-dayağını itirmək Musa Əliyev üçün çox sarsıdıcı olur. Səməd Vurğun gənclərin kumiri, bütün SSRİ-nin sevimlisi, Azərbaycanın mədəniyyət simvolu idi. Musa Əliyev sonradan xatirələrində bir dəfə Səməd Vurğundan eşitdiyi bu kəlmələri qeyd edəcəkdi: “Mən gecələr yatmıram, çamadanla divanda otururam. Gözləyirəm, onlar nə vaxt dalımca gələcəklər. Yaxınlarım üçün çətinlik yaratmaq istəmirəm. Gəlsələr, ləngimədən onlarla gedəcəyəm”

Səməd Vurğun də repressiya qurbanı idi. Nə fərqi var, səni gülləylə ödürələr, ya çərlədib öldürələr?

 

“Bir dəfə yaşayırıq, hərəmiz bircə dəfə…” - Bu məşhur mahnını kim dinləməyib? Çox təəssüf ki, bu bir dəfə yaşantımızda haqqımıza girənlər bizi xoşbəxt olmağa qoymurlar. Yalnız əzab, əziyyət, zülm çəkmək olur qismətimiz. 

 

 

7-ci etüd

 

Bizə Nyu-Yorkda “Bestseller yazmağın qızıl qaydaları”ni tədris edəndə 3-cü minillik insanının mobil telefondan və internetdən qopub kitaba inteqrasiyası üçün yazıçıya cəmi 3 abzas şans verildiyini bildirmiş, uzunçuluqdan, müəmma və mücərrədçilikdən, bol bədii ifadə vasitələrindən qaçmağın lüzumunu sübut eləmiş, əsas oxucu kütləsi sayılan, hədsiz sosiallaşmış Z nəslinin maraq dairəsini nəzərə almağı tövsiyyə etmişdilər. Və ən əsası, təlqin olunmuşdu ki, hər bir bədii əsər öz mesajı ilə dəyərlidir.

Bəs nə edəsən ki, əksər oxucularımız hadisə təfsilatına, təhkiyəyə uyurlar, amma mesajlara önəm vermirlər?

Bakı Kitab Klubunun elan etdiyi kimi, Azərbaycanda ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanımı oxuyanlar bir uğursuz sevgi əhvalatına təəssüflə acıyırlar. Halbuki, o romanda sevgi əhvalatı yalnız butaforadır. Canlı olan isə "məqsəd vasitələri doğruldur” deyərək ən əyri, ən alçaldıcı yollarla məqsədlərinə çatanlara bu sayaq yüksəlişin sonda çöküş olacağı qanunauyğunluğunu sübut etməkdir.

 

Keçmişdə Leyli və Məcnun, Romeo və Cülyetta, Tristan və İzolda sevgilərində sevənlər yalnız ürəyin hökmüylə sevirdilər, onları ürək buxovlayırdı. İndisə bütün sevgilərin əsas idarəedicisi beyindir. O vaxtın sevgisi özünÜ fəda etmək idi, indisə özünƏ fəda etməkdir.

 

Mən səni heç sevmədim ki…

Görüş yerlərimizdə cövlan edən 

Sənin saçlarını qarışdıran küləyi sevdim…

Bütün umu-küsülərin fövqündə dayanan,

Səni durmadan bağışlayan, bağışlayan

ürəyi sevdim…

 

Mən səni heç sevmədim ki…

Gecələrin bizlərə tamaşa edən lal sükutunu, 

uyuyan günəşə keşik çəkən Ayı sevdim…

Gündüzlərin şaqraq səs-sədasını,

Az qala hər gün bizə görüş bəxş edən

həmin qızmar yayı sevdim…

 

Səni heç sevmədim…

Gülüşünü, baxışını, oturuşunu-duruşunu,

naz-qəmzəni, öpüşünü sevdim…

Tində dayanıb, o ki ürəyi döyünə-döyünə 

yolunu gözləyirdim,

qaçaraq gələn, həyəcan səpən görünüşünü sevdim. 

 

Mən səni heç sevmədim ki...

Sevgi badəsini sərxoşcasına başıma çəkib

Dumanlı beynimdəki ayıqlığı sevdim.

Mən səni heç sevmədim...

Bizdən çox-çox uzaqlarda dayanan

Amma işıq sürəti ilə üstümüzə səkən

ayrılığı sevdim...

 

 

8-ci etüd

 

Arxaizmlərlə neologizmlərin sərhədi itəndə bizə arxaizmlər neologizmlər kimi sırınır.

 

2024-cü ildə gənc ədiblərin yazdığı postapokaliptik fantaziyalar, feyk memuarlar, elfpanklar, kiberpanklar ədəbiyyat generallarını təəccübləndirə bilməz, amma yazdıqları antik dövr vodevilləri və farsları isə təəccübləndirər. Janr ierarxiyası qol-budaq atdıqca mamır basmış köhnələr improvizə üçün daha cəlbedici görünmürmü?

 

Maddi ölüm yaşasaq da mənəvi ölüm yaşamağa haqqımız yoxdur.

 

Cəlil Cavanşirlə Şəhriyar del Gerani çox istedadlı şairlərdir, ancaq onlar bir çox şəxsi problemlərin məngənəsində boğularaq yaradıcılıqla məşğul olmağa məqam tapmırlar. “Giriş qadağandır” işarəsini qoyaraq problemlərin onlara basqısını əngəlləyə bilmək necə də gözəl olardı.

 

Antoqonist cəmiyyətlər daha sürətlə inkişaf edirlər. Ya proqresə, ya reqresə doğru.

 

Ömründən bitmək bilmədən buz sırsıraları asılanın qış fəslindən nə qorxusu.

 

Uşaq vaxtı biz qızlı-oğlanlı ortadaqaldı oynayardıq. Bir nəfər ortada qalar, iki nəfər hərə bir səmtdə onu topla vurmağa çalışardı. Vuranların işi asan idi. Nə var ki, rahatca yerində dayan və topla vur. Ortadakı isə zillət çəkirdi. Daim həyəcan, təşviş içində topludan topsuza tərəf qaçmaq, zərbələrdən yayınmaq çox çətindi. Yalnız bəlli vaxta qədər duruş gətirməliydin ki, ortada qalmaqdan xilas olasan.

Hərdən mənə elə gəlir, yaradıcı insanlar hələ də o oyundadılar, hələ də yaddan çıxıb ortada qalıblar. Həyəcanla, təşvişlə üstlərinə gələn toplardan yayınmağa çalışırlar...

 

Bir yandan müharibələr, təbii fəlakətlər, epidemiyalar... Bir yandan insanlığın deqradasiyası... Dünyamızdan yaman nigaranam. Yaman nigaranam dünyamızdan.

 

Mən nə arzulayıram axı.

Bir qədər azadlıq,

Bir qədər rahatlıq,

Bir qədər bəxtiyarlıq...

 

Sabah “nə olacağ”ın, “necə olacağ”ın

nigarançılığından qopub

günəşin çıxmasına,

batmasına baxım,

Ağrısız, acısız

çiçəkləri qoxulayım,

baxışlarımla mavi dənizə axım...

 

Arzuya bir bax:.

Köhlən ata minərək

istəklərin dalınca çapmaq,

Yorulmadan, usanmadan

hey yazmaq, yazmaq.

Nə qədər olar,

Nə qədər, nə qədər, nə qədər olar,

bu iynə ilə gor qazmaq?

 

Mən nə arzulayıram axı,

deyirəm, ümidləri qırmayın,

yaxşılarasa qıymayın...

Şər üçün şumladığınız torpaqda,

Nə olar, bir az da xeyir toxumları əkin.

Hamı əməlinə görə

cəza almalıdır, deyilmi?

Di gəlin, məni də

arzularıma görə

çarmıxa çəkin.

 

 

9-cu etüd

 

-Qalxın, məhkəmə gəlir!

Özümə bir şeyi bağışlamayacağam. Saysız-hesabsız fikirlərimi qətlə yetirməyimi. Onlar beynimdə embrion kimi yarandılar, kağıza köçürüb doğuşlarını təmin etməliydim, mənsə “bu gün-sabah” deyə-deyə gündəlik qayğılardan vaxt tapa bilmədim, nəticədə zaman keçdikcə unuduldular, beyindəcə öldülər fikirlərim…

Beyin fikir qəbristanlığıdır və məndə bu qəbristanlıq tamamən dolub. Yenisini inşa etməkçün yeri haradan tapım? Qəbir yerləri axı indi od qiymətinədir. 

 

İlk insanların - ağlığından, qaralığından, sarılığından asılı olmayaraq bütün bəşər övladlarının ən ulu baba-nənəsi sayılan Adəmlə Həvvanı Allah torpaqdan yaratdı deyə öləndə də hamımızı torpağa basdırırlar ki, cəsədimiz torpağa qarışsın. Yəni, hardan başlamısansa orda da bitməlisən. 

Bəs minaya düşən, təyyarə qəzasına uğrayan, yaxud dənizdə batan və meyitləri ələ gəlməyənlərin, yəni ki, torpağa basdırılmayanların Adəmlə Həvvaya aidiyyatı yoxdurmu?

 

Gənclərin də arzuları var, qocaların da. Fərq yalnız ondadır ki, vaxtları gen-bol olduğu üçün gənclərin arzuları daha uzaqlara pərçimlənir, qanadlıdır. Qocaların arzularısa seytnotdadılar deyə, sanki bir addımlıqdadır, qapı dalındadır, əl uzatsan çatar.

-İnşallah, uşaqlar böyüyəndə evi daha böyüyünə dəyişərik.

-Allah qoysa, qışdan çıxaq, əyin-başımızı təzələyərik.

 

 

 

10-cu etüd

 

Hovodorovskinin fikridir, deyir, gəldiyin yeri bilmirsənsə,  getdiyin yerə yetişəmməzsən.

 

Hər bir insan dünyaya öz pazlını yığmaq üçün gəlir. Və yığıb qurtardıqda da çıxıb gedir. Kimisinin bəxtinə lap sadəsi düşür, bu məşğuliyyət cəmi 1-2 il çəkir, kimisinə isə çətinin çətini düşür, hətta 90-100 il yığmağa, yaşamağa davam edir.

 

Lap uşaqlıqdan təsəvvür etmək istəyirdim ki, görəsən insanın sonu necə olur. Amma heç vaxt da işıqda durub zülməti görə bilmirdim. Bax bu 2024-cü ilin 7 iyun günündə həmin görüntünü, hər halda, ala bildim.

 

Sonra yorğunluq gələr,

Ayaqlarını ardınca sürüyüb,

Yorulub əldən düşərsən.

Sonra bezginlik gələr

Nəyə əl atmaq istəsən

ona ilişərsən.

 

Sonra da təkliyin növbəsi çatar.

Ətrafında nə yaşıdların qalar,

nə dostların.

Ardınca iştahdan da kəsilərsən,

Yox olar məclislərin,

yox olar tostların. 

 

Gileylənərsən ki, 

bu möhnətə necə dözüm,

Şikayətlənərsən ki, 

Necə tab gətirim bu zülmə. 

Və küləkli bir gündə

Çıxıb upuzun bir küçəyə

Bir taksiyə oturub deyərsən ki

Apar məni ölümə. 

 

P.S. Amma mən ölümdən sonrakı həyata inanıram. Və hətta mənə elə gəlir ki, insanlar dünyadan köçərkən bu dünyada dada bilmədikləri, məhrum olduqları xoşbəxtlikləri Gözəgörünməz bir boxçaya yığıb onların qoltuğuna vurur ki, o dünyada geninə-boluna istifadə edə bilsinlər.

O dünyanın insanları adi insanlardır. O dünyanın div-insanları yoxdur.

 

SON

 

Rəsm müəllifindir

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

 

 

 

 

 

 

 

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

"Azərbaycan ideyasını siyasi bir mətləb maddəsi şəklində formula etmək şərəfi Nəsib bəyindir. O, milli Azərbaycan demokratiyasının yetişdirdiyi elə bir müməssildir (nümayəndədir) ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formulə etmək onun adı ilə bağlıdır. Sadəcə bu, Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir ism halına qoymaq üçün kafidir... "

M.Ə.Rəsulzadə 

 

Bu gün  Azərbaycan Xalq Cumhuriyyətinin Baş Naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi  Nəsib bəy Yusifbəylinin doğum günüdür. 

Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə sayılıb- seçilən, nüfuzlu bir ailədə dünyaya gəlib.

Gəncə klassik gimnaziyasını bitirdikdən sonra 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olub.

Nəsib bəy təhsil almaqla bərabər, həm də milli azadlıq hərəkatına qoşulub, azərbaycanlı tələbələrin "Həmyerlilər" təşkilatının rəhbərlərindən birinə çevrilib. Universitetdə baş verən hadisələrə görə tədris ocağı bağlanır, fəal tələbələr ciddi təqiblərlə üzləşirlər. Nəsib bəy Yusifbəyli çar xəfiyyələrinin təqibindən yaxa qurtarmaq üçün 1906-cı ildə Krımın Bağçasaray şəhərinə köçüb. 

Burada böyük tatar mütəfəkkiri və publisisti İsmayıl bəy Qaspıralının "Tərcüman" qəzetində çalışıb. İctimai-siyasi mövzulu məqalələri ilə oxucu auditoriyası qazanan Nəsib bəy Yusifbəyli Qaspıralının qızı Şəfiqə xanımla ailə qurub. Bu nikahdan Niyazi və Zəhra adlı iki övladı olan Nəsib bəy buradakı təqiblərdən yaxa qurtarmaq üçün 1908-ci ildə Türkiyəyə mühacirət edib. Publisistik fəaliyyətilə bərabər, həm də "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə məşğul olub. Bir il sonra 1909-cu ildə Vətənə dönüb, Gəncə şəhər bələdiyyəsində çalışıb. 1911-ci ildə "Mədrəseyi-ruhaniyyə" məktəbində çalışıb, "Molla Nəsrəddin" jurnalına və qəzetlərə məqalələr göndərib, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətində yaxından iştirak edib. Bu zaman Məmməd Əmin Rəsulzadə ilə tanış olub və ictimai-siyasi fəaliyyətə başlayıb. 

 

Mirzə Fətəli Axundovun anadan olmasının 100 illiyi münasibətilə Gəncədə Azərbaycan dilində ilk kitabxana təsis edib. 1905-ci ildə  "Türk Sosial-Federalist İnqilabi Komitəsi" adı ilə fəaliyyətə başlamış təşkilatın əsasında qardaşı Həmid bəy Yusifbəyli, Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədovla birlikdə "Qeyrət" təşkilatını yaradıb.

Azərbaycanın taleyində son dərəcə mühüm rol oynayan Gəncə Milli Komitəsinin sədri kimi fəaliyyət göstərib. 1917-ci ilin fevral burjua inqilabından sonra  Nəsib bəy "Türk Ədəmi-Mərkəziyyət" partiyasını yaradıb. 

Rusiya Müəssislər Məclisinə (Parlamentinə) Gəncədən üzv seçilən Nəsib bəy Yusifbəyli 1918-ci il aprelin 22-də elan olunmuş Zaqafqaziya Demokratik Federativ Respublikasının xalq maarifi naziri təyin edilib. Həmin il mayın 27-də Tiflisdə yaradılmış Milli Şuranın üzvü olan Nəsib bəy, Fətəli xan Xoyskinin təşkil etdiyi Hökumət Kabinetində də məhz xalq maarifi və dini etiqad naziri vəzifəsini icra edib. 

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, Məşhur 1918-ci il 28 may tarixli "İstiqlal Bəyannaməsi"ni imzalayan səkkiz istiqlal mücahidindən, Milli Şura üzvlərindən biri olan Nəsib bəy Yusifbəyli çağdaş milli dövlətçilik tarixinə "Müstəqil Azərbaycan" ideyasının müəllifi və onu gerçəkləşdirən görkəmli ictimai-siyasi və dövlət xadimlərindən biri kimi daxil olmuşdur. Milli hökumətə bir ilə yaxın rəhbərlik etmiş Nəsib bəy həmçinin XX əsr Azərbaycan təhsil, elm və mədəniyyəti tarixinə şanlı səhifələr yazmış böyük maarifçi, gələcək nəsillərə örnək olan əsl milli ziyalı kimi tanınmışdır. 

1919-cu ilin mart ayında yeni hökumətin rəhbərliyinə keçdiyi üçün xalq maarifi və dini etiqad naziri vəzifəsindən kənarlaşsa da, bu sahəni heç vaxt diqqətdən kənarda qoymayıb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət istefaya gedəndən sonra yeni hökumət təşkil edən baş nazir Nəsib bəy Yusifbəyli daxili işlər naziri vəzifəsini də icra edib. 1920-ci ilin martına qədər dünyanın böyük dövlətləri Azərbaycanın istiqlaliyyətini tanıyıb, çoxminli ordu formalaşdırılıb, Nəsib bəyin təklifi ilə Bakı Dövlət Universiteti açılıb, 100 nəfər azərbaycanlı gənc xaricdə oxumağa göndərilib, torpaq islahatı haqqında qanun layihəsi hazırlanıb, Azərbaycanın milli pulu dövriyyəyə buraxılıb. Azərbaycan müəllimlərinin III Qurultayının keçirilməsində də Nəsib bəyin xüsusi rolu olmuşdur. 

Milli hökumətin Tiflisdən Gəncəyə gəlişinin ilk günlərindən aktiv milli təhsil siyasəti və quruculuğuna girişən maarif naziri Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyinin strukturu təsdiq edilir, ölkədə fəaliyyət göstərən bütün maarif və mədəniyyət ocaqları, məktəblər onun tabeçiliyinə verilir. Nəsib bəyin maarif sahəsində atdığı ilk addımlardan biri yüksək vəzifələrə azərbaycanlıları irəli çəkməsi olub. Qaynaqlar göstərir ki, 1918-ci ilin təkcə avqust ayı ərzində azərbaycanlıların sıx yaşadığı Gəncə, Şuşa, Cavanşir, Zəngəzur qəzalarının xalq maarifi müfəttişliyində çalışan milliyyətcə erməni və rus rəhbər maarif işçiləri vəzifələrindən azad edilib, onların yerinə milli kadrlar təyin olunub. 

Nəsib bəy Yusifbəylinin nazir olduğu müddətdə xalq maarifinin milli konsepsiya əsasında təşkili ön plana çəkilib, ümumi icbari təhsil layihələri hazırlanıb, kənd və şəhərlərdə yeni məktəblər açılıb, milli məktəblər üçün müəllim hazırlanması probleminin həllinə diqqət artırılıb, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Firidun bəy Köcərlinin təşəbbüsü və səyi ilə Qazaxa köçürülüb fəaliyyətə başlaması reallaşdırılıb. 

Təhsildə milliləşmə prosesində yaranan çətinlikləri nəzərə alan Nəsib bəy nazirliyin təklifi ilə şəhərlərdə Dövlət dilini məcburi fənn kimi tədris etmək şərtilə paralel olaraq rus bölmələrinin yaradılmasına razılıq verir. Həmin dövrdə azərbaycanlı uşaqların yalnız milliləşdirilmiş məktəblərdə təhsil almaları tələb edilirdi. Lakin müstəsna hallarda ana dilində danışa bilməyən uşaqlar Xalq Maarifi Nazirliyinin xüsusi razılığı ilə rusca təhsilə buraxıla bilərdi. Təhsildə bu cür milliləşmə siyasəti milli təhsil tarixində müstəsna rolu olan tarixi addım olub. Məhz Nəsib bəy Yusifbəylinin birbaşa rəhbərliyi ilə hazırlanıb həyata keçirilən həmin qərarlar sayəsində Azərbaycanda ümumi təhsil müəssisələrində tədrisin təşkilinin ana dilində aparılmasına dair milli maarifçilərin yüz illərlə arzuladıqları milli ideya gerçəkləşdi. Azərbaycan türkcəsi Dövlət dili statusu qazandı, ana dilimiz əsas təlim-tərbiyə, təhsil dilinə çevrildi. 

1919-cu ildə Azərbaycanda dövlət orta təhsil müəssisələrinin sayı 23-ə çatdırılıb, 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 "Müqəddəs Nina" qız məktəbi, politexnik məktəb və kommersiya məktəbi fəaliyyət göstərib. Bakı Qadın Seminariyası Kişi Seminariyasına çevrilib, orada təhsil alanlar üçün pansion açılıb. 

1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilib, Bakıda darülmüəllimin və darülmüəllimat, Nuxada darülmüəllimin açılıb, Zaqatala, Ağdam və Şuşada belə müəssisələrin yaradılması qərara alınıb. Milliləşdirilmiş məktəblərdə ümumi türk tarixi, təlim rus dilində olan tədris ocaqlarında həftədə 3-4 saat Azərbaycan dili keçirilirdi. Orta təhsilin milliləşdirilməsi reallaşdırılıb, Abdulla Şaiqin təşəbbüsü ilə bütün dərslər rus dilində keçilən Bakı I realnı məktəbində Azərbaycan dili üzrə üçaylıq kurs açılıb. 

Bir tərəfdən, elmi və pedaqoji kadrlar hazırlamaq üçün ali və orta ixtisas məktəbləri açılıb, o biri tərəfdən nəşriyyat-tərcümə komissiyasının köməyi ilə dərsliklər hazırlanıb çap etdirilib. Həmin dövrdə "Türk əlifbası və ilk qiraət", "Türk qiraəti", "Yeni məktəb", "Rəhbəri-sərf", "Tazə elmül-hesab", "Ədəbiyyat dərsləri", "Son türk əlifbası", "Hesab məsələləri məcmuəsi", "Rəhbəri-cəbr", "Milli qiraət", "Müntəxəbat", "Türk ədiblərindən nümunələr" və digər dərsliklər nəşr olunub. 

1920-ci ilin martına qədər baş nazir vəzifəsində çalışmış Nəsib bəy Yusifbəyli Aprel çevrilişindən sonra Parlamentin axırıncı iclasından qayıdıb ailəsi ilə son görüşündə: "Fələk məni çox yüksəltdi. Fəqət mən dünyanın ən bədbəxt insanıyam", - söyləyib.  Mənbələrə görə Nəsib bəy Yusifbəyli Bolşevik istilasından sonra ölkəni tərk etmək istəyərkən müəmmalı şəkildə qətlə yetirilib.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

Çərşənbə, 03 İyul 2024 19:04

Şeir gücünü itirib?

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə Seçmə statuslar rubrikasında Ulucay Akifdən iqtibas etmək istədim. Mövzu aktualdır. Şeir gücünü itiribmi?

 

 

Bilmirəm, bəlkə də, mən yanılıram, amma fikir verirəm,  artıq şeir gücünü itirib insanlar üçün, artıq heç kim şeirdən güc almır, kimsə sevgisini şeirlə bildirmir sevdiyinə.

Ona görə də artıq gözəl şeirlər də çox az yazılır, şairlər öz qınına çəkilib elə bil.

Uzun illər şeirlə nəfəs almışam, içim-çölüm şeir olub daim, dünyaya daha fərqli baxmışam, daha fərqli görmüşəm hər zaman.

Və təvazökarlıqdan uzaq olsa da, çox gözəl şeirlər yazdığımı da düşünürəm, hansısa məclisdə, tədbirdə, ya sevdiyim bir adama, dosta, rahatca deyə biləcəyim əsl şeirlər.

Amma indi... indi beynimdəki misraları elə ordaca boğuram, heç birinin dalına düşmürəm, hamısı it-bata düşür beynimin bir küncündə, düşünürəm ki, kimin nəyinə lazımdı şeir?

Təxminən, dünyaya uşaq gətirmək kimi...

Düşünürəm ki, neyləyəcək bu çirkaba batmış dünyada o şeirlər, o uşaqlar?

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

İyulun 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbiri keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Dövlət Reklam Agentliyinin rəhbər şəxsləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın müsbət turizm imicinin formalaşmasına hotellərdə olan infrastruktur, şərait, xidmət səviyyəsi və digər meyarların birbaşa təsir etdiyini bildirərək, bunların qiymətləndirilməsinin hotellərin ulduz təsnifatından keçməsi və müvafiq ulduz dərəcələrini əldə etmələri ilə mümkün olduğunu qeyd edib.

 

Milli Ulduz Təsnifatı əsasında 200-dən çox hotelə ulduz dərəcələrinin təyin olunduğunu bildirən Fuad Nağıyev, proses boyu çoxsaylı uyğunsuzluqlar səbəbindən təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellərin mövcudluğunu diqqətə çatdırıb. Fuad Nağıyev 40-a yaxın hotelə uyğunsuzluqları aradan qaldırmaq üçün müəyyən vaxtın verildiyini və yenidən audit olunacaqlarını qeyd edərək, prosesdə Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə konsultativ dəstəyin göstərilməsinin davam etdiyini vurğulayıb.

 

Agentlik sədri qarşıda duran əsas hədəfin COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsində hotelçilik sənayesinin rolunun gücləndirilməsi olduğunu və bu sənayenin COP29 tədbiri dövründə də dövlətimizin adını yüksək tutmaq üçün səylə çalışacağına inandığını bildirib.

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli çıxışında ölkə iqtisadiyyatının sürətli və dayanıqlı inkişafında əsaslı rol oynayan turizm sənayesinin əhəmiyyətini qeyd edib.

 

Tədbirdə digər çıxış edənlər - Azərbaycan Hotel Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov və Avropa Ulduz Təsnifatı Birliyinin ("Hotel Stars Union”) prezidenti Markus Luthe turizm sahəsinin hər bir ölkənin iqtisadiyyatına ciddi təsir etdiyini, həmçinin sürətli və dayanıqlı inkişafına töhfə verdiyini vurğulayıblar.

 

Habelə turizm sektorunun əsas qollarından biri olan hotelçilik sferasında rəqabətliliyin təmin olunması üçün biznes subyektləri tərəfindən istehlakçı gözləntiləri istiqamətində keyfiyyət göstəricilərinin artırılması, turistik məhsul və ya xidmətlərin daha da inkişaf etdirilməsi diqqətə çatdırılıb. Həmçinin turizm sahəsində resursların səmərəli idarə olunması, iş proseslərinin optimallaşdırılmasına və xərclərin azaldılmasına töhfə verən yeni standartların qəbul edilməsinin vacibliyi vurğulanıb.

 

Tədbirdə, eyni zamanda, son dövrlərdə aktuallıq daşıyan halal turizmin inkişaf perspektivlərindən də bəhs edilib. İslami qaydalara cavab verən turizm xidmətləri və məhsullarının təklif edilməsinin müsəlman ölkələrindən gələn turistlər üçün cəlbediciliyi artıracağı qeyd olunub.

 

Sonra Milli Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam "Azərbaycan Hotel Ulduz Təsnifatı Sistemi: Cari vəziyyət və nəticələr", Azərbaycan Turizm Bürosunun Sənayenin inkişafı departamentinin direktoru Aytən Əlizamanlı "Hotel Dayanıqlılıq Əsasları” proqramı mövzularında təqdimatla çıxış ediblər.

 

Tədbirdə Dünya Səyahət və Turizm Şurası tərəfindən təsis edilən və Azərbaycan Turizm Bürosunun rəsmi tərəfdaşı olduğu “Hotel Dayanıqlılıq Əsasları” təşəbbüsünə qoşulmaq barədə məlumat verilib. Bildirilib ki, "Hotel Dayanıqlılıq Əsasları" proqramı yerləşmə sənayesinin qlobal dayanıqlılıq meyarlarına uyğunlaşmasına dəstək olmaq üçün ilkin atıla biləcək addımları ehtiva edir və bununla da dayanıqlılıq üzrə təşəbbüs göstərən bizneslərin fərqlənməsinə şərait yaradır.

 

Daha sonra Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Rəşad Əliyev Milli Rezervasiya Platforması barədə məlumat verib.

 

Həmçinin turistlərə hotel və digər yerləşmə vasitələrini daha rahat şəkildə rezerv etmək imkanı yaradan ilk Milli Rezervasiya Platformasının təqdimatı olub. Qeyd olunub ki, yerli rezervasiya platformasından istifadə edən hotellər, qonaq evləri, o cümlədən digər yerləşmə vasitələrinə imtiyaz və güzəştlər şamil ediləcək.

 

Sonda Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi ilə bağlı mükafatlandırma mərasimi olub.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

 

Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü ilin iyul-oktyabr aylarında təşkil edilən film layihələri müsabiqəsində qalib olmuş layihələrin dövlət dəstəyi ilə istehsalı həyata keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalına ARKA-dan verilən məlumata görə, hazırda müsabiqənin 11 qalib layihəsindən biri olan “Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam etdirilir.

“OD Media Production” şirkəti tərəfindən istehsal olunan filmin rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifi Əkbər Nəcəf, prodüseri isə Fariz Əhmədovdur.

Filmin çəkilişləri Kür çayının mənbəyindən mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılır. Azərbaycanın ən böyük təbii su mənbəyi olan Kürün keçdiyi coğrafiya, çayətrafı şəhərlər, bu ərazilərdə mövcud olan sosial-iqtisadi, tarixi-mədəni proseslər ekran əsərində təsvir olunacaq. Filmin əsas ideyası keçmişdən bu günə Kür çayının tarixi, mədəni, iqtisadi rolunu ön plana çıxarmaq və bəşəriyyət üçün əhəmiyyətini ifadə etməkdir.

Qeyd edək ki, adıçəkilən müsabiqə dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə gerçəkləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.