Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
"Azərbaycan ideyasını siyasi bir mətləb maddəsi şəklində formula etmək şərəfi Nəsib bəyindir. O, milli Azərbaycan demokratiyasının yetişdirdiyi elə bir müməssildir (nümayəndədir) ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formulə etmək onun adı ilə bağlıdır. Sadəcə bu, Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir ism halına qoymaq üçün kafidir... "
M.Ə.Rəsulzadə
Bu gün Azərbaycan Xalq Cumhuriyyətinin Baş Naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi Nəsib bəy Yusifbəylinin doğum günüdür.
Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə sayılıb- seçilən, nüfuzlu bir ailədə dünyaya gəlib.
Gəncə klassik gimnaziyasını bitirdikdən sonra 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olub.
Nəsib bəy təhsil almaqla bərabər, həm də milli azadlıq hərəkatına qoşulub, azərbaycanlı tələbələrin "Həmyerlilər" təşkilatının rəhbərlərindən birinə çevrilib. Universitetdə baş verən hadisələrə görə tədris ocağı bağlanır, fəal tələbələr ciddi təqiblərlə üzləşirlər. Nəsib bəy Yusifbəyli çar xəfiyyələrinin təqibindən yaxa qurtarmaq üçün 1906-cı ildə Krımın Bağçasaray şəhərinə köçüb.
Burada böyük tatar mütəfəkkiri və publisisti İsmayıl bəy Qaspıralının "Tərcüman" qəzetində çalışıb. İctimai-siyasi mövzulu məqalələri ilə oxucu auditoriyası qazanan Nəsib bəy Yusifbəyli Qaspıralının qızı Şəfiqə xanımla ailə qurub. Bu nikahdan Niyazi və Zəhra adlı iki övladı olan Nəsib bəy buradakı təqiblərdən yaxa qurtarmaq üçün 1908-ci ildə Türkiyəyə mühacirət edib. Publisistik fəaliyyətilə bərabər, həm də "Türk dərnəyi" cəmiyyətinin təşkili ilə məşğul olub. Bir il sonra 1909-cu ildə Vətənə dönüb, Gəncə şəhər bələdiyyəsində çalışıb. 1911-ci ildə "Mədrəseyi-ruhaniyyə" məktəbində çalışıb, "Molla Nəsrəddin" jurnalına və qəzetlərə məqalələr göndərib, "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti"nin fəaliyyətində yaxından iştirak edib. Bu zaman Məmməd Əmin Rəsulzadə ilə tanış olub və ictimai-siyasi fəaliyyətə başlayıb.
Mirzə Fətəli Axundovun anadan olmasının 100 illiyi münasibətilə Gəncədə Azərbaycan dilində ilk kitabxana təsis edib. 1905-ci ildə "Türk Sosial-Federalist İnqilabi Komitəsi" adı ilə fəaliyyətə başlamış təşkilatın əsasında qardaşı Həmid bəy Yusifbəyli, Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədovla birlikdə "Qeyrət" təşkilatını yaradıb.
Azərbaycanın taleyində son dərəcə mühüm rol oynayan Gəncə Milli Komitəsinin sədri kimi fəaliyyət göstərib. 1917-ci ilin fevral burjua inqilabından sonra Nəsib bəy "Türk Ədəmi-Mərkəziyyət" partiyasını yaradıb.
Rusiya Müəssislər Məclisinə (Parlamentinə) Gəncədən üzv seçilən Nəsib bəy Yusifbəyli 1918-ci il aprelin 22-də elan olunmuş Zaqafqaziya Demokratik Federativ Respublikasının xalq maarifi naziri təyin edilib. Həmin il mayın 27-də Tiflisdə yaradılmış Milli Şuranın üzvü olan Nəsib bəy, Fətəli xan Xoyskinin təşkil etdiyi Hökumət Kabinetində də məhz xalq maarifi və dini etiqad naziri vəzifəsini icra edib.
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, Məşhur 1918-ci il 28 may tarixli "İstiqlal Bəyannaməsi"ni imzalayan səkkiz istiqlal mücahidindən, Milli Şura üzvlərindən biri olan Nəsib bəy Yusifbəyli çağdaş milli dövlətçilik tarixinə "Müstəqil Azərbaycan" ideyasının müəllifi və onu gerçəkləşdirən görkəmli ictimai-siyasi və dövlət xadimlərindən biri kimi daxil olmuşdur. Milli hökumətə bir ilə yaxın rəhbərlik etmiş Nəsib bəy həmçinin XX əsr Azərbaycan təhsil, elm və mədəniyyəti tarixinə şanlı səhifələr yazmış böyük maarifçi, gələcək nəsillərə örnək olan əsl milli ziyalı kimi tanınmışdır.
1919-cu ilin mart ayında yeni hökumətin rəhbərliyinə keçdiyi üçün xalq maarifi və dini etiqad naziri vəzifəsindən kənarlaşsa da, bu sahəni heç vaxt diqqətdən kənarda qoymayıb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət istefaya gedəndən sonra yeni hökumət təşkil edən baş nazir Nəsib bəy Yusifbəyli daxili işlər naziri vəzifəsini də icra edib. 1920-ci ilin martına qədər dünyanın böyük dövlətləri Azərbaycanın istiqlaliyyətini tanıyıb, çoxminli ordu formalaşdırılıb, Nəsib bəyin təklifi ilə Bakı Dövlət Universiteti açılıb, 100 nəfər azərbaycanlı gənc xaricdə oxumağa göndərilib, torpaq islahatı haqqında qanun layihəsi hazırlanıb, Azərbaycanın milli pulu dövriyyəyə buraxılıb. Azərbaycan müəllimlərinin III Qurultayının keçirilməsində də Nəsib bəyin xüsusi rolu olmuşdur.
Milli hökumətin Tiflisdən Gəncəyə gəlişinin ilk günlərindən aktiv milli təhsil siyasəti və quruculuğuna girişən maarif naziri Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Maarifi və Dini Etiqad Nazirliyinin strukturu təsdiq edilir, ölkədə fəaliyyət göstərən bütün maarif və mədəniyyət ocaqları, məktəblər onun tabeçiliyinə verilir. Nəsib bəyin maarif sahəsində atdığı ilk addımlardan biri yüksək vəzifələrə azərbaycanlıları irəli çəkməsi olub. Qaynaqlar göstərir ki, 1918-ci ilin təkcə avqust ayı ərzində azərbaycanlıların sıx yaşadığı Gəncə, Şuşa, Cavanşir, Zəngəzur qəzalarının xalq maarifi müfəttişliyində çalışan milliyyətcə erməni və rus rəhbər maarif işçiləri vəzifələrindən azad edilib, onların yerinə milli kadrlar təyin olunub.
Nəsib bəy Yusifbəylinin nazir olduğu müddətdə xalq maarifinin milli konsepsiya əsasında təşkili ön plana çəkilib, ümumi icbari təhsil layihələri hazırlanıb, kənd və şəhərlərdə yeni məktəblər açılıb, milli məktəblər üçün müəllim hazırlanması probleminin həllinə diqqət artırılıb, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Firidun bəy Köcərlinin təşəbbüsü və səyi ilə Qazaxa köçürülüb fəaliyyətə başlaması reallaşdırılıb.
Təhsildə milliləşmə prosesində yaranan çətinlikləri nəzərə alan Nəsib bəy nazirliyin təklifi ilə şəhərlərdə Dövlət dilini məcburi fənn kimi tədris etmək şərtilə paralel olaraq rus bölmələrinin yaradılmasına razılıq verir. Həmin dövrdə azərbaycanlı uşaqların yalnız milliləşdirilmiş məktəblərdə təhsil almaları tələb edilirdi. Lakin müstəsna hallarda ana dilində danışa bilməyən uşaqlar Xalq Maarifi Nazirliyinin xüsusi razılığı ilə rusca təhsilə buraxıla bilərdi. Təhsildə bu cür milliləşmə siyasəti milli təhsil tarixində müstəsna rolu olan tarixi addım olub. Məhz Nəsib bəy Yusifbəylinin birbaşa rəhbərliyi ilə hazırlanıb həyata keçirilən həmin qərarlar sayəsində Azərbaycanda ümumi təhsil müəssisələrində tədrisin təşkilinin ana dilində aparılmasına dair milli maarifçilərin yüz illərlə arzuladıqları milli ideya gerçəkləşdi. Azərbaycan türkcəsi Dövlət dili statusu qazandı, ana dilimiz əsas təlim-tərbiyə, təhsil dilinə çevrildi.
1919-cu ildə Azərbaycanda dövlət orta təhsil müəssisələrinin sayı 23-ə çatdırılıb, 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 "Müqəddəs Nina" qız məktəbi, politexnik məktəb və kommersiya məktəbi fəaliyyət göstərib. Bakı Qadın Seminariyası Kişi Seminariyasına çevrilib, orada təhsil alanlar üçün pansion açılıb.
1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilib, Bakıda darülmüəllimin və darülmüəllimat, Nuxada darülmüəllimin açılıb, Zaqatala, Ağdam və Şuşada belə müəssisələrin yaradılması qərara alınıb. Milliləşdirilmiş məktəblərdə ümumi türk tarixi, təlim rus dilində olan tədris ocaqlarında həftədə 3-4 saat Azərbaycan dili keçirilirdi. Orta təhsilin milliləşdirilməsi reallaşdırılıb, Abdulla Şaiqin təşəbbüsü ilə bütün dərslər rus dilində keçilən Bakı I realnı məktəbində Azərbaycan dili üzrə üçaylıq kurs açılıb.
Bir tərəfdən, elmi və pedaqoji kadrlar hazırlamaq üçün ali və orta ixtisas məktəbləri açılıb, o biri tərəfdən nəşriyyat-tərcümə komissiyasının köməyi ilə dərsliklər hazırlanıb çap etdirilib. Həmin dövrdə "Türk əlifbası və ilk qiraət", "Türk qiraəti", "Yeni məktəb", "Rəhbəri-sərf", "Tazə elmül-hesab", "Ədəbiyyat dərsləri", "Son türk əlifbası", "Hesab məsələləri məcmuəsi", "Rəhbəri-cəbr", "Milli qiraət", "Müntəxəbat", "Türk ədiblərindən nümunələr" və digər dərsliklər nəşr olunub.
1920-ci ilin martına qədər baş nazir vəzifəsində çalışmış Nəsib bəy Yusifbəyli Aprel çevrilişindən sonra Parlamentin axırıncı iclasından qayıdıb ailəsi ilə son görüşündə: "Fələk məni çox yüksəltdi. Fəqət mən dünyanın ən bədbəxt insanıyam", - söyləyib. Mənbələrə görə Nəsib bəy Yusifbəyli Bolşevik istilasından sonra ölkəni tərk etmək istəyərkən müəmmalı şəkildə qətlə yetirilib.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)