“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün
filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “110 yaşlı “Lək-lək” məqaləsi təqdim ediləcək.
Cəlal ALLAHVERDİYEV
110 YAŞLI "LƏK-LƏK"
Qədim mədəniyyətə, zəngin ədəbi irsə malik olan İrəvanda milli mətbuatın yaranması ictimai-ədəbi fikir tariximizin inkişafında özünəməxsus yer tutur. XIX əsrin sonlarında İrəvanda yaşayan azərbaycanlı ziyalılar maarifi, mədəniyyəti, ədəbiyyatı inkişaf etdirməyin yolunu, ilk növbədə, məhz mətbuatda – ana dilli mətbuatın yaranmasında görürdülər. Onlar bu yolda ardıcıl mübarizə aparır, əvəzsiz xidmətlər göstərirdilər. İrəvanda Azərbaycan mətbuatının, maarifçilik hərəkatının, ictimai-bədii fikrinin aparıcı simaları Mirzə Ələkbər Elxanov, Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə Kazım Qazi Əsgərzadə, Axund Əhmədov, Mirzə Əlixan Şəmsil Hükəma, Hacı Seyid Rza Əmirzadə, Axund Məmmədbağır Qazızadə, Abbas Razi Məmmədzadə, Cabbar Əsgərzadə, Əli Məhzun Rəhimov, Mirabbas Mirbağırov, Mirməhəmməd Mirfətullayev, Məmmədvəli Qəmərlinski, Mirzə Cabbar Məmmədzadə, Axund Əbülhəsən Qazızadə, Həsənzadə Mirzə Hüseyn İrəvani, Asəf bəy Şəfibəyov, Məmmədəli Nasir, Həsən bəy Qazıyev, Əkbər Rizayev və burada yaşayıb-yaradan onlarla bu kimi maarifpərvər ziyalılar öz səslərini xalqa çatdırmaq üçün ana dilində qəzet, jurnal təsis etməyin vacibliyini aydın dərk edib, bu ideyanın gerçəkləşdirilməsinə ciddi səy və təşəbbüs göstərir, bu yolda qələmləri ilə mübarizə aparırdılar. İrəvanda ana dilli mətbuat orqanının yaranması isə günün ən vacib məsələsinə çevrilmişdi. Bunu həm də dövrün mövcud ictimai-siyasi, ədəbi-mədəni proseslərində baş verən mütərəqqi dəyişikliklər də zəruri edirdi. Lakin İrəvanda Azərbaycanın ictimai, ədəbi-mədəni həyatının ən mühüm hadisələrindən olan milli mətbuatın yaranması XX əsrin əvvəllərinə təsadüf edir. İrəvan şəhərində yaşayıb-yaradan ziyalılarımız XX əsrin ikinci onilliyində bu böyük missiyanı, məsuliyyəti öz üzərlərinə götürdülər və Azərbaycan dilində fəaliyyət göstərəcək mətbuatın əsasını qoydular. İrəvanda milli mətbuatın yaranması ideyasını gerçəkləşdirmək ilk dəfə nəinki İrəvanda, bütün Cənubi Qafqazda, hətta onun hüdudlarından kənarda tanınmış, yetkin qələm sahibi, jurnalist, şair Cabbar Əsgərzadə və Mirməhəmməd Mirfətullayevə nəsib olmuşdur.
Jurnalın nəşri ilə onlar, əslində, bir vətəndaş olaraq xalqın qarşısında yaranmış problemləri aradan qaldırmağa, onları həll etməyə və ideyalarını həyata keçirməyə çalışmışdır. Onların əsas məqsədlərindən biri də soydaşlarımızın əksəriyyətinin düçar olduğu dini fanatizm bəlasına və cəhalətə qarşı satirik üslub ilə mübarizə aparmaq idi. "Lək-lək" və onun səhifələrində çıxış edənlər çətinliklə də olsa, məqsədlərinə uğurla nail olurdular. Hələ "Lək-lək"in nəşrinə icazə alınmamışdan xeyli əvvəl Cabbar Əsgərzadə İrəvanda jurnal buraxmaq barədə yaxın dostu, görkəmli ziyalı mühərrir Məmmədəli Sidqi ilə məsləhətləşmiş və məktublaşmışdı. Cabbar Əsgərzadənin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Məmmədəli Sidqiyə aid fondda ona ünvanladığı 40-dan artıq məktubu saxlanılır. Cabbar Əsgərzadənin yazdığı məktublar Azərbaycan dilində ərəb əlifbası ilə yazılmışdır. Bu nümunələrin hər birində Sidqiyə hörmət, qardaş məhəbbəti duyulur. "Lək-lək"lə bağlı müəyyən məsələlərə aydınlıq gətirmək üçün bu epistolyar nümunələr fakt və sənəd olaraq çox qiymətlidir. Cabbar Əsgərzadə məktublarında "Kəlniyyət", "İqbal", "Dirilik", digər qəzet-jurnalların durumu, məsləki, dövrün ziyalıları Salman Mümtaz, Seyid Hüseyn, Əliqulu Qəmküsar, Zülfüqar Hacıbəyov, Hüseyn Minasazov, Mirzəağa Əliyev və başqaları haqqında öz fikirlərini Məmmədəli Sidqi ilə paylaşır. Həmin məktublarla tanış olduqda aydın olur ki, Cabbar Əsgərzadə və Mirməhəmməd Mirfətullayev "Lək-lək"in nəşrinə uzun müddət hazırlaşmışlar. Bu cəhətdən Cabbar Əsgərzadənin Məmmədəli Sidqiyə göndərdiyi 4 dekabr 1913, 18 fevral 1914, 16 yanvar 1914-cü il tarixli məktubları səciyyəvidir. O, birinci məktubunda "Lək-lək" adlı satirik jurnal çıxarmaq istəyini və bu barədə öz fikir və düşüncələrini Məmmədəli Sidqiylə bölüşür. Məktubların bir neçəsi "Lək-lək" jurnalına məhz mollanəsrəddinçilərin cəlb edilməsi ilə əlaqədardır. Bu epistolyar nümunələrdə nəşrinə başlayacaq jurnalın ətrafına daha çox mollanəsrəddinçilərin cəlb edilməsini Məmmədəli Sidqiyə bildirir. Məcmuənin sanballı, qüsursuz nəşri üçün Cabbar Əsgərzadənin bu məsələdə daha çox arxalandığı qüvvə məhz mollanəsrəddinçilər idi. Bu məqsədlə daha çox tanıdığı mollanəsrəddinçi yazarların jurnalda iştirakına nail olmaq üçün Məmmədəli Sidqidən onların ünvanlarını xəbər alır və tanımadıqları ilə isə tanış etmələrini xahiş edir. Cabbar Əsgərzadənin Məmmədəli Sidqiyə ünvanladığı digər məktublarında "Lək-lək" məcmuəsinin daha geniş coğrafiyada yayılması, başqa əlaqədar məsələlərlə bağlı məsləhətləşmələr və fikir mübadilələri də öz əksini tapmışdı. Məktublaşmalardan aydın olur ki, "Lək-lək"in meydana gəlməsində və yayılmasında Cabbar Əsgərzadənin ən yaxın məsləhətçisi və istiqamətvericisi Məmmədəli Sidqi olmuşdur.
Uzun sürən mübarizədən sonra "Lək-lək" satirik məcmuəsinin nəşrinə İrəvan qubernatoru tərəfindən 21 yanvar 1914-cü il tarixində jurnalın öz proqramına uyğun olaraq icazə verilmişdir. Məcmuənin proqramında 10 – 1. baş məqalələr: 2. şeirlər; 3. şəhər işləri; 4. Qafqaz xəbərləri; 5. teleqramlar; 6. felyetonlar; 7. poçt qutusu; 8. elanlar; 9. xarici xəbərlər; 10. daxili xəbərlər şöbəsindən ibarət olmaqla hər həftə nəşr olunacağı bildirilirdi. Belə aydın proqramla mətbuat aləminə qədəm qoyan "Lək-lək" satirik jurnalı sonadək öz proqramına sadiq qalmışdır. "Lək-lək"in nəşri İrəvanda fəaliyyət göstərən mətbuat müfəttişliyi tərəfindən nəzərdən keçirilirdi. "Lək-lək"in yaranma prosesinə nəzər saldıqda onun nəşrinə Cabbar Əsgərzadə, Mirməhəmməd Mirfətullayev və İrəvanın açıq fikirli, qabaqcıl ziyalılarının hələ neçə ay əvvəlcədən hazırlaşdığını görürük. Hətta onlar "Lək-lək"in məslək və ideyasını, tərəqqipərvər istiqamətini də əvvəlcədən müəyyən etmişdilər. Hələ "Lək-lək"in nəşrindən bir müddət əvvəl Cabbar Əsgərzadə jurnal barədə, onun abunəsi üçün "İqbal" qəzetində və digər mətbuat orqanlarında elan vermişdir. "Lək-lək"in nəşrindən iki ay əvvəl Cabbar Əsgərzadə 4 dekabr 1913-cü il tarixdə İrəvandan Bakıya, məslək dostu Məmmədəli Sidqiyə göndərdiyi məktubunda jurnalın ideya istiqaməti barədə yazırdı: "Məsləkimiz gərək məlumunuz olsun, "Molla Nəsrəddin"dir. Amma səliqəmiz ayrı-ayrı vəziyyətlərdir". Cabbar Əsgərzadənin Məmmədəli Sidqiyə yazdığı məktublar və yazışmalar həm də onlar arasında olan ibrətamiz məfkurə, ideal dostluğun möhkəmliyinə və səmimiliyinə aydın şahidlik edir. 1914-cü ilin fevral ayının 22-də Qərbi Azərbaycan mədəniyyəti və mətbuatı tarixində əlamətdar bir hadisə baş verdi. Həmin gün İrəvan ziyalılarının illər boyu həsrətlə gözlədikləri ilk mətbuat nümunəsi meydana çıxdı. Cabbar Əsgərzadənin redaktorluğu və Mirməhəmməd Mirfətullayevin naşirliyi ilə çıxan "Lək-lək"in ilk nömrəsinin işıq üzü görməsi xəbəri İrəvan quberniyasında böyük əks-səda verdi, nəşrin sorağı bütün Cənubi Qafqaza yayıldı. "Lək-lək"in nəşrini ilk alqışlayanlardan biri Məmmədəli Sidqi olmuşdur. O, Bakıda yaşamasına baxmayaraq, jurnalın ən fəal oxucularından biri olub. Həyata vəsiqə alan "Lək-lək"in nəşrinə qədər İrəvanda ana dilində qəzetçilik ənənəsi olmasa da, çox yetkin yazıçılıq, publisistika ənənəsi var idi. Məşədi İsmayil Hacı Kazımzadə, Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov, Mirzə Əlixan Şəmsül Hükəma, Abbas Razi Məmmədzadə, Hacı Seyid Rza Əmirzadə, Abbas Razi Məmmədzadə, Cabbar Əsgərzadə, Mirabbas Mirbağırov, Əli Məhzun Rəhimov, Məmmədəli Nasir, Məhəmməd Axundov, Əkbər Əkbərov, Mirzə Cabbar Məmmədzadə, Əkbər Rizayev və başqaları İrəvanda Azərbaycan jurnalistikası və publisistikasının görkəmli nümayəndələri idi. Onların jurnalistlik və publisistik fəaliyyəti nəinki İrəvanda, o cümlədən Cənubi Qafqazda, Şərqdə və müxtəlif ölkələrdə böyük şöhrət tapmışdı.
"Lək-lək"in ilk nömrəsinin işıq üzü görməsi İrəvan ziyalıları və oxucular tərəfindən böyük sevinclə qarşılanmışdı. Jurnalın ilk nömrəsinin son səhifəsində "İdarədən" başlıqlı bir qeyd dərc olunub. Həmin qeyddə göstərilir ki, "bu nömrə üçün hürufat başqa bir kitaba işləndiyindən naşi kifayət verməyib, mündəricatın azlığına səbəb oldu. Bu barədə oxucularımızdan üzr istəyirik!". Jurnalın ilk nömrəsinin cəmi 60 nüsxə ilə işıq üzü görməsi həm də onun maddi-texniki çətinlikləri ilə bağlı idi. Bu barədə jurnalın müdiri Cabbar Əsgərzadənin 2 mart 1914-cü ildə Məmmədəli Sidqiyə ünvanladığı məktubunda da məlumata rast gəlinir: "Əfəndim, hələ ki"Lək-lək"imiz qanad bağlayıb o cür zülmün elçi quşlarına. Hər halda, işıqlı qaralarınızla üzü ağ olmağı təmənna edir. Müzayiqənizi əsirgəyib də necə ki vədələr vermişdiniz, kömək ediniz.
Bir də budəfəlik mürəttil və mətbəə cəhətdən görülən bir çox nöqsanları güzəşt ediniz. Hamınıza bir "Lək-lək" Əmircana uçdu". Həm də bu fikirlərdən aydın olur ki, Cabbar Əsgərzadə "Lək-lək"in ilk nömrəsini Bakı nəşri-maarif cəmiyyətinin tabeliyində olan məktəbdə müəllimlik edən yaxın dostu Məmmədəli Sidqiyə göndərmişdir.
Hələ jurnalın nəşrindən iki ay əvvəl Cabbar Əsgərzadə "Lək-lək"in 15 gündən bir çıxacağı haqqında Məmmədəli Sidqiyə yazdığı məktubunda məlumat verir və bildirir ki, "əgər müvəffəq olsaq, sonralar həftədə bir dəfə çıxıb və müsəvvər olacaq". Jurnalın nömrələrini ardıcıl izlədikdə məlum olur ki, mətbəə problemi və mətbuat müfəttişliyinin əngəli səbəbindən fasilələrlə, iki ayda cəmi 3 nömrəsi çıxmışdı. Bununla əlaqədar "Lək-lək"in müxtəlif nömrələrində bu barədə oxuculara üzrxahlıq yazıları da verilmişdir. Jurnalın üzləşdiyi problemlər aradan qaldırıldıqdan sonra 4-cü nömrəsindən etibarən, nəzərdə tutulduğu kimi, həftədə bir dəfə nəşr edilmişdi. "Lək-lək"in nəşri İrəvanda Azərbaycan ictimai-siyasi fikir tarixində ciddi bir hadisə olmaqla yanaşı, eyni zamanda ədəbi-mədəni mühitin inkişafında da bir dönüş nöqtəsi oldu. Cabbar Əsgərzadə başda olmaqla dövrün ən yaxşı ədəbi qüvvələri – Əli Məhzun Rəhimov, Məmmədəli Nasir, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar və başqaları "Lək-lək" jurnalının ətrafına toplanmışdı. İrəvanlı mollanəsrəddinçilər digər mollanəsrəddinçilərlə çiyin-çiyinə verib öz fəaliyyətləri ilə jurnalın mövzu dairəsini və ideya-bədii səciyyəsini inkişaf etdirmiş, xeyli zənginləşdirmişlər.
"Lək-lək" qısa zaman ərzində oxucular arasında böyük şöhrət qazana bilmişdi. Jurnal ziyalılar üçün böyük bir ədəbi məktəb, mübarizə tribunası olmuşdu. "Lək-lək" həyata vəsiqə alan gündən İrəvanda Azərbaycan həyatının ən müxtəlif sahələri haqqında ardıcıl, məqsədyönlü yazılar dərc etmişdir. Onun səhifələrində dərc olunan yazıları diqqətlə nəzərdən keçirdikdə ilk saylarında yalnız İrəvandan və Naxçıvandan gələn yazılar verilmişdisə, sonralar Gəncə, Bakı, Şamaxı, Tiflis, Cənubi Azərbaycandan da redaksiyaya daxil olan yazılar dərc edilmişdi. Qısa zaman ərzində "Lək-lək"in mübarizə sədası, üsyankar səsi Cənubi Qafqazı aşaraq onun yayılma arealını daha da genişləndirmiş, Orta Asiya və Türkiyəyə də gedib çatmışdır. Bu baxımdan tədqiqatçı Zahid Əkbərovun "Lək-lək" jurnalının xalq qarşısında xidmətinə verdiyi dəyər olduqca təqdirəlayiqdir. O yazır: "Lək-lək" nəşr olunduğu müddətdə Azərbaycan ictimai-siyasi və ədəbi fikrinin inkişafına müəyyən kömək göstərmiş, tərəqqi və demokratik ideyalarına xidmət etmişdir. O, anlaşıqlı dili və demokratik məzmunu sayəsində Zaqafqaziyada, ümumən Qafqazda olan azərbaycanlılar içərisində çox yayılmış nəşrlərdən biri olmuşdur". "Lək-lək"in səhifələrində İstanbulda "Şahbal" məcmuəsinin, Daşkənddə "Sədayi-Türküstan" qəzetinin abunə şərtləri ilə bağlı elanların təkrar-təkrar verilməsi də bunun əyani sübutudur. Eyni zamanda həmin mətbuat orqanları da İrəvan ziyalıları arasında yayılmış və maraqla oxunmuşdu. "Lək-lək"in daha geniş arealda yayılmasında Salman Mümtaz, Seyid Hüseyn və başqa görkəmli ziyalılarımızın da fəaliyyəti təqdirəlayiqdir. Jurnalda İrəvan ziyalıları ilə birlikdə mollanəsrəddinçilər sırasında fəxri yer tutmuş Məmməd Səid Ordubadi də yaxından iştirak etmişdir. O, həmin dövrdə sürgündə olmasına baxmayaraq, jurnalla əməkdaşlıq etmiş, felyeton və məqalələr göndərmişdir. Onun "Lək-lək"in 12 may 1914-cü il tarixli 6-cı nömrəsində "Hərdəmxəyal" imzası ilə verilmiş şeirində xalqın ağır vəziyyətitəsvir edilmişdir. M.S.Ordubadinin jurnalda "Hərdəmxəyal" imzası və "Ədəbiyyat" başlığı adı ilə verilmişHissim dağılır gərdişi, dövranı görəndə,Dünyadakı nadan olan insanı görəndə. − beyti ilə başlayan şeiri forması etibarı ilə Füzulini, ruhu etibarı ilə Sabiri xatırladır. Məmməd Səid Ordubadinin "Lək-lək"də satirik yazıları ilə yanaşı, didaktik şeirləri də çap olunmuşdur ki, bu şeirlərdə də nəsihətçilik, ritorik mükalimə vardır. M.S.Ordubadinin və digər bu kimi tərəqqipərvər ziyalıların şeirlərinin və məqalələrinin "Lək-lək"in səhifələrində dərc olunması həm də jurnalın əsas qayəsinin azərbaycanlı əhalisi arasında maarifçilik ənənələrini gücləndirmək olduğunu sübut edir.
Ana dilinə böyük önəm verən jurnalda dilimizin saflığı, əlifbanın sadəliyi, cəhalətin yaratdığı ağır həyat tərzi haqqında da maraqlı yazılar verilmişdir. "Lək-lək" yeni əlifbanın zəruriliyi haqqında xüsusilə cəsarətli fikirlər söyləmişdir. Jurnalda dərc olunmuş materiallarda dönə-dönə göstərilir ki, xalqın maariflənməsində çətinlik törədən əsas səbəblərdən biri də ərəb əlifbasıdır. Milli mədəniyyət və milli dil məsələsinə "Lək-lək"in obyektiv münasibəti dilimizin yad ünsürlərdən qorunması, saflığı, zənginləşməsi və inkişaf etdirilməsi jurnalda çap olunmuş "Dil məsələsi" və "Təzələşmək" adlı felyetonlardan aydın görünür. Jurnal həmin felyetonlarda Azərbaycan dilini yad təsirlərə uğratmaq istəyənlərə qarşı çıxırdı. Dolaşıq yazılara, ərəb-fars təsirinə, azərbaycanlıların çətin anladığı və mənimsədiyi ərəb əlifbasına qarşı sadə dil və yazını qoruyurdu. Ana dilinə xor baxan, onu korlayan ziyalılar, məmurlar ciddi tənqid atəşinə tutulurdu.
Jurnalda materiallar sadə və təmiz bir dillə yazılmaqla bərabər, orada Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparılmışdır. "Lək-lək"də Ada, Abaska, dünən başım elə krujit olurdu ki, çesnti slova, az qalırdım rastrelitsa olam. Lap oni mənə nadayela" deyə danışan, ana dilinə etinasızlıq edənlər tənqid olunursa, digər tərəfdən də "bəraderəm, ərzi salam izhari-sənayi-ehtiram və ifayi-pəyaniş, ərzi-bəndəgi və məhəbbəti-bəraderanədən sonra ifadeyi-mətləb və mərami-məğzi-kitabe və kəlame-həzər bahirünmur zati-züleh tişamınıza…" və s. bu kimi heç bir mənası olmayan, cəfəngiyyatı yazan mollanümaların həcv və ifşasına rast gəlirik. "Lək-lək" jurnalı və onun yazarları heç də əcnəbi dillərin öyrənilməsinin əleyhinə deyildir. Onlar əcnəbi dilin təsirinə məruz qalıb doğma ana dilinə etinasızlıq edənlərə, dili eybəcərləşdirənlərə zidd idilər. Göründüyü kimi, "Lək-lək" jurnalı ana dili uğrunda mübarizə aparmaqla, ilk növbədə hər bir azərbaycanlını öz vətəndaşlıq haqqına qovuşdurmaq istəyirdi. "Lək-lək"in qazandığı ən böyük uğurlar ilk növbədə onun xalq dilinə yaxın, sadə, anlaşıqlı və səlis olmasında idi. "Lək-lək" də Azərbaycandakı mətbuat orqanları kimi, xalqın maariflənməsinə, onun elminin daha da inkişafına səy göstərirdi.
"Lək-lək" jurnalı özündən əvvəlki satirik mətbuatın ənənələrini hər tərəfdən inkişaf etdirməyə çalışmışdır. "Molla Nəsrəddin"in əsasını qoyduğu gizli imzalarla yazmaq ənənəsi müxtəlif satirik jurnallarda olduğu kimi, "Lək-lək" tərəfindən də davam etdirilmişdir.
"Lək-lək" jurnalı əməkdaşlarının, yazıları dil-üslub baxımından zəngin və çoxcəhətlidir. Bəzi müəlliflər "Lək-lək"də bir neçə gizli imzalarla çıxış etmişdi. Bu cür gizli imzayla sırasında jurnalın müdiri Cabbar Əsgərzadəni, jurnalla əməkdaşlıq edən Əli Məhzunu, Məmmədəli Nasiri, Məmməd Səid Ordubadini və b. göstərmək olar. Jurnalın ağırlığı məhz bu satiriklərin çiyninə düşürdü. "Lək-lək" cəmi 5 ay fəaliyyət göstərmiş və jurnalda 43-dən artıq gizli imzadan istifadə edilmişdir. Əlbəttə, bu qədər geniş və zəngin imzaların arxasında kimlərin durduğunun, onların şəxsiyyətinin müəyyənləşdirilməsi çox çətin olduğu kimi, həm də bu istiqamətdə fundamental araşdırmalar aparılmasını tələb edir.
"Lək-lək"də verilən materialların mühüm bir qismi nadanlıq, cəhalət, dindən sui-istifadə edən ruhanilərə qarşıdır və bu yazıların çoxu "Molla Nəsrəddin" jurnalında rast gəldiyimiz yazıların ruhunu xatırladır. Jurnalın səhifələrində Sabir satirasının təsiri altında yazılan çoxlu mənzum parçaya da təsadüf edirik. Buradakı "Təbrizdə söhbət", "Sənə", "Oğlum", "Qəzəl" və sair mənzum parçalar öz forması və ruhu etibarı ilə "Molla Nəsrəddin"dəki yazılara yaxındır. Xüsusilə Əli Məhzun Rəhimova məxsus olan "Yazıq", "Şeytan", "Yetim cücə" imzalı şeirlər həm məzmun, həm də üslubu etibarı ilə dəyərli əsərlərdir. Jurnalın səhifələrində elə gizli imzalar vardır ki, bu gün də onların dəqiqləşdirilməsinə böyük ehtiyac vardır. Əli Məhzun Rəhimovun ədəbi fəaliyyətinin, o cümlədən satirik şeir yaradıcılığının mühüm bir qolu da "Lək-lək" jurnalı ilə bağlı olmuşdur. Jurnalın səhifələrində Əli Məhzun Rəhimovun "Yetim cücə" imzası ilə "Cünənbər noğulu", "Çəkic", "Kamal paşanın ruhuna ithaf" kimi maraqlı satirik şeirləri ilə rastlaşırıq. "Kamal paşanın ruhuna ithaf" şeiri o dövrdəki Türkiyə həyatının müəyyən bir səhifəsini canlandırır. Bu kimi şeirlər o zamankı mövcud dövrün müəyyən xüsusiyyətlərini özündə əks etdirir və həmin analoji nümunələrə digər satiriklərin əsərlərində də rast gəlinirdi. "Lək-lək"də "Şeytan", "Yetim cücə" və digər gizli imzalarla çıxış edən Əli Məhzun Rəhimov jurnalda Mirzə Ələkbər Sabirin satira ənənələrini uğurla davam etdirirdi. O, Sabirin satirik şeir formasından, taziyanə və epiqramlarından məharətlə istifadə etməyə çalışmışdır. Əli Məhzun jurnalda öz kiçik satirik taziyanələrini "Taqqıltı" başlığı ilə çap etdirirdi. Jurnalda "Taqqıltı" başlığı və "Şeytan" imzası ilə çap olunan dördlüklərin hamısı Əli Məhzuna məxsusdur. "Taqqıltı" başlığı altında verilmiş dördlüklər özlüyündə geniş bir mövzunu əks etdirməsə də, oxucuların diqqətini cəmiyyətdə mövcud olan ictimai qüsurlara yönəldir. Həmin poetik nümunələrə diqqətlə nəzər saldıqda görürük ki, o bədii qayəni konkret və yığcam ifadə edə bilmişdir. Məsələn, "Lək-lək"in 1914-cü il 2-ci nömrəsində Əli Məhzunun "Taqqıltı" başlığı ilə verilmiş şeiri bu baxımdan olduqca səciyyəvidir.
Qərq olmalı olsan da, dənizlərdə boğulsan,
Heç olmasa da mümkün əgər sahilə çıxmaq,
Namərd əlinə vermə əlin, tərki-həyat et,
Namərd əlini tutmadan əfzəldi boğulmaq.
Göründüyü kimi, bu şeirin əsas məzmunu məşhur atalar sözü olan "Keçmə namərd körpüsündən, qoy aparsın sel səni" ifadəsindən alınmışdır. "Taqqıltı" adlı şeirdə şair namərd əlindən tutub xilas olmaqdansa, suda boğulmağı mərd üçün daha əfzəl saymışdır. Əli Məhzunun bir şair kimi sənətkarlıq bacarığı həm də ondadır ki, şeirdə namərdin real poetik təsvirini yarada bilmişdir.
"Lək-lək"in müəllifləri Cabbar Əsgərzadə və Əli Məhzun Mirzə Ələkbər Sabirə yalnız nəzirə və bənzətmələr yazmaqla, onun satira ənənələrini uğurla davam etdirməklə kifayətlənməyib, böyük şairinin zəngin ədəbi irsini İrəvanda təbliğ etmiş, onun əsərlərinin çapına köməklik göstərmişlər. İstər "Lək-lək"də, istərsə də digər jurnallarda Cabbar Əsgərzadəyə və Əli Məhzuna məxsus olan şeirlərin mövzu dairəsi çox genişdir. Mövzularının rəngarəngliyinə görə də onları Mirzə Ələkbər Sabirin ləyaqətli xələfi saymaq olar.
"Lək-lək"də və başqa mətbuat orqanlarında dəfələrlə "İrəvan xəbərləri" adı altında keçirilən ədəbi-mədəni tədbirlər haqqında məlumatlar verilmişdir. Mirzə Ələkbər Sabirin yaradıcılığını səylə öyrənən "Lək-lək" müəllifləri ona bir sıra parodiyalar çap etmişlər. Sabirin məşhur "İki həpənd" və "Bir məclisdə 12 kişinin söhbəti" satiralarına yazılmış bənzətmələr bu cəhətdən səciyyəvidir.
Jurnalda xeyli şeirlər, felyetonlar çap olunmuşdur. "Lək-lək"in 5 may 1914-cü il tarixli 5-ci nömrəsində "Balaca felyeton" başlığı ilə verilmiş yazıda molla, hacı, artist, student, jurnalist və başqa tiplər öz xüsusiyyətlərindən söhbət açmışlar. Cabbar Əsgərzadə Sabir ruhunda şeirlər yazmış, "Lək-lək"dən başqa Bakıda nəşr edilən satirik jurnallarda da çap etdirmişdir. "Lək-lək"in 19 may 1914-cü il tarixli 7-ci sayında "Ədəbiyyat" başlığı ilə verilmiş şeir Sabirin "Molla Nəsrəddin" jurnalının 1908-ci il 41-ci nömrəsində "Əbunəsr Şeybani" imzası ilə verilmiş məşhur "Nə yazım" şeirini xatırladır.
Şairəm, fikrimdə var, hər cür hekayələr yazım,
Bir həqiqətçün yalandan min rəvayətlər yazım.
Bu avam ünnas üçün ağı qaradan seçməyə,
Göz verim, alət tapım qıl körpülərdən keçməyə,
Varmasınlar turp əkilmiş yerdə buğda biçməyə,
Getməsin meyxanələrdə abi-heyvan içməyə,
Millətə meyxanələrdən min qəbahətlər yazım,
Min fəlakətlər, rəzalətlər, şəmaətlər yazım.
Bu sətirlər həm də "Lək-lək"in hansı məsələlərdən yazmaq istəyini, hansı yazılara toxunmağa cəhd etdiyini göstərir. "Lək-lək" İrəvanın oçağki qaranlıq sosial həyatının və ictimai-mədəni mühitinin işıqlanmasında, cəmiyyətin yeniliyə doğru inkişafında mühüm rol oynamışdır.
Jurnalın 12 iyun 1914-cü il tarixli 10-cu nömrəsində Əli Məhzunun "Şeytan" imzası ilə verilmiş "Ana və qız" adlı satirik şeirində qadınların hüquqsuzluğu təsirli bir dillə təsvir olunmuşdur. Ana ilə qızın kədərli söhbəti dövrün xüsusiyyətlərini göstərən bir hekayətdir.
"Lək-lək" ədəbiyyat və sənət adamlarına sadə, təvazökar, öz işinə tələbkar olmağı dönə-dönə tövsiyə etmiş, aktyorlar, teatr həvəskarları haqqında tənqidi qeydlər çap etmişdir. Burada Cənubi Azərbaycan mövzusu da müəyyən qədər yer tutmuş, "Təbrizdən xəbərlər" başlığı altında yazılar verilmişdir.
"Lək-lək" jurnalı birinci nömrəsindən axırıncı nömrəsinə qədər "Molla Nəsrəddin" platformasında dayanmış, onun yoluna, üslubuna sadiq qalmışdır.
Jurnalın 30 iyun 1914-cü il 12-ci nömrəsində Mirməhəmməd Mirfətullayev tərəfindən "Lək-kək"in müdiri və naşiri vəzifəsindən istefa verdiyi barədə belə bir məlumat dərc olunmuşdur. Həmin məlumatdan Mirməhəmməd Mirfətullayevin "Lək-kək"in müdiri və naşirliyindən azad olunması ilə bağlı İrəvan qubernatoruna ərizə ilə müraciət etdiyi aydın olur. Məlumatda bildirilir ki, "bəzi səbəblərə görə bir neçə nömrədən sonra daha "Lək-lək" məcmuəsi çıxmayıb və "Lək-kək" müştərilərinə "Çınqı" namində məcmuə göndəriləcəkdir. Bu yeni nəşr olunan "Çınqı" məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadənin təhti-müdiriyyətlərində olub və İrəvanın bir neçə maarifpərvər cavanlarının maddi və mənəvi köməkliyi ilə nəşr olunacaq". Amma hansısa səbəblərdən "Çınqı" məcmuəsinin nəşri mümkün olmamışdır. "Lək-kək"in 30 iyun 1914-cü il tarixdə işıq üzü görən 12-ci nömrəsi onun söz, fikir tribunasında və auditoriyasında son çıxışı oldu. Çox az ömür sürmüş olan "Lək-kək" jurnalının Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində özünəməxsus fəxri yer tutmasında onun müdir və naşirlərindən biri, məharətli satirik, böyük şair, görkəmli maarif və mətbuat xadimi Cabbar Əsgərzadənin misilsiz xidmətləri olmuşdur. İrəvan quberniyasında milli mətbuatın yaranması məhz onun adı ilə bağlıdır.
Mirzə Cabbar 1885-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulmuşdu. İrəvan quberniyasında mədəni həyatın dirçəlmə-sinin, teatr tamaşalarının və müsamirələrin keçirilməsinin aktiv təşkliatçısı və iştirakçısı idi. Ümumiyyətlə, "Molla Nəsrəddin"in meydana gəlişi digər mollanəsrəddinçilər kimi, Cabbar Əsgərzadənin də yaradıcılıq yolunu dərhal müəyyən edir, mövzu, ideya üslub axtarışları uzun sürmür. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz, Ömər Faiq Nemanzadə, Əli Razi Şəmsizadə və Molla Nəsrəddin ədəbi məktəbinin başqa yaradıcı ziyalıları ilə bir sırada addımlayan görkəmli satirik sənətkar Cabbar Əsgərzadənin "Molla Nəsrəddinin"in Qərbi Azərbaycanda geniş şəkildə yayılmasında, geniş oxucu ruporuna çevrilməsində, abunəçi sayının artırılmasında misilsiz xidməti var idi. O istər "Molla Nəsrəddin"də, istərsə də Cənubi Qafqazda nəşr edilən ayrı-ayrı mətbuat orqanlarında İrəvanın ictimai, ədəbi-mədəni həyatının işıqlandırılmasında fikri aydın, mühakimələri cəsarətli bir jurnalist kimi tükənməz enerji ilə çalışmışdır. 1918-ci ilə kimi İrəvanda yaşayıb-yaratmış bu böyük tarixi və ədəbi şəxsiyyətin yaradıcılığı xalqımızın ictimai-siyasi taleyi ilə bağlı olub, onun ictimai-pedaqoji, ədəbi fikri tarixində ayrıca bir mərhələ təşkil edir. Cabbarın sadə ana dilində yazdığı şeirlər, felyetonlar, hekayələr el dərdi, xalq həyatı və təfəkkürünün parlaq ədəbi güzgüsü olmuşdur. Ədəbiyyatımızda Mirzə Ələkbər Sabir satirasının və didaktikasının təsiri altında yaradıcılığa başlayıb bir sıra şeir nümunələri yazmış Cabbar Əsgərzadənin mühərrirlik və yazıçılıq fəaliyyəti, keşməkeşli həyatı, zəngin yaradıcılıq yolu, milli fikrin, mətbuatın inkişafındakı xidmətləri lazımi səviyyədə araşdırılıb öyrənilməmişdir.
"Lək-lək"in digər müdir və naşiri Mirməhəmməd Hacı Mir Əsədullazadə Mirfətullayev İrəvanda milli intibahın önündə gedən, mütəfəkkir qələm sahibləri ilə çiyin-çiyinə xalqına xidmət göstərən maarifpərvər ziyalılarımızdan biri olmuşdur. O, 1882-ci ildə İrəvanda anadan olmuşdur. Dramaturq, publisist, naşir Mirməhəmməd Mirfətullayev İrəvanda maarifpərvər, yüksək təhsilə malik, ərəb və fars dillərini mükəmməl bilən, xeyirxah ziyalı və böyük nüfuz sahibi kimi tanınırdı. Onun 1911-ci ildə Bakıda Orucov qardaşlarının elektrik mətbəəsində 3 pərdəli "Qaradan artıq boyaq olmaz", "Kərbəlayi Güzəməlinin övrəti" dram əsərləri, 1916-cı ildə İrəvanda "Lyus" mətbəəsində "Kefcil və kefcillər" 4 şəkilli musiqili komediyası çap olunmuşdur.
Bütün bunlara baxmayaraq, İrəvanda ana dilində ilk mətbuat orqanı olan "Lək-lək" Mirməhəmməd Mirfətullayevin maddi və mənəvi dəstəyi ilə işıq üzü görmüş, o, jurnalın bütün ağırlığını əməl dostu Cabbar Əsgərzadə ilə birlikdə öz çiynində daşımışdır. Qərbi Azərbaycanın mətbuatı tarixinə nəzər yetirərkən İrəvanın görkəmli ziyalıları tərəfindən yaradılmış "Lək-lək" satirik jurnalı həmin dövrdə xalqımızın, onun milli məfkurəsinin, ideologiyasının, mədəniyyətinin inkişafında özünəməxsus rola malik olmuşdur. "Lək-lək" bağlanandan sonra İrəvanda yaşayan azərbaycanlı ziyalıların ciddi səylərinə baxmayaraq, 1917-ci ilə kimi heç bir qəzet və jurnal nəşr edilməmişdir.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)