“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Azər Eldarzadə 1994-cü il oktyabrın 25-də Göygöl şəhərində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun əsgəri olan Azər Eldarzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 03-də Murovdağ döyüşləri zamanı şəhid olub. Göygöl şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Eldarzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Salam sənə, vətənə
Arxa duran qəhrəman.
Camışdağda düşmənə
Qan udduran qəhrəman.
Sən bu xalqın əbədi
Xatirində qalmısan.
Göygölün göylərindən
Cənnətə yol salmısan.
Salmısan ürəklərə,
Sonsuz məhəbbət, şəhid.
Bu yalançı dünyada
Mütləq həqiqət şəhid.
Canla zarafat olmur,
Cəsarətin bəllidir.
İndi sənin bir balan
Anana təsəllidir.
Təsəllidir atana
Təbəssümlü şəkillər.
Sənin igidliyindən
Danışacaq nəsillər.
Elə bil ki Qazansan.
Oğuz döyüşlərində.
"Aprel" döyüşlərində,
"Tovuz" döyüşlərində.
Bu vətənin adının
Hamısı sənin adın.
Bu ölkənin adının
Yarısı sənin adın.
Sən şəhidsən, şəhidlik
Müqəddəslik deməkdir.
Vətənə sarılmaqda
Birnəfəslik deməkdir.
Mən də vətən olardım,
O məndən başlasaydı.
Sənə tanrı deyərdim,
Tanrı bağışlasaydı.
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)