Super User
YARADICILIQ EMALATXANASLNDA Fəxrəddin Teyyubdur
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Yaradıcılıq emalatxanası"nın qapılırı sevimli şairlərimizdən birinin üzünə açıldı. Bu şair söyləyir ki: "Şeir paltar deyil, yamaq götürə”
Bəli, əminəm ki, bu şairin kim olduğunu bildiniz, dəyərli Fəxrəddin Teyyub qonağımızdır.
-Xoş gördük, sözə qiymət verib, şeiri
"balaca Günəş" adlandıran Şairimiz.
Yəqin ki, bu isti havada da ən gözəl istirahətiniz elə şeirlərlə- kitablarladır. Elə "Ədəbiyyat və İncəsənət" portalının da ən böyük istirahəti poeziya ilə, nəsrlə, mədəniyyət xəbərləri ilə keçir, bax elə bu gün Sizin də, elə bizim də qismətimizdə görüşmək varmış.
Mənim qəm dostlarım, ələm dostlarım,
Sevgi cığırında azaq təzədən.
Yığışın başıma qələm dostlarım,
Bir sevgi qanunu yazaq təzədən.
(Fəxrəddin Teyyub)
Fəxrəddin bəy- əziz Şairimiz, bizə çox maraqlıdır ki, Fəxrəddin bəy öz qələm dostları ilə yığılsa, "sevginin hansı təzə qanunlarını" yazar?
Əminəm ki, bütün oxucularınız bu sualın cavabını maraqla oxuyacaqlar.
-Xoş gördük, Ülviyyə xanım, rubrikanıza dəvət etdiyiniz üçün minnətdarlığımı bildirirəm.
Əlbəttə ki, bu şair sözüdü və məcazi mənada deyilib. Sonra da ki, dünya gözümüzün qabağında dəyişir. Bir başqa şeirimdə deyirəm ki, "şair sevməlidir ölənə kimi". Şair üçün sevgidə qadağalar olmamalıdır. Yaş bir qadağa, saçların ağlığı da bir qadağa. Söhbət şairin ruhundan gedirsə, qaydalar dəyişməlidir. Sevən bir ürəyə necə yasaq qoymaq olar? Ancaq mental dəyərlər dediklərimin üstündən xətt çəkir. Şair qınaq obyektinə çevrilir. Şair sevməsə yaza bilməz. Ona görə də üzümü şair dostlarıma tutub, gəlin təzədən bir sevgi qanunu yazaq dedim. Azadlıq anlamında. Yenə də deyirəm, bu şair sözü və fikridi.
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)
Ədəbiyyat Fondunun Güney Azərbaycan ədəbiyyatının təbliği layihəsi növbəti mərhələyə qədəm qoyur
Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsi son bir ildə böyük oxucu auditoriyası toplayıb və hər iki Azərbaycanda sevilərək izlənilir. Layihənin koordinatoru Təbrizdə yaşayıb yaradan şair, yazar və tərcüməçi Əli Çağladır.
Əli Çağlanın açıqlamasına görə, güneyli yazarlar layihəyə böyük maraq göstərirlər, dərc edilmək sırasını gözləyirlər. Məsələn, şair xanım Məhdiyə Mehraci şeirlərini farsca yazırmış. Bu layihədən həvəslənərək o da Azərbaycan dilində şeirlər yazmağa başlayıb. Əlbəttə ki, bu, çox əhəmiyyətli nəticədir.
İyul ayından layihə ikinci mərhələyə qədəm qoyur. İlk mərhələdə Güney Azərbaycanın Təbriz, Urmiya, Xoy, Zəncan, Muğan, Mərənd, Qaşqay və digər şəhərlərində yaşayan 50 yazarın təqdimatı nəzərdə tutulurdusa, təqdim edilən yazarların sayı daha çox - 68 oldu. İyuldan gələn ilin bu vədəsinədək daha 50 yazar Quzey Azərbaycan oxucularına təqdim olunacaq.
Orfoqrafiyasına toxunulmadan təqdim edilən ədəbiyyat nümunələri ləhcə şirinliyi ilə, habelə yüksək ədəbi-bədii keyfiyyəti ilə seçilir. Nədir Güney Azərbaycan yazarlarımızın əsas mövzusu? Vətən sevgisi, azadlıq hayqırtıları, insan və Yaradan, mənəvi dəyərlərə tapınmaq, sevgi - bunlar güneylilərin əbədiyaşar mövzularıdır.
Layihədə iştirak edən güneyli soydaşlarımz aşağıdakılar olub:
1. Araz Asif
2. Arda Xani
3. Arğın Paşa
4. Atila Ərfəyi
5. Aydın Sabah
6. Aynar Təbrizli
7. Behruz Sədiq
8. Bəxtiyar Nizami
9. Dərviş Təbrizli
10. Elnaz İslamvənd
11. Əbasət Purhəsən
12. Əli Cavadpur
13. Əli Çağla
14. Əli Rəştbər
15. Əmin Əhəryar
16. Əmin Hacılı
17. Fəriba Mürtəzayi
18. Hadi Qaraçay
19. Həkimə Babakişizadə
20. Həsən Babayi
21. Həsən Umudoğlu
22. Hümmət Şəhbazi
23. Hüseyn Səlahlı
24. Xan Sənəm
25. Xosrov Barışan
26. İlqar Müəzzinzadə
27. İsmayıl Pilpayə
28. Kamil Qəhrəmanoğlu
29. Qəfur İmamizadə
30. Mehdi Qəmsiz
31. Mehdi Səhəndi
32. Mehdi Sırdaş
33. Məhdiyə Mehraci
34. Məhəmməd Çalğın
35. Məhəmmədrza Ləvayi
36. Məhsa Əbdüləlizadə
37. Məmməd Quruçay
38. Mərcan Mənafzadə
39. Məryəm Gözəli
40. Məryəm Qurbanzadə
41. Məryəm Səfəvi
42. Məsum Cabbarpur
43. Mustafa Şeyxpur
44. Müjqan Siyami
45. Nuriyyə Lövh
46. Oğuz Məhəmmədikiya
47. Ramin Behzad
48. Ramin Yaşar
49. Rəhim Təkin
50. Rəsul Qədiri
51. Ruqiyyə Kəbiri
52. Rza Nuri
53. Sara Turi
54. Sevər Şəhabi
55. Səhər Barani
56. Səhər Xiyavlı
57. Səid Muğanlı
58. Səid Sadiqifər
59. Sürəyya Xəliq Xiyavlı
60. Şahin Muradi
61. Şəhram Gülkar
62. Tohid Namvər
63. Vəhid Məlek
64. Vida Heşməti
65. Vüqar Nemət
66. Yalçın Türkay
67. Yunus Səfdəri
68. Zaman Paşazadə.
Güneyli yazarlara tribuna vermək onların haqq səslərini ucaltmalarına yardımçı olur, bu da günümüz üçün çox vacibdir.
Qoy Təbrizin gözü yolda qalmasın, mənəvi körpülərimiz daha da möhkəmlənsin.
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)
DOQQUZUNCU HEKAYƏ – Orxan Fikrətoğlunun kino üçün hekayəsi
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
DOQQUZUNCU HEKAYƏ
Uşaq xalça üstə uzanmışdı. Bulanıq gözlərini tavana zilləyib zarıyırdı. Boğaz damarları gərilmişdi. Seyrək kirpikləri fərqli ölçüdə, ayrı-ayrı rənglərdə idi. Anası dəhlizdəki güzgünün qarşısında dayanıb çılpaq bədəninə baxırdı. Uşaq gözünü qırpmadan: “Ana, çişim var”, –qışqırdı. Anası uşağa fikir vermədi. Mizin üstünə yığılmış qablardan biri sürüşüb döşəməyə düşdü. Uşaq səsə boylandı. Anası heç nə olmayıbmış kimi güzgülənirdi. Uşaq hıqqana-hıqqana ayağa qalxıb mizə sarı yüyürdü. Şalvarının düymələrini açıb yerə düşmüş qabın içinə işədi. Anası yenə uşağa məhəl qoymadı. Uşaq anasının onu danlamadığını görüb çaşdı. Bilmədi neyləsin. Araya çökmüş cansıxıcı sükutdan qorxduğu üçün utana-utana bir dəfə də “Ana, çişim var”, – dedi. Anası yenə dinmədi. Uşaq çöməlib gözlərini köpüklənən sidiyinə zillədi. Anası ancaq bundan sonra yanını bura-bura yataq otağına keçdi. İçəridən ögüyə-ögüyə: “Adam belə eləməz”, – qışqırdı.
Uşaq xəstə doğulmuşdu. Dərisi qırış-qırış idi. Saçları seyrək və ağımtıl bitmişdi. Üzü çəhrayıydı. Dili ağzında durmurdu. Ağlı kəsəndən anası onu öpüb əzizləməmişdi. Əlinin toxunduğu qablarda anası yemək yeməzdi. Oturduğu yerlərdə oturmazdı. Anası onu hələ evdən eşiyə çıxarmamışdı. Olduğunu dostlarından gizlətmişdi. Sevdiyi iş alışqanlarını yandırıb-söndürməkdi. Anası ona cürbəcür alışqanlar almışdı. Saatlarla onların göy rəngə çalan alovuna baxardı. Kiçik od nədənsə onu dincəldərdi. Anasının evdə olmağı da olmamağı kimiydi. Səhərdən-axşama qədər güzgülənə-güzgülənə Sima xala ilə telefonla danışırdı. Sima xala anasının ən yaxın rəfiqəsi idi. Onun əri də vardı. Rəşid baba. Uşaq onu sevmirdi. O, uşağı “odla oynamağa” qoymurdu. Sima xalanın bu “odla oynamayan” adamla necə yaşadığını uşaq bilmirdi. Axı odu necə sevməmək olar?
Uşaq yataq otağına tərəf qaçdı. Anası paltar ütüləyirdi. Çöməlib anasının ayaqlarını qucaqladı.
Anası qəfildən: “Bəsdir”, – qışqırdı.
Uşaq qorxa-qorxa gözlərini qıyıb ayaqlarını altına yığdı. Böyrü üstə çönüb qaz sobasına baxdı. Soba yanmırdı. Anası köynəyini ütüləyib üstünə atdı.
“Geyin”, – dedi.
Uşaq yerindən tərpənmədi. Anası hamam otağına keçib suyu açdı. Su axdıqca çilək xırıldayırdı. Uşağa çiləyin səsi əyləncəli gəldi. Bir xeyli öz-özünə güldü. Anası qapını açıb səsə boylandı. Uşağın güldüyünü anlayıb: “İki dəqiqəyə çimib çıxıram. Heç nəyə toxunma”, – dedi.
Uşaq ayağa qalxıb dəhlizə çıxdı. Döşəməyə uzanıb hamam otağının qapısı altından çimən anasına baxdı. Anası uşağın baxışlarını hiss edib üşəndi. Əlləri ilə döşlərinin iri gilələrini örtüb: “Adam anasına baxmaz”, – qışqırdı.
Uşaq arxası üstə çevrilib doyunca güldü. Saf uşaq gülüşü cingiltiliydi. Dəhlizdəki köhnə dolabın qapısı öz-özünə cırıltıyla açıldı. Uşaq nə fikirləşdisə, gülməyini kəsib: “Ana, aç qapını, sənə sözüm var”, – qışqırdı.
Anası suyu şappıldada-şappıldada çimirdi. Uşağın nə dediyini eşitmədi.
Uşaq ayağa qalxıb anasının ütülədiyi köynəyi əyninə geyindi. Köhnə paltar dolabının içinə girib qapını özünə sarı çəkdi. Cibindən çıxardığı alışqanın çaxmağını çəkib köynəyinə yaxınlaşdırdı. Köynək pambıqdan tikildiyi üçün o dəqiqə alışdı. Uşaq sevdiyi “od”un canını belə ağrıdacağını düşünməmişdi.
***
Sima xala Rəşid baba ilə eyvanda oturmuşdular. Sima xala iri “göz yaşı”na oxşayırdı. Rəşid baba əlində alışqan tutmuşdu. Siqaret çəkirdi. Onun da qanı yanıb qapqara qaralmışdı.
Rəşid baba bir xeyli susandan sonra: “Mən rəhmətlik rəfiqənə demişdim ki, uşağı odla oynamağa qoymasın. Öz günahıdı”, – dedi.
Sima xala gözünün yaşını güclə saxlayıb: “O yazıq nə bilsin, ev alışanda suyun altındaymış”, – pıçıldadı.
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)
Kiri, qardaş, kiri!..
“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın “Qiymətlər” adlı satirik şeirini təqdim edir.
Bu dünyada
Sevginin, hörmətin,
Sədaqətin, həqiqətin qiymətində
artım yoxdur...
Bir zərrə, bir qurtum yoxdur.
Özü də bu bəlaya
Tanrıdan bir əlac,
Bəndədən bir yardım yoxdur...
Hər şeyin öz qiyməti,
Düz qiyməti var.
Səhv veriləndə
Qiyaməti var!..
Məsələn,
Şirə hər gün banan versən,
Tülküyə, çaqqala ət,
Qiymətdən düşəcək qiymət.
Qiymət-dəyər.
Kimsə tərəzini düz tutar.
Kimsə əyər...
Hərənin öz günahı-
Allah olsun pənahı!..
Pul, var-dövlət
Üstünə Günəştək nur saçanlar-
Başına dolu kimi yağanlar var,
Keyf-damağa aşiyanlar,
Torba-torba daşıyanlar,
Qəpik-qəpik yığanlar var...
Naşükürlük nəyə gərək?!
Maşallah,
Biz ki gözü-könlü toxlarıq,
Azımıza qane olan çoxlarıq!
Havamız-xoş hallar,
Suyumuz Şollar!..
Sərvətimiz, varımız
Funt-sterlinq, dollar...
Avro, manat-
O da ki Allaha amanat!
Yeri gəlsə, bəsimizdir
Bir unsiya, bir barel,
Bir quzu, bir Farel.
Bir kilo, bir karat-
Hamısı ölçülü-biçili;
Bunlara nə irad?!.
Bir oba,
Bir elat sürü,
Bir qaçaq kürü...
Daha bəsdir, saydıqların,
Sayıqlama,
Kiri, qardaş, kiri!..
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)
İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub
İstanbulda “Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu” şüarı ilə konsert proqramı keçirilib.
AzərTAC xəbər verir ki, Türkan Saylan adına Mədəniyyət Mərkəzində baş tutan konsert qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı musiqi müəllimləri, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin üzvləri Nazlı Bağırova, Vüsalə Əsgərova və Fidan İsmayılova tərəfindən təşkil olunub.
Proqramda əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi yad edilib.
Tədbirdə çıxış edən “Tək Hədəfimiz Təhsil” Birliyinin rəhbəri Cem Yıldırımer Türkiyə ilə Azərbaycan arasındakı tarixin dərinliklərindən gələn dostluq və qardaşlıq münasibətlərinin dünya üçün bənzəri olmayan birlik, həmrəylik modeli olduğunu qeyd edib. Bildirib ki, ölkələrimiz arasındakı münasibətlər hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də sağlam təməllər üzərində inşa edilib və bu dəyərləri qoruyub-saxlamaq bizim ən ali vəzifəmizdir.
Konsertdə Azərbaycan və Türkiyə gənclərinin ifasında iki qardaş ölkənin xalq və bəstəkar mahnıları ilə yanaşı Avropanın klassik musiqiləri də səsləndirilib.
Tədbirlə bağlı AzərTAC-a müsahibə verən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal Cabbarova deyib: “Belə tədbirlərin keçirilməsi gənclərimizin ortaq mədəniyyətimizə marağının artırılması baxımından olduqca vacibdir. Proqramda fiziki baxımdan qüsurlu övladlarımız da iştirak edirdilər. Bu baxımdan bu, üç xanımın hazırladığı konsert proqramı bütün qonaqlarda olduğu kimi, mənim də qəlbimdə çox xoş hisslər oyadaraq inanılmaz iz qoydu. Çünki belə tədbirlər həm də bu gənclərin cəmiyyətdə yerlərini tutmaları və özlərinə inamı artırmalarına dəstək verir. Bu kollektivlə gələcəkdə bir sıra layihələri həyata keçirməyi planlaşdırırıq”.
“Ədəbiyyat və incəsənət”
(03.07.2924)
POETİK QİRAƏTdə “Pəncərəniz yuxuluydu o gecə…” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün ilk dəfə şair Ayaz Arabaçı qonaqdır. Bir gözəl sevgi şeiri təqdim edirik sizə.
“Pəncərəniz yuxuluydu o gecə,
İstədim ki, bir daş atıb oyadam.”
Gözəl deyib, deyilmi?
Xoş mütaliələr!
Pəncərəniz yuxuluydu o gecə,
İstədim ki, bir daş atıb oyadam.
Amma qəfil bir səs gəldi gecədən,
Burda bu vaxt nə gəzirsən ay, adam..
Kimiydisə qaranlığı dinşədi,
Sonra birdən tez əl atdı cibinə.
Silkələndi qoca armud ağacı,
Üç-dörd dənə armud düşdü dibinə.
Əmin idi, dayın idi bəlkə də,
Atan idi, baban idi bilmədim.
Gecə vaxtı uğuruma nəhs gələn,
Hansı qaradaban idi, bilmədim.
Geri dönüb yola çıxmaq istədim,
Yox olmuşdu boz dumanda bütün iz.
Elə bil ki, daş daşıyıb yorulub,
Dalı üstə sərilmişdi itiniz.
Mən qorxudan yarıyacan əyilib,
Evinizin ətəyinə qısıldım.
Elə bil ki, qəzəblənmiş bir yeşik,
Ballı arı pətəyinə qısıldım.
Əsdi-coşdu, asdı-kəsdi qaramca,
Qaranlığı hədələdi o adam.
Mən başımda nə xəyallar qurmuşdum,
Gör nələri zədələdi o adam.
Atan idi, baban idi, kim idi..?
Biləmmədim uzaq idi gümandan.
Gedib durdu itinizin yanında,
Sir-sifəti seçilmirdi dumandan.
Pəncərəniz yuxuluydu o gecə,
İstədim ki, bir daş atıb oyadam.
Amma qəfil bir səs gəldi gecədən,
Burda bu vaxt nə gəzirsən ay, adam.
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Şahmayı baliğının qızartması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Şahmayı baliğının qızartmasınn hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 149 qr
§ Un – 10 qr
§ Kərə yağı – 25 qr
§ İstiot – 0,05 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ limon – 15 qr, nar – 10 qr, narşərab – 5 qr
HAZIRLANMASI:
Balıq təmizlənir, yuyulur (üzəri çərtilə də bilər). Duz, istiot vurulur. Balıqlar unlanaraq qızdırılmış yağ- da qızardılır. Nar, narşərab, limonla süfrəyə verilir.
QEYD: Şahmayı balığı yalnız qızartma üçün nəzərdə tutulmuşdur. Tavada, sobada, közdə, təndirdə qızardıla bilər.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)
GÜLÜŞ KLUBUnda zəhərli göbələklər
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Akademik bütün şüurlu həyatını bəşəriyyət üçün ən önəmli olan bir tədqiqata həsr edib: Ağcaqanadların arterial təzyiqini necə aşağı salmaq mümkündür.
2.
Ən axmaq işlər axmaq işlər görmək istəməyəndə baş verir.
3.
Bütün göbələklər yeməlidir. Sadəcə, bəzilərini cəmi bir dəfə yeyə bilirsən…
4.
Yalnız yuxu tələbəni mühazirənin sonuna gətirə bilər.
5.
Müğənni xanıma sual:
-Siz niyə yalnız varlı kişiləri sevirsiniz?
-Xeyir. Mən yalnız varlıları sevmirəm. Mən sevincli kişiləri sevirəm. Nə yazıq ki, belələri yalnız varlılar olur.
6.
Hər butılkanın həyatında bir qara - öz tıxacını itirdiyi gün olur.
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)
Dünyanın ən məşhur küşə rəssamlarından biri: Etam Kryu
Strit art incəsənəti ilə hər kəs tanışdır. Küçə rəssamlarının küçə divarlarına çəkdikləri gözoxşayan rəsmlər hər kəsi valeh edir. Murallar və qrafitlər şəhərləri canlandırır, əhalini heyrətləndirir. Bir çox strit-art yaradıcıları divarlara qeyri-leqal rəsm çəkməkdən ümumdünya şöhrətli rəssama çevrilməyəcən uzun bir yol keçiblər. “Ədəbiyyat və incəsənət” portalı miridei.com-a istinadən öz oxucularına küçə rəssamlarının ən yaxşılarından olan Etam Kryunu təqdim edir.
Etam Kryu
İlk olaraq sizə Etam Kryunu təqdim edirik - haqlarında ən çox danışılan küçə rəssamlarını. Bu, iki polşalı küçə rəssamının psevdonimidir. Onların çəkdikləri murallar – divar rəsmləri öz ölçülərinə görə adamı hədsiz təsirləndirir, hətta heyrətləndirir. Onlar tək Polşada deyil, bütün Şərqi Avropada gözəl izlər qoyurlar. İndi planlarında Avropanın Qərbini də bəzəyib Amerikaya üz tutmaq dayanır.
İlk vaxtlarda onlar qeyri-qanuni fəaliyyətə görə cərimələnirdilər, amma indi Polşa hökuməti rəssamlara sifarişlər verir, onlara böyük paralar ödəyir. Onlar da ölkəni, bir növ, abadlaşdırırlar. Təsəvvür edin ki, Polşaya gələn minlərcə turist Varşava, Qdansk, Xojuv, Zaqlembe, Vrotslav, Katovitse kimi şəhərlərdə xüsusi ekskursiya turlarına çıxaraq Etam Kryunun divar rəsmlərinə tamaşa edirlər.
Öz işlərində folklor motivlərinə və sürrealizmə müraciət edən rəssamlar bir işi başa çatdıranacan aylarını sərf edib hədsiz yorulurlar, bununla belə, əsla bezikmirlər. Çünki həqiqətən ortaya şedevr qoyurlar.
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)
“Ayrılığı bu qədər amansız bilməzdim mən”
“Ədəbiyyat və incəsənət” portalı Sumqayıtda yaşayıb yaradan şair Aypara Ayxanın şeirlərini təqdim edir.
AYRILIĞIN TƏRİFİ
Yenə asi ürəyim savaş açıb qədərə,
Tanrı məni əfv etsin, yenə üzünə ağam.
Gecəylə, gündüzlə də ulduzumuz barışmır
Yenə zamanla düşmən, yenə qanlı bıçağam.
Görən nə qədər keçib ayrılığın üstündən
İflic olub divarda saatın əqrəbləri.
Bayaq qınadı məni masamda kağız-qələm,
Bir də məzəmmət ilə süzdü yuxu həbləri.
Durub şəhərə çıxdım, fikrim dağılsın deyə,
Neçə yolu, cığırı bir-birinə caladım.
Saymadım neçə dəfə xatirənə ilişdim,
Neçə dəfə adını ard-arda təkrarladım.
Düyünlər boğazıma yığıldı qalaq-qalaq,
Toplayıb ordusunu qəhər üstümə gəldi.
Maşınlar, avtobuslar, piyada keçidləri
Mağazalar, binalar, şəhər üstümə gəldi.
Bilmədim bu nisgildən harda qaçıb gizlənim
Haranın daşın salım ürəyimin başına.
Ayrılığı bu qədər amansız bilməzdim mən
Qəfil tutulmasaydım sənsizlik yağışına
Hər gün dodaqlarımda sükutun cazibəsi,
Gözlərim üfüqlərdə dolanır veyil-veyil.
Bu darıxmaq başqadı, bu həsrət tamam başqa
Bu ağrının tərifi bildiyin kimi deyil...
NEYTRAL ZONA
Sevinclərimə ortaq,
hüznlərimə tən bilmişdim səni...
Ürəyim ürəyinə baş qoyandan
Vətən bilmişdim səni...
Sən demə
güvəndiyim dağın başı büsbütün qarmış,
Sən demə
qədərdə Vətəndə qürbətçi olmaq da varmış...
Sahib çıxmaq istəmədiyin ürəyə daha
Bədəl ödətdirirsən bahadan baha...
Gündüzu zərrə-zərrə udan nəhəng şər kimi
Bu laqeydlik hər gün bizi yeyir, bitirir.
Neytral zonada qalmış yaralı əsgər kimi
İndi mənim hislərim durmadan qan itirir.
Saniyə-saniyə soyuyuram, biləsən,
Döyüntü-döyüntü buza dönür ürəyimin əli-ayağı
Amma qorxma,
son nəfəsində belə sənə "Vətən" deyəcək
Deyəcək ki, baxıb sevinməsin yağı...
TAPMACA ADAM
Yeni kəşf edilmiş planeti öyrənmək qədər müşküldür səni tanımaq
Qürurdan hördüyün Çin səddi arxasında gizlənən tapmaca adam.
Nə sevdiyin bəlli, nə sevmədiyin
Yorulmuşam sənin gizlənqaç oyununda yuman tərəf olmaqdan.
Həyatımda bir varsan, bir yoxsan,
Bir çoxsan, bir azsan,
Qısacası Kvant nəzəriyyəsi qədər çətin və anlaşılmazsan.
Get-gəllərindən yollar da əzbərləyib addımlarını,
Aristokratlığını itirib əlvidaların.
Salamların hər dəfə xəcalət təri tökur dilinin ucunda.
İndi savaş meydanını xatırladır
sualların hücumuna məruz qalmış beynim.
“Sevir sevmir”lərimlə bezdirdiyim çobanyastıqları
qürur dərsi keçir mənə
Çox dəfə ürəyini bəlkə oxuya bildim
ümidiylə gozlərimi gözlərinə dikirəm
Axı mən xəstəyəm
Həkim demişdi sən çatışmazlığından çox ciddi əziyyət çəkirəm.
Hər dəfə balıq səssizliyi ilə susursan,
Hər dəfə lal baxır gözlərin.
Barı qolların danışsın arada,
Barı onlar itirməsin danışmaq vərdişini,
Bərk-bərk sıxsınlar məni köksünə
Bəlkə heç sabah olmadım.
Düz demirəm, nə bilmək olar axı həyatın işini?
MUTASİYA
Deməliyəm ki, heç nə bir anda yaranmır
amma hər şey bir anda məhv ola bilir.
Dünya özü də yeddi gündə yarandı,
Qiyamət özü də bir anda qopacaq
Və o gün
bütun yaxşıları yaxşılar,
bütün pisləri pislər tapacaq.
Səninsə Qiyamətin mənim ürəyimdə qopdu
Dünyamın mərkəzi deyilsən daha.
Ətrafında dönmür artıq kainat.
İndi ən böyük qazancımdır yarısından döndüyüm ziyan
Demişdim axı çox da özunə güvənmə
Bax, süqut etdi illərlə qəlbimdə qurduğun imperiyan,
Sultanı oldugun taxtın da devrildi...
Sayəndə DNT-si də dəyişdi duyğularımın
Sevgim mutasiyaya ugrayaraq nifrətə çevrildi.
GETDİN
Getdin, ruhuma əsdi yenə soyuq küləklər,
Heç nəyə yaramayan quruca nəfəs oldum.
Getdin, intihar etdi qəmzəmdə kəpənəklər
Ve getdin, içimdəki quşlara qəfəs oldum.
Yenə qəlbim soyundu xoşbəxtlik libasını.
Saatlar yavaşıdı, zaman sanki süst oldu
Duyunca ayrılığın sarsıdan təmasını
Dünyam çıxdı oxundan, həyatım alt-üst oldu
Yenə gözlənilmədən yoxluğuna uğradım
Və alnımda qırışlar günbəgün cərgə saldı
Yenə barmaq ucumdan saçımacan ağrıdım
Ve yenə gözlərimdə kədər düşərgə saldı.
Indi ömrümdə yoxsan, bitsə də sənli anlar
Xatirələr hələ də təzədirlər, tərdirlər.
Nə xoşbəxtdirlər indi səni görən insanlar
Çiynindəki mələklər necə bəxtəvərdilər.
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)