DOQQUZUNCU HEKAYƏ – Orxan Fikrətoğlunun kino üçün hekayəsi Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

 

DOQQUZUNCU HEKAYƏ

                              

 

Uşaq xalça üstə uzanmışdı. Bulanıq gözlərini tavana zilləyib zarıyırdı. Boğaz damarları gərilmişdi. Seyrək kirpikləri fərqli ölçüdə, ayrı-ayrı rənglərdə idi. Anası dəhlizdəki güzgünün qarşısında dayanıb çılpaq bədəninə baxırdı. Uşaq gözünü qırpmadan: “Ana, çişim var”, –qışqırdı. Anası uşağa fikir vermədi. Mizin üstünə yığılmış qablardan biri sürüşüb döşəməyə düşdü. Uşaq səsə boylandı. Anası heç nə olmayıbmış kimi güzgülənirdi. Uşaq hıqqana-hıqqana ayağa qalxıb mizə sarı yüyürdü. Şalvarının düymələrini açıb yerə düşmüş qabın içinə işədi. Anası yenə uşağa məhəl qoymadı. Uşaq anasının onu danlamadığını görüb çaşdı. Bilmədi neyləsin. Araya çökmüş cansıxıcı sükutdan qorxduğu üçün utana-utana bir dəfə də “Ana, çişim var”, – dedi. Anası yenə dinmədi. Uşaq çöməlib gözlərini köpüklənən sidiyinə zillədi. Anası ancaq bundan sonra yanını bura-bura yataq otağına keçdi. İçəridən ögüyə-ögüyə: “Adam belə eləməz”, – qışqırdı.

Uşaq xəstə doğulmuşdu. Dərisi qırış-qırış idi. Saçları seyrək və ağımtıl bitmişdi. Üzü çəhrayıydı. Dili ağzında durmurdu. Ağlı kəsəndən anası onu öpüb əzizləməmişdi. Əlinin toxunduğu qablarda anası yemək yeməzdi. Oturduğu yerlərdə oturmazdı. Anası onu hələ evdən eşiyə çıxarmamışdı. Olduğunu dostlarından gizlətmişdi. Sevdiyi iş alışqanlarını yandırıb-söndürməkdi. Anası ona cürbəcür alışqanlar almışdı. Saatlarla onların göy rəngə çalan alovuna baxardı. Kiçik od nədənsə onu dincəldərdi. Anasının evdə olmağı da olmamağı kimiydi. Səhərdən-axşama qədər güzgülənə-güzgülənə Sima xala ilə telefonla danışırdı. Sima xala anasının ən yaxın rəfiqəsi idi. Onun əri də vardı. Rəşid baba. Uşaq onu sevmirdi. O, uşağı “odla oynamağa” qoymurdu. Sima xalanın bu “odla oynamayan” adamla necə yaşadığını uşaq bilmirdi. Axı odu necə sevməmək olar?

Uşaq yataq otağına tərəf qaçdı. Anası paltar ütüləyirdi. Çöməlib anasının ayaqlarını qucaqladı.

Anası qəfildən: “Bəsdir”, – qışqırdı.

Uşaq qorxa-qorxa gözlərini qıyıb ayaqlarını altına yığdı. Böyrü üstə çönüb qaz sobasına baxdı. Soba yanmırdı. Anası köynəyini ütüləyib üstünə atdı.

“Geyin”, – dedi.

Uşaq yerindən tərpənmədi. Anası hamam otağına keçib suyu açdı. Su axdıqca çilək xırıldayırdı. Uşağa çiləyin səsi əyləncəli gəldi. Bir xeyli öz-özünə güldü. Anası qapını açıb səsə boylandı. Uşağın güldüyünü anlayıb: “İki dəqiqəyə çimib çıxıram. Heç nəyə toxunma”, – dedi.

Uşaq ayağa qalxıb dəhlizə çıxdı. Döşəməyə uzanıb hamam otağının qapısı altından çimən anasına baxdı. Anası uşağın baxışlarını hiss edib üşəndi. Əlləri ilə döşlərinin iri gilələrini örtüb: “Adam anasına baxmaz”, – qışqırdı.

Uşaq arxası üstə çevrilib doyunca güldü. Saf uşaq gülüşü cingiltiliydi. Dəhlizdəki köhnə dolabın qapısı öz-özünə cırıltıyla açıldı. Uşaq nə fikirləşdisə, gülməyini kəsib: “Ana, aç qapını, sənə sözüm var”, – qışqırdı.

Anası suyu şappıldada-şappıldada çimirdi. Uşağın nə dediyini eşitmədi.

Uşaq ayağa qalxıb anasının ütülədiyi köynəyi əyninə geyindi. Köhnə paltar dolabının içinə girib qapını özünə sarı çəkdi. Cibindən çıxardığı alışqanın çaxmağını çəkib köynəyinə yaxınlaşdırdı. Köynək pambıqdan tikildiyi üçün o dəqiqə alışdı. Uşaq sevdiyi “od”un canını belə ağrıdacağını düşünməmişdi.

 

***

 

Sima xala Rəşid baba ilə eyvanda oturmuşdular. Sima xala iri “göz yaşı”na oxşayırdı. Rəşid baba əlində alışqan tutmuşdu. Siqaret çəkirdi. Onun da qanı yanıb qapqara qaralmışdı.

Rəşid baba bir xeyli susandan sonra: “Mən rəhmətlik rəfiqənə demişdim ki, uşağı odla oynamağa qoymasın. Öz günahıdı”, – dedi.

Sima xala gözünün yaşını güclə saxlayıb: “O yazıq nə bilsin, ev alışanda suyun altındaymış”, – pıçıldadı.

 


 “Ədəbiyyat və incəsənət”

(03.07.2024)

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.