Kiri, qardaş, kiri!.. Featured

“Ədəbiyyat və incəsənət” portalı şair Yusif Nəğməkarın “Qiymətlər” adlı satirik şeirini təqdim edir.

 

Bu dünyada 

Sevginin, hörmətin,

Sədaqətin, həqiqətin qiymətində

artım yoxdur...

Bir zərrə, bir qurtum yoxdur.

Özü də bu bəlaya

Tanrıdan bir əlac,

Bəndədən bir yardım yoxdur...

 

Hər şeyin öz qiyməti,

Düz qiyməti var.

Səhv veriləndə

Qiyaməti var!..

Məsələn,

Şirə hər gün banan versən,

Tülküyə, çaqqala ət,

Qiymətdən düşəcək qiymət.

 

Qiymət-dəyər.

Kimsə tərəzini düz tutar.

Kimsə əyər...

Hərənin öz günahı-

Allah olsun pənahı!..

 

Pul, var-dövlət

Üstünə Günəştək nur saçanlar-

Başına dolu kimi yağanlar var,

Keyf-damağa aşiyanlar,

Torba-torba daşıyanlar,

Qəpik-qəpik yığanlar var...

 

Naşükürlük nəyə gərək?!

Maşallah,

Biz ki gözü-könlü toxlarıq,

Azımıza qane olan çoxlarıq!

Havamız-xoş hallar,

Suyumuz Şollar!..

Sərvətimiz, varımız

Funt-sterlinq, dollar...

Avro, manat-

O da ki Allaha amanat!

 

Yeri gəlsə, bəsimizdir

Bir unsiya, bir barel,

Bir quzu, bir Farel.

Bir kilo, bir karat-

Hamısı ölçülü-biçili;

Bunlara nə irad?!.

Bir oba,

Bir elat sürü,

Bir qaçaq kürü...

Daha bəsdir, saydıqların,

Sayıqlama,

Kiri, qardaş, kiri!..

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.