İstanbulda “Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu” şüarı ilə konsert proqramı keçirilib.
AzərTAC xəbər verir ki, Türkan Saylan adına Mədəniyyət Mərkəzində baş tutan konsert qardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı musiqi müəllimləri, “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin üzvləri Nazlı Bağırova, Vüsalə Əsgərova və Fidan İsmayılova tərəfindən təşkil olunub.
Proqramda əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi yad edilib.
Tədbirdə çıxış edən “Tək Hədəfimiz Təhsil” Birliyinin rəhbəri Cem Yıldırımer Türkiyə ilə Azərbaycan arasındakı tarixin dərinliklərindən gələn dostluq və qardaşlıq münasibətlərinin dünya üçün bənzəri olmayan birlik, həmrəylik modeli olduğunu qeyd edib. Bildirib ki, ölkələrimiz arasındakı münasibətlər hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də sağlam təməllər üzərində inşa edilib və bu dəyərləri qoruyub-saxlamaq bizim ən ali vəzifəmizdir.
Konsertdə Azərbaycan və Türkiyə gənclərinin ifasında iki qardaş ölkənin xalq və bəstəkar mahnıları ilə yanaşı Avropanın klassik musiqiləri də səsləndirilib.
Tədbirlə bağlı AzərTAC-a müsahibə verən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyinin rəhbəri Kamalə Kamal Cabbarova deyib: “Belə tədbirlərin keçirilməsi gənclərimizin ortaq mədəniyyətimizə marağının artırılması baxımından olduqca vacibdir. Proqramda fiziki baxımdan qüsurlu övladlarımız da iştirak edirdilər. Bu baxımdan bu, üç xanımın hazırladığı konsert proqramı bütün qonaqlarda olduğu kimi, mənim də qəlbimdə çox xoş hisslər oyadaraq inanılmaz iz qoydu. Çünki belə tədbirlər həm də bu gənclərin cəmiyyətdə yerlərini tutmaları və özlərinə inamı artırmalarına dəstək verir. Bu kollektivlə gələcəkdə bir sıra layihələri həyata keçirməyi planlaşdırırıq”.
“Ədəbiyyat və incəsənət”
(03.07.2924)