İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portal üçün
Tanınmış yazar, Azərbaycan Yazıcılar və Jurnalistlər birliklərinin üzvü, Prezident təqaüdçüsü, VII Uluslararası Türk Dünyası Şeir və Musiqi Festivalı adına təsis olunmuş Atatürk medalı ilə təltif edilmiş, Oğuz rayonunda çıxan “Oğuz yurdu” qəzetinin redaktorü Nazim Hüseynli şeir və hekayələrdən, publisistik yazılardan ibarət 8 kitabın müəllifidir.
“Torpaq uğrunda şəhid varsa, Vətəndir” kitabı onun sayca doqquzuncu kitabıdır. Ön sözdən və 7 bölmədən ibarət ibarət olan kitabın redaktoru şəhid atası, şair C.Xeyirbəy, korrektoru İ.Əsədullayeva, dizayneri R.Mustafayevadır.
Kitab müəllifin anadan olduğu, böyüyüb boya-başa çatdığı doğma kəndinin – Oğuz rayonunun Xaçmaz kəndinin şəhid övladlarına həsr olunmuşdur.
Xaçmaz kəndi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olub. Kəndin tarixi çox qədimdir. Tarixi faktlar sübut edir ki, bu kəndin əhalisi tarix boyu xarici düşmənlərə qarşı mübarizədə öz yurdunun – Azərbaycanın müdafiəsində fəal iştirak edərək qəhrəmanlıq nümunələri göstərmişlər.
Kənd Azərbaycanın cəbhə bölgələrindən uzaqda yerləşən kəndləri arasında, bəlkə də, ən çox şəhid vermiş yaşayış məntəqəsidir. Ümumiyyətlə, Qarabağ müharibəsində Xaçmaz kəndinin 34 oğlu müqəddəs şəhidlik zirvəsinə ucalmış, onlarla övladı qazi olmuş, tarixin sınaqlarında qəhrəmanlıq göstərmiş ulu babalarının qəhrəmanlıq ənənlərinin layiqli davamçıları olmuşlar.
Kitab Qarabağ savaşı başlayandan Qələbə gününə kimi şəhid olmuş həmin 34 qəhrəman şəhidimizin həyat və döyüş yolundan bəhs edir. Şəhidlər – dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçiləridirlər. “Vətən” sözü deyəndə gözü heç nəyi görməyən müqəddəs insanlardır şəhidlər. Özləri haqqında ən böyük kitabı, ən gözəl əsəri onlar özləri yazmışlar. Həm də canlarından keçməklə öz qanları ilə yazmışlar.
Şübhəsiz ki, Allahın dərgahına yüksəlmiş şəhidlər haqqında kitab yazmaq müqəddəs amala xidmət edən xeyirxah əməldir. Amma Şəhidlər haqqında yazmaq çox ağırdı və ağrılıdı. O hissləri yaşamadan, o dərdlərə şərik olmadan belə yazıları yazmaq mümkün deyil. Şəhidlərdən yazmaq üçün səmimi can yanğısı və qəlbən cəfakeşlik gərəkdir. N.Hüseynli bu can yanğısını yaşamışdır.
Kitabı oxuduqca müəllifin qeyrətiylə, mənəvi dünyası ilə öyündüyü şəhidlərin xatirəsini əbədiləşdirmək üçün çox cəfa çəkdiyinin də şahidi oluruq. Ümumiyyətlə, müəllif çətinliyin öhdəsindən layiqincə gəlmiş, şəhidlərə sözdən böyük bir çələng toxumuşdur.
Kitab “Gözün aydın, xalqım, Şuşa alındı” və “Dalğalanır bayraq kimi o yumruq” şeirləri ilə başlanır. Müəllif “Zəfərlərimizin müəllifi: xalq-dövlət-ordu – “Dəmir yumruq” adlı ön sözdə XIX əsrin əvvəllərindən erməni faşistlərinin bölgəmizə gətirdikləri fəlakətlərdən tarixi faktlarla söz acır, ərazi bütövlüyümüzün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsini xronoloji ardıcıllıqla oxucunun nəzərinə çatdırır.
İlk bölmədə Oğuz rayonunun şəhid övladlarından və Oğuz şəhidlər xiyabanından söz açılır. Burada Oğuz şəhidlər xiyabanının yaranması tarixindən bəhs olunur, Birinci Qarabağ müharibəsində, 1994-cü ildən sonrakı hərbi əməliyyatlarda, 44 günlük Vətən müharibəsində, 2022-ci ildə erməni quldurları tərəfindən törədilmiş təxribatın qarşısının alınmasında və antiterror əməliyyatında həlak olmuş 110 nəfər oğuzlu şəhidin şəkilləri, onların siyahısı (təvəllüd tarixi və həlak olduğu tarixlər göstərilməklə) verilir.
Kitabın sonrakı bölmələrində qədim Xaçmaz kəndinin tarixindən, kəndin Birinci Qarabağ müharibəsində, 1994-cü ildən sonrakı hərbi əməliyyatlarda və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış övladlarının həyat və döyüş yolundan bəhs olunur. Kəndin ilk şəhidi – 1992-ci ilin iyun ayının 28-də Ağdamın Paparavənd kəndi uğrunda döyüşlərdə həlak olmuş V.İbrahimovdan başlamış son şəhidi – 2020-ci ilin noyabr ayının 8-də Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş T.Cumazadəyə kimi şəhid olma ardıcıllığı ilə 34 şəhidin hər biri haqqında bioqrafik informasiyalar təqdim olunur.
Bu informasiyalarda şəhidlərin hər birinə yüksək həssaslıqla yanaşılır. Müəllif şəhidlər barədə informasiyaların düzgün və dəqiq, gələcək tədqiqatçılar üçün anlaşıqlı olması üçün onların toplanmasına fərdi yanaşmışdır. O, hər bir şəhid ailəsi ilə ayrı-ayrılıqda görüşmüş, bütün faktları və bioqrafik məlumatları onların özləri ilə dəqiqləşdirmişdir.
Kitab müəllifin şəhidlik məqamına yüksəlmiş həmkəndlilərinə ağısıdır, amma düşmən üzərinə od püskürən, mübarizəyə səsləyən ağısı. N.Hüseynli şəhidlərin qəhrəmanlığına ayna tutur, şəhidlik zirvəsinin ucalığına, müqəddəsliyinə diqqəti cəlb edir, ölümün gözünə dik baxan igidlərə möhtəşəm söz abidəsi ucaldır.
N.Hüseynli özünəxas təhkiyə tərzi ilə, araşdırıcı fəhmi ilə qan süzülən, kədər yağan hadisələri, qəhrəmanların döyüşkən xarakterini, onların valideynlərinin, qohum-əqrabalarının, dost-tanışlarının xatirələrini, xalqımızın mübarizə ruhunu gözlərimiz önündə canlandıra bilmişdir. İmkan daxilində materialları sənədli süjet əsasında quran müəllif bununla faktların reallığını, diqqətə layiq və oxunaqlı olmasını təmin etmişdir.
Kitabda təkcə şəhidlərimizin ömür yolu, göstərikləri qəhrəmanlıqlar haqqında bilgi verilməmiş, həm də onların necə insan olduqları da ustalıqla qələmə alınmışdır. Kitabı oxuduqca heç tanımadığın, bəlkə də adını birinci dəfə eşitdiyin şəhidlər sənə də doğmalaşırlar.
Təqdim olunan informasiyalar şəhidlərin özlərinin, onların şəhidlər xiyabanındakı gül-cicəyə qərq olmuş məzarlarının, anım mərasimlərinin, xatirə lövhələrinin və bulaqlarının, adları verilmiş müəssisələrin şəkilləri, Vətənə, qəhrəmanlığa və şəhidlərə həsr olunmuş şeirlərlə müşaiyət olunur.
Kitaba əlavə edilmiş şeirlərin əksəriyyəti müəllifin özünün şeirləridir. Bu şeirlərdə şəhidlərin həyat və döyüş yolu, qəhrəmanlıqları və xatirələri kövrək hisslərlə təsvir olunur. Adama elə gəlir ki, həmin şeirləri müəllif özü yox, hansısa şəhid anası, atası, şəhid qardaşı, bacısı və ya şəhid xanımı dilə gətirir. Məncə, bu şeirlər şəhidlərimizin ruhuna elegiya, şəhid ailələrinə isə gül ətirli kövrək bir təsəllidir.
Kitabın sonuncu bölməsində şəhidlərin həyat və döyüş yolu, anım tədbirləri və s. tədbirlər barədə mətbuat səhifələrində çap olunmuş məqalələr və yazılar, şəhidlərin adlarını daşıyan küçələr barədə məlumatlar verilmişdir.
Kitab “Hamıdan da Vətən üstün” və “Azərbaycan bayrağı” şeirləri ilə sona çatır.
N.Hüseynlinin Xaçmaz şəhidlərinin həyatından və qəhrəmanlığından bəhs edən “Torpaq uğrunda şəhid varsa, Vətəndir” kitabı onların yaddaşlarda əbədi qalması üçün görülmüş ən mühüm işlərdən biridir. Sözdən ucaldımış heykəldir.
“Torpaq uğrunda şəhid varsa, Vətəndir” kitabı şəhidlərin ölümsüzlüyünə şəhadət verən bir kitabdır. Kitab bu gündən daha çox gələcək üçün yazılıb ki, gələcək nəsillər heç kimi və heç nəyi unutmasınlar. Müəllifin özünün də kitabda qeyd etdiyi kimi, “şəhidlərimizi hamımız tanımalı, tanıtmalı, heç vaxt unutmamalıyıq!” Çünki şəhidlər güllə dəyəndə yox, unudulanda ölürlər.
Kitabın şəhid ailələrinə hədiyyə olunması, rayonun təhsil müəssisələrinə və kitabxanalarına bağışlanması nəzərdə tutulmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.07.2024)