UĞUR QAZANMAQ ÜÇÜN bir missiyadan digərinə transfer olunmaq Featured

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

        

Uğur qazanmaq yolunda şəraitin və vəziyyətin düzgün qiymətləndirilməsi, özünü başa çatdırmış, yaxud başa çatdırmaqda olan bir missiyadan tam  vaxtında yenisinə transfer olunmaq da vacib bir yer tutur. Biz bunu ayrı-ayrı şəxslərin də, hətta ölkələrin də timsalında nəzərdən keçirə bilərik. Gəlin, daha geniş anlam daşıdığına görə bu şərti ölkə timsalında, konkret olaraq isə mənim vətəndaşı olduğum Azərbaycan Respublikasının timsalında nəzərdən keçirək.

Keçmiş SSRİ dövründə mənim respublikam aqrar-sənaye  respublikası idi. Paytaxt Bakının neft və maşınqayırma müəssisələri, həm Bakının, həm də Gəncənin, Sumqayıtın qara və əlvan metallurgiya müəssisələri, Sumqayıtın kimya kompleksi respublikanın sənaye potensialının sütununu, rayonlardakı pambıq və uzüm plantasiyaları isə aqrar potensialının əsasını təşkil edirdi.

SSRİ-nin dağılması ilə həm də qapalı, daxili sosializm iqtisadi mübadiləsi dağıldı, nəticədə müstəqil Azərbaycan da digər 14 sosialist respublikası kimi birdən-birə böyük iqtisadi tənəzzül dövrünə sürükləndi.

Ötən əsrin 90-cı illərində Azərbaycanın xilası onun nefti oldu. 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» adlı müqavilə ilə ölkə neftinin ixracına başlanıldı. Qısa müddətdə Azərbaycan iqtisadi sıçrayış edərək regionun liderinə çevrildi, ölkə çiçəkləndi, həyat şəraiti durmadan yüksəldi. Dünyanı bürüyən neft bumuna XXI əsrin əvvəllərində son qoyulanda, neftin qiyməti dünya bazarında sürətlə ucuzlaşanda, təbii ki, bizim ölkəmizdə də qeyri-neft sektorunun inkişafı, ölkənin neft valyutasından asılılığına son qoyulması məsələsi gündəmə gəldi.

Bir iqtisad elmləri doktoru, bir biznes adamı kimi bu dövrdə mən də öz araşdırmalarımı aparır, hansı qeyri-neft sektorunun daha perspektivli olmasını müəyyənləşdirməyə çalışırdım. Seçimim turizm sektoru oldu. Azərbaycanda turizm sektorunun böyük inkişaf perspektivləri ilə bağlı mətbuatda silsilə məqalələrlə çıxış etməyim də bu səbəbdən idi. Və olduqca maraqlıdır ki, ölkə üzrə də ən sürətlə inkişaf edən qeyri-neft sektoru məhz turizm oldu.

Müxtəlif turizm istiqamətləri üzrə infrastrukturun yaradılması və olanların da yenilənməsi xarici turistlərin ölkəyə marağını artırmaqla yanaşı, həm də ölkədə yeni iş yerlərinin açılması deməkdir. İş ondadır ki, Azərbaycan turizm baxımından çox pesrpektivli və unikal bir diyardır. Ölkədə turizmin əksər növlərinin, o cümlədən, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s. növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. İnkişaf edən turizm növləri içərisində birinci yeri isə çimərlik turizmi tutur. Xəzər sahilinin 825 km-i Azərbaycanın payına düşür. Bu, böyük potensialdır. Burada Nabran-Yalama, Giləzi-Zabrat, Abşeron, Lənkəran-Astara kimi sahil zonaları mövcuddur. Abşeron-Nabran sahillərində günəşli havalar Qara dənizin məşhur Soçi-Batumi rayonlarından 1,5 dəfə çoxdur. Təsadüfi deyil ki, son illər bu zonalarda bir çox turizm-istirahət mərkəzləri yaradılıb.

Respublikada turizmin inkişaf edən növlərindən biri də mədəni turizmdir. Təsəvvür edin ki, ölkə ərazisində 6 mindən çox tarix-mədəniyyət abidəsi qorunub-saxlanılır. Bu baxımdan zəngin incəsənət irsi, muğamlar, qədim abidələr bu turizm istiqamətinin inkişafı üçün böyük potensialdır. Bakının İçərişəhəri, şəhərətrafı qalaları, Qobustanın qayaüstü rəsmləri, Şəkinin Xan sarayı, Naxçıvan və  Gəncə məqbərələri, Abşeron Atəşgahı – razılaşın ki, bu unikal mədəni turizm obyektlərinə heç bir əcnəbi biganə qala bilməz.

İnkişaf etməkdə olan başqa bir turizm növü də idman turizmidir. Bakıda 2016-cı ildən etibarən ənənəvi olaraq «Azərbaycan Qran Prisi» adlanan çox populyar Formula-1 idman yarışlarının keçirilməsi dünyada Azərbaycanın populyarlığını daha da artırmağa xidmət edir.

Luis Hemilton, Sebastyan Fettel, Daniel Rikkardo, Valtteri Bottas, Lens Stroll kimi ən güclü pilotları izləməyə dünyanın hər yerindən minlərlə izləyicinin, aparıcı medianın axışıb Bakıya gəlməsi, üstəlik televiziya vasitəsi ilə çoxmilyonlu dünya auditoriyasının canlı yayım və reportajları izləməsi, razılaşın ki, xırda iş deyil. Və ən qürurverici də budur ki, Azərbaycan çox qısa müddətdə Formula-1 yarışlarını keçirmək üzrə qabaqcıl təcrübə əldə edib. 2017-ci ildə Bakıda baş tutmuş yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçilərinin əksəriyyəti mövsümün ən həyəcanlı və ən gözlənilməz anlar ilə dolu yarışı kimi qiymətləndiriblər. Daily Mall və Sky Sports media qurumları 2017-ci il Formula-1  Azərbaycan Qran Prisini «İlin yarışı», The Times «Ən yaxşı yarış», The Guardian isə «Ən möhtəşəm an» adlandırıb. 

Qeyd edək ki, Formula-1 ölkənin idman turizmi üzrə yeganə nailiyyəti deyil. 2015-ci ildə ölkə, hətta yüksək səviyyədə mini olimpiya oyunları da keçirib, 49 ölkədən gəlmiş 6 min idmançı 1-ci Avropa oyunlarında iştirak edib. 2017-ci ildə bu dəfə ölkədə İslam Həmrəylik Oyunları keçirilib. 2019-cu ildə futbol üzrə Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi isə ölkəyə turizm axınının növbəti zəncir halqası hesab oluna bilər.

Məni ən çox cəlb edən turizm sahəsi isə sağlamlıq turizmi sahəsidir. Belə ki, ölkədə bu sahənin inkişafı üçün çox böyük potensial var. Naftalanın dünyaca məşhur ağ nefti, Naxçıvanın duz mağaraları, Abşeronun müalicəvi palçıq vulkanları, Lənkəranın, Gədəbəyin mineral suları... Ümumiyyətlə, bu sahə çox cəlbedici sahədir. Bir rəqəmlərə nəzər yetirin. 2010-cu ildə dünyada müalicə turizmi sahəsində dövriyyənin həcmi təxminən 80 milyard dollar olub. 2012-ci ildə bu rəqəm 100 milyard dollara çatıb. Bu sahənin populyarlığının səbəbi hazırkı tibb sahəsində profilaktik istiqamətin qalibiyyəti, eləcə də sağlam bədən və sağlam ruha olan dəbdir.

2016-cı ildə isə bu rəqəm inanılmaz səviyyəyə – 500 milyard dollara bərabər olub, müalicə turizmi rəsmən turizmin ən sürətli inkişaf edən və ən böyük gəlir gətirən  bölməsi adlandırılıb. İnsanlar sağlamlığa daha çox diqqət göstərdikləri üçün (xatırlayırsınızsa, demişdik ki, uğur qazanmaq şərtlərindən biri və əslində birincisi, şübhəsiz, sağlam orqanizmə malik olmaqdır) öz məzuniyyətlərini faydalı keçirməkdə israrlıdırlar. Müalicəvi kurortlar, isti və mineral mənbələr, spa-mərkəzlər, yoqa-retritlər, detoks, su turizmi, yürüşlər, veloturizm – müasir səyyahın seçdiyi fərqliliklər məhz bunlardır.

Dünyada Avropanın müalicə-bərpa mərkəzləri, xüsusən, rəsmən xarici turist qəbulu sayına görə dünya üzrə birinciliyi əldən verməyən Çexiyanın Karlovı Varı kurortu, 300-dən artıq kurorta sahib olan Almaniyanın, habelə, Avstriya, Macarıstan və İtaliyanın dağ kurortları və balneologi kurortları, Fransanın Evian, Sen Malo kimi hər hansı bir xəstəlik üzrə xüsusiləşmiş kurortları, reabilitasiya mərkəzləri, İspaniyanın, Yunanıstanın dəniz kurortları çox populyardır. Baham adaları, Kuba və digər Şimali Amerika ölkələri, yaşıl qitə, Misir, Tunis, Mərakeş kimi Afrika ölkələri, Turkiyənin, Dubayın  dəniz-iqlim kurortları, o cümlədən İsrailin Ölü dəniz kurortları özlərinə daim böyük  tələbat hiss edirlər. Bu sıraya MDB dövlətlərinin Truskavets (Ukrayna) və Mineralnıye Vodı (Rusiya) kimi kurortlarını da əlavə etsək, sıramız tamamlanar.

Və ən nəhayət, onu da qeyd edim ki, sağlamlıq turizmindən ən böyük pay alan ölkələrin başında Sinqapur, Hindistan, Tayland, Malayziya kimi Uzaq Şərq ölkələri durur.

Oxucularımın diqqətinə nələri çatdırmaq istəyirəm? Baxın, Azərbaycanın bir çox hidromineral ehtiyatları vardır ki, bu da sanatoriya-kurort işinin inkişafı üçün əhəmiyyətlidir. Eyni zamanda, burada rekreasiya və turizm xidməti üçün də çox əlverişli şərait vardır. Respublikanın landşaft-iqlim xüsusiyyətləri kurort-turizm təsərrüfatını inkişaf etdirməyə imkan verir. Ərazi geniş miqyasda quru subtropik iqlimə malik olduğu üçün insan səhhətinə müsbət təsir göstərir. Ərazisinin bəzi hissələrinin yüksək dağ və tundra landşaftına malik olması isə ölkənin kurort-sağlamlıq turizminə əlavə dividendlər gətirir.

Abşeron yarımadasının Suraxanı, Sabunçu və Şıx burnunda çıxan, tərkibi yod, brom, metan, kükürd və digər maddələrlə zəngin mineral sular, balneoloqlar və kurortoloqlar tərəfindən tədqiq olunan palçıq vulkanları, ölkənin cənubunda – Masallıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş, tərkibində hidrogen-sulfid, natrium-xlor və s. maddələr, hər litrində 30 milliqram yod olan, yerin çox dərin qatlarından 60 dərəcə temperaturla çıxan «İsti su» adlı möcüzə, adını bir qədər yuxarıda da çəkdiyimiz digər möcüzə – 19 xəstəliyin dərmanı olan müalicəvi ağ Naftalan nefti, Naxçıvanda - mikroiqlimində kalsium ionları üstünlük təşkil edən duz şaxtalarında, 110 metr dərinlikdə yerləşən, ağciyər və bronx xəstəliklərinin müalicəsində olduqca effektiv (65-70 faiz yaxşılaşma) təsir göstərən Duzdağ adlı başqa bir möcüzə vardır, bütün bu adlarını sadaladıqlarım bu gün əcnəbi turistlərin diqqət mərkəzinə düşməkdədir. Və gözlənilir ki, yaxın illərdə Azərbaycana əsil turist axını müşahidə ediləcək.

Təsəvvür edin ki, 10 il əvvəl boş qalan, rentabelli olmayan ölkə kurortları, hotelləri bu gün mövsümündən asılı olmayaraq  ağzınacan doludur, tam gəlirlə işləməkdədir.

Hazırda Azərbaycana əsasən Şərq istiqamətindən – Səudiyyə Ərəbistanı, İran, İsrail, Hindistan və Pakistandan, habelə Rusiyadan turistlər gəldiyi halda yaxın 5 ildə bu coğrafiyanın büsbütün genişlənəcəyi, burada Qərb istiqamətinin də başlıca yer alacağı pronozlaşdırılandır.

Mənim də şəxsi biznesimdə bu sahə get-gedə əhəmiyyətli yer tutmaqdadır.  Belə ki, ölkənin şimalında, olduqca füsunkar təbiətə malik olan doğulduğum Quba rayonunda «Şahdağ» adlı  hotellə turistlərə nümunəvi xidmət göstərməkdəyik.

Bu hoteli mən 50 – 60 il öncə tikilmiş və istifadəyə tam yararsız əski hotel binasının yerində inşa etdirəndə qarşımda yalnız bir məqsəd var idi: Doğma yurdumda (yeri gəlmişkən, hotelin yerləşdiyi ərazi Qubanın ən gözəl yeridir, bir tərəfində Quba Xan sarayı, bir tərəfində dağ yəhudilərinin məskunlaşdığı Qırmızı qəsəbə yerləşir) münasib qiymətlərə, ancaq ən yüksək servis tətbiqi ilə fəaliyyət göstərən ultramüasir hotel yaratmaq.

İndi «Şahdağ» hoteli iki korpusda uğurla fəaliyyət göstərməkdədir. Bir korpusunda 5 mərtəbəli, bir, iki və üç otaqlı nömrələri, 1000 nəfərlik konfrans zalı, türk hamamı, qapalı hovuzu, sauna və spa mərkəzi, şəhərə və Şahdağa açılan gözəl terrası ilə hotel fəaliyyət göstərir. Digər korpusda isə restoranlar və toy-düyün keçirilməsi üçün şadlıq sarayı fəaliyyət göstərir.

Bizim hotel konsepsiyamız çox sadədir, sadə olduğu qədər də işləkdir: Müştərilərdə bol təəssürat oyatmaq, onların ikinci dəfə buraya dönüşünü təmin etmək. Məsələn, bizim heyyət terrasa çıxan müştərini ekskursiya bələdçisi kimi bütün gözəlliyi ilə qarşıda dayanan Quba şəhəri ilə, Şahdağla tanış edir, onlara maraqlı faktlar danışır. Restoranda müştəriyə fərqli, spesifik təamlar təklif edilir. Tutalım, menyuya müştərinin başqa heç yerdə dadmadığı ildə cəmi 2 ay bitən pəl adlı yaşıl bitkidən hazırlanmış qutab salınır.

Məsələn, spa mərkəzində müştəriyə Ölü dənizi mineralları ilə doldurulmuş müalicəvi ayaq massajorunda ayaq-oynaq ağrılarının çıxardılması, ozon kapsulasında artıq kilodan yaxa qurtarmaq təklif olunur.

Adətən hotel nömrələrində müştəri üçün birdəfəlik parça çəkələk qoyulur. Amma biz rahatlıq üçün hamam otağında əlavə rezin çəkələk də qoyuruq. Hotellərdə müştərilərə ayaqqabı geyinmək üçün standart balaca dabankeşlər qoyulur. Bu, artıq çəkidən əziyyət çəkənlər, bel ağrısı olanlar və əlbəttə ki, əyilib-qalxmağa tənbəllik edənlər üçün çox rahatsızdır. Belələri, məcbur olub ayaqqabılarını dabanını əzərək geyinirlər. Bizsə otaqlara əlli santimetr uzunluqlu dəmir dabankeşlər qoyuruq. İlk baxışda xırda bir şeydir, amma insan üçün böyük məmnunluq gətirir.

Və müştərilər axışırlar. Turistlər, axı, adətən həm rahatlıq, həm də hansısa özəlliklər axtarırlar.

Biz bu bölmədə uğur qazanmaq yolunda şəraitin və vəziyyətin düzgün qiymətləndirilməsi, özünü başa çatdırmaqda olan bir missiyadan tam vaxtında yenisinə transfer olunmağın  tipik nümunəsi ilə tanış olduq. Və əminəm ki, bu tanışlıq oxucularım üçün çox faydalı alındı. Və mən onların bəzilərinin növbəti məzuniyyətlərini kurort-sağlamlıq turizmi ilə əlaqələndirəcəklərinə də şübhə etmirəm.

Qeyd: Məqalə 2019-cu ildə yazılıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.