“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyevin “Göyçə mahalının tarixi və ədəbi mühiti” məqaləsi təqdim ediləcək.
ƏFQAN VƏLİYEV
GÖYÇƏ MAHALININ TARİXİ VƏ ƏDƏBİ MÜHİTİ
Göyçə mahalı Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında 1987-1991-ci illərə qədər azərbaycanlıların sıx yaşadığı ərazilərdən biri idi. Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Göyçə mahalı tarixən türk tayfalarının yurdu olub. Oğuz elinin Göyçədə məskunluğunun azı 5000, özünümüdafiə şüuruna yetməsinin azı 4000, dil və yazı mədəniyyəti əxz etməsinin azı 3000, dövlətləşmə mərhələsinə qədəm qoymasının azı 2700, yazılı ədəbi və tarixi abidələr yaratmasının azı 2500 illik tarixi var. Uzaq tarixi keçmişə malik mahalın adı olan "Göyçə" kəlməsi təkcə "göyçək", "gözəl yurd", "göy sulu" mənasını ifadə etmir, həmçinin Oğuz türkünün 3-5 min il öncəki dilində "Göyçə" kəlməsi "Müqəddəs insanlar yurdu", "Baş tanrının yurdu", "Səmavi varlıqlar yurdu" anlamına gəlir. Göyçə mahalı Oğuz elinin düşüncə mərkəzi, oğuz boylarının "Tenqri" kimi qəbul etdikləri seçkin şəxsiyyətlərin yurdu kimi də tanınır.
Göyçə mahalına gələn türk mənşəli kimmer, iskit, sak tayfaları burada yerli türk əhalisinin mövqeyini daha da gücləndirib. "Kitabi-Dədə Qorqud" dastanında da Göyçə mahalı oğuz türklərinin vətəni kimi təsvir olunur, həmçinin burada Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər sadalanır. Türk mənşəli Saci, Salari və Rəvvadilərin, Səlcuq imperiyasının, Atabəylər, Hülakü, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin tərkibində olan Göyçə mahalı Səfəvilər dövründə Çuxursəd bəylərbəyliyinin ərazi – inzibati vahidlərindən biri olub. Türk tayfalarının idarə etdiyi bəylərbəyilik Səfəvi-Osmanlı müharibəsi dövründə ciddi dağıntılara məruz qalıb, İstanbul sülh müqaviləsi ilə Osmanlı imperiyasının tabeliyinə keçib. XVIII əsrdə Çuxursəd bəylərbəyiliyi İrəvan, Naxçıvan və Maku əyalətlərini əhatə edib və Əfşarlar imperiyasının hüdudları daxilində Azərbaycan inzibati ərazisinin tərkibində olub. Nadir şahın ölümündən sonra Göyçə gölü ətrafında yaranan İrəvan xanlığının tərkibinə daxil olan Göyçə mahalı xanlığın şimal hissəsini əhatə etməklə həm ərazisinə, həm də əhalisinin sayına görə ən böyük mahal hesab edilib.
Göyçə mahalı Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. XIX əsrin ortalarında əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edən Göyçə gölü hövzəsi torpaqlarında yeni inzibati ərazi vahidi Nor-Bayazit (Yeni Bəyazid) qəzası təşkil edildi. Bu addımı atmaqla çar hökuməti tarixi Azərbaycan ərazilərini tədricən planlı şəkildə erməniləşdirmək məqsədi güdürdü. Qəza inzibati cəhətdən 4 nahiyəyə – Dərəçiçək, Göyçə, Gözəldərə, Məzrəyə bölündü. Göyçə gölü və gölün sahilyanı əraziləri qəzanın şimal-şərq və cənub-qərb ərazilərini bir-birindən ayırırdı. Tarixi Azərbaycan torpağı olan İrəvanın işğalından sonra yerli türk əhalisinə qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə aparılan etnik təmizləmə və soyqırım siyasəti, planlı şəkildə ermənilərin köçürülməsi nəticəsində bu ərazilər Azərbaycandan zorla qoparıldı. 1828-ci il Türkmənçay, 1829-cu il Ədirnə müqaviləsi ilə İrəvan xanlığı Rusiyanın tərkibinə daxil edildi. Azərbaycanın qədim və tarixi torpaqlarında yeni inzibati bölgü – "Erməni vilayəti" yaradıldı. 1829-1832-ci illərdə həyata keçirilən siyahıyaalmanın nəticəsinə görə, Göyçə mahalı ərazisində 59 dağıdılmamış kənd qalmışdı.
Bu kəndlər Bığlı Hüseyn, Zeynalağalı, Rəhmankənd, Ağqala, Əyrivəng, Qızılcıq (Əbulkən-di), Noradüz, Qışlaq, Kəvər, Qul Əli, Kosa Məmməd, Paşakəndi, Dəliqardaş, Küzəcik, Başkənd Heyranıs, Atam-xan, Vəliağalı, Təzəkənd, Dəlikdaş, Göl, Aşağı Adyaman, Yuxarı Adyaman, Əbdülağalı, Gözəldərə, Ağqıraq, Aşağı Qaranlıq, Yuxarı Qaranlıq, Zolağac, Kolanlıqırılan, Alçalı, Qarasaqqalqışlağı, Yarpızlı, Zağalı, Qızılbulaq, Qırxbulaq, Qanlı Allahverdi, Basarkeçər, Qoşabulaq, Aşağı Keyti (Salman kəndi), Baş Keyti, Ellicə, Daşkənd, Daş Keyti, Tatlı Qışlağı, Zərzibil, Zod, Ağyoxuş,Əyricə, BöyükMəzrə, KiçikMəzrə, Kəsəmən, Şişqaya, Cil, Ardanış, Adatəpə, Şor Əli, Ağbulaq, Toxluca, Əzizli (Qaraqoyunlu)Nərimanlı, Gölkənd(Qaraqoyunlu dərəsi) idi. 19 kəndin adı isə unudulub. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km olmuşdur. 1920-ci ildən Azərbaycan Demokratik Respublikasını işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Şərur mahalı, Dərələyəz mahalı, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu.
Geniş otlaqları olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimaldan isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin vətəni olmuşdur. Göyçə mahalında yaşayıb-yaratmış saz ustaları aşıq sənətinə yenilməzlik gətirmişlər. Göyçə mahalının hər guşəsində türk-oğuz izlərinə rast gəlinir. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə kimi oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Göyçə mahalının Kəvər rayonuna daxil olan Ağzıbir, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Kərimkənd, Kosa Məmməd, Nərədüz, Məmmədağalı, Qışlaq və digər kəndlərində mövcud olan tarixi abidələr alban memarlıq abidələri kompleksinə daxil olmaqla həm də ulu keçmişimizdən xəbər verir. Bu abidələrin, qəbirlərin bir çoxu vətəndaşlarımızın deportasiyasından sonra dağıdılıb, qarət edilib, ermənilər tərəfindən mənimsənilib. Əyə inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısıdır. Bu tanrıların simvolları xalça sənətinə də keçmiş, onun naxış-kompozisiya həllində iştirak etmişdir. Göyçə mahalının dilbər guşələrindən biri də Aşağı Qaranlıq bölgəsi idi. Tamamilə dağlıq ərazidə yerləşən bu bölgənin rəngarəng çiçəkləri sanki təbiətin özünün toxuduğu bir xalı idi. Yanıx, Yuxarı Alçalı, Əyricə, Xartlıq kəndlərində yaşayan Azərbaycan türkləri rəngarəng, al-əlvan xalçalar ərsəyə gətirmiş, həmin nümunələr bu günə qədər gəlib çatmışdır. Göyçə mahalının tanınmış ziyalıları, şeir-sənət adamları - Miskin Abdal, Ağ Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Ələsgər, Növrəs İman, Aşıq Əsəd, Aşıq Nəcəf, Səmənd Ağa, Qlava Balı, Hacı Nağı, Talıb Musayev, Yunis Rzayev, Rəşid İbrahimov, Tapdıq Əmiraslanov, Qəşəm Aslanovdur.
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)