Super User

Super User

İtaliyanın paytaxtı Roma şəhərindəki Kapitolini Muzeylərinin Protomote zalında Azərbaycan şah əsərlərindən ibarət konsert proqramı həyata keçirilir.

 

AzərTAC xəbər ki, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov “Bakıdan Romaya: xüsusi musiqi birliyi” adlı konsertə icazə verib, Roma Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə 18 May - Beynəlxalq Muzeylər Günü münasibəti ilə etiraz bildirib. Diplomat konsertin paytaxtın və turistlərin zövqünü oxşayacağına əminliyini ifadə etdi.

 

Konsert proqramında əməkdar artist, tarzən Sahib Paşazadə və fortepianoda Prezident təqaüdçüsü, beynəlxalq banklar laureatı Firuzə Bəylərova Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.

 

Azərbaycan musiqiçilərinin təqdimatı ifalar alqışlarla qarşılanıb.

 

“Ədəbiyyat və İncəsənət”

(20.05.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

İçindəki qorxuya qalib gəldiyi üçün xalqın ağrı-acısını car çəkməyi həmişə bacarıb. Azadlıq aşiqi olduğundan gəncliyi mübarizələrdə ötüb. Ziyalı kimi də gördüklərinə heç zaman biganə qalmayıb. Problemləri qabardaraq hökuməti onların həllinə səsləyib. Yazıb yaratdıqları isə ona ölməzlik gətirib. Necə deyərlər, adı özündən çox yaşayacaq…

 

Bəli, Sabir Rüstəmxanlı xalqının qəhrəman övladlarından biridir. Meydan hərəkatında hər ziyalının cürət edib tribunaya qalxa bilmədiyi vaxtlarda o, sovet hökumətinə meydan oxuyurdu. Xalq bunun şahidi olub…

 

Bəlkə də indi kitabxanalarda toz basıb, amma bir vaxtlar müəllifi olduğu "Ömür kitabı" əldən ələ gəzirdi. Hər kəsin sevə-sevə evinin başında qoruyub saxladığı kitab idi. Onun bu əsəri insanlarda azadlıq təşnəsi yaradır, müstəqilliyə alovlandırırdı…

 

Onun Azərbaycan mətbuatında da böyük xidmətləri vardır. 1989-1991-ci illərdə hamının acgözlüklə oxuduğu "Azərbaycan" qəzetinin o dövrdə misli, bərabəri yox idi. Təsəvvür edin, heç kimin deyə bilmədiyi, amma hamının eşitmək istədiyi fikirləri insanlar həmin qəzetdən tapırdılar…

 

Sabir Rüstəmxanlının diaspora məsələlərində də xidmətləri az olmayıb. İpə-sapa yatmayan bəzi imkanlı soydaşlarımızın bir araya gəlməsində ağsaqqal rolu oynayıb, DAK-ın formalaşmasında böyük səylər göstərib…

 

O, deputat kimi də çox iş görüb. Tez-tez rayona gedib insanlarla görüşərdi. Xeyir-şərdə iştirak edər, əhalinin problemlərini parlamentdə dilə gətirərdi…

 

Səmimi deyirəm, o, nəinki rayonda, Bakıda, Sumqayıtda yaşayan yurddaşlarının da həmişə bir ağsaqqal kimi xeyir-şərinin bəzəyi olub. Onun hər hansı bir məclisdə iştirakı ev sahibinə qürur verib, başucalığı gətirib…

 

Sabir Rüstəmxanlı dost kimi də sədaqətlidir. Onun dəstək verdiyi, araya-ərsəyə gətirdiyi onlarla adam tanıyıram. Onların uğur qazanmasında necə deyərlər, bələdçi olub, yol göstərib…

 

Doğrudur, dövlətimiz onun xidmətlərinə həmişə dəyər verib, mükafatlandırıb, amma belə insanlar nə qədər yaşayırlar onlardan istifadə etmək lazımdır…

 

Onu sevməmək günahdır. "Ömür kitabı"ndan sonra heç bir iş görməsəydi belə, bu xalqın içində başı uca gəzməyi haqq etmişdi…

 

Gözümüzün önündə çox insanlar böyüdü, amma heç biri onun boyda ola bilmədi. Ucqar dağ rayonunun əlçatmaz bir kəndindən ölkənin paytaxtına gətirib Sabir Rüstəmxanlı zirvəsi yaradan, Tanrıya şükür!..

 

Mayın 20-si Azərbaycanın görkəmli oğlu, xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür, 78 yaşı tamam olur. Dünya malında gözü yoxdur, ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram.

Yeni yaşı mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Bazar ertəsi, 20 May 2024 13:01

Basdırılmış həqiqətlər - ESSE

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Gündüzlər qələbəlikdəki gülən simanı axşamlar təklikdə üzündən soyunanda nə görürsən güzgüdə?

 

Xoşbəxtlik maskası geyinmiş saxta gülüşlərinlə, kimi aldatdığını düşünürsən onları, yoxsa özünü?

Kənardan baxanda saray stünlarını xatırladan dik duruşun neçə yerdən qırıq olduğunu heç saymısan? 

Ya da polad iradənin arxasında gizlənmiş uşağın neçə yaşı olduğunu xatırlayırsanmı?

O hər döyüşdə qalib, o hər mühitdə məğrur ədanın kölgəsində uyuyan məğlubiyyətləri yuxuya verməkdən ötrü neçə gecə yuxusuz qaldın sən?

Vecsizmiş kimi, ya da hər şey yolundaymış kimi dolaşarkən əslində özünü yağmağa hazır bulud və ya yad planetdəymiş kimi hiss etməyindəmi yalandır yoxsa?

Bir bax üfüqdəki o boz-bulanıq buludlara, yağış əlbət bir gün yuyacaq üzündəki boyaları. 

Günəş gözünün altına çökmüş nəmlə birlikdə, kölgəndəki çəlimsizliyi də utandıracaq. 

Suyu süzülə-süzülə üşüyərkən o müdafiəsiz uşağı hiss edəcəksən bütün iliklərində.

Etiraf elə hansı, hansı yoxluqdur gözünün altındakı o bənövşəyi?

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

YÜK

 

Tammetrajlı bədii filmin ssenarisi

 

6

 

Gecədir. Elşad güllü yorğanı belinə şələləyib və eyni zamanda hərbi buşlatın üstündə uzanmış erməni əsgərini də sürüyə-sürüyə özüylə bərabər Ağdama doğru aparır.

Erməni əsgərini sürüyə-sürüyə aparmaq Elşad üçün çox çətindir.

O, bir neçə dəfə dayanıb çətinliklə nəfəs alır. Və lazım olduğundan çox az məsafə qət edir.

Elşad erməni əsgərini çiynində çaydan keçirir.

Erməni əsgəri artıq danışa da bilmir. Eləcə yalvarıcı və lal baxışları ilə Elşadın üzünə baxır.

 

Artıq səhərdir. Elşad yolun üstündə olan növbəti kəndə çatıb. Artıq adət halını almış boş evlərdən birinin içinə girib daldalanmaq üçün özünə şərait yaratmağa çalışır.

Evin girişindəki şüşəli eyvanda özü üçün yataq yeri düzəldir. Erməni əsgərini də döşəməyə uzadır.

Atasının sümükləri bükülmüş güllü yorğanı isə içəridə daha güvənli bir yerdə gizlədir.

Sonra döşəmədə dalı qatlı uzanmış erməni əsgərinin boğazının sarğısını dəyişir.

Erməni əsgəri minnətdarlıqla Elşada baxır. Güclə: “Sağ ol, türk!” – pıçıldayır.

Və gözlərini yumur.

 

 

***

 

Elşad pəncərədən dağlara baxır. Artıq günortadır. Eşikdə o qədər sakitlikdir ki, hətta uzaqda uçan ağır yük təyyarələrinin səsləri belə aydın eşidilir.

Qarşısındakı mizin üstünə qoyulmuş boşqabdan turşuya qoyulmuş badımcan parçasını götürüb əli ilə iki hissəyə bölür.

Badımcanın bir hissəsini ağzına qoyur. İkinci hissəsini isə erməni əsgərinin ağzına sıxır. Erməni əsgəri gülümsəməyə çalışır. Və badımcanın dadsızlığını nümayiş etdirən jestlə dodaqlarını büzür.

Qəfil sükut pozulur.

Kəndə beş-altı maşın girir.

Maşınlar Elşadın gizləndiyi evin qarşısındakı açıqlıqda dayanırlar.

Bu, erməni diversiya qrupudur. Azərbaycan əsgərlərinə qarşı diversiya planı hazırlayırlar.

Maşınların gəldiyini və eşikdən eşidilən erməni danışığını yaralı da eşidir.

O, son gücünü toplayıb gözlərini açır. Və erməniləri köməyə çağırmaq üçün ucadan qışqırımağa çalışır.

Səs-küyün içindən erməni diversiya qrupu yaralı erməni əsgərinin səsini, əlbəttə ki, eşitmir.

Elşad pəncərədən görünməsin deyə sürünə-sürünə erməni əsgərinə yaxınlaşır.

Elşad hər iki əli ilə onun ağzını tutur ki, səsi çıxmasın. Ayaqları iləsə onu təpikləməyə çalışır.

Erməni əsgəri onun əlindən çıxmaq istəyir.

Elşad buna imkan vermir.

Çarpışma bir müddət davam edir.

Elşad sonda hər iki əlini erməni əsgərinin ağzından çəkib boğazından yapışır. Və var gücü ilə sıxmağa başlayır. Erməni əsgəri get-gedə taqətdən düşür. Və qəfildən titrəməyə, xırıldamağa başlayır.

Elşad nə baş verdiyini anlamasa da, əllərini onun boğazından çəkir.

Erməni əsgəri artıq nəfəs almır.

Elşad istəmədən yaralı erməni əsgərini boğub öldürür. O, əvvəlcə erməninin öldüyünü anlamır və buna inanmır.

Süni nəfəs verməklə hətta onu yenidən həyata qaytarmaq belə istəyir.

Amma alınmır. Yaralı əsgər ölür.

Elşad, nəhayət, bununla barışmalı olur.

O, pəncərədən maşınlardan düşüb açıqlıqda dayanaraq öz aralarında nəsə danışan erməni diversantlarına baxır.

Çox keçmir, erməni diversiya qrupu dəstələrə bölünüb Azərbaycan tərəfə irəliləyir. Onları bura qədər gətirmiş hərbi maşınlar isə yenidən geri qayıdır.

Elşad pəncərədən onların arxasınca baxır.

Erməni əsgərinin cəsədi hələ də döşəmədədir. Gözləri də açıqdır. Elşad diversiya qrupu tam uzaqlaşdıqdan sonra erməni əsgərinin gözlərini əlləri ilə sıxıb bağlayır. Və onu zirzəmiyə düşürə-düşürə: “Məni niyə qatil etdin? İndi mən bundan sonra necə yaşayacam?” – pıçıldayır.

 

 

***

 

Daşkəsən Rayon Polis Şöbəsi.

Elşadın anası polis şöbəsinin qapısından içəri girir.

Dəhlizdəki növbətçi hissənin pəncərəsinə yaxınlaşır.

Böyük şüşənin arxasında beş-altı polis miz arxasında oturub.

Elşadın anası növbətçi mayora müraciət edir: “Salam, oğlum!”

Polis: –  Buyurun!

Elşadın anası: – Mənim oğlum itib. Altı gün olar ondan heç bir xəbər yoxdur. Telefonu da cavab vermir. Yığmaqdan barmaqlarım yara olub. Bu da şəkli! Bax budur. Soldakı... Qəşəng... Əsgərlikdə çəkdirib!”

Anası cibindən çıxartdığı Elşadın əsgərlik şəklini kiçik pəncərədən polisə uzadır.

Mayor şəkli alıb diqqətlə baxır.

Elşadın anası: – Onu tap qaytar mənə, nə olar... Soldakı oğlanı... Yuxu yatmıram e... Bacısı da dəli olub! Bütün günü ağlayır!

Növbətçi polis: – Başqa şəkli yoxdur? Burda pis düşüb. Üzü qapqaradır... heç zad görünmür...

Elşadın anası: – Yox... bircə dəfə şəkil çəkdirib də, balam. Başqa şəkli var ki... Onu da mənə görə çəkdirib əsgərlikdən göndərib ki, darıxmayım! Bunlar ata-bala şəkil xoşlamırlar!

Növbətçi polis: – Rəsmi müraciət edin! Ərizəylə! Oturun bax o mizin arxasında yazın. Nə bilirsinizsə, iş necə olubsa, oğlunuz necə və harda itibsə, ərizədə göstərin. Hara gedib? Harda işləyib? Düşməni var idimi? Son dəfə haçan onu görmüsüz? Dostları kim idi? Maraqları nə idi? İçirdi? İçmirdi? Müxalifət idi, ya yox? Son dəfə sizə nə dedi getdi? Hamısını bir-bir yazın. Heç sıxılmayın! Mütləq oğlunuzu tapacaqlar!..

Elşadın anası: – Ağdama gedib də! Atasını da götürüb aparıb Ağdama. Odur-budur, hər ikisindən xəbər yoxdur! Göyə çəkiliblər elə bil. Yox olublar... Necə gedim dallarınca? Yerlərini bilmirəm axı, gedim. Bilsəm, özüm gedərəm, heç sizə əziyyət vermərəm!

Növbətçi polis: – Atası da itib?

Elşadın anası: – Düz deyirsən, bala, yazsam yaxşıdır. Belə səni başa sala bilməyəcəm!

Növbətçi polis: – Hə, xala, oturun yazın!

Elşadın anası: – Olar mən deyim, siz yazasız? Həyəcandan yaza da bilməyəcəm!

Növbətçi polis: – Siz o masanın arxasında oturun. Bu dəqiqə yanınıza adam göndərəcəm! Məni çox şübhələndirdiniz!

Elşadın anası növbətçi hissənin qarşısına qoyulmuş masalardan birinin arxasına oturur.

Onun oturduğu masaya gizir rütbəli gənc polis yaxınlaşır.

Gənc gizir də masanın arxasına oturur.

Ağ kağızları qarşısına qoyub Elşadın anasının üzünə baxır.

Gənc gizir: – Buyurun, ana, lap əvvəldən başlayın!

Elşadın anası: – Lap əvvəldən? Biz Ağdam qaçqınıyıq, bala. Ermənilər sovet vaxtı...

 

 

***

 

Ağdam. Gecə. Elşad artıq Ağdamın girişindədir. Üstündə “AĞDAM” yazılmış ünvan banerinin qarşısında dayanıb.

Üzündə sevinc işartıları sezilir. Gözləri gülür.

Elşad: – Gözün aydın olsun, ata! Bu da sənin Ağdamın!

Elşad əyilib Ağdam torpağını öpür.

Başını yuxarı qaldırmaq istədiyi zaman qarşısında iki yaraqlı erməni görür.

Dünən pəncərədən gördüyü erməni diversiya qrupunun üzü qara maskalı iki üzvü avtomatlarını Elşadın sinəsinə dirəyirlər.

Erməni əsgərlərindən biri: – Dua oxuyurdun, gic müsərman! – deyir.

Və əlindəki avtomatın qundağı ilə Elşadın başına zərbə endirir.

Zərbədən Elşad huşunu itirir.

 

 

***

 

Elşad Xankəndi həbsxanasındadır.

Həbsxananın damında qadağan olunmuş Arsax bayrağı dalğalanır.

Təkadamlıq, dar və damından su daman kamerada Elşad ayaq üstə dayanıb.

Gözlərinin altı gömgöydür.

Hiss olunur ki, neçə gündür ona işgəncə verilib.

Elşad “Qarabağ şikəstəsi”ni bərkdən-bərkdən oxuyur:

 

Könlümün sevgili məhbubi mənim

Vətənimdir, vətənimdir, vətənim!

 

Çox keçmir kameranın qapısı açılır.

Kök erməni keşikçisi içəri daxil olub Elşadı bircə yumruqla yerə sərir. Və qəddarcasına yerdə təpikləməyə başlayır. Sonra kameraya daha iki erməni əsgəri girir. Onlar da döşəmədə çabalayan Elşadı növbə ilə təpikləyirlər.

Elşad döyülsə də, oxuduğu şikəstəni kəsmir. Oxumağına davam edir.

Ağzından qan axan, dodaqları şişmiş Elşad xırıltılı səsiylə sona qədər oxuduğu şikəstəni təkrarlayır.

Ermənilər sonda Elşadı döyməkdən yorulub kameradan bir-bir çölə çıxırlar.

Keşikçilər kameranın qapısını arxadan bağladığı zaman da Elşad qan tüpürə-tüpürə “Qarabağ şikəstəsi”ni zümzümə edir.

 

 

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

 

 

 

 

 

Bazar ertəsi, 20 May 2024 11:34

“Sizdən ötrü darıxmışam” - ŞEİRLƏR

“Ədəbiyyat və incəsənət” portalı REDAKSİYANIN POÇTUNDAN rubrikasında sizlərə iki gün dalbadal Vüqar Bayramovun şeirlərini təqdim edir.

 

BƏSİMDİR.

Gözlərində parıldayan sevgiyə,

Ürək adlı qəfəsəmsə bəsimdir.

İstəmirəm varın, yoxun mən olum,

Dodağında nəfəsəmsə, bəsimdir.

Belə sevgi nə eşitdim, nə duydum,

Baxışında dərd unutdum,qəm yudum.

Səndən ötrü bu dünyada bir udum,

Arzuyamsa, həvəsəmsə bəsimdir.

Ünvan oldum həyatının köçündə,

Qiyməti var, dəyəri var heçin də.

Ətrafında yüz doğmanın içində

Sənə əziz bir kəsəmsə, bəsimdir.

 

AYRI

Səni yuxuların əlindən alan,

Varmı ayrılığın dadında,ayrı.

Görürsən, ürəklə bacarmaq olmur,

De, nələr qalıbdır yadında ayrı...

Hicran tərk eləmir bircə anını,

Xəyallar bürüyür dörd bir yanını.

İncidir qəlbini, üzür canını,

Nə məna gəzirsən adında ayrı?

 

Təkcə göz yaşıdır dili həsrətin,

Hər yerə uzanır əli həsrətin.

Dəli məhəbbətin, dəli həsrətin,

Külündə bir dad var, odunda ayrı...

 

QAÇA BİLMƏZSƏN

Adam sözündən asılar,

Sözündən qaça bilməzsən.

Bu dünya nə boydadır ki,

Özündən qaça bilməzsən.

Çox günahı keçmək olar,

Tövbə andı içmək olar.

Yalana don biçmək olar,

Düzündən qaça bilməzsən.

Söz eləməz el bəlkə də,

Susar, dinməz dil bəlkə də.

Oyuncaqdır kül bəlkə də,

Közündən qaça bilməzsən.

Yolun,çətin dincdən düşər,

İsti yerin küncdən düşər.

Ayaqların gücdən düşər,

Dizinnən qaça bilməzsən.

Sınar bir gün cəsarətin,

Üzü buzdur həqiqətin.

"Unudulmuş məhəbbətin"

İzindən qaça bilməzsən.

 

NƏ BİLİRSƏN ELƏ, XOŞDUR!

Nə acın var tök üstümə,

Neçə köynək yadam axı!

Tüstüm gedib çatmaz sənə,

Özüm boyda odam axı!

Nə bilirsən elə, xoşdur!

Varlığını Allah elə,

Baxışını silah elə,

Bilə-bilə günah elə,

“Bəxtəvərəm, şadam axı!”

 

Nə bilirsən elə, xoşdur!

Yüz ölüdən sağın mənəm,

Kəsilmisən yağı mənə,

Çəkmə nolar dağı mənə.

Belə etməz adam, axı.

Nə bilirsən elə, xoşdur!

 

        DARIXMIŞAM

Sinəmdə buz parçası var,

Közdən ötrü darıxmışam.

Ürəyimi ovudacaq,

Sözdən ötrü darıxmışam.

Əzib məni kəc baxışlar,

Yumaz dərdimi yağışlar.

Yorub dizimi yoxuşlar,

Düzdən ötrü darıxmışam.

Dərdli görüb, döz dediyin,

Ümid verib, söz dediyin,

Yadındamı “biz” dediyin?

“Bizdən” ötrü darıxmışam.

İnciyəndə sərin baxan,

Həm mənalı, dərin baxan,

Gözlərimə şirin baxan,

Gözdən ötrü darıxmışam.

Saça düşüb dənmi deyim,

Anlamırsan, mənmi deyim?

Sizmi deyim, sənmi deyim,

Sizdən ötrü darıxmışam.

 

 “Ədəbiyyat və incəsənət”

(20.05.2024)

 

Bazar ertəsi, 20 May 2024 11:00

Ən olmazlara...- ESSE

Jalə İslam, “Ədəbiyyat və incəsənət”

 

Bəlli, bir nüans var. Hər bir taleyüklü hadisə bitərkən başladığı nöqtədəki əks situasiyada dayanır. Bunu bütün qarşılaşmalara və yaxud bütün önəmli hadisələrə aid etmək olar. 

 

Hər bir son öz kinini, hər kin isə inkişaf etmiş bir saymazlıq doğurur. Qəlb bir kotan kimi öz gövdəsində əkinini davam etdirir. Beyin bir su kanalı kimi öz düşüncələrini cücərtmək adına hər daim onu sulayır. Zaman isə bizi məzlum bir kəndli kimi əkdiyimiz məhsuldan bəhrə görmədən təzyiqlərə məruz qoyur. 

Hər münasibət əvvəlki münasibətin ilişib qalmış qurdlarını xaric etmək vasitəsi kimi həyatımıza daxil olur. Və zamanla özü ən böyük qurda çevrilir. Nə çəkib ata, nə də qoynunda saxlaya bilirsən. Yeni gübrəyə heç bir gərək yoxdur! -məsələsi həyatımıza tam olaraq bu zaman daxil olur. Məsələ budur ki, əziz dostum, qurdu boğub öldürməlisən. Sonra isə heç nə olmamış kimi yoluna davam etməlisən.

Həyatın hər zaman çox ağrılı qanunları olur. Olmazları yaşamaq, yaşatmaq. İmkansıza vurulmaq, vurulduqca daha da böyük yararlanmaq, yaralandıqca öz kimliyini tanımamaq. Gərəyi olmayan bütün mövzular elə həmin an həyatımıza daxil olur. Hiss və təkəbbür arasında tak-tak, sağa-sola hərəkət edən kəfkir öz mənzilini heç cürə tapa bilmir.Cavab təkdir;Olmaz. Mənəviyyat isə ən dərinlərimizdən səslənir;Bəlkə... 

Heç bir məna arayışı, keçərlilik notu yoxdur. Məsələ öz hisslərini itirmədən öz təkəbbürünə uduzmamaqdır. Məsələ öz təkəbbürünün xəbəri olmadan hisslərini xoş tutmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün ədəbi tənqid zamanıdır. Sizlərə Filologiya elmləri doktoru, professor Bədirxan ƏHMƏDLİnin gənclərin prozası barədə fikirlərini çatdıracağıq.

 

 

 

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə!

 

Hörmətli baş redaktor! Bu günlərdə tənqidçi, ədəbiyyatşünas Kəmalə Umudova söhbət zamanı Sizin jurnalın Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş gənclərin hekayə müsabiqəsi haqqında danışdı və Xan Abdullanın “Yazgülün nəvəsi” hekayəsi ilə bağlı yüksək fikirlər söylədi. Görkəmli ədəbiyyatşünas Kəmalə xanımın gəncliyin yaradıcılığına bu qiyməti mənim diqqətimi çəkdi və sizin də köməkliyinizlə müsabiqədə yer tutan digər iki gənc yazıçının-Cavid Babayev və Orxan Cuvarlının da hekayələrini əldə edib fikir bildirmək istədim. Öncə belə bir müsabiqənin keçirilməsindən dolayı Sizə təşəkkür edirəm. Bu cür müsabiqələr təkcə gəncliyin yaradıcılığına verilən qiymət deyil, həm də ədəbi prosesi zənginləşdirmək, ədəbiyyatın inkişafına verilən dəstəkdir. Mən də bu kiçik məqaləni yazmaqla istədim ki, bu hekayələr çağdaş nəsrimizin faktı kimi dəyərləndirilsin və həqiqi qiymətini alsın...

 

Hörmətlə,                                                  

Bədirxan ƏHMƏDLİ

Filologiya elmləri doktoru, professor

                           

 

ÜÇ HEKAYƏYƏ BİR BAXIŞ

        

Üç gənc, üç imza, üç hekayə və bu hekayələrin ümid verdiyi üç gələcək ədəbi həyat... Bu fikirləri, bəlkə, sonda yazsam, daha yaxşı olardı, yəni gəldiyim qənaət kimi səslənərdi. Ancaq gəldiyimiz qənaətlər yalnız bununla məhdudlaşmır, bu hekayələri oxuduqca yeni nəslin və yeni nəsrin hərəkətini izləməli oldum. Bu hekayələrdə zamanın axarı və ona yazıçı münasibətilə rastlaşdım, üslub müxtəlifliyi və özünəməxsusluğu, həyatın bədii idrakını və inikasını gördüm. Yeni süjet xətləri, obrazlar, bənzərsiz bədii təfəkkür, ideya, məzmun aydınlığı, yeni estetik yanaşma-bütün bunlar gənc nəslin gələcək ədəbi taleyini bəlirləyən faktorlardandır.

         Cavid Babayevin “Üç nəfərlik motosikletlər” hekayəsi maraqlı bir süjet üzərində qurulub. Hekayənin əvvəlindən sonuna kimi yazıçı hadisələri bir-birinə bağlaya bilir, hətta elə bağlayır ki, bu bədii qaynaq zərrəcə hiss olunmur, keçidləri belə hiss etmək olmur. Ən adi detal belə təsadüfi işlədilmir və sonrakı gedişatda mütləq o detalın nədən işlənildiyi ortaya çıxır. Bu, yazıçı (xüsusən gənc yazıçı!) üçün çox şey deməkdir; o deməkdir ki, burada təsvirlərin heç biri gəlişigözəl deyil, mütləq şəkildə hər detalın bir funksiyası var. Hekayənin lap əvvəlində Benzlər ailəsinin uşağının olmaması, bu ailənin həyat hekayəsi, təhkiyəçinin həyatı, eləcə də Deyşanın taleyi bir-birilə bağlanır. Kiçik bir hekayədə üç taleyi sığışdırmaq yazıçı dilinin funksionallığı, çevikliyi ilə şərtlənir. Əvvəlcə avtomobil sənayesinin ilk qurucusu Benzlər ailəsinin həyatı gəlir; Karl və Berthanın evlilik hekayəsi üç nəfərlik motosikletin yaranması ilə bağlanılır. Berthanın uşağının olmamasından doğan vəziyyət ailədə üç nəfərin olması istəyi ilə üst-üstə düşür. Ailə iki yaşında oğlan uşağı götürür və beləliklə, üç nəfərlik motosikletin yaranması hekayəsi quraşdırılır. Artıq universitet bitirərək həkim olan və üç nəfərlik ailəsi olan (eynilə Benzlər ailəsi kimi!) təhkiyəçiyə bunu Deyşa danışmışdı. Bundan sonra qəhrəmanın və Deyşanın özünün həyatı təsvir olunur. Qarayev metrosunun yaxınlığında 5 mərtəbəli evdə yaşayan 11 yaşlı cılız bir məktəbli oğlanın Deyşaya münasibəti səmimidir.  Qonşu 20 mərtəbəli binada yaşayan Deyşa haqqında onun gördükləri ilə eşitdikləri bir-birinə ziddir.  Deyşa əvvəllər burada yaşamayıb, sonralar gəlib və gəldiyi kimi də bir gün sirli şəkildə gedir. Yazıçı onun gözəlliyinə də işarə vurur. Ətrafın düşündüyünə görə isə Deyşa bu mühitə yaddır, onun geyimi, üç nəfərlik motosiklet sürməsi, siqaret çəkməsi ətrafda narahat təsirlər yaradır. Deyşanın kişilər kimi geyinməsi, tək yaşaması da məhəllədə söz-söhbətə səbəb olur.  Məhəllə onun haqqında başqa şeylər düşünür. Bir neçə dəfə dostu T ilə onun motosikletində gedib-gələndən sonra T bir daha minməməyə qərar verir. Bunu ona anası qadağan edir və bildirir ki, Deyşa yaxşı qız deyil və onun yanında olmamalısınız. Hər halda, böyüklər Deyşa haqqında o fikirdə idilər. 11 yaşlı oğlan isə ondan gördüyü yaxşılığı unutmaq istəmir, ona yaxın olmaq istəyir: “Filmlərdəki oğlanlar kimi hiss edirdim özümü. Uşaq ağlımla sanki Deyşanın mənim olduğuna qərar vermişdim. O vaxtlar bu hissin nə olduğunu anlaya bilməmişdim. O, nişanlım, sevgilim, dostum, bacım, yoxsa anam idi? Bəlkə, hamısı birdən? Bəlkə, heç biri? “Əsas odur ki, xoşbəxtəm” deyə düşünüb bütün suallardan imtina etdim”.

         Deyşanı ən yaxşı 11 yaşlı oğlan başa düşür; sonralar xatırladığı bu hadisələrin təsvirindən aydın olur ki, Deyşa heç də başa düşüldüyü kimi olmayıb. Oğlanı maraqlandıran həmişə işığının niyə yanılı olmasıdı, bir də özü tək olduğu halda, niyə üç nəfərlik motosiklet sürməsi. 11 yaşlı oğlan Deyşanı elə bu cür də qəbul edir və hətta sevir. Düşünür ki, içki içmək, siqaret çəkmək pis vərdişlər olsa da, onu tərgitdirə də bilər. Burada yazıçı ilə cəmiyyətin tək yaşayan Deyşa kimi bir qıza xor baxmağın reallığı əks etdirmədiyi barədə mübahisə etmək də olar. Ancaq əsas odur ki, yazıçı bunu oxucuya inandıra bilir.

Yazıçı bədii mətni yaxşı toxuyur, heç bir boşluq buraxmır. Hekayənin əvvəlindəki təsvirləri sonrakı detallar tamamlayır. Deyşanın motosikletindən asılan Koala brelokununun əvvəldə təsvirinin sirri sonda aydın olur. Deyşa o breloku qəhrəmanın getdiyi avtobus sürücüsünə verərək ona çatdırmağı istəmişdi.

Hekayənin sonunda məlum olur ki, təhkiyəçinin Deyşadan eşitdiyi bu hekayənin özü gerçəkliyi əks etdirmir. Yazıçı Deyşa barədə məhəllənin insanlarının yanlış təsəvvürdə olduğu qənaətinə gəlir və bununla da bizim bir çox məsələlərdə yanlış qənaətlər əldə etdiyimizi göstərmık istəyir.  

Hekayənin sonluğu da, fikrimcə, uğurludur. Təhkiyəçinin nənəsinin “torpağın altına”, T-nin Avropaya getməsi, özünün evliliyi və uşağının arxa oturacaqda oturması, Deyşanın ona Benzlər ailəsi haqqında yalan deməsini indi başa düşməsi və s. heç də yamaq kimi səslənmir. Bu cür təhlillər keçdiyi həyatla bugünkü həyatını müqayisə etməsinə imkan yaradır və arxada oturan oğluna  baxıb düşünür: Maşında orta güzgüdən arxada oturmuş oğluma baxıram. Onun dünyayla bağlarının vaxtından tez qırılmaması naminə neçə cür yalan danışmışam? Sağımda oturan arvadıma baxıram. Görəsən, o neçə şirin yalan sayıb mənim ovcuma?” Deyşanın ona qoyub getdiyi Koalanın indi maşınının açarından yapışması isə ugurlu təsvirlər zəncirinin zirvəsidir. Bu detal təhkiyəçinin yaddaşından Koalanın heç zaman getmədiyi anlamına gəlir.

Hekayədəki nəsr texnologiyası, hadisələrin və düşüncələrin iç-içə bağlanması, qəhrəmanın müxtəlif dövrlərinin təsviri, bəzən obrazın adının bir hərflə verilməsi (burada T) Murakami nəsr texologiyasını xatırlatdı mənə. Ancaq hər şey gənc yazıçının özünündür və bu cür nəsr texnologiyası onun gələcək yazıçı potensialından xəbər verir.

Orxan Cuvarlının “Daş” hekayəsi lirik-romantik üslubdadır. Bu üslubu mövzunun özü doğurur. Xocalı hadisəsinə həsr olunan hekayə qəhrəmanın otuz il əvvəlki yaddaşını və onun buraxdığı acı, kədərli izləri ehtiva edir. Qəhrəman illərdi eyni mənzərəni görür; bu mənzərə onun gözlərində daşlaşmış şəkildədi. Sanki kimsə göy üzünü onun gözləri qarşısında asıb gedib. Qəhrəman öz keçmişindən qurtula bilmir: Hərdən ötüb keçən vaxtlar quduz it kimi üstümə cumur. Hafizəmin illər əvvəlki hissəsindən sivişib irəli atılan xatirələr uzun labirintlərdən yarısağ, yarıölü gözlərimin önünə dikilir. Elə indi də bu tutqun səmaya baxıb bulanıq yaddaşımı ələk-vələk edirəm”.

Yazıçı təhkiyəçinin dili ilə sanki daşlaşmış insan ürəyinin kardioqramını çıxarır; həmin məşum gecədə insanların qəddarlığının sonsuzluğu Xocalı soyqırımını doğuran amillər kimi mənalanır. Yazıçı burada nə erməni adı çəkir, nə də onların vəhşiklikləri barədə yüksək səslə haray salır; sadəcə, yaşananları lirik şəkildə təsvir edir: “Kim bilir, bəlkə, bir möcüzə olsaydı, şaxtada bədəni qaxaca dönən cansız uşaqlardan biri dirilsəydi, sevinə-sevinə ilk dəfə gördüyü bu qəribəliyi dostlarına müjdələyərdi: "Uşaqlar, qırmızı qar yağıb…” Son dərəcə ugurlu bənzətmədi. Yaddaşlarda yemək iyini pəncərələrdən dolan barıt iyinin əvəzləməsi, hərbi geyimli tanımadıqları adamların evlərə girməsi, “divan küncündə unudulan kuklanın sarı saçlarının qırov bağlaması kimi təsvirlər bütöv hadisənin mahiyyətini son dərəcə dəqiqliklə açır: “Əvvəlcə bu şəhərin sakinlərinin ürəyini sökdülər, sonra evlərini.

Kərpic-kərpic tikilən bu yuva, indi də daş-daş, himinə qədər sökülürdü.

Günlər keçdikcə o əzəmətli ev qəfil xəstəliyə tutulan adamlar kimi əriyirdi. Əvvəlcə evin damı, sonra otağın tavanı yoxa çıxdı. O gündən səmayla məni ayıran bircə maneə qalmadı”.

Otuz il sonrakı mənzərə isə belədir: bütün bu dəhşətlərdən yalnız tanımadıqları yad adamların söküb apara bilmədikləri daşlar qalıb.

Mənə elə gəlir ki, bu lirik, bir qədər də mənsur hekayədə Xocalı qətliamını yalnız bu cür tanıtmaq mümkündür. Yazıçı burada süjetdən və obrazlardan şüurlu şəkildə imtina edib və yalnız daşın obrazını, yad adamların vəhşiliklərini göstərməyə çalışıb.

Xan Abdullanın “Yazgülün nəvəsi” hekayəsi təsvir manerası və bədii interpretasiyası baxımından məndə böyük təəssürat yaratdı. Hekayə struktur baxımından da ustalıqla hörülüb, müəllif ideyasının incə şəkildə müxtəlif vasitələrlə çatdırılması üçün mümkün olan hər şeyi edir. Hekayədə günümüzün real gerçəkliyi son dərəcə səmimi və həssaslıqla təsvir edilir. Yazıçı real gerçəkliklə yanaşı, özünün bədii həqiqətini də verə bilir və ən əsası budur ki, oxucunu da buna inandıra bilir. Xan Abdullanın hekayəsini maraqlı edən, bəlkə də detallar üzərində qurulmasıdır. Detal yazıçı üçün böyük tapıntıdır və əgər yazıçı onu süjet boyu mənalandıra bilirsə, demək ki, məqsədinə nail olub. Süjet üçün hadisələrin ardıcıllığı, davamlı inkişafı deyil, hisslərin, duyğuların əlaqəsi, yaxud assosiativ yanaşmalar xarakterik olur. Təhkiyəçinin danışdığı hadisələr bir-birilə elə sıx şəkildə bağlanır ki, baş verən hadisələr oxucu yaddaşında dərin izlər buraxır. Hadisələrin bu cür təsviri üçün, məncə, yazıçı təhkiyəyə və bədii ümumiləşdirməyə borcludur; hadisənin təsviri zamanı zəngin boyalardan istifadə olduqca ugurludur: “Yataqxanada itikçilər yaşayırdılar – qaçqınlar, məcburi köçkünlər, dolanmaq üçün kənddən şəhərə gələnlər, kimsəsizlər... Yataqxananın məxsusi qoxusu vardı. Bu, səfalətin qoxusu idi; yüz addım uzaqda olsan belə, gəlib burnunu dalayır, ürəyini bulandırırdı. Buna rəğmən, yataqxananın qarşısından keçmək, kir tutmuş divarlara, uçuq-sökük eyvanlara, zivələrdən asılmış qara-qura paltarlara baxmaq xoşuma gəlirdi”.

“Yazgülün nəvəsi” hekayəsində hadisələrə iki zamandan baxılır; təhkiyəçinin hələ məktəbli olduğu vaxt və bundan təxminən 15-20 il sonra. Yəni yazıçı hadisələrə qəhrəmanın həm uşaqlıq, həm də gənclik çağlarından baxır. Artıq o, bir həkim olmuşdu və Çexov kimi hekayələr yazırdı. Demək, hadisələrin təsvirində təhkiyəçinin şahidi oldugu hadisələri yazması təəssüratı təsvir olunanlara inamı artırır. Bu, müəllifə imkan verir ki, qəhrəmanın taleyini sonacan izləyə bilsin. Maraqlıdır ki, təhkiyəçi Yazgülün qızı Yaqutla öz taleyi arasında bir oxşarlıq da tapır. Hər ikisi dovşandodaq idi, dodaqlarının üstündə çapıq var idi. Hər ikisi həkim olmaq istəyir. Yaqut ona görə həkim olmaq istəyir ki, anasının başı ağrıyır, onu sağaltsın. Yaqutun məktəbdə sıranın ən arxasında durduğunu gördükdə fikirləşir: “Həmişə sıranın ən axrasında dururdu. Mən də vaxtilə sıranın ən arxasında dururdum, hamının gözündən oğurlanmağa çalışırdım. Deyəsən, onun da sinif yoldaşları ilə arası yaxşı deyildi”.

Yazıçı hekayədə Yazgüldən daha çox qızı Yaqutun taleyini önə çəkir; o da başqaları kimi yaşaya bilərdi, məktəbi oxuyub başa vurardı və arzusunda olduğu həkim olar, bununla da xoşbəxt olardı mesajını verir: “Yaqutun şəklini şərəf lövhəsinə vurmuşdular. Şərəf lövhəsinə əlaçı şagirdlərin şəklini vururdular. Nədənsə şəkildə dodağındakı çapığı silmişdilər. Yaqutun təhrif olunmuş şəkilləri cəmi iki il şərəf lövhəsini bəzədi. Uzun illər bəzəyə bilərdi, amma olmadı...” Lakin bunlar olmur, onun ömrü yarıda qırılır. Anası ilə görüşməyə gələn bir kişi anasının boğazını kəsir, onu da şahid olmasın deyə, öldürür. Bunda günahkar kimdir? Yazgülmü, Yaqutmu, yoxsa cəmiyyətmi?!

Xan Abdulla hekayəsi üçün cəmiyyət problemini seçib, onun dərin qatlarına enib. Yataqxana həyatı yeni cəmiyyətin bir parçasıdır. Buradan “səfalətin qoxusu” gəlir. Cəmiyyət və səfalət problemi yazıçı üçün hər zaman aktuualdır. Sanki bütün bəxtsiz insanlar bura toplaşmışlar. Bunlar cəmiyyətin bir təbəqəsidir. Deyim ki, gənc yazıçı üçün bir qədər risklidir, hər hansı yanlış bir təsvir, mövqe onu ugursuzluğa da apara bilər. Ancaq o, hər şeyi zərgər dəqiqliyi ilə hesablayb, əvvəldən sona qədər bu cəmiyyətin hər üzünü göstərməyə çalışıb. Bununla göstərmək istəyir ki, yazıçı yaşadığı həyata biganə qala bilməz. Elə yazıçı cəsarəti də budur. Yazgülün fahişə həyatının təsviri onun bu həyata laqeyd qalmadığının işarəsidir. Bu həyat olduqca sərtdir, burada adamlar bəzən amansızdır. Hətta Yazgülün boğazını kəsəcək qədər amansız. Çox doğru olaraq yazıçı Yazgülün nədən bu yola düşdüyünü göstərmir, heç bunu deməyə ehtiyac da yoxdu, oxucu hər şeyi yaxşı başa düşür, dərk edir və qiymətləndirir. 

Xan Abdullanın dili sadə, yaradıcı, zəngin və səlisdir. Yazıçı üçün bu, əsas şərtlərdən biridir. Dialoqlar fikir yüklüdür, dramatizmlə yanaşı, ideyaya xidmət edir. Kiçik bir hekayədə bir neçə yeni sözlər, ifadələr işlədliir. “İtikçilər” (qaçqınlar, məcburi köçkünlər, dolanmaq üçün kənddən şəhərə gələnlər, kimsəsizlər...), “zivələrdən asılmış qara-qura paltarlar”, “burnuyelli gənclər”, “yaşdaşlarım” və s. onlarla söz və ifadələr yazıçının söz yaradıcılığının zənginliyini göstərir.

Beləliklə, üç gəncin – Cavid Babayev, Orxan Cuvarlı və Xan Abdullanın hekayələrinə qısaca nəzər yetirdik; bilmirəm, bu gənclər neçə yaşındadır, nə vaxtdan yaradıcılıqla məşğuldurlar, neçə hekayələri çıxıb. Bu hekayələr onu təsdiq edir ki, nəsrimiz onların yaradıcılığı ilə dil, üslub, obraz, ideya baxımından dəyişib və yeniləşib. Süjetli nəsrin ən kiçik və çətin formalarından olan hekayə janrında bu cür ugur onların gələcək yaradıcılıq yoluna tutulmuş aydın bir işıqdır. Biz də burada bu işığı axtarmağa çalışdıq...

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

 

 

 

Bazar ertəsi, 20 May 2024 10:03

İdman ən yaxşı motivəedəndir

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

İnsanı pozitivliyə motivə edən faktorlar arasında, çox şübhəsiz, bədən tərbiyəsi və idman ən vacib yerlərdən birini tutur. Adətən cəmiyyətin mədəni səviyyəsi böyük ölçüdə insanın fərdi xüsusiyyətlərinin tam açılması və bunlardan istifadədən asılıdır. Burada da xüsusən qeyd edilməlidir ki, ümumbəşəri mədəni sərvətlər sistemində sağlamlığın və fiziki hazırlığın səviyyəsi ən vacib tərkib hissələrindəndir.

Bədən tərbiyəsi və idman insan fəaliyyətinin müstəqil növüdür ki, cəmiyyətin inkişafında onun böyük əhəmiyyəti var. Bu növ cəmiyyətin formalaşmasında, insanın formalaşmasında, habelə ictimai münasibətlərin inkişafında hədsiz rola malikdir.

Bədən tərbiyəsi – cəmiyyətin ümumi mədəniyyətinin bir hissəsi olaraq sağlamlıq səviyyəsinin möhkəmlənməsinə yönəldilmişdir. O, hərtərəfli və harmonik şəxsiyyətin tərbiyəsi kimi sosial funksiya həyata keçirir.

Hazırda insanın rifah halının yüksəldilməsinin prioritet hesab edildiyi bütün ölkələrdə, o cümlədən də Azərbaycanda bu sahənin sağlam gənclik yetişdirilməsində, ümumən, şəxsiyyətin motivasiyasında əhəmiyyəti roluna böyük diqqət yetirilməkdədir.

Bədən tərbiyəsi və idman şəxsiyyətin real-praktik və ideal-psixoloji fəaliyyətinin vəhdətidir, bu fəaliyyət ərzində insan həm cəmiyyətlə, həm də təbiətlə əlaqədə olur. Bu əlaqələr nə qədər universal olsa o qədər hərtərəfli inkişaf edəcək.

Ölkəmizdə bu gün stadionların, idman meydançalarının inşası, Olimpiya mərkəzlərinin istifadəyə verilməsi (hazırda ölkədə 21 olimpiya-idman kompleksi fəaliyyət göstərir) durmadan vüsət almaqdadır.

Uşaq yaşlarından azərbaycanlıların kütləvi olaraq idman bölmələrinə üzv yazılması tendensiyası sezilir, ölkədə idman çox populyardır.

Adətən idmanın ölkəyə qızıl medallar gətirmək, ölkənin himnini səsləndirmək, idman imicini möhkəmləndirmək baxımından rolu qeyd olunur, həvəskar idmandan daha çox peşəkar idmana üstünlük verilir. Amma bizdə sabahını düşünən bütün digər ölkələrdə olduğu kimi bədən tərbiyəsinə, həvəskar idmana böyük önəm verilməkdədir. Niyə də olmasın, axı bədən tərbiyəsi və kütləvi idman:

 - İnsan orqanizminin ümumi inkişafına, möhkəmlənməsinə səbəb olur, onun sağlamlığına şərait yaradır, involyusiya proseslərini dayandırır, insanın hərəkətliliyini təmin edir;

 - gənci əmək fəaliyyətinə hazırlayır, onun əmək qabiliyyətini yüksəldir, fiziki dözumlülüyünü, güc və iradəsini artırır;

 - gənci vətənin müdafiəsinə hazırlayır, onun qəhrəman və cəsur olmasına, hər cür çətinliklərə sinə gərə bilməsinə stimul yaradır;

 - vətəndaş üçün asüdə vaxtın rasional istifadəsini təmin edir; idman meydançaları və zallar, stadionlar, bir növ, aktiv istirahət meyarına çevrilir;

 - istənilən çətin anda, hətta həyatdan ağır psixoloji zərbələr alınan vaxt belə qazanılan fiziki hazırlıq üstünlükləri insanın toparlanmasına, mətinlik və dözüm nümayiş etdirməsinə kömək edir;

 - bədən tərbiyəsi və idmanla məşğul olmaq insanı siqaret, alkoqol, narkotik kimi zərərli vərdişlərdən tam kənarda saxlayır, fiziki təmrinlər insanı ümidsizlik, bədbinlik, həyatdan küskünlük kimi neqativ hallardan sığortalayır, ona pozitivlik, həyat eşqi bəxş edir.

 - bədən tərbiyəsi və idman dolayısı ilə şəxsiyyətin formalaşmasında əsas keyfiyyətlərin yaranmasına da xidmət edir, düzgün fiziki təlim görmüş şəxs yaxşı düşünmək, qərar qəbul etmək və bu qərarın yerinə yetirilməsinə nail olmaq, məqsəd və vəzifələrə çatmaq üçün qarşısına çıxan bütün maneələri dəf edə bilmək üstünlükləri də qazanır.

Bədən tərbiyəsi və idmanın insan sağlamlığına gətirdiyi töhfələri isə saymaqla qurtarmaz:

 - Daimi fiziki hərəkətlərlə məşğuliyyət nəticəsində insan bədənində mübadilə prosesi aktivləşir, insanın enerjisi artır;

 - Fiziki hərəkətlərdən uzaq qaçan insanda əzələ atrofiyası, sümük möhkəmliyinin azalması, mərkəzi əsəb sisteminin, nəfəs yolları funksiyalarının pisləşməsi müşahidə edilir. Orqanizmin həyat fəaliyyəti və tonusu aşağı düşür;

 - Məqsədyönlü fiziki hərəkətlərlə və idmanla məşğul olmaq qan dövranını, ürək əzələlərinin fəaliyyətini, əzələlərin qanla təminatını, əsəb sistemini yaxşılaşdırır.

 - Belə hərəkətlər ürəyi möhkəmləndirir, qan təzyiqini normallaşdırır;

 - Belə hərəkətlər müsbət şəxsi keyfiyyətlərə yol açmaqla yanaşı, diqqətli olmağa, zehnin və yaddaşın güclənməsinə, immun sisteminin möhkəmlənməsinə də səbəb olur.

 - Fiziki yüklənmələr zamanı yaranan böyrəküstü harmonlar ürəyə olduqca müsbət təsir göstərir;

 - Xüsusən qaçış, üzgüçülük, velosiped sürmə kimi idman növləri sağlamlığa mükəmməl təsir göstərir.

Dünyada təkcə fitnes klublarda 120 milyon insan idmanla məşğul olmaqdadır.

Bu gün mənim ölkəmin bütün məktəbəqədər müəssisələrində, məktəblərində, əksər ali məktəbində, ordusunda, müdafiə tipli müəssisələrində dövlət proqramı əsasında icbari bədən tərbiyəsi məşğələləri keçirilir (bunlar müxtəlif kütləvi idman oyunları, istehsalat gimnastikası, bədən tərbiyəsi fasilələri və s. şəklində tətbiq olunur).

Mötəbər beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycanın hazırda dünyada idman ölkəsi kimi tanınması, ölkəmizin müsbət idman imicinin formalaşması bu gün hər bir azərbaycanlını qürurlandırmaqdadır. İlk Avropa oyunlarının 2015-ci ildə məhz Bakıda keçirilməsi, dünyanın ən baxımlı idman turnirlərindən olan «Formula-1» yarışmasının «Azərbaycan qran-prisi»nin həyata vəsiqə qazanması kimi iki uğuru ayrıca qeyd edərdim.

Ölkədə idmana verilən önəmin bariz nümunəsi ölkə Prezidenti İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinin Prezidenti olmasıdır.

Tarixi mənbələrə müraciət etsək, görərik ki, lap qədim dövrlərdə – bürünc dövründə Azərbaycanda insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılar, rəqslər mövcud olub. Ölkəmizə gələn hər bir əcnəbinin qədim qayaüstü yazılarına və rəsmlərinə böyük maraqla tamaşa etdiyi Qobustan qayaları ölkəmizdə bədən tərbiyəsinin qədimliyinə aşkar sübutdur.

Bu gün Azərbaycanda 8940 idman qurğusu və bədən tərbiyəsi sağlamlıq kompleksi fəaliyyət göstərir, 14 idman cəmiyyəti mövcuddur.

Müstəqil Azərbaycanın idmançıları indiyədək (1996 – 2016-cı illər) Yay Olimpiya oyunlarında 8 qızıl, 12 gümüş və 26 bürünc olmaqla cəmi 46 medal qazanmışlar, Avropa və dünya birincilikləri və kuboklarında ümumilikdə müxtəlif əyarlı 2615, o cümlədən 897 qızıl medala layiq görülmüşlər.

Təsadüfi deyil ki, idmana sülhün elçisi, bədən tərbiyəsinə isə sağlamlığın özülü adını vermişlər.

Xüsusən elmi-texniki tərəqqinin inkişaf etdiyi, istehsalatın tam avtomatlaşdırıldığı, avtomobil və liftlərin cövlan etdiyi, məişətdə paltaryuyan, qabyuyan maşınların, tozsoranların hegemonluğu şəraitində, urbanizasiyanın və texnizasiyanın insan hərəkətliliyini tam məhdudlaşdırdığı, hipodinamiyaya gətirdiyi hazırkı şəraitdə başa düşmək lazımdır ki, bədən tərbiyəsi və idman, ümumən, hərəkətlilik insanın xilası deməkdir.

İdmana gəlin, idmana tapının, əziz oxucularım. İdman sağlamlıq, gözəlliklə yanaşı, güc və çevikliklə yanaşı həm də ən yaxşı motivasiyaedəndir, bax bunu unutmayın!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

 

“Ədəbiyyat və incəsənət” portalında Uşaq saatı davam edir. Bu gün sizlərə Klassik uşaq ədəbiyyatından seçmələr sırasından Xanımana Əlibəylinin “Yol”  şeiri təqdim ediləcək.

 

Yollar dünyada çoxdur,

 Sayı-hesabı yoxdur.

Bostan yolu, bağ yolu,

Aran yolu, dağ yolu.

 Bir yol var ki, dünyada

 Onu getmirsən hədər.

 Həmişə düşür yada,

 – Qoca olana qədər.

 Bax, uşaqla doludur,

O, məktəbin yoludur.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

 

Azərbaycan rəqs sənətinin inkişafında özünəməxsus yeri olan Xalq artisti Roza Cəlilovanın mayın 17-də 95 yaşı tamam olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu münasibətlə mədəniyyət naziri Adil Kərimli və nazirliyin məsul əməkdaşları yubilyar sənətkarı evində ziyarət ediblər.

 

Roza Cəlilovanı yubileyi münasibətilə təbrik edən nazir sənətkara, möhkəm cansağlığı və fərəhli ömür arzulayıb.

 

Qeyd olunub ki, Xalq artistinin Azərbaycan rəqs sənətinin inkişafına verdiyi töhfələr Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, respublikanın ali təltiflərinə və Prezidentin fərdi təqaüdünə layiq görülüb.

 

Sonra Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə sənətkara nazirliyin Fəxri diplomu təqdim edilib.

 

Xalq artisti Roza Cəlilova deyib ki, Ulu Öndər Heydər Əliyev mədəniyyətimizin bütün sahələri kimi, rəqs sənətinə də diqqət və qayğı göstərib. Sənətkar mədəniyyətimizin böyük himayədarı ilə bağlı xatirələrini bölüşüb.

 

Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965-1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib.

 

Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub.

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.