Basdırılmış həqiqətlər - ESSE Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Gündüzlər qələbəlikdəki gülən simanı axşamlar təklikdə üzündən soyunanda nə görürsən güzgüdə?

 

Xoşbəxtlik maskası geyinmiş saxta gülüşlərinlə, kimi aldatdığını düşünürsən onları, yoxsa özünü?

Kənardan baxanda saray stünlarını xatırladan dik duruşun neçə yerdən qırıq olduğunu heç saymısan? 

Ya da polad iradənin arxasında gizlənmiş uşağın neçə yaşı olduğunu xatırlayırsanmı?

O hər döyüşdə qalib, o hər mühitdə məğrur ədanın kölgəsində uyuyan məğlubiyyətləri yuxuya verməkdən ötrü neçə gecə yuxusuz qaldın sən?

Vecsizmiş kimi, ya da hər şey yolundaymış kimi dolaşarkən əslində özünü yağmağa hazır bulud və ya yad planetdəymiş kimi hiss etməyindəmi yalandır yoxsa?

Bir bax üfüqdəki o boz-bulanıq buludlara, yağış əlbət bir gün yuyacaq üzündəki boyaları. 

Günəş gözünün altına çökmüş nəmlə birlikdə, kölgəndəki çəlimsizliyi də utandıracaq. 

Suyu süzülə-süzülə üşüyərkən o müdafiəsiz uşağı hiss edəcəksən bütün iliklərində.

Etiraf elə hansı, hansı yoxluqdur gözünün altındakı o bənövşəyi?

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.