İdman ən yaxşı motivəedəndir Featured

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

İnsanı pozitivliyə motivə edən faktorlar arasında, çox şübhəsiz, bədən tərbiyəsi və idman ən vacib yerlərdən birini tutur. Adətən cəmiyyətin mədəni səviyyəsi böyük ölçüdə insanın fərdi xüsusiyyətlərinin tam açılması və bunlardan istifadədən asılıdır. Burada da xüsusən qeyd edilməlidir ki, ümumbəşəri mədəni sərvətlər sistemində sağlamlığın və fiziki hazırlığın səviyyəsi ən vacib tərkib hissələrindəndir.

Bədən tərbiyəsi və idman insan fəaliyyətinin müstəqil növüdür ki, cəmiyyətin inkişafında onun böyük əhəmiyyəti var. Bu növ cəmiyyətin formalaşmasında, insanın formalaşmasında, habelə ictimai münasibətlərin inkişafında hədsiz rola malikdir.

Bədən tərbiyəsi – cəmiyyətin ümumi mədəniyyətinin bir hissəsi olaraq sağlamlıq səviyyəsinin möhkəmlənməsinə yönəldilmişdir. O, hərtərəfli və harmonik şəxsiyyətin tərbiyəsi kimi sosial funksiya həyata keçirir.

Hazırda insanın rifah halının yüksəldilməsinin prioritet hesab edildiyi bütün ölkələrdə, o cümlədən də Azərbaycanda bu sahənin sağlam gənclik yetişdirilməsində, ümumən, şəxsiyyətin motivasiyasında əhəmiyyəti roluna böyük diqqət yetirilməkdədir.

Bədən tərbiyəsi və idman şəxsiyyətin real-praktik və ideal-psixoloji fəaliyyətinin vəhdətidir, bu fəaliyyət ərzində insan həm cəmiyyətlə, həm də təbiətlə əlaqədə olur. Bu əlaqələr nə qədər universal olsa o qədər hərtərəfli inkişaf edəcək.

Ölkəmizdə bu gün stadionların, idman meydançalarının inşası, Olimpiya mərkəzlərinin istifadəyə verilməsi (hazırda ölkədə 21 olimpiya-idman kompleksi fəaliyyət göstərir) durmadan vüsət almaqdadır.

Uşaq yaşlarından azərbaycanlıların kütləvi olaraq idman bölmələrinə üzv yazılması tendensiyası sezilir, ölkədə idman çox populyardır.

Adətən idmanın ölkəyə qızıl medallar gətirmək, ölkənin himnini səsləndirmək, idman imicini möhkəmləndirmək baxımından rolu qeyd olunur, həvəskar idmandan daha çox peşəkar idmana üstünlük verilir. Amma bizdə sabahını düşünən bütün digər ölkələrdə olduğu kimi bədən tərbiyəsinə, həvəskar idmana böyük önəm verilməkdədir. Niyə də olmasın, axı bədən tərbiyəsi və kütləvi idman:

 - İnsan orqanizminin ümumi inkişafına, möhkəmlənməsinə səbəb olur, onun sağlamlığına şərait yaradır, involyusiya proseslərini dayandırır, insanın hərəkətliliyini təmin edir;

 - gənci əmək fəaliyyətinə hazırlayır, onun əmək qabiliyyətini yüksəldir, fiziki dözumlülüyünü, güc və iradəsini artırır;

 - gənci vətənin müdafiəsinə hazırlayır, onun qəhrəman və cəsur olmasına, hər cür çətinliklərə sinə gərə bilməsinə stimul yaradır;

 - vətəndaş üçün asüdə vaxtın rasional istifadəsini təmin edir; idman meydançaları və zallar, stadionlar, bir növ, aktiv istirahət meyarına çevrilir;

 - istənilən çətin anda, hətta həyatdan ağır psixoloji zərbələr alınan vaxt belə qazanılan fiziki hazırlıq üstünlükləri insanın toparlanmasına, mətinlik və dözüm nümayiş etdirməsinə kömək edir;

 - bədən tərbiyəsi və idmanla məşğul olmaq insanı siqaret, alkoqol, narkotik kimi zərərli vərdişlərdən tam kənarda saxlayır, fiziki təmrinlər insanı ümidsizlik, bədbinlik, həyatdan küskünlük kimi neqativ hallardan sığortalayır, ona pozitivlik, həyat eşqi bəxş edir.

 - bədən tərbiyəsi və idman dolayısı ilə şəxsiyyətin formalaşmasında əsas keyfiyyətlərin yaranmasına da xidmət edir, düzgün fiziki təlim görmüş şəxs yaxşı düşünmək, qərar qəbul etmək və bu qərarın yerinə yetirilməsinə nail olmaq, məqsəd və vəzifələrə çatmaq üçün qarşısına çıxan bütün maneələri dəf edə bilmək üstünlükləri də qazanır.

Bədən tərbiyəsi və idmanın insan sağlamlığına gətirdiyi töhfələri isə saymaqla qurtarmaz:

 - Daimi fiziki hərəkətlərlə məşğuliyyət nəticəsində insan bədənində mübadilə prosesi aktivləşir, insanın enerjisi artır;

 - Fiziki hərəkətlərdən uzaq qaçan insanda əzələ atrofiyası, sümük möhkəmliyinin azalması, mərkəzi əsəb sisteminin, nəfəs yolları funksiyalarının pisləşməsi müşahidə edilir. Orqanizmin həyat fəaliyyəti və tonusu aşağı düşür;

 - Məqsədyönlü fiziki hərəkətlərlə və idmanla məşğul olmaq qan dövranını, ürək əzələlərinin fəaliyyətini, əzələlərin qanla təminatını, əsəb sistemini yaxşılaşdırır.

 - Belə hərəkətlər ürəyi möhkəmləndirir, qan təzyiqini normallaşdırır;

 - Belə hərəkətlər müsbət şəxsi keyfiyyətlərə yol açmaqla yanaşı, diqqətli olmağa, zehnin və yaddaşın güclənməsinə, immun sisteminin möhkəmlənməsinə də səbəb olur.

 - Fiziki yüklənmələr zamanı yaranan böyrəküstü harmonlar ürəyə olduqca müsbət təsir göstərir;

 - Xüsusən qaçış, üzgüçülük, velosiped sürmə kimi idman növləri sağlamlığa mükəmməl təsir göstərir.

Dünyada təkcə fitnes klublarda 120 milyon insan idmanla məşğul olmaqdadır.

Bu gün mənim ölkəmin bütün məktəbəqədər müəssisələrində, məktəblərində, əksər ali məktəbində, ordusunda, müdafiə tipli müəssisələrində dövlət proqramı əsasında icbari bədən tərbiyəsi məşğələləri keçirilir (bunlar müxtəlif kütləvi idman oyunları, istehsalat gimnastikası, bədən tərbiyəsi fasilələri və s. şəklində tətbiq olunur).

Mötəbər beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən Azərbaycanın hazırda dünyada idman ölkəsi kimi tanınması, ölkəmizin müsbət idman imicinin formalaşması bu gün hər bir azərbaycanlını qürurlandırmaqdadır. İlk Avropa oyunlarının 2015-ci ildə məhz Bakıda keçirilməsi, dünyanın ən baxımlı idman turnirlərindən olan «Formula-1» yarışmasının «Azərbaycan qran-prisi»nin həyata vəsiqə qazanması kimi iki uğuru ayrıca qeyd edərdim.

Ölkədə idmana verilən önəmin bariz nümunəsi ölkə Prezidenti İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinin Prezidenti olmasıdır.

Tarixi mənbələrə müraciət etsək, görərik ki, lap qədim dövrlərdə – bürünc dövründə Azərbaycanda insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılar, rəqslər mövcud olub. Ölkəmizə gələn hər bir əcnəbinin qədim qayaüstü yazılarına və rəsmlərinə böyük maraqla tamaşa etdiyi Qobustan qayaları ölkəmizdə bədən tərbiyəsinin qədimliyinə aşkar sübutdur.

Bu gün Azərbaycanda 8940 idman qurğusu və bədən tərbiyəsi sağlamlıq kompleksi fəaliyyət göstərir, 14 idman cəmiyyəti mövcuddur.

Müstəqil Azərbaycanın idmançıları indiyədək (1996 – 2016-cı illər) Yay Olimpiya oyunlarında 8 qızıl, 12 gümüş və 26 bürünc olmaqla cəmi 46 medal qazanmışlar, Avropa və dünya birincilikləri və kuboklarında ümumilikdə müxtəlif əyarlı 2615, o cümlədən 897 qızıl medala layiq görülmüşlər.

Təsadüfi deyil ki, idmana sülhün elçisi, bədən tərbiyəsinə isə sağlamlığın özülü adını vermişlər.

Xüsusən elmi-texniki tərəqqinin inkişaf etdiyi, istehsalatın tam avtomatlaşdırıldığı, avtomobil və liftlərin cövlan etdiyi, məişətdə paltaryuyan, qabyuyan maşınların, tozsoranların hegemonluğu şəraitində, urbanizasiyanın və texnizasiyanın insan hərəkətliliyini tam məhdudlaşdırdığı, hipodinamiyaya gətirdiyi hazırkı şəraitdə başa düşmək lazımdır ki, bədən tərbiyəsi və idman, ümumən, hərəkətlilik insanın xilası deməkdir.

İdmana gəlin, idmana tapının, əziz oxucularım. İdman sağlamlıq, gözəlliklə yanaşı, güc və çevikliklə yanaşı həm də ən yaxşı motivasiyaedəndir, bax bunu unutmayın!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.