Onun adı üç məna daşıyır, səbirli, dözümlü, dəyanətli - SABİR RÜSTƏMXANLININ DOĞUM GÜNÜNƏ Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

İçindəki qorxuya qalib gəldiyi üçün xalqın ağrı-acısını car çəkməyi həmişə bacarıb. Azadlıq aşiqi olduğundan gəncliyi mübarizələrdə ötüb. Ziyalı kimi də gördüklərinə heç zaman biganə qalmayıb. Problemləri qabardaraq hökuməti onların həllinə səsləyib. Yazıb yaratdıqları isə ona ölməzlik gətirib. Necə deyərlər, adı özündən çox yaşayacaq…

 

Bəli, Sabir Rüstəmxanlı xalqının qəhrəman övladlarından biridir. Meydan hərəkatında hər ziyalının cürət edib tribunaya qalxa bilmədiyi vaxtlarda o, sovet hökumətinə meydan oxuyurdu. Xalq bunun şahidi olub…

 

Bəlkə də indi kitabxanalarda toz basıb, amma bir vaxtlar müəllifi olduğu "Ömür kitabı" əldən ələ gəzirdi. Hər kəsin sevə-sevə evinin başında qoruyub saxladığı kitab idi. Onun bu əsəri insanlarda azadlıq təşnəsi yaradır, müstəqilliyə alovlandırırdı…

 

Onun Azərbaycan mətbuatında da böyük xidmətləri vardır. 1989-1991-ci illərdə hamının acgözlüklə oxuduğu "Azərbaycan" qəzetinin o dövrdə misli, bərabəri yox idi. Təsəvvür edin, heç kimin deyə bilmədiyi, amma hamının eşitmək istədiyi fikirləri insanlar həmin qəzetdən tapırdılar…

 

Sabir Rüstəmxanlının diaspora məsələlərində də xidmətləri az olmayıb. İpə-sapa yatmayan bəzi imkanlı soydaşlarımızın bir araya gəlməsində ağsaqqal rolu oynayıb, DAK-ın formalaşmasında böyük səylər göstərib…

 

O, deputat kimi də çox iş görüb. Tez-tez rayona gedib insanlarla görüşərdi. Xeyir-şərdə iştirak edər, əhalinin problemlərini parlamentdə dilə gətirərdi…

 

Səmimi deyirəm, o, nəinki rayonda, Bakıda, Sumqayıtda yaşayan yurddaşlarının da həmişə bir ağsaqqal kimi xeyir-şərinin bəzəyi olub. Onun hər hansı bir məclisdə iştirakı ev sahibinə qürur verib, başucalığı gətirib…

 

Sabir Rüstəmxanlı dost kimi də sədaqətlidir. Onun dəstək verdiyi, araya-ərsəyə gətirdiyi onlarla adam tanıyıram. Onların uğur qazanmasında necə deyərlər, bələdçi olub, yol göstərib…

 

Doğrudur, dövlətimiz onun xidmətlərinə həmişə dəyər verib, mükafatlandırıb, amma belə insanlar nə qədər yaşayırlar onlardan istifadə etmək lazımdır…

 

Onu sevməmək günahdır. "Ömür kitabı"ndan sonra heç bir iş görməsəydi belə, bu xalqın içində başı uca gəzməyi haqq etmişdi…

 

Gözümüzün önündə çox insanlar böyüdü, amma heç biri onun boyda ola bilmədi. Ucqar dağ rayonunun əlçatmaz bir kəndindən ölkənin paytaxtına gətirib Sabir Rüstəmxanlı zirvəsi yaradan, Tanrıya şükür!..

 

Mayın 20-si Azərbaycanın görkəmli oğlu, xalq şairi Sabir Rüstəmxanlının doğum günüdür, 78 yaşı tamam olur. Dünya malında gözü yoxdur, ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayıram.

Yeni yaşı mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(20.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.