Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
YÜK
Tammetrajlı bədii filmin ssenarisi
6
Gecədir. Elşad güllü yorğanı belinə şələləyib və eyni zamanda hərbi buşlatın üstündə uzanmış erməni əsgərini də sürüyə-sürüyə özüylə bərabər Ağdama doğru aparır.
Erməni əsgərini sürüyə-sürüyə aparmaq Elşad üçün çox çətindir.
O, bir neçə dəfə dayanıb çətinliklə nəfəs alır. Və lazım olduğundan çox az məsafə qət edir.
Elşad erməni əsgərini çiynində çaydan keçirir.
Erməni əsgəri artıq danışa da bilmir. Eləcə yalvarıcı və lal baxışları ilə Elşadın üzünə baxır.
Artıq səhərdir. Elşad yolun üstündə olan növbəti kəndə çatıb. Artıq adət halını almış boş evlərdən birinin içinə girib daldalanmaq üçün özünə şərait yaratmağa çalışır.
Evin girişindəki şüşəli eyvanda özü üçün yataq yeri düzəldir. Erməni əsgərini də döşəməyə uzadır.
Atasının sümükləri bükülmüş güllü yorğanı isə içəridə daha güvənli bir yerdə gizlədir.
Sonra döşəmədə dalı qatlı uzanmış erməni əsgərinin boğazının sarğısını dəyişir.
Erməni əsgəri minnətdarlıqla Elşada baxır. Güclə: “Sağ ol, türk!” – pıçıldayır.
Və gözlərini yumur.
***
Elşad pəncərədən dağlara baxır. Artıq günortadır. Eşikdə o qədər sakitlikdir ki, hətta uzaqda uçan ağır yük təyyarələrinin səsləri belə aydın eşidilir.
Qarşısındakı mizin üstünə qoyulmuş boşqabdan turşuya qoyulmuş badımcan parçasını götürüb əli ilə iki hissəyə bölür.
Badımcanın bir hissəsini ağzına qoyur. İkinci hissəsini isə erməni əsgərinin ağzına sıxır. Erməni əsgəri gülümsəməyə çalışır. Və badımcanın dadsızlığını nümayiş etdirən jestlə dodaqlarını büzür.
Qəfil sükut pozulur.
Kəndə beş-altı maşın girir.
Maşınlar Elşadın gizləndiyi evin qarşısındakı açıqlıqda dayanırlar.
Bu, erməni diversiya qrupudur. Azərbaycan əsgərlərinə qarşı diversiya planı hazırlayırlar.
Maşınların gəldiyini və eşikdən eşidilən erməni danışığını yaralı da eşidir.
O, son gücünü toplayıb gözlərini açır. Və erməniləri köməyə çağırmaq üçün ucadan qışqırımağa çalışır.
Səs-küyün içindən erməni diversiya qrupu yaralı erməni əsgərinin səsini, əlbəttə ki, eşitmir.
Elşad pəncərədən görünməsin deyə sürünə-sürünə erməni əsgərinə yaxınlaşır.
Elşad hər iki əli ilə onun ağzını tutur ki, səsi çıxmasın. Ayaqları iləsə onu təpikləməyə çalışır.
Erməni əsgəri onun əlindən çıxmaq istəyir.
Elşad buna imkan vermir.
Çarpışma bir müddət davam edir.
Elşad sonda hər iki əlini erməni əsgərinin ağzından çəkib boğazından yapışır. Və var gücü ilə sıxmağa başlayır. Erməni əsgəri get-gedə taqətdən düşür. Və qəfildən titrəməyə, xırıldamağa başlayır.
Elşad nə baş verdiyini anlamasa da, əllərini onun boğazından çəkir.
Erməni əsgəri artıq nəfəs almır.
Elşad istəmədən yaralı erməni əsgərini boğub öldürür. O, əvvəlcə erməninin öldüyünü anlamır və buna inanmır.
Süni nəfəs verməklə hətta onu yenidən həyata qaytarmaq belə istəyir.
Amma alınmır. Yaralı əsgər ölür.
Elşad, nəhayət, bununla barışmalı olur.
O, pəncərədən maşınlardan düşüb açıqlıqda dayanaraq öz aralarında nəsə danışan erməni diversantlarına baxır.
Çox keçmir, erməni diversiya qrupu dəstələrə bölünüb Azərbaycan tərəfə irəliləyir. Onları bura qədər gətirmiş hərbi maşınlar isə yenidən geri qayıdır.
Elşad pəncərədən onların arxasınca baxır.
Erməni əsgərinin cəsədi hələ də döşəmədədir. Gözləri də açıqdır. Elşad diversiya qrupu tam uzaqlaşdıqdan sonra erməni əsgərinin gözlərini əlləri ilə sıxıb bağlayır. Və onu zirzəmiyə düşürə-düşürə: “Məni niyə qatil etdin? İndi mən bundan sonra necə yaşayacam?” – pıçıldayır.
***
Daşkəsən Rayon Polis Şöbəsi.
Elşadın anası polis şöbəsinin qapısından içəri girir.
Dəhlizdəki növbətçi hissənin pəncərəsinə yaxınlaşır.
Böyük şüşənin arxasında beş-altı polis miz arxasında oturub.
Elşadın anası növbətçi mayora müraciət edir: “Salam, oğlum!”
Polis: – Buyurun!
Elşadın anası: – Mənim oğlum itib. Altı gün olar ondan heç bir xəbər yoxdur. Telefonu da cavab vermir. Yığmaqdan barmaqlarım yara olub. Bu da şəkli! Bax budur. Soldakı... Qəşəng... Əsgərlikdə çəkdirib!”
Anası cibindən çıxartdığı Elşadın əsgərlik şəklini kiçik pəncərədən polisə uzadır.
Mayor şəkli alıb diqqətlə baxır.
Elşadın anası: – Onu tap qaytar mənə, nə olar... Soldakı oğlanı... Yuxu yatmıram e... Bacısı da dəli olub! Bütün günü ağlayır!
Növbətçi polis: – Başqa şəkli yoxdur? Burda pis düşüb. Üzü qapqaradır... heç zad görünmür...
Elşadın anası: – Yox... bircə dəfə şəkil çəkdirib də, balam. Başqa şəkli var ki... Onu da mənə görə çəkdirib əsgərlikdən göndərib ki, darıxmayım! Bunlar ata-bala şəkil xoşlamırlar!
Növbətçi polis: – Rəsmi müraciət edin! Ərizəylə! Oturun bax o mizin arxasında yazın. Nə bilirsinizsə, iş necə olubsa, oğlunuz necə və harda itibsə, ərizədə göstərin. Hara gedib? Harda işləyib? Düşməni var idimi? Son dəfə haçan onu görmüsüz? Dostları kim idi? Maraqları nə idi? İçirdi? İçmirdi? Müxalifət idi, ya yox? Son dəfə sizə nə dedi getdi? Hamısını bir-bir yazın. Heç sıxılmayın! Mütləq oğlunuzu tapacaqlar!..
Elşadın anası: – Ağdama gedib də! Atasını da götürüb aparıb Ağdama. Odur-budur, hər ikisindən xəbər yoxdur! Göyə çəkiliblər elə bil. Yox olublar... Necə gedim dallarınca? Yerlərini bilmirəm axı, gedim. Bilsəm, özüm gedərəm, heç sizə əziyyət vermərəm!
Növbətçi polis: – Atası da itib?
Elşadın anası: – Düz deyirsən, bala, yazsam yaxşıdır. Belə səni başa sala bilməyəcəm!
Növbətçi polis: – Hə, xala, oturun yazın!
Elşadın anası: – Olar mən deyim, siz yazasız? Həyəcandan yaza da bilməyəcəm!
Növbətçi polis: – Siz o masanın arxasında oturun. Bu dəqiqə yanınıza adam göndərəcəm! Məni çox şübhələndirdiniz!
Elşadın anası növbətçi hissənin qarşısına qoyulmuş masalardan birinin arxasına oturur.
Onun oturduğu masaya gizir rütbəli gənc polis yaxınlaşır.
Gənc gizir də masanın arxasına oturur.
Ağ kağızları qarşısına qoyub Elşadın anasının üzünə baxır.
Gənc gizir: – Buyurun, ana, lap əvvəldən başlayın!
Elşadın anası: – Lap əvvəldən? Biz Ağdam qaçqınıyıq, bala. Ermənilər sovet vaxtı...
***
Ağdam. Gecə. Elşad artıq Ağdamın girişindədir. Üstündə “AĞDAM” yazılmış ünvan banerinin qarşısında dayanıb.
Üzündə sevinc işartıları sezilir. Gözləri gülür.
Elşad: – Gözün aydın olsun, ata! Bu da sənin Ağdamın!
Elşad əyilib Ağdam torpağını öpür.
Başını yuxarı qaldırmaq istədiyi zaman qarşısında iki yaraqlı erməni görür.
Dünən pəncərədən gördüyü erməni diversiya qrupunun üzü qara maskalı iki üzvü avtomatlarını Elşadın sinəsinə dirəyirlər.
Erməni əsgərlərindən biri: – Dua oxuyurdun, gic müsərman! – deyir.
Və əlindəki avtomatın qundağı ilə Elşadın başına zərbə endirir.
Zərbədən Elşad huşunu itirir.
***
Elşad Xankəndi həbsxanasındadır.
Həbsxananın damında qadağan olunmuş Arsax bayrağı dalğalanır.
Təkadamlıq, dar və damından su daman kamerada Elşad ayaq üstə dayanıb.
Gözlərinin altı gömgöydür.
Hiss olunur ki, neçə gündür ona işgəncə verilib.
Elşad “Qarabağ şikəstəsi”ni bərkdən-bərkdən oxuyur:
Könlümün sevgili məhbubi mənim
Vətənimdir, vətənimdir, vətənim!
Çox keçmir kameranın qapısı açılır.
Kök erməni keşikçisi içəri daxil olub Elşadı bircə yumruqla yerə sərir. Və qəddarcasına yerdə təpikləməyə başlayır. Sonra kameraya daha iki erməni əsgəri girir. Onlar da döşəmədə çabalayan Elşadı növbə ilə təpikləyirlər.
Elşad döyülsə də, oxuduğu şikəstəni kəsmir. Oxumağına davam edir.
Ağzından qan axan, dodaqları şişmiş Elşad xırıltılı səsiylə sona qədər oxuduğu şikəstəni təkrarlayır.
Ermənilər sonda Elşadı döyməkdən yorulub kameradan bir-bir çölə çıxırlar.
Keşikçilər kameranın qapısını arxadan bağladığı zaman da Elşad qan tüpürə-tüpürə “Qarabağ şikəstəsi”ni zümzümə edir.
“Ədəbiyyat və incəsənət”
(20.05.2024)