“Sizdən ötrü darıxmışam” - ŞEİRLƏR Featured

“Ədəbiyyat və incəsənət” portalı REDAKSİYANIN POÇTUNDAN rubrikasında sizlərə iki gün dalbadal Vüqar Bayramovun şeirlərini təqdim edir.

 

BƏSİMDİR.

Gözlərində parıldayan sevgiyə,

Ürək adlı qəfəsəmsə bəsimdir.

İstəmirəm varın, yoxun mən olum,

Dodağında nəfəsəmsə, bəsimdir.

Belə sevgi nə eşitdim, nə duydum,

Baxışında dərd unutdum,qəm yudum.

Səndən ötrü bu dünyada bir udum,

Arzuyamsa, həvəsəmsə bəsimdir.

Ünvan oldum həyatının köçündə,

Qiyməti var, dəyəri var heçin də.

Ətrafında yüz doğmanın içində

Sənə əziz bir kəsəmsə, bəsimdir.

 

AYRI

Səni yuxuların əlindən alan,

Varmı ayrılığın dadında,ayrı.

Görürsən, ürəklə bacarmaq olmur,

De, nələr qalıbdır yadında ayrı...

Hicran tərk eləmir bircə anını,

Xəyallar bürüyür dörd bir yanını.

İncidir qəlbini, üzür canını,

Nə məna gəzirsən adında ayrı?

 

Təkcə göz yaşıdır dili həsrətin,

Hər yerə uzanır əli həsrətin.

Dəli məhəbbətin, dəli həsrətin,

Külündə bir dad var, odunda ayrı...

 

QAÇA BİLMƏZSƏN

Adam sözündən asılar,

Sözündən qaça bilməzsən.

Bu dünya nə boydadır ki,

Özündən qaça bilməzsən.

Çox günahı keçmək olar,

Tövbə andı içmək olar.

Yalana don biçmək olar,

Düzündən qaça bilməzsən.

Söz eləməz el bəlkə də,

Susar, dinməz dil bəlkə də.

Oyuncaqdır kül bəlkə də,

Közündən qaça bilməzsən.

Yolun,çətin dincdən düşər,

İsti yerin küncdən düşər.

Ayaqların gücdən düşər,

Dizinnən qaça bilməzsən.

Sınar bir gün cəsarətin,

Üzü buzdur həqiqətin.

"Unudulmuş məhəbbətin"

İzindən qaça bilməzsən.

 

NƏ BİLİRSƏN ELƏ, XOŞDUR!

Nə acın var tök üstümə,

Neçə köynək yadam axı!

Tüstüm gedib çatmaz sənə,

Özüm boyda odam axı!

Nə bilirsən elə, xoşdur!

Varlığını Allah elə,

Baxışını silah elə,

Bilə-bilə günah elə,

“Bəxtəvərəm, şadam axı!”

 

Nə bilirsən elə, xoşdur!

Yüz ölüdən sağın mənəm,

Kəsilmisən yağı mənə,

Çəkmə nolar dağı mənə.

Belə etməz adam, axı.

Nə bilirsən elə, xoşdur!

 

        DARIXMIŞAM

Sinəmdə buz parçası var,

Közdən ötrü darıxmışam.

Ürəyimi ovudacaq,

Sözdən ötrü darıxmışam.

Əzib məni kəc baxışlar,

Yumaz dərdimi yağışlar.

Yorub dizimi yoxuşlar,

Düzdən ötrü darıxmışam.

Dərdli görüb, döz dediyin,

Ümid verib, söz dediyin,

Yadındamı “biz” dediyin?

“Bizdən” ötrü darıxmışam.

İnciyəndə sərin baxan,

Həm mənalı, dərin baxan,

Gözlərimə şirin baxan,

Gözdən ötrü darıxmışam.

Saça düşüb dənmi deyim,

Anlamırsan, mənmi deyim?

Sizmi deyim, sənmi deyim,

Sizdən ötrü darıxmışam.

 

 “Ədəbiyyat və incəsənət”

(20.05.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.