Şəhidlər barədə şeirlər – Əlihüseyn Məmmədov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Əlihüseyn Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

ƏLİHÜSEYN ELŞAD OĞLU MƏMMƏDOV

(24.01.1998.-09.10.2020.)

 

Bakı şəhərində doğulmuş, əslən Şəkidən olan, Şəki şəhəri 18 nömrəli məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu,  Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

Şəhid olduğu yer:  Füzuli rayonu

Dəfn yeri: Şəki  şəhəri Şəhidlər Xiyabanı

 

 

                 ƏLİ

Hər şəhidin həyatı maraqlı bir kitabdır,

Kitab qiymətli inci, min suala cavabdır,

Şəhid həyatın bilmək həm borcdur, həm savabdır,

Şəhidi ölməz edir, əqidəsi, əməli,

Həmişə ürəklərdə yaşayacaqdır  Əli.

 

Əslən Şəkidən idi, Bakıda doğulmuşdu,

Mayası halallıqdan, düzlükdən yoğrulmuşdu,

Şəkimizi sevmişdi, Bakıya vurulmuşdu,

Sakit, mehriban, dürüst, ağıllı, dərrakəli,

Həmişə ürəklərdə yaşayacaqdır  Əli.

 

Hər günün, hər saatın anlayırdı dəyərin,

Düşünürdü Vətənin gələcəyin, səhərin,

Nə iş görürsə görsün, eşidirdi “Afərin”,

Ailədə qoyulur halallığın təməli,

Həmişə ürəklərdə yaşayacaqdır  Əli.

 

Ağız şirin olarmı “halva-halva” deməklə?

İnsan saflaşır yalnız zəhmət ilə, əməklə,

Kamiliyə yetişir oxuyub öyrənməklə,

Dilində şüar idi, “Yalnız getmək irəli!”,

Həmişə ürəklərdə yaşayacaqdır  Əli.

 

ADNSU-da oxumaq taleyinin qisməti,

Mühəndis olmaq onun saf arzusu,- niyyəti,

Necə də sevinirdi alanda “beş” qiyməti,

Zəhmət çəkən bəhrəsin görəcəkdir, deməli,

Həmişə ürəklərdə yaşayacaqdır  Əli.

 

Deyərdi dostlarına, Qarabağ qan ağlayır,

Vətənimiz ümidin yalnız bizə bağlayır,

Yurd eşqi bulaq kimi ürəklərdə çağlayır,

Qarabağ torpaqları- o bizimdir, əzəli,

Həmişə ürəklərdə yaşayacaqdır  Əli.

 

Yenə səs-səda düşüb yamaclara, dağlara,

Qanlı döyüş başlayıb, afərin qoçaqlara,

Düşmən təlaşa düşüb, bilməyir qaçsın hara,

Namərdlərə yalandan verən yoxdu təsəlli,

Həmişə ürəklərdə yaşayacaqdır  Əli.

 

Qaraxanlı kəndində döyüş çox ağır oldu,

Düşmənin uydurduğu mif yalan nağıl oldu,

Əli elə döyüşdü, millətə  oğul oldu,

Xiyabanda balasın qoynuna aldı Şəki,

Həmişə ürəklərdə yaşayacaqdır  Əli.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.