Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bir gün də ümidsiz yaşamadım mən,
Səni görəcəyəm, ey ana Təbriz!
Öz ana yurdunun məhəbbətindən,
Nə deyim dünyada doyana, Təbriz?!.
Kim deyir görüşüm son görüş oldu,
Ömrünün baharı nə vaxtsız soldu.
Qəlbim həsrətindən boşaldı, doldu,
Ancaq baş əymədim hicrana, Təbriz!
Sənin hər daşında ayaq izim var,
O mərd vüqarında yenə gözüm var.
Sinəmdə çağlayan əhdim, sözüm var,
Ürəyim dönübdür ümmana, Təbriz!
Baharda baharın eşqilə yandın,
Uzanan yollara xeyli boylandın.
Sən çətin ayaqda elləri andın,
Gəldi geniş qəlbin tüğyana, Təbriz!
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)