Məşhur arxeoloqla dostluq edən xalq şairləri Featured

Sevda Verdiyeva, ADPU-nun Şəki filialının tələbəsi. Xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün

 

O, görkəmli arxeoloq, “Azərbaycan arxeologiyasının atası“, milli arxelogiyamızın korifeylərindən biri idi. Tariximizin qədim qatlarının öyrənilərək aşkara çıxarılmasında xüsusi xidmətləri olmuşdu. Öz həyatının ən coşğun və qaynar çağlarını xalqın maariflənməsi işinə həsr etmiş, sonralar - 1934- 1947-ci illərdə Azərbaycan Tarix Muzeyinin elmi işçisi, 1947-1952-ci illərdə direktoru, 1952-1954-cü illərdə EA Tarix İnstitutunun arxeologiya, sonrakı illərdə isə etnoqrafiya şöbələrinin rəhbəri olmuşdu. 1926-cı ildən arxeoloq kimi fəaliyyətə başlamış, Mingəçevir və Qəbələ arxeoloji ekspedisiyalarına rəislik etmişdi.

Xalq şairi Səməd Vurğun “Muğan” poemasını yazan zaman Mingəçevirdə tez-tez olub, haqqında bəhs edəcəyimiz görkəmli alimlə təkrar-təkrar görüşüb və elmi axtarışlarla bağlı maraqlı söhbətlər aparıb. Şair “Muğan” poemasında (XIII nəğmədə) onu “qoca alim” adlandırır və belə təsvir edirdi:

 

“Ekskavator təpələri lay-lay açıb, lay-lay qazır,

Qoca alim saxsı yığıb yer altında tarix yazır...

Külək əsir, qum sovrulur, gözə girir toz-tozanaq,

Qoca alim yer altından ayrılmayır hələ, ancaq.

Gah tər basır vücudunu, gah büdrəyir, gah yıxılır,

Yer darısqal, hava tozlu, nəfəs durur, can sıxılır.

Alim yenə qucaq-qucaq yığır qədim saxsıları,

Yer altdaki hər kərpicin üstündəki yazıları.

O qabların-qacaqların rəngi hələ solmamışdır.

Arçan ağac daşa dönmüş, fəqət torpaq olmamışdır...

Çovğun vurur, qum sovrulur, külək əsir,

Neçin bizim qoca alım çox tələsir?

Sarvan Kürü döndərməmiş, su basmamış bu yerləri,

Can atır ki, tamamlasın başladığı bir əsəri”...

 

Alim şairlə söhbətində qədim Mingəçevirdə aşkar etdiyi, eramızdan əvvələ aid olan “Amazonkalar” adlı döyüşçü qadın qəbilələrinin yaşadığı barədə məlumat verib. Həmin məlumatları məşhur şairimiz öz poemasında belə əks etdirmişdir:

 

Köhlən atlar kişnədikcə ərənlərin nərəsinə,

Ağır göylər, asimanlar dilə gəlmiş yer səsinə...

Burda Pompey ordusuna sinə gərmiş bizim ellər,

Yanğınların arasında nəfəs almış aylar, illər;

Vətən oğlu qılınc çəkmiş qəsbkarlar dünyasına,

Tunc sinələr hasar olmuş ürəklərin sevdasına.

Görürsənmi? Türbəsindən baş qaldıran bu gəlin də,

Öz döşünə qalxan çəkib, qılınc tutmuş sağ əlində.

Amazonka dediyiniz bu qəhrəman qadın nəsli

Qədim Muğan çöllərində çadır qurub bahar fəsli:

Yurdumuzun şöhrətinə min bir cəlal yaradarmış,

Hər ürəyin bir alovu, hər ocağın odu varmış...

 

Yazıqlar ki, bir nişan da, qalmamışdır ondan barı,

Yer altında batıb getmiş o dövranın dastanlar.

Qoca alim danışdıqca od parlayır nəfəsində…

 

S.Vurğun “Qoca alim”lə poemanın qəhrəmanı Sarvanı “görüşdürür” və həmin “qoca ailm”in verdiyi məlumatlardan istifadə edərək onun dili ilə şanlı tariximizdən fəxrlə söz açır:

 

Minib kəhər ürgəsini gəlməmişdir hələ səhər,

Bir otaqda şirin-şirin söhbətdədir iki nəfər:

Oğul, Sarvan! Soruşursan axtardığım şeylər nədir?

- Bu yeraltı Mingəçevir bir tükənməz dəfinədir,

Üstünü toz-torpaq almış

Bu pas tutmuş qılınca bax!

Neçə min il bundan qabaq

At belində qılınc çalmış

Sənin şanlı babaların.

Öz ellərin, obaların

Bu torpaqda şəhər salmış.

Bu gördüyün qalaq-qalaq

Sümüklərə baxdıqca mən,

Ürəyimdən varaq-varaq

Nə dastanlar keçir, bilsən!

Bu günlərin qucağında dəfn edilmiş qəhrəmanlar,

Qurşaq tutub, at oynadıb, ox süzdürmüş pəhləvanlar,

Bu nizələr, bu qalxanlar, bu şeypurlar soruş nədir?

Zənn etmə ki, əfsanədir...

Bütün bunlar babalardan bizə qalmış yadigardır…”

 

Azərbaycanın Xalq şairi  H.Arif isə bu görkəmli şəxsiyyətin vəfatı ilə əlaqədar yazmışdı:

 

Arxeoloq dedim, sıxıldı ürək,

Bir xəbər ... saçıma vaxtsız düşən dən.

Yer kimi içimdən silkələnərək,

Uçundum bir ölüm zəlzələsindən.

Yıxıldı bir insan, qopdu bir çinar,

Gözümdə sönməyən arzum, əməlim,

Qaraldı beynimdə qaya varaqlar,

Yıxıldı yıxılmaz Saleh müəllim ...

 

Bəs kim idi Saleh müəllim?  Saleh müəllim barədə qısa haşiyə: Saleh Mustafa oğlu Qazıyev 16 sentyabr 1893-cü ildə Vartaşen (indiki Oğuz) rayonunun Xaçmaz kəndində anadan olmuşdur. Əvvəlcə mollaxanada, sonralar kənddə açılmış “Rövzət-ül-maarif” adlı məktəbdə oxumuşdur. Sonrakı illərdə Nuxada (Şəkidə) açılmış pedaqoji yay kurslarında təhsilini artırmış, həmin şəhərdəki pedaqoji texnikumda qiyabi yolla təhsil almışdır. 1928- 1932-ci illərdə Bakı şəhərində pedaqoji institutda, 1935-1938-ci illərdə Azərbaycan Elmlər Akademiyasının aspiranturasında oxumuş, 1941-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi adına layiq görülmüşdür.

O, Oğuz bölgəsinin elmi ad almış ilk alimi olmuşdur.

Zəhmətkeş alimə ən böyük şöhrəti Mingəçevir qazıntıları (1946–1953) gətirmişdir. Xalq şairi S.Vurğun da şairlə həmin dövrdə görüşmüşdür.

Qəbələ şəhəri alimin Mingəçevirdən sonra ikinci böyük tədqiqat obyekti olmuşdur. C.Qazıyev 1956-1958-ci illərdə həmçinin doğma Oğuz rayonunun Yaqublu kəndi yaxınlığında (Kərimli kurqanlarında) da qazıntılar aparmış və əldə edilən əşyalar

əsasında tapılmış abidələrin eramızdan əvvəl I minilliyə aid olması müəyyən edilmişdir.

Qazax və Ağstafa rayonlarının abidələrinin tədqiqi sahəsində onun misilsiz xidmətləri olmuşdur. O, yeni axtarışlarla Qazax və Ağstafa rayonlarında tunc və dəmir dövrlərinə aid bir sıra yaşayış yerləri və qəbilə abidələri aşkara çıxarmışdır.

S.Qazıyevin elmimizə verdiyi töhfələr yüksək qiymətləndirilmiş, o, “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri ilə təltif edilmişdir.

Azərbaycanın bu görkəmli aliminin adı bu gün də dərin hörmət və ehtiramla yad edilir. İndi onun ayaq izləri əsrlərdən qalan və tapdığı tarixi yadigarlara qarışmış, xalq şairlərimiz S.Vurğun və H.Arifin ölməz əsərlərində əbədiləşmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.