“Bir sevgi üşüyür kirpiklərinin ucunda” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni şeirlərini təqdim etməkdədir. 

 

 

MƏCHULLUQ

Bir qız dayanıb sual işarəsinin külək döyən hissəsində,

Bir bulud  atıb özünü qızın  ayaqları  altına

səma evinin ən üst qatından.

Bir küçə yağışa meydan oxuyur,

Bir ləpir küçəyə.

Bir pəncərə udur buludun  göz yaşlarını,

Bir xəyal məktub yazır Tanrıya gecənin adından.

Bir pişik siçan deşiyi axtarır ağzındakı  ovunu rahat-rahat aşırmaqçun qaranlıqda.

Bir ağac asılır üzüaşağı ayağından.

Bir qoca nəvəsiyçün şar üfürür asta-asta, nigaran-nigaran,

Nəfəsi ilişib qalır havada.

Bir rəssam sevdiyi qızın şəklini köçürür gözlərindən varağa, 

Bir sevgi üşüyür  kirpiklərinin  ucunda.

Bir ana  köynək toxuyur əsğər oğluna,

Bir hörümçək tor  bağlayır baxışlarında. 

Bir gecə səhərə  tərəf yeriyir ağır-ağır,

Bir səhər dincini alır gecənin dizi üstə.

Bir  köpək gecəyə ulayır , küçəyə ulayır , yağışa, küləyə ulayır.

Bir daş fır-fır fırlanır  köpəyin səsi üstə.

Bir damcı  işıq damır gecənin yanağına,

Bir oğlan üzük şəkli taxır adsız barmağına.

 

BİR SEVGİ DOĞULURDU

Gecənin yuxusu tökülürdü  gözündən

küçələrə, səkilərə, dalanlara, 

Ağaclara, binalara.

Ay gülümsəyirdi dənizə

Göyün üzündən,

Şəkli sulara düşürdü. 

Ulduz-ulduz oynayırdı dalğalar qaranlıqla,

Ləpələr bir-birilə öpüşürdü.

Sahil  bardaş qurub oturmuşdu

Gecənin kölgəsində.

Hardasa bir söz yol gəlirdi qələmin ucunda ,

Bir sevgi  doğulurdu "Əlvida" kəlməsində.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.