Super User

Super User

Bu il təşkil olunacaq YARAT Qısa Filmlər Festivalı (YARAT Shorts) çərçivəsində öz qısametrajlı bədii ekran əsərlərini nümayiş etdirmək istəyən, yenicə fəaliyyətə başlamış və ya karyeralarının inkişaf mərhələsində olan Azərbaycan kinorejissorları üçün filmlərin qəbulu keçirilir. 

 

YARAT-dan verilən məlumata görə, layihənin məqsədi Azərbaycan, Gürcüstan və Böyük Britaniyadan olan, gənc istedadlar üçün platforma yaratmaq, yerli kinorejissorların filmlərinin geniş auditoriya arasında tanınmasını təmin etməkdir.

Layihənin bütün missiyası YARAT məkanlarında keçiriləcək açıq havada və ya qapalı meydançalarda film nümayişləri, habelə beynəlxalq səviyyədə tanınmış rejissorlar, ssenaristlər və aktyorların iştirakı ilə baş tutacaq seminarlar, mühazirələr və müzakirələr daxil olmaqla, zəngin və rəngarəng maarifləndirici tədbirlər proqramı vasitəsilə həyata keçiriləcək. Bu il nümayiş olunacaq filmlər “Qadınlar və qadınların cəmiyyətdəki rolu”, “Tənhalıq və özünüinkişaf”, “Yaddaş və mental landşaftlar” mövzularına toxunmalı, yaxud müəyyən dərəcədə bu mövzuları əhatə etməlidir.

İştirak etmək istəyənlər filmlərini avqustun 20-dək e-poçtla Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına təqdim etməlidirlər.

Seçilmiş filmlər sentyabrın ilk həftəsində nümayiş olunacaq.

Festivalda iştirak hüququ qazanmaq üçün filmlər ilkin seçim tələblərinə də cavab verməlidir.

Festivala Azərbaycan mənşəli və ya əsilli kinematoqrafçılarının birgə prodüser, rejissor və ya ssenari işi olan, ümumi müddəti 30 dəqiqədən az olan (yekun titrlər daxil olmaqla) istənilən film və ya videolayihəsi ilə müraciət etmək mümkündür. Bura ssenari əsasında hazırlanmış və ya improvizasiya xarakterli fantastika, eksperimental film, video və animasiya daxil ola bilər.

Qısametrajlı filmlərin festivalda iştirak hüququna təsir edən, premyera ilə bağlı xüsusi tələblər və ya məhdudiyyətlər yoxdur. 

Filmlər daha əvvəl istənilən festivallarda və ya digər ictimai sərgilərdə nümayiş etdirilə, televiziya kanalları və ya İnternetdə yayımlana/translyasiya edilə, yaxud dünyanın istənilən yerində, istənilən məişət texnikası və ya digər ictimai yayım platformasından istifadə etməklə təqdim edilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2023)

Çərşənbə axşamı, 25 İyul 2023 16:15

Rəsm qalereyası: Yuliya Turbina, “Qoca”

Rəsm qalereyası: Yuliya Turbina, “Qoca”

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olmuşdu. “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihənin rəhbəri Xalq artisti, AKİ-nin sədri Rasim Balayevdir.

 

AKİ-dən AzərTAC-a bildirilib ki, layihə çərçivəsində “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmin çəkilişlərinə artıq start verilib. 

Filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ-nin katibi Əli İsa Cabbarov, xətti prodüseri isə İsmayıl Qasımovdur.

Film ingilis və erməni dillərində də yayımlanacaq. Sənədli filmlə yanaşı, layihə çərçivəsində sözügedən mövzuda sayt və infoqrafikaların da (erməni və ingilis dillərində) hazırlanması nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Qarabağ tarixinin, o cümlədən Şuşa tarixinin tanınmış tədqiqatçısı, əslən şuşalı Vasif Quliyevin “Bu qala- daşlı qala” adlı kitabı çapdan çıxıb. 

 

Kitabda Azərbaycanın elm və mədəniyyət tarixinə çoxlu məşhur simalar bəxş etmiş Şuşa şəhərinin bünövrəsinin qoyulduğu, qala divarlarının tikilməyə başladığı XVII əsrin ortalarından başlamış müasir dövrə qədərki şəhərin tarixi, küçə və məhəllələri, sosial obyektləri və ona şöhrət gətirən ayrı-ayrı istedadlı ziyalıları və sənət adamlarından bəhs olunur.

İndiyədək 20-dən çox kitabın müəllifi olan Vasif Quliyev Bakı, Moskva və Tbilisinin arxivlərində apardığı axtarışlar nəticəsində əldə etdiyi çoxlu maraqlı mənbə və məlumatlar əsasında Qarabağ tarixi ilə əlaqədar çoxlu maraqlı faktlar üzə çıxarıb. Həmin məlumatların bir hissəsi kitabda öz əksini tapıb.

 

“Bu qala- daşlı qala” kitabının redaktoru və “Ön söz”ünün müəllifi Mehman Cavadoğludur.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Çərşənbə axşamı, 25 İyul 2023 15:15

“Women talking” Bakıya da gəlib çıxdı

Ötən ilin 2 sentyabrında Tellurid kinofestivalında debüt edən və kifayət qədər rezonans doğurmuş “Women talking” (Danışan qadınlar) filmi axır ki, Azərbaycanda da nümayiş olundu, özü də Azərbaycan Rəngkarlığı Muzeyində. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yazıçı Miriam Tovsun 2018-ci ildə yazdığı eyniadlı romanı əsasında rejissor Sara Pollinin çəkdiyi “Danışır qadınlar” adlı filmi qadınların - bu zərif məxluqların sərt qanunlu qəddar cəmiyyətdə mövcudiyyatlarını necə aoruyub saxlamaqlarından bəhs edir. 

Film ingilis dilində altyazı ilə təqdim olunur,  ekran əsərinin xronometrajı 104 dəqiqədir. 

Filmin maraqlı süjet xətti var. Bir axşam səkkiz mennonit qadın gizli görüş keçirmək üçün samanlıqda toplaşırlar. Son iki il ərzində ucqar koloniyanın bu qadınları, həmçinin yüzlərlə digər qız narkotiklərlə bihuş edilərək, yerli kişilər tərəfindən seksual təcavüzə məruz qalıblar. Bu kişilər, qadınların günahlarına görə onları cəzalandırmaq üçün gələn cinlər olduğunu söyləyirlər. 

Film 28-ci “Critics' Choice Awards”ın 6 mükafatının, o cümlədən “Ən yaxşı film” və “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyaların qalibidir, həmçinin 75-ci ABŞ Ssenaristlər Gildiyası və 95-ci Oskar mükafatının “Ən yaxşı film” kateqoriyasının nominantı olub.

Baş rolda Frensis Makdormand çəkilib. 

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Çərşənbə axşamı, 25 İyul 2023 16:30

Sobada Yumurtalı Çörək Qızartması

Aysel Qarayeva, “Ədəbiyyat və incəsənət”

 

Səhər yeməkləri içində ən sevilən və ən çox tələb olunan reseptlərindən biri ləziz yumurtalı çörək qızartmasıdır. 

 

 Tərkibi: 

* 3 ədəd yumurta

* 3-4 budaq cəfəri

* 8 dilim çörək

* bir çay qaşığı duz

* 2 xörək qaşığı zeytun yağı

* zövqə görə qırmızı bibər tozu

* 1/2 stəkan çeddar pendir

 

Və hazırlanma qaydası:

İlk öncə yumurtaları dərin bir qaba sındırın. Üzərinə xırda doğranmış cəfərini, sürtgəcdən keçirilmiş çeddar pendirinin yarısını və ədviyyatları əlavə edib yaxşıca çırpın. Yağı əlavə etdikdən sonra yaxşıca qarışdırın. Çörək dilimlərini yumurtalı qarışığa yaxşıca bulayın. Hər iki tərəfi yaxşıca bulanmış yumurtalı çörəkləri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Qalan pendiri də çörəklərin üzərinə səpib əvvəlcədən 230 dərəcə qızdırılmış sobada üstü qızılı rəng alana qədər bişirin. Bişən çörəkləri isti halda süfrəyə verin.

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Şamaxı şəhərində, Abqora restoranının ərazisində “CinemaPlus” və “Meysəri” şərablarının birgə layihəsi çərçivəsində “Open Air Cinema” fəaliyyət göstərir.

 

"Report" xəbər verir ki, hər həftənin sonu 5, 6 və 7-ci günlər və bayram günlərində qonaqlar açıq havada yeni filmləri izləyə bilərlər.

 

Film və seanslar haqqında məlumatı “CinemaPlus” kinoteatrlar şəbəkəsinin saytı və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.

 

Ətraflı məlumat üçün +994 55 756 66 55 nömrəsi ilə əlaqə saxlayın.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Çərşənbə axşamı, 25 İyul 2023 15:30

Şuşada fotoqraflar üçün master-klas keçirilib

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Milli Mətbuat Günü münasibəti ilə keçirilən "4-cü Sənaye İnqılabı dövründə yeni media" Qlobal Forum çərçivəsində yerli fotoqraflar üçün tanınmış rusiyalı fotojurnalist Sergey Kivrin tərəfindən master-klas keçirilib.

 

"Report" xəbər verir ki, "Gilavar Foto Klubu" ictimai birliyinin "PeşəkarSƏN" proqramının növbəti belə təlimində 12 gənc fotoqraf iştirak edib.

 

İlk dəfə Şuşada olmağın sevincini yaşayan gənclər təlimdən öncə şəhəri gəziblər. Fotoqraflar öz gələcək arxivləri üçün Cıdır düzündə, Molla Pənah Vaqifin türbəsi, Xan qızı Natəvanın dağıdılmış evinin qarşısında, Şuşa qalasında və mədəniyyət paytaxtının digər görməli yerlərində fotolar çəkiblər.

 

Tədbirin əvvəlində, təlimçi gənc iştirakçılara öz peşəkar fəaliyyəti haqqında məlumat verdi. Uzun illər ərzində çəkilən fotoları nümayiş etdirdi.

Təlim zamanı gənc fotoqraflar foto sənətinin bir çox sirlərini öyrənmək imkanını əldə ediblər.

 

Daha sonra iştirakçılar onları maraqlandıran sualları Sergey Kivrinə ünvanladılar.

 

Sonda master-klasda iştirak fotoqraflara rusiyalı fotoqraf Sergey Kivrinin imzası ilə sertifikatlar verilib. Öz növbəsində Gilavar Foto Klubu tərəfindən qonağa fotoqraflar adından tarixi Şuşa şəhərini xatırladan xatirə hədiyyəsi təqdim olunub.

 

Qeyd edək ki, Qlobal Forumda Sergey Kivrinin və azərbaycanlı fotoqrafların 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dövrlərdə işğaldan azad olunmuş torpaqlarda çəkdiyi fotolar sərgilənib. Sərgidə Rəşad Mehdiyev, Famil Mahmudbəyli, Kərim Abbasov, Elxan Qəniyev, Murad Orucov, Roman İsmayılov, Orxan Əzim və Vüqar İbadovun şəkilləri yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.

 

Bəstəkarlar İttifaqından verilən məlumata görə, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir. 

Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13x18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).

Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.

Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.

İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.

Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.

Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.

Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.

Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər. 

Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Avqustun 25-də “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində əfsanəvi musiqiçi, bəstəkar, multi-platin prodüser və DJ Villi Villiam “White Fest” musiqi festivalı çərçivəsində heyrətamiz DJ proqramı ilə pərəstişkarları qarşısına çıxacaq.

 

Bu isti avqust axşamı yayın ən unudulmaz anına çevriləcək. Çünki həmin gün dünyaşöhrətli musiqiçi Villi Villiam pərəstişkarlarına unudulmaz musiqi axşamı bəxş edəcək. Musiqili gecədə musiqiçinin ən parlaq rəqs hitləri və mahnıları təqdim olunacaq.

Villi Villiam DJ, prodüser olmaqla yanaşı, bir çox mahnıların müəllifi və ifaçısıdır. O, “Grammy” mükafatı daxil olmaqla xeyli sayda digər musiqi mükafatlarına layiq görülüb. Musiqiçi eyni zamanda J.Balvin, Beyons, Afrocak, Stiv Aoki, David Guetta kimi dünyaşöhrətli sənətçilərlə işləyir. 

Qeyd edək ki, bütün yay boyunca “Sea Breeze” kurort kompleksinin ərazisindəki ən gözəl məkan olan “White Beach Club”da “White Fest” yay musiqi festivalı təşkil olunacaq. Enerjidolu fantastik əyləncə vəd edən festivalda dünyaca məşhur bir çox başqa ulduzların iştirakı ilə unudulmaz anlar yaşanacaq. Canlı səs, inanılmaz atmosfer və sərhədsiz emosiya - bütün bunlar festival çərçivəsində “Sea Breeze Event Hall” məkanına gələn qonaqları gözləyir.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.