Üiviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı BDU- nun SEP- fakültəsinin Fəlsəfə ixtisasının məzunu, AYB-nin üzvü, " Sükutdan asılmış ruh", "Qəfəs darlığı", “Bir sərbəst şeir, iki qafiyə kədər", Türkiyədə dərc olunan "Günüm gecəylə başlar" şeir kitablarının müəllifi , “Zərif kölgələr" antologiyasının və "Vətən mücahidləri" kitabının həmrəhbəri sevimli xanım Yaradıcımız Aysel Nəsirzadədir.
-Xoş gördük, zərifqəlbli xanım Yaradıcımız. Suallarımızın " səbirsizliyini" nəzərə alaraq birinci sırada "mənəm- mənəm deyən" sualımızı səsləyirəm.
Qurudulmuş çiçəklərdən gül ətri gəlməz, bəlkə,
Ancaq xatirə qoxusu var ruhu saran.
Hər kəsi bir gün keçirəcək,
Həyat ağır sınağından. ( Aysel Nəsirzadə)
Aysel xanım, sınaq adlanan ömürdəki "acı günləri" "şirin günlərin" xatirəsi təsəlli edə bilirmi?
-Qətiyyən! Əksinə, ən şirin xatirə belə ürəkdəki acının şiddətini artırır. Acı gün yaşamış insan əgər həyata tutunmaq istəyirsə, şirin günlərin xatirəsin atır yaddaşın yad yerinə və çətin də olsa, verilən ömrü yaşamağa çalışır.
-Atalar sözü- qədim fəlsəfənin sağ qalmış parçasıdır. ( Aristotel)
Aysel xanımın tez- tez işlətdiyi atalar sözü hansıdır və elə atalar sözü varmıdır ki, onunla razılaşmırsınız?
-Razılaşmadığım demək olar yoxdur və yaxud da hal-hazırda xatırlamıram. Ancaq məktəbdə oxuduğum müddətdə Rəsul Rzanın şeirindən iki misra demək olar həyat devizimə çevrilmişdi və bütün ( hazırlıq üçün istifadə etdiyim) dəftərlərimin ilk səhifəsində yazmışdım: “Mübarizə bu gün də var, yarın da
Mən də onun ən ön sıralarında.
Hal -hazırda isə öz özümə xatırlatdığım Demokritin “Güclü iradə insan üçün dəyərli keyfiyyətdir” fikridir. Təvazökarlıqdan uzaq olsa da, mən öz iradəmin gücünə inananlardanam
-Dünyaya gələn hər körpə,
Sevgidən doğulmur.
Sevgisizlikdən yaranan uşaqlar tamamlayır- körpələr evinin siyahısını.
Ana sevgisi, ata zəhmətiylə böyümür onlar.
O körpələrin ahıdır göydəki qara buludlar, lənətlənir yer üzü. ( Aysel Nəsirzadə)
Aysel xanım, bir ana üçün öz körpəsindən imtina etmək analıq hissindən imtina etməkdir. Analıq hissi güclü və düşünmədən övladı üçün canını fəda etməkdir. Maddi çətinlik öz körpəsindən imtina etmək üçün əsaslı səbəbdirmi, yoxsa, analıq hər cür zülmlərlə öz övladına əsl ana olmaqdır?
-Əslində, bu sual geniş cavab tələb edir. Ancaq fikrimi qısa cavablandırmağa çalışacağam. Hər dünyaya uşaq gətirən Ana sayılmır. Ana olmaq ilk öncə məsuliyyətli olmaqdır. Robin Şarmanın “Ailə müdrikliyi” əsərindən belə bir fikir var deyir: “Təsadüflərə ümid edərək, uşaqların özbaşına ləyaqətli insan kimi böyüyəcəklərinə inanmaq rus ruleti oynamağa bərabərdir, onun kimi təhlükəlidir." Ona görə ölümdən başqa heç bir səbəb əsl Ananı övladdan ayrı sala bilməz və ya salmamalıdır. Övlad anadan uzaqda natamamdır.
-Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poeziya var. Fəlsəfə isə duyğulu idrak və poetik səviyyəyə qalxmış elmdir. ( Əbu Turxan)
Aysel xanım üçün nədir fəlsəfə?
-Fəlsəfə- dünyanı mənalandıran hikmət sevgisi.
Məni məndən sorma, məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri.
(Yunus Emre)
-Kimə gileylənim, kimə dərd yanım,
Bilməm kimi düşmən, kimi dost sanım.
Ay məni hamıdan tez anlayanım,
Nə tez unutdun məni? ( Aysel Nəsirzadə)
Aysel xanım, qarşı tərəf unudursa, deməli, biz heç onun üçün var olmamışıq. Varlığı ilə varlığımızı var edənlər bizi yox biləndə yoxluğumuza matəm tutmalıyıq, yoxsa, beynin sözünü dinləyib qəlbə anlatmaq lazımdır ki: " Anla, öz dəyərini bil, özünü çırpma sinədəki qəfəsinə, ritmlərini qaydaya sal."
-Mənə elə gəlir, heç bir insan unudulmağa məhkum edildiyini hiss edib unudulmamaq üçün əlindən gələni etməyə cəhd etməməlidir. Biz varıq! Kimsə bizi varlığıyla var edə bilməz, sadəcə, varlığımıza yoldaşlıq edə bilər sevgisiylə. Sevgi bitəndən sonra artıq o insanın varlığı, yoxluğu sənə maraqlı gəlmir, nə də sən ona maraqlı gəlirsən.
-Aysel xanım, Ədəbiyyat mücərrəddir. Fəlsəfə və Ədəbiyyatı birləşdirən nələrdir?
-Ədəbiyyat və Fəlsəfə bir-birini tamamlayır. Ədəbiyyat fəlsəfənin anlayışlarını və fikirlərini vizuallaşdırır. Fəlsəfə isə ədəbiyyatın yaratdığı obrazları daha dərindən dərk etməyimizə kömək edir.
-Gedən karvanımı kim çəkib əylər?
Həyat nə eləsə, tək mənə eylər.
Deyin, sahib çıxsın ruhuma göylər,
Cismimi torpaqlar, daşlar apardı. (Aysel Nəsirzadə)
Aysel xanımın həyat fəlsəfəsində ölüm nə deməkdir?
-Ölüm bizi arzularımıza çatmağa təşviq edən, sevdiklərimizin qədrini bilməmizi bizə xatırladan və baş rolunu oynadığımız hekayəmizin sonunu gətirən şeydir. Ölüm həyatın gerçək üzüdür
-" Fəlsəfə - ruhun özünədərkidir." (Əbu Turxan)
Aysel xanım, çox təəssüf ki, çoxlarımızın özünədərki ya yoxdur, ya da çox az faizdədir. Sizcə, bütün bəlaların kökündə bu dayanırmı?
-İndi çox eşidirik "Fərqindəlik" sözünü. Fərqindəlik insanın özünü yaxından tanımasıdır. İnsan öz gücünün fərqinə varır və həyatını dəyişir. Əsas istəməkdir. Şüurlu şəkildə düşünərək nə istədiyini bilməkdir. Din də deyir, elm də deyir ki istə, istəyinə nail olacaqsan. Əsas məqsədli olmaqdır. Arzulamaq, arzunun xəyalını qurmaq və istəyə çatmaq üçün çalışmaq. Yəni, nə istədiyini şüurlu şəkildə bilmək əsasdır. İnsan düşündüyü zaman insandır.
-İkimizə bir dilək tut,
Arzularda ən başa at.
Yaradandan səbrimizə,
Bu eşq gecikmiş mükafat. ( Aysel Nəsirzadə)
Dəyərli Yaradıcımız, nə üçün söyləyirlər ki, evlilik sevgini öldürür? Deməli, bu sevgi deyilmiş, yoxsa insan elə varlıqdır ki, əlçatan nə varsa, ona adiləşir?
-İnsan çata bilmədiyi hər şeyin dəlisi, çata bildiyi hər şeyin nankorudur deyiblər, haqlısan. Ancaq sevgi ölmür, şəkil dəyişdirir. Ailə qurursan, övlad gəlir dünyaya, istər- istəməz qayğılar artır, o sevgi dediyimiz duyğu ailəni ayaqda tutmaq üçün var olur.
-“Uzun bir mübahisə hər iki tərəfin haqsız olduğunun dəlilidir." ( Volter)
Əziz Yaradıcımız, opponentiniz mübahisəyə meyilli olanda Aysel xanım şair kimi cümlələr qurur, yoxsa qarşı tərəf hiss edir ki, fəlsəfə elmindən anlayışsızdır?
-Ümumiyyətlə, mübahisələrdən qaçanam. Hələ mübahisəyə səbəb olmuş mövzu haqqında anlayışı olmayan insanla da heç mübahisəyə girmərəm. Bir şeyə də əminəm ki, əmin olmadığım mövzu haqqında fikir bildirməyə yalandan can atmıram, qarşı tərəf bilgilidirsə sevə-sevə dinləyib ondan nəsə öyrənməyə üstünlük verirəm. Əgər bildiyim bir mövzu haqqında danışmaq gərəyi duyuramsa da, deməli, düz danışdığıma özüm əmin olub danışıram və qarşımdakına haqlı olduğum duyğusunu ötürməyi bacarıram.
-Dəyərli Aysel xanım, rubrikamızın qonağı olduğunuz üçün minnətdarıq, yaradıcılığınızda uğurlar arzu edirik, yeri gəlmişkən, Türkiyədə işıq üzü görən "Günüm Gecəylə Başlar" adlı şeirlər kitabınız uğurlu olsun. Hansı sualımızı daha çox bəyəndiniz?
-Çox təşəkkür edirəm. Hamısını bəyəndim və sualınızı əhatə edə biləcək cavablar verməyə çalışdım.
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)