Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Kitab bələdçisində yenə xoş gördük. Ədəbiyyatımızın çox dəyərli əsərlərindən biri də mənə görə Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povestidir. Olduqca zəngin ədəbi irsə malik Haqverdiyevin bəlkə də şah əsəridir mənə görə bu povest.
Dövrün aktual problemləri, ifşalar, tənqidlər... Hətta illər də keçsə hələ də dərs çıxarmalı olduğumuz bir əsərdir. Povestdə əsas ideya xalqın inkişafına mane olan amillərin ifşası, zülmkarların tənqidi kimi göstərilsə də, bununla da iş bitmir. Xortdan, iblis deyəndə hər birimiz mənfi, buynuzları olan, qara-qırmızı bir məxluq təsvir edirik. Lakin Haqverdiyev əslində bizə göstərir ki, mənfiliklər sandığımız kimi əcaib yaratıqlarda olmur. Hətta insan oğlu o qədər murdarlaşır ki, bəzən xortdanlar belə buna tab gətirə bilmir...
Əsər 1906-cı ildə “Molla Nəsrəddin” jurnalında çap olunmuş, 1930-da ona Odabaşının hekayəsi qismi əlavə olunmuşdur və kitab halına salınmışdır.
Povestin mövzusu dediyimiz kimi, "mənfi xarakterlərin cəmiyyətdə göstərilməsi" ilə əlaqədardır. Burada fırıldaqçı din xadimləri, mülkədarlar, zülmkar rəhbərlər, savadsız, avam xalq göz önünə sərilir. Haqverdiyev insanları ayıltmaq üçün ən böyük qorxuları, inamları olan dindən istifadə edir. O, dələduzları, fırıldaqları layiq olduqları yerə - cəhənnəmə toplayır və Xortdanın simasında onların prototiplərini açır. Buradakı ağılasığmaz hadisələr, cəzalar, insanların başına gələnlərlə də cəmiyyəti pisliklərdən çəkindirməyə çalışır.
Necə də acınacaqlı vəziyyətdir ki, cəhənnəmdən qorxan insanlar cəhənnəmdən qurtulmaq üçün heç nə etmir, tam tərsi - oranı özlərinə məskən halına gətirir, ədəbiyyatçılarsa onların xilasına çağırır.
Bədii dil xüsusiyyətlərinə görə də olduqca usta formada yazılmış əsər hər bir şəxsiyyətini tapmaq istəyən insan tərəfindən oxunulmalı əsərdir. Əsəri oxuyarkən birbaşa ağlıma Hüseyn Cavidin “İblis” əsəri gəldi. Düzdür, İblis və Xortdan tamamilə fərqli obrazlar idi. Amma insanlar eyni deyildimi? İblis məşhur monoloqunda əslində onun yox, insanların iblis olduğunu vurğulayır. Heç nəyin günahkarı olmadığını, insanların öz nəfislərinə qurban getməyini istehzayla bildirir. Xortdansa qismən daha məsum obraz kimi təqdim olunur və o, mənfi, pis qəlbli insanlarla birbaşa cəhənnəmdə rastlaşır. Bu da İblisi haqlı çıxarır...
Əziz “Ədəbiyyat və incəsənət” portalının oxucuları. Xortdandan sizə bir mesaj gətirmişəm:
“Ey Adəm oğlu. Cəhənnəm sandığından daha qorxuludur. Ey, insan evladı, digər dünyanı xəfifə alma. Hələ də vaxtın varkən doğru insan olma yolunda çabala... Çünki buradakı alovlar nə qızmar yay günlərinə bənzəyir, nə də acı bibər yeməyə...”
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)