Pərvanə Bayram yazır
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan sufizminin, teologiyasının, eləcə də 19-cu əsr ədəbiyyatımızın görkəmli nümayındəsi Seyid Mir Həmzə Nigarini “Tanıdaq” rubrikasında Pərvanə Bayramın imzası ilə oxuculara təqdim edir.
Bu gün dahi şəxsin müraciət etdiyi əsas mövzular barədə danışılacaq.
Seyid Nigarinin müraciət etdiyi əsas mövzular
Seyid Nigari, yuxarıda da qeyd etdiyimiz kimi XIX əsrdə iki dildə iki Divan tərtib edən məşhur şairlərdəndir. O, eyni zamanda bu əsrdə Qafqaz, Azərbaycan və Şərqi Anadoluda Ruslara qarşı mübarizə aparan Nəqşibəndiyyə təriqətinin nüfuzlu şeyxlərindən biri kimi də tanınır. Şair Çar Rusyasının mənfur siyasətlərindən biri olan Azərbaycan Türklərini, eyni zamanda Qarabağ əhlini bir- birinə düşmən edərək aralarına sünni-şiə ədavəti salmasının qarşısını almaq üçün mistik duyğuları gücləndirməyə səy edərək bu mövzuda coşqun ruhlu əsərlər yazmışdır.
Nigari, zikr məclislərində müridləriylə dairəvi şəkildə oturaraq xəfif ritmlə söylədiyi qəzəlləri ilə dinləyicilərdə mistik duyğular oyandıran bir şeyx kimi də şöhrət qazanmışdır. Haqqında söylənən mənqibələr bu gün də Azərbaycanın bir çox bölgəsində və Şərqi Anadoluda dildən-dilə dolaşmaqdadır.
Mənbələrin verdiyi məlumata görə Nigari, təriqətə girənə qədər şeir yazmamışdır. Nəqşibəndiyyə təriqətinə girəndən sonra o, həm klassik tərzdə əruz vəzniylə, həm də heca vəzniylə şeirlər yazmağa başlamışdır. Nigarinin şeirlərindəki coşqunluq və lirizm onu qısa vaxtda məşhurlaşdırmış, qəzəlləri, heca vəzniylə yazdığı şeirlər təkcə müridləri arasında deyil, geniş xalq kütlələri arasında da çox bəyənilib əzbərlənmişdir.
Şair, Azərbaycanda qaldığı vaxt minlərcə mürid yetişdirmişdir. Bu müridlərin bir çoxu onun özü kimi şair olmuşdur. Ağa Rəhim Ağa Dilbazi, Şahnigar Xanım Rəncur, Sədi Sani Qarabaği, Hacı Məcid Əfəndi, Hacı Mahmud Əfəndi Aslanbəyli, oğlu Siraci və Amasyada yaşamış bəzi qohumları da bu şairlər arasında yer alırlar.
Şeirlərində daha çox Füzuli və Nəbatinin təsiri hiss edilir. Şair, dərin bir lirizmlə ilahi eşqi özünə xas bir ustalıqla ifadə edir. Şeirlərinin bir çoxu musiqiyə uyğun ritmlə yazılmışdır.
Nigari, XIX əsr həm Azərbaycan həm də Anadolu sahəsi Türk ədəbiyyatının mütəsəvvüf şairlərdəndir. Nigarinin heca vəzniylə yazdığı şeirlərinin bəziləri xalq dilinə yaxın olmaqla bərabər əruz vəzniylə yazdığı şeirlri daha çox təsəvvüfi termin və məzmunlarla zəngindir. Özündən gerçək bir Haqq aşiqi olaraq bəhs edən şair, şeirlərində XVI əsrin məşhur şairi Füzulinin üslubundan istifadə etmişdir. O, şeirlərində “pir-i muğan”, “bəzmi-ələst”, “aşiq”, “məşuq”, “Kəbə”, “Həllac Mənsur”, “duxtəri-rəz” və başqa təsəvvüfi ifadələrdən çox istifadə edir. Nigari, Divanını tərtib edərkən özünə qədərki klassik ədəbiyyatda mövcud Divan tərtib ənənəsinə müəyyən yeniliklər gətirmişdir.
Nigari Divanında rübai, qəzəl, qəsidə, qitə, tərkibbənd, tərcibənd, məktub, məsnəvi kimi klasik şəkillərdə yazılmış şeirlərlə bərabər heca vəzni ilə yazılmış şeirlər də çoxdur. Divanda 642 qəzəl vardır. Təsəvvüfi məzmun şairin qəsidələri, tərkibbənd və tərcibəndlərində, məsnəvisində daha qabarıq şəkildə özünü göstərir. Şairin şeirlərinin mözusuna baxanda eşq, xüsusən də ilahi eşq, dini-təsəvvüfi mövzular, insan və cəmiyyət haqqındakı düşüncələrin əsas yer tutduğunu görürük.
Nigarinin şeirlərində ümumiyyətlə ilahi eşqdən bəhs edilir. Amma şairin, bəşəri eşqdən, bəşəri sevgilidən bəhs edən şeirləri də diqqəti cəlb edir. Aşağıdakı şeir şairin bu səpkili şeirlərinə gözəl bir nümunədir:
Bağ-ı melahatin gül-ızarısın
Emir-i Hamzenin şeh-nigarısın
Gün gibi hüveyda vü aşkar eder Seyyid-i şeydanın şirinkarısın Meydan-ı hüsünde sürmesin semend Arsa-i zibanın şehsüvarısın
Yusuf-ı ziba tek kulların çokdur
Mülk-i melahatın şehriyarısın
Mülk-i melahata virmişsin revac
İklim-i zibanın hükümdarısın
Şair şeirlərində bəzən özünü məlamilər kimi xor görür, tez tez qınayır, bəzən də arsız, bi-ar vs. adlandırır.
Şair Nəqşibəndiyyə təriqətinin təmsilçisi olduğu üçün şeirlərində bu təriqətin ədəb ərkanından, qurucularından da tez-tez söz açır, bunlara münasibətini bildirir.
Gənc yaşında vətənindən ayrılmağa, doğma yurdunu tərk etməyə məcbur olan şair, şeirlərində vətən mövzusu, ana yurda sevgi duyguları qabarıq nəzərə çarpır. Şair, qürbət ağrısından, rusların zülmündən də bəhs edərək vətənini, onun gözəlliklərini, doğma kəndini, gözəl Qarabağını, buradaki çayları, dağları, xülasə hər şeyi məhəbbətlə yad edir.
Bir sufi, bir təriqət şeyxi olaraq tanıdığımız Nigarinin yaradıcılığında bəzi təzadlarla da qarşılaşırıq. Şair, şeirlərində özünü rind, sufi, masivadan, əhli vəradan keçmiş, Haqqı bulmuş bir insan olaraq göstərsə də; demək olar ki bütün qəzəllərində şairliyini ön plana çəkir, hər qəzəlin axırıncı beytində özünün şeir-sənət aləmindəki qüdrətini tərifləyir. Aşağıdakı beytdə şair, özünü zariflər məclisndə gönül əyləndirən xoş, gözəl kəlamlı rində oxşadır.
Gördim zurafa içre Nigari-yi nedimi
Bir rindi-i dil-baz sözi pakize edadır
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)