“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Musa Ələkbərli görüşür.
QOYMA MƏNİ QOCALMAĞA
Ay tanrımın söz sovqatı,
Göy uzaqdı, yer də qatı.
Kökdə saxla bu ovqatı,
Qoyma məni qocalmağa.
Kürsülərdə gur səsim ol,
Birincilik həvəsim ol.
Təngiyəndə nəfəsim ol,
Qoyma məni qocalmağa.
Üzüyümün qaşındasan,
Ürəyimin başındasan.
Sən gözəllik yaşındasan,
Qoyma məni qocalmağa.
Od sozalır ocağımda,
Dərd boy verir qucağımda.
Çox kövrəyəm, bu çağımda
Qoyma məni qocalmağa.
Kamanında telə döndər,
Köksünə tax, gülə döndər,
Ya da yandır külə döndər,
Qoyma məni qocalmağa.
Yoxuşlarda inadım ol,
Səmalarda qanadım ol.
Sevgi dolu həyatım ol,
Qoyma məni qocalmağa.
Ömür şirin bir röyadı,
Məhəbbətdi duzu-dadı.
Dünya sevgili dünyadı,
Qoyma məni qocalmağa.
Qoyma məni qocalmağa!
“Ədəbiyyat və incəsənət”
(17.11.2023)