SİZƏ MƏKTUB VAR: Görməzdən gəlib düşünmədiyiniz birindən… Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Salam!

Bilirəm indi sənə çox maraqlıdır ki, görəsən mən kiməm və bu məktubu sənə haradan və niyə yazıram. 

Kim olduğumu məktubu yazdıqca anladacağam. 

 

Haradan yazdığıma gəlincə isə bu məktubu sənə bir ünvandan yazmıram. Çünki mən eyni anda dünyanın bir çox yerindəyəm. Və mən dünyanın hər yerində eyniyəm. Mən dünyanın hər bucağında günahsız, hər qarışında məsumam. 

Mən hər bir insanın ruhunda bir az varam əslində. Doğrudur, ola bilər, hər insan içindəki məni hələ kəşf etməyib. Elə insanlar var ki, onlar içindəki mənin varlığından xəbərsizdirlər. Elə insanlar var ki, onlar içindəki məni daima ruhlarında yaşadırlar. Və elə insanlar da var ki, onlar içindəki məni çoxdan öldürüblər və yaxud da kimsə onların içindəki mənin ölümünə səbəb olub. 

Amma ümid edirəm ki, sən içindəki məni tapmısan və onu daim yaşadırsan, yox əgər tapmamısansa da inanıram ki, bu məktub vasitəsi ilə tapacaq və hər zaman yaşadacaqsan. 

Onu deyim ki, dünyanın heç bir yerində mənim nə milliyyətim nə də cinsiyyətim olmaz. Mən hər yerdə eyni olaram. 

Müdafiəsiz və silahsız. Kinsiz və plansız.

Fəqət mən bir tarla torpağı kimiyəm ki, mənə nifrət əksələr kin biçəcəklər, çiçək əksələr gülşən olaram.

Halbuki mən kin bitirmək istəmirəm, mənə nifrət əkməyin. Mən çiçək bağçası olmaq istəyirəm, mənə qanqal toxumu səpməyin.

Elə çox istəyim də  yoxdur əslində.

Mən dünyanın bir bucağında kimsəsizəm və bir ailəm olsun istəyirəm.

Dünaynın başqa bir bucağında isə mən var olan ailəmin həmişə mənim yanımda qalmasını istəyirəm.

Afrikada, Yəməndə mən sadəcə bir parça çörək və su istəyirəm.

Suriyada, Fələstində, Ukraynada,Türkiyədə, Azərbaycanda, İranda, İraqda mən müharibələrin bitməsini istəyirəm.

Bir çox yerlərdə isə mən sadəcə oxumaq və təhsil almaq istəyirəm.

Deyirlər ki, bir gün müharibələr uşaqlara uduzacaqmış, elə eşitmişəm.

Mən o günü görməyi elə çox istəyirəm ki.

Amma təssüf ki, mənim vaxtım azdır.

O günü görmək üçün mənim zamanım yetməyə bilər.

Axı mən bir çox yerdə ac, bir çox yerdə isə xəstəyəm.

Bir çox yerdə mənə soyuqdur, mən üşüyürəm.

Mənə qida və dərman lazımdır.

Mən bir çox yerdə yalın ayaq gəzirəm, çünki mənim ayaqqabılarım yoxdur.

Bir çox yerlərdə isə mən istismar olunur, şiddət görürəm.

Mən dünyanın bir çox yerində atılmış, bir çox yerində isə heç doğulmamış məhv edilmişəm və bir çox yerdə yaşam mücadələsi verirəm.

Kirli olsa da gəl tut bu balaca əllərimdən. Bu kir bir çox insanın qəlb evindəki kirdən ki daha iyrənc deyil.

Mənə hərf öyrət, mənə rəngləri, mənə azadlığı, mənə toxluğu öyrət. 

Əgər bəşər daha gözəl bir gələcək istəyirsə öncə mənim qayğıma qalmalıdır.

Bəşəriyyət isə məni görməzdən gəlir, məni düşünmür. Məni unudub ehmal edir.

Mən dünyanı gözəlləşdirə bilərəm əslində. Çünki dünyanın daha gözəl, daha yaşanıla biləcək bir yer olması ümidi məndə gizlidir.

İnsanlıq öz nəfsinin, hərisliyinin diqtəsinə elə kölə olub ki, bu nəfs və hərisliyin apardığı mübarizənin ortasında müdafiəsiz qalıb əzilən, məhv olan məni görmür.

Gəl başıma sığal çək, bəlkə sən də bu yolla ərp bağlamış, buz tutmuş ruhundan arınasan..

Gəl nəfsinin səsini bir neçə dəqiqəlik susdurub mənim xitabımı dinlə..

Tez-tələsik, təlaşlı, sanki harasa gecikirmişcəsinə, sanki kimdənsə geridə qalmışcasına, sanki daha çox dünya neməti taplamalıymışcasına addımladığın bu yolda bir anlıq durub nəfəsini dər. 

Bax ətrafına hardasan, nə edirsən? Düşün bir az mövqeyin, etdiklərin doğrudurmu, dəyərmi?

Tez tələsik addımlayıb keçmə, addımlayarkən ayaqlarının altına bax, sən bu addımlarınla kimləri, nələri tapdalayırsan?

Mən qışqırıram, həm də var gücümlə bərkdən qışqırıram, mən kömək istəyirəm, mən çox şey anlatmaq istəyirəm. Mən pisi yaxşıdan ayıra bilmirəm sanma. 

Amma heç kim mənim səsimi eşitmir, ya eşitmək, dinləmək istəmir. Bəlkə də bu mərmilər boğur səsimi? Sən də onların səsini eşidirsənmi?

Mən burdayam, mən ordayam. Mən hər yerdəyəm əslində, amma heç kim məni görmür. Bilmirəm, bəlkə də görmək istəmir.

Bəlkə də boyum balacadır, ona görə görünmürəm, kim bilir..

Bəli.. bəli,  mən uşağam.. Balaca körpə bir uşaq..

Beşikdə və ya müharibənin, ya da aclığın, kimsəsizliyin, səfalətin tam ortasında.

O uşaq ki, onun nə milliyyəti, nə də cinsiyyəti olmaz.

O uşaq ki, o hər yerdə eynidir. O dünyanın hər bucağında günahsız, hər qarışında məsumdur.

O uşaq ki, o müdafiəsiz və silahsız,  o riyasız və plansızdır.

O uşaq ki, o bir tarla kimidir, ona nifrət əksən kin biçəcəksən, gül toxumu səpsən gülşən olacaq.

O uşaq ki, o, kin yox sevgi bəsləyir. 

O uşaq ki, o, qanqal yox çiçək istəyir.

O uşaq ki, o, Afrikada ac və susuzdur.

O uşaq ki, o, müharibənin ortasında silahsız, müdafiəsiz, o, əsir və yaralıdır.

O uşaq ki, o, istismar olunur, şiddətə, zorakılığa, təcavüzə məruz qalır

O uşaq ki, o, xəstədir. Bəlkə də sən bu məktubu oxuyanda o, artıq donur..

O uşaq ki, o, şokolad, oyuncaq, ya da yelləncək istəmir..

O, sadəcə ailə istəyir. O, sadəcə qarın toxluğu, o, sadəcə dərman istəyir.

O, insanların gərəksiz savaşlarının ortasında qalıb əzilmək, məhv olmaq istəmir.

O, daha gözəl bir gələcəyə bəslənilən ümididir...

O silahlar tanklar ya avtomatlar yox, qələm və təhsil olsun istəyir. 

O, mərmi səsi duymaq yox, o, şən nəğmələr oxumaq istəyir.

O, müharibələrin uşaqlara uduzacağı o günü görmək istəyir.

Amma onun vaxtı azdır, lap az..

Uşaq gələcəkdir. 

O isə sağlam deyil, o xəstə və acdı, o əsirdi.

Onun vaxtı isə azdı, lap az..

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.