Super User

Super User

Çərşənbə, 26 İyul 2023 15:30

Hadisənin konsertinə bir ay qaldı

Bakıya gələn növbəti qonağı təqdim edirik. Avqustun 26-da “Dalğa Beach Aquapark Resort”da Türkiyənin məşhur ifaçısı Hadisə möhtəşəm konsert verəcək.

 

Təkrarsız mahnıları, şouları və səhnə performansı ilə insanların rəğbətini qazanan müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.

Qeyd edək ki, Kristina Aquilera, Brandi Norvod və Beyonsdan ilham aldığını bildirən Hadise yeddi “Qızıl kəpənək mükafatı” və üç “TMF Mükafatı” da daxil olmaqla, çoxsaylı mükafatlara layiq görülüb.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2023)

Çərşənbə, 26 İyul 2023 15:00

“Qulluq” – Əlişükür Cavadovun hekayəsi

“Ədəbiyyat və incəsənət” portal “Oxucularımızın yaradıcılığı” rubrikasında bu gün sizlərə Ilişükür Cavadovun “Qulluq” hekayəsini təqdim edir.

 

Hadisələr Qərbdə baş verir. Bir statistik qərblinin başına gəlir. Onun Azərbaycanla və azərbaycanlılarla heç bir əlaqəsi yoxdur.

 

Qaranlıq küçədə ahəstəcə addımlayırdım. Getdiyim səki tamamilə qaranlığa bürünmüşdü.  Nə ay işıq saçırdı, nə də olmayan küçə lampaları. Ancaq kefim o qədər yüksək idi ki, məni ağuşuna almış zülmət qaranlığı da xeyrə yozurdum. Ayağımın birini götürüb o birini qoyur, hər atdığım addımdan zövq alırdım. Özümü elə rahat və yüngül hiss edirdim ki, heç yol getdiyimi də duymurdum. Sanki uçurdum, özü də göyün ən hündür mərtəbəsində. Asfaltdan keçən maşınların işıqlarının  bir anlıq aydınlığa çıxardığı yolun kənarında olan ağacları, tikililəri, təkdənbir gözə dəyən adamları isə sanki yuxuda görürdüm. Gördüyüm ağaclar, tikililər, adamlar, itlər, pişiklər də mənə son dərəcə xoş təsir bağışlayırdı. İnanıram ki, bu vəziyyətimdə qaranlıq küçənin ortasında məni soymaq istəyən quldurlar belə qabağıma çıxıb üstümə bıçaq çəksəydilər, onlara da eyni nəzərlərlə baxar, cibimdəki pulun qəpiyini də əsirgəmədən bu gecənin şərəfinə onlara verərdim.

Yadıma düşən əlaqəsiz və nizamsız fikirlərə gülür və içkinin necə də qəribə bir şey olduğunu fikirləşirdim. Bu gecə mənim üçün belə keçən geclərdən ilki deyildi və sonuncu olacağını da güman eləmirdim. İndiyə qədər yaşadıqlarım necə gözəl olmuşdusa, indən sonra da hər şeyin mütləq yaxşı olacağını düşünürdüm. Bunun üçün lazım olan hər şey vardı. Artıq neçə dəfə görüşdüyümün sayını itirdiyim məşuqəm, onun sığal çəkən əlləri, öpüşə qonaq edən dodaqları, ağlımı yerindən alan və sonradan yerinə qoymağı bacaran işvəkarlığı. O səbəbdən “yerinə qoymağı bacaran” deyirəm ki, neçə dəfə içkinin təsiri altında ikimizin də həyat yoldaşlarımızdan boşanıb bir-birimizlə evlənməyimizi təklif eləmişdim ona. O, isə məntək içkili olmağına baxmayaraq ağlını mənim qədər itimir, hər dəfəsində məni başdan çıxaran işvəsi ilə “bu bizim əyləncəmizdir, məni hər gün görsən daha sənə maraqlı gəlmərəm” deyib ağlımı yerinə gətirərdi. O da bu sözləri əbəs yerə demirdi. Oxu hardan vurmaq lazım olduğunu bilirdi. Bilirdi ki, arvadımı evlənənə qədər böyük bir ehtirasla sevmişəm. Evlənəndən sonra isə araya girən məişət divarları arasında bir zamanlar mənim üçün dünyadakı ən böyük qala olan sevgim gözümdə əvvəlcə balacalaşıb, sonra isə eybəcər bir şeyə çevrilib. Beləliklə də mən arvadımdan uzaqlaşıb ona yaxınlaşmışam...

Macəramızın ekstrim anları da olurdu. İlk dəfə nə edəcəyimizi bilməsək də sonralar çarəsini tapmışdıq. Onun əri bəzi vaxtlar hesabımıza uyğun olmayan vaxt gəlirdi. Belə hallarda ikimiz də həyəcana qapılırdıq. Ancaq etiraf etməliyəm ki, o, məndən daha ağıllı və zirək idi. Bunu ilk dəfə onun əri bizi az qala haqlayacağı vaxt başa düşdüm. Qəfil döyülən qapı bizi həyəcanlandırmış, gələnin onun əri olduğunu bilməyimiz bizi təşvişə salmışdı. Mən heykəl kimi quruyub qalmış, onsuz da içkinin təsirində dumanlı olan beynimi işlədib bir şey fikirləşə bilməmişdim. O isə cəld geyinmiş, əyin-başını qaydaya salmış, mətbəxt bıçağı götürüb qapını açmışdı. Yataq otağında əynimi geyinərək onun səsini eşidirdim. Qapını açan kimi ərinə - Yemək hazırlayıram. Çörək yoxdu. Zəhmət olmasa evə keçməmiş al gətir - demişdi. Ürəyimdə ona böyük bir “afərin” söyləmiş, cəld geyinib əri gələnə qədər işıq sürəti ilə aradan çıxa bilmişdim. Bundan sonra da biz bu fənddən bir neçə dəfə istifadə edəsi olmuşduq. Sevgilimin tapdığı bu kəşf ikimizi də bir az arxayınlaşdırmışdı. O, ərini adətən çörək almaq bəhanəsi ilə, evdə çörək olanda isə başqa olmayan bir şey üçün, yaxud da guya ürəyinin qəfildən istədiyi bir şeyi almaq bəhanəsi ilə yaxınlıqdakı mağazaya qulluq dalınca göndərərdi. Mən də o gələnə qədər aradan cıxardım. Onun ərini üzbəsifət görməsəm də evlərində çərçivələnmiş şəkillərdə çox görmüşdüm. Sifətinin cizgilərində zəhmətlə yanaşı bir biclik, gülüşlə yanaşı bir kədər görmüşdüm. Düşünürdüm ki, hər halda o, bic olmasaydı mənim sevgilim kimi bir afəti özü ilə bir ömür eyni yatağa salmağa razı sala bilməzdi. Ancaq üzündəki kədərə nə qədər fikirləşsəm də bir məna verə bilmirdim. Bu barədə çox fikirləşmirdim də. Nəyimə lazım idi onun üzündəki kədər ? Səfamı sürür, istədiyimə çatır, nəsibimi alırdım. Mənə başqa heç nə lazım deyildi...

Ayaqlarım özünə lap uşaqlıqdan tanış olan zülmət qaranlığa bürünmüş küçəni geridə qoyub məni yolun sonuna çatdırır. Bir azdan mənə tanış olan darvazadan keçib tanış olan qapını döyəcək və tanış olan üzü, yoldaşımın üzünü görəcəkdim. Onu da lap yəqin bilirəm ki, bu gecə fövqəladə gözəl olan əhvalımın hesabına onun ürəyimi sıxan üzü gözlərimə gözəl görünəcəkdi.

Nəhayət, bu gözəl gecənin gəzinti hissəsini başa vururam. Tanış darvazadan keçib tanış qapıya çatıram. Bu vaxt darvazanın səsindən gəldiyimi duyan arvadım əlində mətbəx bıçağı qapını açır və mənə tanış olan bir cümləni deyir - Yemək hazırlayıram. Çörək yoxdu. Zəhmət olmasa evə keçməmiş al gətir.

Mən yerimdə duruxub qalıram. Arvadım bir daha – Çörək almaq lazımdı – deyir. Mənsə susuram. Daha doğrusu, beynimi pis bir ssenari məşğul etdiyi üçün nə deyəcəyimi kəsdirə bilmirəm. Bəlkə bu ssenarini özüm pis işlə məşğul olduğum üçün beynimdə yaradıram, bəlkə də bu ssenari elə gerçəkdi. Bilmirəm. İçimdən arvadımı kənara itələyib evə keçmək və birbaşa yataq otağına getmək keçir. Amma bunu etmirəm. Qeyri-ixtiyarı “yaxşı” deyirəm və darvazaya doğru yönəlirəm. Darvazadan çıxandan sonra həyətin ağaclar olan tərəfindən hasarın üstündən boylanıram. Evin arxa pəncərəsindən bir nəfər kişi xeylağının tələmtələsik çıxaraq qaçdığını görürəm. Hər şey mənə yuxu kimi görünür. Gördüklərimin pis bir yuxu olmağını bütün qəlbimlə arzulayıram... Həyətin arxa qapısına doğru qaçan kişi arxa qapının ağzını işıqlandıran işığın altında görünür. Onu tanıyıram. O, sevgilimin əridir. Onun üzündəki kədərin mənasını yalnız indi başa düşürəm.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2023)

İyulun 26-da “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində “Fata Morgana” adlı Şərq immersiv milli qastronomiya şousu təşkil olunacaq.

 

“Fata Morgana” şousu öz tamaşaçılarına rəngarəng Şərq ab-havasına qərq olmaq imkanı yaradır. Şou Azərbaycanın qeyri-adi adət-ənənələrini özündə birləşdirməklə tamaşaçıya unikal Şərq nağılı bəxş edir. 

Heyrətamiz qastronomiya, füsunkar musiqi motivləri, başgicəlləndirici yallı və cigit milli rəqsləri, həmçinin oriental rəqslər musiqili axşama xüsusi rəng qatacaq. Bu füsunkar şou Xəzər sahilinin əlamətdar hadisəsinə çevriləcək. 

Qeyri-adi axşamda iştirakçılara hamının sevimlisi şah plov, milli qəlyanaltılar və ədviyyatlar, brend aşpazlardan unikal reseptlər üzrə hazırlanmış Azərbaycan yeməkləri, çay, şirniyyat, eləcə də meyvə desertləri təqdim olunacaq. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2023)

2020-ci ilin Vətən Müharibəsi zamanı könüllü cəbhəyə yollanan Emin Piri  tağım komandiri olub. Füzuli, Cəbrayıl, Xocavənd, Xocalı və Şuşanın  azad olunması uğrunda döyüşüb. "Vətən Müharibəsi iştirakçısı", Hərbi xidmətdə fərqlənməyə görə", "Xocavəndin azad edilməsinə görə" medallarıyla təltif olunub.

Ötən ilin bugünkü günündə onun şeirlərini dərc etmişdik. “Ötən il bu gün” rubrikasını bu gün Eminə aylırdıq.

 

 

 

 

Sən azadsan!

 

(Savaş qazisinin dilindən)

 

Saçımda anamın xınası,

yolların ayaqlarımçün duası,

gözlərimdə hələ bizim olmayan uzaqlıq

deyir:

Sən azadsan!

Sən azadsan!

 

Ayaqlarım cığırlara yalvarır;

QARABAĞ,

biz sənin övladınıq,

ilk dəfə gördüyün övladlar.

Uzaq tut ayaqlarımızdan

bətnində gizlətdiyin minaları. 

 

Füzuli, Cəbrayıl, Hadrut cəbhəsi...

Burda ulduzlarla deyil,

hər minamyot mərmisiylə sayırıq

yarım qalan ümidləri,

anaların göz yaşını,

bir döyüşçü sevgilisinin

bətnində ölən arzusunu.

 

Günlərdir danışmırıq.

bilirəm, narahatsan, ana.

bəlkə gecələri ağlayıb,

şəklimlə ovunursan, ana,

səni Füzulidən eşidirəm, ana,

səni Cəbrayıldan görürəm, ana,

sənə Şuşadan əl yelləyirəm, ana.

 

Formamda şəhid qardaşlarımın qanı,

gözlərimdə 44 gecənin yuxusuzluğu,

bir az həyəcan, bir az da

sevinc tərinə qarışan geyimim.

Qarabağ torpağıyla, palçığıyla

büsbütün vətənləşən bədənimiz

bizi gözləyən Azərbaycan

meydanlarda, ürəklərdə, gözləriylə hayqırır;

Sən azadsan!

Sən azadsan!

 

(Xocalı, Siqnax. Noyabr 2020)

 

 

 

Tanrılar məbədi qadın

 

(səngərdən məktub)

 

Öpüşümlə dərərəm barmaqlarını bir-bir,

çobanyastığı ləçəkləri kimi sayaram

sevir, sevir

və...

Sevir.

 

Unutmaq

yeri yaddan çıxan basdırdığın

mina kimidir.

bir gün üzər ayaqlarını həyatdan

gözləmədiyin anda.

 

Küsər,

Baxışları-

şimal buzlu okeanın sahilə vurduğu

sərt, dondurucu ləpələr kimi.

 

Yeddi yox,

bütün notların sayı cəmi birdi.

təbəssümündən qopmadı hər bəstə.

 

Gözlərin

dənizlərin şahı,

görsə

Poseydon utanardı məqamından.

Ürəyim yerindən çıxıb

düşər ovuclarına.

 

Sən Tanrı Kukulkan

mənsə yağış duası.

Qəlbim əllərində döyünər

rahib taxçasındakı ürək kimi.

 

Indi anlayırsan ki,

yollar qovuşmaq yox, ayırmaqçündü.

Bütün yolları dağıtmaq lazım,

körpüləri uçurtmaq...

 

Xatırladınmı,

Ata-anası savaşarkən

oyuncağının gözlərini tutan

qızcığaz 

bu gün “xilaskar” kimi

“Can qurtarırdı” abort masasında.

 

Burda anlayırsan ki,

Sevmək - solunda qəlbin döyüntüsü yox,

hər sabah oyandığında

sağında

bir ürəyin yatdığını görməkdir.

 

Qurmaq istərsən

o uşaq kimi dünyanı.

Divardan endirib ata rəsmini

silib qoltuq ağaclarını onun şəklindən,

ayaq çəkirdi atasına 

Mərmilərin acığına.

 

Bilirsənmi, necə dəhşətlidir

ilk kərədən qınanmaq.

Başının üstünü kəsdirən qızın:

“Niyə ayağa qalxmır, bu mədəniyyətsiz” baxışı.

Deyə bilməzsən

ayaqlarının iki il öncə

mina üstündə centlmenlik etdiyini...

Protez ayağın utanar özündən

qayıda sənə:

“Xahiş edirəm, daha mənsiz get”

 

Məktəbdə kökə bölüşdürən uşaqları

burda mərmilər bölüşdürür 

öz aralarında, sevgili.

 

Bəlkə də dönərəm,

hər duamı tellərinə deyərəm,

bütün arzularımı ovcuna pıçıldayaram,

dodaqlarında alaram dəstəmazı,

Tanrılar məbədi, qadın.

 

 

Şəhid oğlunun dedikləri

 

Darıxır

anamın cehizlik ütüsü

Atamın biçənək ətirli

pal-paltarıyçün...

Ütüyə gəlmir ancaq

heç birisi!

 

Atamdan qalanlar

sandıq vətəndaşı

illərdir qırışmır

Anamın əlləri qırışıb ancaq,

ütümüz də qocalıb.

 

Atamın pal-paltarı

cəzasını çəkir

sandıq küncündə

dərsə hazırlıqsız bir şagird kimi.

 

Gözləyirəm...

iki ilə,

üç ilə ...

bəlkə nə vaxtsa...

boyum çata atama.

Geyəm paltarlarını.

yıxam özümü yerdən-yerə,

sürünəm asfalt üstdə,

bəlkə bir az qırış qatam

bəlkə bir az çirkləndirəm

sevindirəm anamın əllərini,

sevindirəm ütümüzü...

 

...Anamı heç elə görməmişdim

Atamı gətirəndə

sıxmışdı əllərini...

camaat görməsəydi

yumruqlardı atamı:

“bu iki yetimə bəs, kim baxacaq?!”

 

...Sonralar

üzümə baxıb,

saçıma əl gəzdirdi

və...

“şəhidlər ölməz” dedi...

 

Yayın gözü açılan kimi

anam yorğan-döşək çırpır

həyətdə.

Gözündə sevgi,

qolunda nifrət.

Çırpır

ürəyinin çırpıntısını,

çırpır atamın yoxluğunu.

 

...Atamın izini,

dizini döyür anam.

Sonra nəsə fikirləşib

gözünü döyür anam...

 

 

 

Şəhid məzarlarını...

 

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə.

 

Bu yaşıma görə

Şəhidlər Xiyabanında

18 yaşlı

başdaşları

utandırdı məni.

 

məndən kiçikdi hələ

məndən öncə doğulanlar

əmi deyib

üstümə qaçır başdaşları

bir əsgərin ölüm günü

başdaşının doğum günüymüş.

 

can qoydular

nə düşdü paylarına

sağ qalanlar

daşladılar

torpağının başını.

 

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2023)

 

 

 

 

 

 

 

 

 

Ən çox oxunan şou-biznes xəbəri: Türkiyəli aktyor Burak Özçivitlə bağlı növbəti iddia ortaya atılıb.

“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən bildirir ki, sənətçinin sosial media hesabında reklam paylaşmaq üçün aldığı məbləğ açıqlanıb. İddialara görə, Burak 1 reklam üçün 2,7 milyon lirə (təxminən 170 min 320 manat) ödəniş alır. 

 

Qeyd edək ki, Burak hazırda "Kuruluş Osman" serialında rol alır.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Yaydır. Bacaran özünü xaricə, turistik rayonlarımıza, bacarmayan da dəniz sahillərinə verir. Maraqlıdır, bölgəıərimiz  arasında ən çox turistı qəbul edən hansıdır? Fərq etməz, yerli turist olsun, ya əcnəbi. Təbii ki, Bakı birinci olacaq. Ən azı, gəzməyə də yox, ezamiyyətə, müxtəlif tədbirlərə bura minlərcə əcnəbi gəlir. Bəs növbəti bölgə hansıdır? Bəri başdan deyək ki, q hətfi ilə başlayan 3 məşhur turistik bölgəmiz növbəti 3 yerdə gedir. 

 

Dövlət Statistika Komitəsinin son açıqlaması bu baxımdan çox faydalıdır. Şəxsən mən Şəkini, Göy-gölü, Lənkəranı ən ön mövqelərdə görəcəyimi düşünürdüm. Amma belə deyilmiş. 

Beləliklə, bu ilin yanvar-iyun aylarında - yəni ilk yarımilliyində mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32,7 faiz artaraq 1 363,2 min olub. Təbii ki, 32,7 fazi artım az deyil.

İndi də vəd verdiyimiz siyahı. Bakı, ardınca da Q hərfli rayonlarımız…

Demək, gecələmələrin ümumi sayının yarıdan da çoxu - 61, 1 faizi Bakının payına düşür. 

 

61,1 faizi Bakıda, 

5,0 faizi Qusarda, 

4,8 faizi Qubada, 

4,4 faizi Qəbələdə, 

3,6 faizi Naftalanda, 

3,0 faizi Şabranda, 

2,8 faizi Lənkəranda, 

2,2 faizi Naxçıvanda, 

1,5 faizi Xaçmazda, 

1,2 faizi İsmayıllıda, 

1,1 faizi Gəncədə, 

1,0 faizi Şamaxıda, 

0,8 faizi Şəkidə, 

0,7 faizi Mingəçevirdə, 

0,7 faizi Şuşada, 

0,7 faizi Qaxda 

və 5,4 faizi digər şəhər və rayonlarda. 

 

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 56,5 faiz artaraq 788,1 min olub ki, bu da ümumi gecələmələrin 57,8 faizini təşkil edir. 

Bəs ən çox əcnəbi hardan gəlir? Təbii ki, Rusiya öndədir. Amma uzun illər ikinci olan Türkiyə mövqeyini Hindistana verib. Sonra isə həmişəki tərzdə ərəblər qərarlaşırlar.

Beləliklə: 

Gecələmələrin ümumi sayının 17,4 faizi Rusiya Federasiyası, 8,8 faizi Hindistan, 8,6 faizi Türkiyə, 6,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 6,5 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi İsrail, 4,0 faizi Böyük Britaniya, 3,5 faizi Küveyt, 2,7 faizi ABŞ, 2,7 faizi Qazaxıstan, 2,1 faizi Gürcüstan, 2,1 faizi Pakistan, 1,9 faizi Özbəkistan, 1,7 faizi Almaniya, 1,6 faizi Çin, 1,3 faizi İtaliya, 1,0 faizi Belarus, 0,9 faizi Qətər, 0,9 faizi Ukrayna, 0,8 faizi Fransa, 0,7 faizi İran, 0,6 faizi Polşa, 0,5 faizi Niderland, 0,5 faizi Oman, 18,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 575,1 min olub ki, bu da ümumi gecələmələrin 42,2 faizini təşkil edir.

Bu yerdə söhbətə nöqtə də qoymaq olardı. Amma bir şeyi mütləq vurğulayacağam. Turistik bölgələrimizdə qiymətlər çox yüksəkdir. Gəlmə Ərəblərə uyğun qiymət tarazlayan işbazlar anlamırlar ki, güdaza özümüzünkülər gedir. 

Təbii ki, daha uyğun qiymətlər olsa, istirahət edənlərin də sayı çox olar. 

Bu barədə düşünməyə dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2023)

Geniş insan kütləsi rəngkarlıq sənəti barədə çoxmu bilgilidir? Necə deyərlər, A-nı B-dən seçə bilirlərmi? 

Xətai Sənət Mərkəzi naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədilə mərkəzdə “Etüd əsərlər guşəsi” yaradıb.

 

Bu barədə mərkəzin direktoru Zahid Əvəzov mediaya məlumat verib. 

“Mərkəz Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə müəyyən dövrlərdə etüd yönlü müxtəlif tədbirlər həyata keçirib. Bu gün mərkəz keçirilən tədbirlərdə və ayrı-ayrı zamanlarda rəssamlardan əldə edilən etüd əsərlərdən ibarət bir kolleksiyaya sahibdir. Bu əsərlərin bir hissəsi guşəmizdə sərgilənir. Bir sənət ocağı olaraq guşəni həmişə yeniləmək və daha fərqli ekspozisiya yaratmağı qarşımıza məqsəd qoymuşuq. Hər bir rəssam özünün etüd əsərini təklif edə bilər və hər kəs bu əsərdən bəyəndiyini əldə edə bilər. Etüd əsərlər guşəsi və etüd əsərlər haqda yenilikləri Xətai Sənət Mərkəzinin media hesabları üzərindən izləmək mümkün olacaq”, - deyə Z.Əvəzov söyləyib.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2023)

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Əyyub Türkayın uşaqlara ünvanladığı bir hekayəsini dərc etmişdi və hekayə maraq doğurduğundan,  yenisini dərc etməyi özünə borc bilir.                                     

 

                                             

 

           Keçmiş zamanlarda meşə ətrafında bir qoca kişi öz qarısı ilə yaşayırdı. Onlar çox yaşlı olmalarına baxmayaraq çətinliklə də olsa gündəlik yeməklərini təmin etmək üçün bağlarında tərəvəz becərib satırdılar. Qoca çox vaxt meşə ərazisində quş ovlamaq üçün tələ qurardı. Günlərdir qurduğu tələni yoxlamağa gedən qoca hər dəfə evinə əliboş qayıdardı. Qarı da onun əliboş gəldiyini görəndə deyinərdi. Çoxdandır dilinə ət dəymədiyini, tezliklə quş ətindən kabab yemək istədiyini bildirərdi. Bir gün qoca yenə meşədə qurduğu tələni yoxlamağa gedirdi. Birdən tülkünün kök bir dovşanı qabağına qatıb qovduğunu gördü. Həyəcandan ora-bura hoppanıb qaçan dovşan quş tələsinə doğru gəlirdi. Qoca ağacların arasından boylanıb bu qovmacanın sonunun nə ilə bitəcəyini gözləydi. Çox çəkmədi ki, yolunu itirən dovşan qocanın qurduğu quş tələsinə özünü çırpdı. Tərpənmək istəyəndə pəncələri ilişib tələdə qaldı. Qoca cəld önə çıxıb tülkünü qovub uzaqlaşdırdı. Daha sonra tələyə düşmüş dovşanı tutub sevinclə gülməyə başladı. 

-Bu gün sən mənim ailəmin qismətinə düşən paysan. Xanımım məni çoxdandır dəng edib, ürəyindən kabab yemək keçir. Səni özümlə aparıb ətindən dadlı kabab çəkəcəyəm.

Dovşan bunları eşidəndə qocaya yalvarmağa başladı. 

-Mənim  yuvam yerin altındadır. Orada yeni doğulmuş balalarım var. Məni yesən onlar yerin altında aclıqdan öləcəklər. Gəl sən məni yeməkdən əl çək. Əvəzində mən bostanda əkilən bütün tərəvəzləri toplamaq üçün sənə kömək edəcəyəm. Beləcə sənin də, xanımının da işləməkdən canı qurtarar.

Qoca məhsul toplanan vaxtı nə qədər əziyyət çəkdiklərini yadına salıb dovşanın sözləri ilə razılaşdı. Dovşana qəti xəbərdarlıq edib dedi:

-Bax dovşan, mən və xanımım çox qocalmışıq. Məhsul toplamaq bizi lap əldən-ayaqdan salır. Həyatını balalarına bağışlayıb səni azad edəcəyəm. Amma sən də sözünü tutub bizim bostanın məhsulunu başdan-başa toplayacaqsan.

Dovşan razılıq edəndən sonra qoca onu qucağından yerə qoydu. Dovşan sağollaşıb torpaqda qazdığı dəliyə girib balalarının yanına getdi.

Qoca evə gələndə acgöz qarı qaşqabağını sallayıb onu gözləyirdi. Qocanı görən kimi tez başladı deyinməyə. 

-Yenə əliboş gəlmisən? Sənə demədim ki, ürəyim dadlı kabab istəyir?  Sən isə görünür heç bir işə yaramırsan.

Qoca gülüb dedi: 

-Ay xanım, əsəbiləşmə. Mənim qurduğum tələyə quş düşməsə də əvəzində kök, yağlı bir dovşan düşmüşdü. 

Ağzı sulanan qarı daha da qəzəbləndi və dedi:

-Bəs hanı o dovşan? Niyə gətirib ətindən kabab çəkmirsən mənim üçün?

 Qoca Qarını sakitləşdirib dedi:

-Ay xanım, mən nə etdiyimi yaxşı bilirəm. Dovşan bunun əvəzində bostanın məhsullarını başdan-başa toplayacaq bizim üçün. Daha biz iki beli bükülmüş qoca bundan sonra əziyyət çəkməyəcəyik. Hələ iş bununla bitmir. Öyrəndim ki, dovşanın yerin altında təzə doğulmuş balaları var. Çox keçməz ki, onlar da böyüyər. Onda həm ana dovşanı, həm də balalarını tutub ətlərindən bir neçə cürə dadlı yeməklər bişirərik özümüz üçün.

Acgöz qarı qocanın bu sözündən xoşhal oldu. Tək-tük dişləri olan ağzını açıb xeyli güləndən sonra dedi:

-Bəh-bəh, nə yaxşı, daha bundan sonra iş görməyəcəm. Bir neçə aydan sonra da hər gün dovşan ətindən dadlı yeməklər yeyəcəyəm.

           Vaxt ötdü, vədə çatdı. Bostanda bol məhsul yetişdi. Dovşanın balaları da artıq böyümüşdü. O, balalarını da götürüb bostana gəldi. Əvvəlcə dovşanlar torpağın altından kartofları çıxarıb səbətlərə yığdılar. Sonra kələmləri bir yerə topladılar. Ardınca yemiş, qarpız və balqabağı da dərdilər. Bir neçə gündən sonra dovşan və balaları bostandakı bütün məhsulları yığıb qoca və qarısına təhvil verdilər. Daha sonra ana dovşan qocaya və qarısına səslənib dedi: 

-Biz sözümüzü tutduq. Bostanda olan bütün məhsulu topladıq sizin üçün. İndi isə mən və balalarım gedirik. Növbəti məhsul vaxtı yenə sizə kömək etməyə gələcəyik.

Qoca dovşanların aradan çıxmaq istədiyini görüb tez həyətin qapısını bağladı. Təəccüblə baxan dovşanlara üzünü tutub dedi:

-Mənim xanımım dovşan ətindən kabab yeməyi çox xoşlayır. Mən də ona söz vermişəm ki, siz dovşanların ətindən ona dadlı yeməklər hazırlayacam.

Ana dovşan qocanın verdiyi sözdən döndüyünü görüb hiyləyə əl atdı. Qocaya bir az da yaxın gedib dedi:

-Mən və balalarım sizin bu istəyinizə etiraz etmirik, ancaq bizim ətimizi gərək səhər gün çıxmamış yeyəsiniz. Gün çıxandan sonra ətimiz acı və dadsız olur. Ömründə heç vaxt dovşan əti yeməyən qoca dovşanın bu sözünə inanıb dedi:

-Lap yaxşı, necə də olsa həyətin dörd bir yanı daş hasardır. Qapını da yaxşıca bağlamışam. Heç yana qaça bilməyəcəksiniz. Səhər tezdən gün çıxmamış mən sizin ətinizdən özümə və xanımıma dadlı yeməklər bişirəcəyəm.

Bunu deyəndən sonra qoca evə girdi. Axşam oldu. Qoca və qarı dovşan ətinin kababını xəyal edərək yuxuya getdilər. Dovşan və balaları isə gecəni yatmadılar. Hasarın altından çölə dərin bir yol qazıb bağlı yerdən qurtuldular. Gedəndə özləri üçün yeməyə qocanın anbarından xeyli tərəvəz də götürdülər. Meşənin dərinliklərinə qaçaraq gözdən itdilər.

           Qoca və qarı səhər sübhdən qalxıb dovşanları axtardılar. Həyətdə heç bir dovşan gözlərinə dəymədi. Qoca hasarın altında qazılan dəliyi görəndə işin nə yerdə olduğunu anladı. Dadlı dovşan ətindən kabab elə onlar üçün xəyal olaraq qaldı. Heç vaxt dovşan ətinin dadına baxa bilmədilər. Növbəti məhsul vaxtı isə iki beli bükülmüş qoca yenə də əvvəllər olduğu kimi çətinliklə tərəvəzləri özləri toplamağa başladılar. Acgözlük etdikləri üçün elə hey özlərini danlayırdılar. Axı onlar əllərinə düşən imkanı yaxşı dəyərləndirə bilməmişdilər.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2023)

SÖHBƏT MUSİQİ MƏDƏNİYYƏTİ MUZEYİNDƏN GEDİR

 

Bu ilin son altı ayı ərzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və onun filiallarını 9 mindən turist ziyarət edib. 

Bu barədə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova mətbuata açıqlama verib. 

 

“Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialları olan Niyazinin mənzil-muzeyi, Qara Qarayevin ev-muzeyi, Vaqif Mustafazadənin ev-muzeyini və Xalq Çalğı Alətlərinin daimi sərgisini 9000-dən çox yerli və xarici turistlər ziyarət edib. Onların 300-dən çoxu xarici turist olub. Bunlar ABŞ, Fransa, Yaponiya, Çin, İsrail, Türkiyə, Pakistan, BƏƏ, Rusiya, Belarus, Qazaxıstan və başqa ölkələrdən gələn turistlərdir. Gələn xarici qonaqların içində daha çox Türkiyə, Pakistan, BƏƏ, Rusiyadan gələn turistlər üstünlük təşkil edib”, -deyə Alla Bayramova söyləyib.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2023)

 

Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahiblər Gənc Tamaşaçılar Teatrının aktyorları Elnur Kərimov və Günel Məmmədovadır. Onlarla müsahibə 1998-ci ildə götürülüb.

 

 

 

Elnur Kərimov:

 

"Gənclərə qayğı göstərmək lazımdır ki, teatrdan üz çevirməsinlər"

 

 

 

         Elnur Kərimov 1981-ci ildə Bakıda doğulub. 1999-cu ildə İncəsənt Gimnaziyası, 2003-cü ildə İncəsənət Universitetini bitirib.  Gülşad Baxşıyevanın tələbəsi olub. Səhnə fəaliyyətinə köməkçi aktyor kimi başlayıb. Debüt rolu 2001-ci ildə Ağaxan Salmanlının "Qarışqa şıllaq atdı" (İ.Coşqun) tamaşasında Eyvənd olub. "Cənnətin üç alması"nda (rejissor N. Kazımov) Prosto Məmməd, "Əlibaba və qırx quldur"da (rejissor L.Kərimov) Əlibaba, "Nənənin kələyi"ndə (rejissor A.Salmanlı) Namiq, "Viktoriya"da (rejissor B.Osmanov) Yohannes və s. rolları oynayıb. Yeddi tammetrajlı filmə çəkilib. Müxtəlif teleşou proqramlarının apaıcısıdır.

 

 

 

Günel Məmmədova:

 

“Dəvət olunsam, xaricə gedərəm”

 

 

 

         Günel Məmmədova 1986-cı ildə Bakıda doğulub. 2002-ci ildə İncəsənət gimnaziyası, 2006-cı ildə İncəsənət Universitetini bitirib, ilk rolu Nabatı ("Çimnaz xanım yuxudadır”          S.Rüstəm) sənət müəllimi, rejossor Rafuq Əliyevdən alıb. Beş ildir ki, Gənc Tamaşaçılar Teatrında işləyir. "Çəkməli pişik"də Şahzadə, "Yağışdan çıxdıq, yağmura düşdük"də Yetər, "Viktoriya"da Viktoriya və s. rolları oynayıb.

 

         Hazırda üç rolu məşq edir "Ağ göyərçin"də Turan, "Romeo-Culyetta"da Cülyetta, "Oliver Tvist"də Nensi. N.Əzizbəylinin "Yalan", R.İshaqın "Aktrisa", Ә.Әblucun "Tərsinə çevrilmiş dünya" bədii filmləri və bir çox sənədli filmlərdə çəkilib.

 

 

 

        

 

- Gənc aktyor kimi başlıca probleminizi nədə görürsünüz?

 

         Elnur: Bizim qrim otağında oturmusuz və görürsüz ki, necə təmir olunub. Səhnələrdə də məşqlərimiz gedir. Əsas narahatçılığımız başqadı. Əgər başqa sahələrə göstərilən qayğı aktyorlara da göstərilsə, teatr daha yüksək nailiyyətlər qazanar. Burda bir çoxları iş qrafıkiylə işləyə bilmir. Çünki maddi vəziyyətləri pisdi - kirayə qalanlar, borc içində yaşayanlar var. Məşqdən çıxıb biri qaçır kloun işləməyə, digəri dublyaja. Maaş qane eləmir bizi.

 

-Madam ki, söhbətimiz belə başladı, etiketə uyğun olmasa da, maaşınızn qədəri ilə maraqlanmalı olacam.

 

Elnur: Ən yüksək maaş 155 manat. Səhnə ustası dərəcəsi var, onlar alırlar 179 manat. Əməkdarlara 30, xalq artistlərinə 50 manat əlavə verilir. Məncə, buna son qoymaq lazımdı.

 

-Siz səhnə ustası sayılırsız?

 

Elnur: Əslində olmalıyıq, ancaq ştatda yer yoxdu. İndi burda üç teatr birləşib, ştatda 90 nəfər var.

 

Günel: Mən də bu fikirdəyəm. Maaş çox azdı. Düzdü, iş çoxdu və mən işləməyi sevirəm. Sabahdan indiyə kimi ardıcıl məşqlərdə olmuşam. Sizinlə söhbətdən sonra da hələ məşqim var. Yəni bu sistemlə işləmək və belə maaş almaq absurddu. Və bu təkcə teatr yox, kinoda da belədi. Qonorarlar çox azdı.

 

Elnur: Mən indiyə kimi yeddi tam metrajlı bədii filmdə çəkilmişəm. Ordan aldığım qonorarları bilsəniz, gülərsiniz?

 

-Adamları güldürmək xeyirxah əməldir.

 

Elnur: Onda deyim, gülün: 200-250 manat alırıq, ondan da vergilər çıxılır, bizə qalır 160-170 manat.

 

-Bəs xaricdəki aktyorlar nə alır?

 

(gülürlər)

 

Elnur: İranla bu yaxınlarda bir razılıq olmuşdu, 10 gün çəkiliş olmalıydı, 15000 dollara danışmışdıq. Ay yarım orda qalmağımı da, bütün xərcləri də onlar ödəməliydilər. Amma “Tərsinə çevrilmiş dünya” filminin çəkilişləri uzandığına görə ora gedə bilmədim. Çünki kontrakt imzalamışdım, film bitənə kimi heç yerə gedə bilməzdim.

 

-Əgər İrandan əlverişli şərtlərlə iş təklifi alsanız, gedərsiz?

 

Elnur: Təbii. İrandan bura aktyor gəlmişdi, "Tərsinə çevrilmiş dünya”ya çəkilməyə. Film İran və Azərbaycanın birgə istehsalıdır. Samir Qulamov, mən, bir də iranlı aktyor eyni səviyyəli rollarda idik - hər üçümüz polis əməkdaşlarını oynayırdıq. İranlı aktyor İran tərəfdən gününə 4000 dollar aldığı halda, biz qat-qat az alırdıq. Halbuki, mənim oyunumu hamı bəyənmişdi. Yanvarda gedəcəyik İrana, festival olacaq, görək neyləyirik. Çünki bu maaşla burda qalmaq sadəcə mümkün deyil.

 

-Siz reklamlara da çəkilirsiniz.

 

Elnur: Gürcülər gəlmişdi, iki saatıma 1000 manata reklam çəkilişinə razılıq verdim. Yaradıcı kollektiv də razı getdi, reklam sahibləri də. Özüm də rahat idim, çünki həm istədiyim məbləği almış, həm də onların istəyini yüzdə yüz yerinə yetirmişdim. Bizimkilərin verdiyi qonorar isə qaneedici olmadığından çəkilişdən boyun qaçırıram. Məsələn, bir dəfə 100 manat təklif eləmişdilər. Dedim ki, 1000 manatdan aşağı çəkilmirəm.

 

 Günel: Qazaxıstanda, Gürcüstanda reklama çəkilmişəm. Mənim sifətim deyirlər ki, avropalı sifətinə çox bənzəyir. Ona görə tez-tez xaricdən dəvət alıram.

 

-Teatr İnstitutunu bitirən gənclərin son illər daha çox televiziyaya üz tutmasında maddi amilin rolu, sizcə, nə qədərdir?

 

Elnur: Nə qədər yox e, bu elə 90 faiz maaşla bağlıdı. Yenə deyirəm, bir adam axşam 7-də məşqdən çıxıb restorana qaçırsa, ordan da 12-də çıxıb evinə gedir və səhər 11-də bura məşqə gəlirsə, bu adamda hansı yaradıcılıq gücü qalar? Düzdür, televiziya aparıcısıyam deyə məni tanıyırlar. Amma bu, mənə xoş deyil. Axı, niyə məni televiziyaya görə tanımalıdırlar? Mən axı teatr məktəbi qurtarmışam, kino məktəbini qurtarmışam...

 

-Bəs, sizə verilən rollardan necə, razısınızmı?

 

Günel: Elə rol olur ki, razı oluram, ürəyimdən olur, eləsi olur ki, razı olmaq istəmirəm. Ancaq məcburiyyət qarşısında oynamalı oluram.

 

-Roldan imtina hüququnuz yoxdu?

 

Elnur: Var, əlbəttə var, ancaq rejissorlar bunu səhv başa düşə  bilərlər. Belə anlarda onlara elə gəlir ki, guya sən onunla işləmək istəmirsən və bu, sonra problem yarada bilər.

 

- O bir daha sizə rol verməz.

 

Elnur: Yox, verir, ancaq verməsə, daha yaxşıdı. Düşmənçiliyə başlayırlar.

 

- Məsələn.

 

Elnur: Rejissordu, sözü keçir, əlinə düşən ilk fürsətdə səni vurur. Ona görə verilən rolları nə gəldi oynayırıq. Amma sonda təbii ki, səhnədə biz qalırıq deyə necə gəldi oynamırıq. Çünki tamaşaçı bizə baxır və bizdən nə isə gözləyir.

 

-Sizin arzunuzu nəzərə alıb tamaşa qoyublar?

 

Günel: Yox, elə şey olmayıb.

 

Elnur: Tamaşada rol almadığım və istədiyim rolu almadığım vaxt yazılı müraciətlər etmişəm.

 

-Hazırda “Romeo və Cülyetta ”da məşq edirsiniz. Sizcə, Şekspirə müraciət hansı zərurətdən doğub?

 

Elnur: Bu, rejissor Cənnət Səlimovanın klassik ənənəni davam etdirmək ideyası ilə bağlıdır və sırf sənət xarakteri daşıyır.

 

-Obrazı daha yaxşı oynamaq üçün dramturji mətndən və rejissor tapşırıqlarını yerinə yetirməkdən başqa daha neynəyirsiniz?

 

Elnur: Hələlik Rusiyadan gəlmiş məşqçi ilə döyüş səhnələrinin məşqini aparırıq. Filmlərə baxır, aktyorların oyunları ilə tanış oluruq, indi internetdə nə qədər istəsən, “Romeo-Culyetta” var, film də, tamaşa da. Zeferellinin çəkdiyi film mənim daha çox xoşuma gəlir.

 

Günel: Məsələ film və tamaşalarla bitmir. Hətta onlar bizə mane də ola bilər. Çünki Cənnət xanımın dediyinə görə, tamaşa fərqli yozum və quruluşda olacaq. Məsələn, hadisələrin başvermə zamanı bilinməyəcək, çünki rejossor hadisələri bu günə gətirmək istəyir.

 

-Erotika, triller, döyüş filmləri erasında romantik məhəbbət faciəsi! Erotik mövzulu tamaşada oynamaq təklifi alsanız, nə cavab verərsiniz?

 

Elnur: Bizdə əvvəllər bir tamaşa qoyulmuşdu: QİÇS-lə bağlı, gənclər gəlmişdilər, oturub gülürdülər. Nəyə gülürdülər, bilmirəm. Amma əminəm ki, yadlarında nə isə bir şey qaldı. İndi hər kəs bilir ki, təsadüfi cinsi əlaqələr çox yayılıb. Xaricdə erotik teatrlar bu mövzuda tamaşalar qoyur. Bizə gələndə hamı heyrətlənir: Necə yəni belə şey olar? Nazir müavini Ədalət Vəliyev yaxşı dedi: ”Bu tamaşa səhnədə göstərilənlərlə məşğul olmağı yox, bunlardan uzaq durmağı, bu səhvləri təkrar etməməyi məsləhət görür.”

 

-Tamaşaçı kontingenti toplamaqda da erotik mövzunun önəmi var.

 

Elnur: Bizdə heç teatr var ki, erotik mövzusu da olsun? (gülürlər) Biz hələ teatrlarımızı formalaşdırmağa çalışırıq. Teatrlar neçə illərdi ki, işləmir, plan verirlər. Əsl yaradıcılığın olması üçün rejissorlar olmalıdı və onlar işləməlidirlər.

 

-Knut Hamsunun eyni adlı romanı əsasında hazırlanmış “Viktoriya” tamaşasında hər ikiniz baş roldasınız. Rejissor Bəhram Osmanovla iş sizə necə təsir bağışladı?

 

Günel: Çox xoşuma gəldi. Mənim yaradıcılığımda indiyə kimi iki böyük dönüş olub. Birincisi, “Çimnaz xanım yuxudadır” tamaşasında Nabat obrazını oynayanda. Orda komik rol oynamışam, amma o vaxtacan inanmırdım ki, komediyada oynaya bilərəm. Özümü dramatik aktrisa kimi görürdüm. İkinci dəfə isə “Viktoriya”da. Bəhram Ocmanov mənim içimdən Viktoriyanı çıxara bildi - psixoloji rol oynadım. Hərdən anlaşılmaz məqamlar olsa da, onunla işləmək rahat idi. Çünki söhbət istedadlı, nə istədiyini dəqiq bilən rejissordan gedir.

 

-Başqa kimlərdə bu keyfiyyətlər var?

 

Elnur: Vaqif Əsədov, hələ gənc olmasına baxmayaraq, Nicat Kazımov...

 

Günel: Birini də mən deyim, Rafiq Əliyev.

 

-Tamaşalardan sonra banketlər olur?

 

Elnur: Bir dəfə, deyəsən, rus bölməsində belə bir şey olub. Başqası yadıma gəlmir. Ancaq bizdə daha çox dünyasını dəyişmiş adamların əsərlərini qoyurlar ki, banket verilməsin ( gülürlər).

 

-Viktoriya rolunda gözəl görünürsünüz. Sizi kim bəzəyir?

 

Günel: (gülərək) Özüm. Qrimyorlar var, sadəcə, qrimi özüm edirəm.

 

Elnur: Əgər bacarıramsa, mən də özümə üstünlük verirəm. Siyirməmə baxsanız, Almaniyadan gətirilmə qrim şeyləri ilə doludu. Mən qrim üçün internetə də baxıram. Kabuki teatrı var Yaponiyada, baxıram və heyrət edirəm ki, bunlar qrimlə necə işləyirlər.

 

-Sizdə birdən-birə üç kollektiv - Gənc Tamaşaçılar, Gənclər və Kamera teatrları birləşib. Əksəri də cavanlardı. Rol üstündə rəqabət olmur ki?

 

Günel: Qoy rəqabət olsun - sağlam, yaradıcı rəqabət. Bunun ancaq faydası ola bilər. Amma bizim kollektiv daxilində rəqabət yoxdur. Mənim dublyorlarım var - Asya Atakişiyeva. Nigar Məmmədova... Münasibətlərimiz tam normaldır.

 

Elnur: Bizim teatr əsasən gənclər teatrı olduğu üçün uşaq tamaşalarına həmişə üstünlük verib. Ona görə də bizdə həmişə rəqs səhnələri olub. Həmişə məşqlər keçirmişik ki, formada qalaq. Hətta yaşlılarımız belə rəqs eləməyi çox gözəl bacarırlar. Çünki həftədə iki dəfə trenajlar keçirilir. Çox xoş oldu ki, bizə yeni birləşən teatrların artistləri də bizim bu trenajlara qoşuldular. Hətta özləri də qeyd edirlər ki, bədənin plastikası baxımından biz daha çox hazırıq. Demək istəyirəm ki, qarşılıqlı anlaşma və sülh şəraitində yaşayırıq.

 

-Bir çox tamaşalarda partnyor olmusunuz. Bunun şəxsi münasibətlərinizə təsiri olur?

 

Günel: Yox.

 

-Bəs tərəf müqabilinlə münasibətin rola təsiri?

 

Elnur: Günellə mənim aramda bu olub. Biz tamaşalardan birində adi bir anlaşılmazhq üzündən küsüşdük və iki il danışmadıq. Aramızda yalnız salam, sağ ğol oldu.

 

-Və küsülü ola-ola sevgililəri oynamısınız?

 

Günel: Hələ desən, ər-arvadı da oynamışıq. Viktoriyanın məşqlərində bu soyuq müharibə hələ də gedirdi. Premyeraya yaxın barışdıq.

 

Elnur: Teatrda da hər bir sahədə olduğu kimi söz-söhbət olur, yəni ondan mənə, məndən də ona sözlər deyilir. Bir dəfə Günelə çatdırıblar ki, guya mən onun kökəldiyini demişəm. Əslində isə hadisə tamam başqa cür olmuşdu. Mən məşqdə Güneli yuxarı qaldırmalıydım, amma o gün belimdə ağrı varıydı. Aktyorlardan birindən xahiş elədim kı, hər ehtimala qarşı arxada dayansın ki, birdən belim sancılanar, yıxılaram. Güneli tutsun.

 

-Köklükdən söz düşmüşkən, formada qalmaq üçün nə edirsiz?

 

Günel: Qırx səkkiz kiloqramam, rəqslə məşğul olmuşam, indi də oluram. Spayderdə həftədə iki dəfə rəqs edirəm, Andrey Paviçin yanında. Üstəlik akrobatika ilə məşğulam. Nə gəldi də yeyirəm, heç bir problemsiz.

 

Elnur: Mən idmanla məşğul oluram. Konq-fu Tua üzrə 1997 ya 98-də respublika çempionu olmuşam. Dünya və milli rəqslərin hər biri ilə məşğulam. Ən çox kaskadyor hərəklətləri ilə maraqlanıram. Baxmayaraq ki, kinoda bunu eləmək risklidi. Əvvəllər hər şeyi özüm eləməyə can atırdım. Sonra bir iranlı aktyor mənə dedi ki, bir dəfə kaskadyorun hərəkətini özü etmək istəyib, boynunu sındırıb və filmin çəkilişləri ona görə altı ay ləngiyib. Bundan sonra bir az qorxdum. Amma teatr səhnəsində hər şeyi özüm eləməliyəm.

 

-Sənət həyatı bir yana, adi həyatı necə yaşayırsınız?

 

Günel: Adi insan həyatı təkcə bizdə yox, məncə, bütün Azərbaycanda qlobal bir problemdi. Bu, hər bir sahəyə aiddi. Bizim şəxsi həyata vaxtımız qalmır.

 

Elnur: Bazar ertəsi teatrın istirahət günüdü, mənim bütün film çəkilişlərim isə məhz bu gün olur. Yəni işsiz, asudə günüm olmur. Bütün günü burdayıq. Axşamlar evə gedib saat ikiyə kimi bir az televizorun, bir az da internetin qarşısında oturub, ikidə yatıram. Bir sözlə, həyat yoxdu.

 

Günel: Aktyorun beyni istirahət eləməlidi. Bizim obraz yaratmaq üçün müşahidə aparmağa belə vaxtımız qalmır.

 

-Özünüzü tanınmış aktyor sayırsınız?

 

Günel: Yox təbii ki. Amma tamaşadan çıxanda bayırda kimsə dayanıb səni gözləyirsə, təbrik edirsə, bu artıq nə isə deməkdir. Mənim bir balaca fanatım da var. Bütün tamaşalarıma gəlir, ən qabaq cərgədə oturur, çox şirindi. Özü də bir tamaşaya bir neçə dəfə baxır.

 

Elnur: Aktyor yoldaşımız Vüsal Mehrəliyevin bir fanatı var. Vüsalın bütün şəkillərini internetdən yığır, albomlar düzəldir, bütün tamaşalarına gəlir, valideynini də məcbur edir ki, onun şəkillərini çəksin. Bizim bütün aktyorlarımızın bir neçə belə fanatı var.

 

-Qadın olmaq aktrisa olmağa nə qədər mane olur?

 

Günel: Məncə, bu problem artıq yoxdur bizdə. Mən bunu ən azı öz həyatımla bağlı deyə bilərəm.

 

-Sənətə kimi görüb gəlmisiniz?

 

Günel: Mən bu suala cavab verməyəcəm. Qoy məndə qalsın. Kiminsə adını çəksəm, o birilər inciyər.

 

Elnur: Mən uşaqlıqdan Van Dammın fanatı olmuşam. Özüynən görüşənə qədər... O bura bir nəfərin ad gününə gəlmişdi. Mən məclisin aparıcısıydım. Bu məclisdən sonra ona simpatiyam azaldı. Gördüm ki, o da hamı kimi adi adamdır, hətta boyu məndən balacadır. Məncə, pərəstiş elədiyin adamı görməsən, yaxşıdır. Azərbaycan aktyorlarından isə Rasim Balayev, Fəxrəddin Manafov, Fuad Poladova rəğbətim var. Ümumən, bizim bir dərdimiz var - aktyorlarımız tanınmır. Söhbət adını çəkdiyim şəxslərdən getmir. Kim filmlərə çəkilibsə, tanınır, qalanları yox.

 

-Bir aktyor kimi özünüzü bəxti gətirmiş hesab edirsiniz?

 

Günel: Hardasa hə. Beş il ərzində ürəyimcə rollarda oynamış, gözəl rejissorlarla işləmişəm. İndi həm də “İbrus” teatrında işləyirəm. Ancaq mən adi, sıradan aktrisa olmaq istəmirəm. İstəyirəm ki, daha da irəli gedəm.

 

-Əgər filmlərə ardıcıl çəkilmək imkanınız olsa, teatrdan tamamilə imtina edərsiz?

 

Günel: Azərbaycanda yox. Dəvət olunsam, xaricə gedərəm. Mənə təklif olunmuşdu ki, Moskvada qalım, axı rus dilində oxumuşam, ancaq evdən narazıçılıq oldu deyə getmədim.

 

-Deməli, qadın olmağın sənətə maneəsi var.

 

(gülürlər)

 

-Axırıncı oxuduğunuz kitab hansıdır?

 

Günel: İndi Ceyn Eyrin “Şarlotta Bronte” romanını oxuyuram. Azərbaycan ədəbiyyatından isə yeni ədəbiyyatı oxumamışam. Bircə İlqar Fəhmidən başqa.

 

Elnur: Mən son dövrün ədəbiyyatı ilə maraqlanmıram. Maraqlı deyil. Çünki bilmirlər ki, nə yazırlar. Məsələn, adı deyəsən Sevinc Pərvanədi, mən o qıza nifrət edirəm. Sübut eləməyə hazıram ki, onun yazdıqları şeir deyil. Yazır ki, mənim atam oğraş idi, hər gün içirdi, bir gün yenə içib gəldi və məni anamla dəyişik saldı. Bir yerdə yazır ki, 15 yaşım var idi, bütün uşaqlar sinifdən çıxdı, mən müəllimlə tək qaldım və imtahandan beş aldım. Mən bunu nə cür qəbul edim. Müasirlik adıyla ağlına nə gəldi açıq-saçıq şeylər yazmaq ədəbiyyat deyil.

 

Günel: Xan Şuşinski “Şuşanın dağları”nı yazıb, ancaq görün Azərbaycana olan məhəbbətini mahnıda necə göstərib. Tənqidçilər burda nədən söz getdiyini son vaxtlar tapıblar. “Şuşanın dağılan, başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı”. Sən demə, bu, üçrəngli bayrağımıza işarədir. Xan Şuşinski burda işarələr dili ilə danışıb. Təkcə ona görə yox ki, açıq desə, sürgün oluna bilərdi. Həm də ona görə ki, sənətin dili bir az da gizli olmalıdır. Oxucuya da fikirləşib tapmaq üçün nəsə saxlamaq lazımdır.

 

- Bəs, gənc rejissorlar necə?

 

Elnur: Gənclərin filmləri maraqlıdı. Cavid Təvəkkül, Elxan Cəfərov, İlqar Nəcəf perspektivli cavan rejissorlardır. Onlara imkan vermək lazımdı ki, potensiallarını tam göstərə bilsinlər. Yaşlılar artıq öz sözlərini deyiblər, özlərini təkrara nə ehtiyac var ki?

 

Günel: Gənc rejissorlardan Rövşən İsaqın “Aktrisa” filminə çəkilmişəm. Onunla iş çox xoşuma gəlib. İlqar Saffatın “Sahə” filminin “Azərbaycan” kinoteatrmdakı premyerası bir həftə çəkdi, özü də bilet satışı ilə. Demək, tamaşaçı filmi bəyənmişdi. Samir Kərimoğlu və Elxan Cəfərov “Bəşəriyyətin xilası” filmini uğurla çəkiblər, hələ premyerası olmayıb.

 

- Tənqidə münasibətiniz...

 

Günel: Hansı tənqidi deyirsiniz ki? Tənqid var? İndi hardasa internetdə, mətbuatda resenziyalar yazır, fikir billdirirlər, amma bu, tənqid deyil. Bizdə teatr tənqidi yoxdur.

 

Elnur: Son vaxtlar hansısa teatr tənqidçisini teatrdan yazan görməmişəm. İlham Rəhimli, Aydın Talıbzadə... heç birini. İnqilab Kərimovu institutdan sonra ümumən görməmişəm. Məryəm Əlizadə aradabir gəlir tamaşaya, amma bir tənqidi məqaləsi yadıma gəlmir.

 

- Başqa nə demək istəyərdiniz?

 

Elnur: Adətən bizdən müsahibə alırlar. Sonra görürük ki, biz danışan kimi verməyiblər. Bu da elə olacaqsa, heç nə. Ancaq olduğu kimi qalsa, mən inanıram ki, burda qeyd etdiyimiz problemlər tezliklə həll olacaq. Teatr hal-hazırda gənclərin çiynindədi. Onun gələcək inkişafı gənclərin köməyi ilə olacaq. Gənclərə qayğı göstərmək lazımdı ki, teatrdan üz çevirməsinlər, sənətdən küsməsinlər.

 

Günel: Ümid edirik ki, sizin mətbuatda teatr həyatı, sənət problemləri ilə bağlı maraqlı yazılar çox olacaq.

 

- Maraqlı söhbətə görə hər ikinizə oxucular adından minnətdarlığımı bildirir, sizə həyat və sənətdə uğurlar arzu edirəm.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(26.07.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.