Könül, “Ədəbiyyat və incəsənət”
İtaliya musiqisi və poeziyası bəşəriyyətin ən qədim irsidir. Bu ölkəyə marağın kökündə də bu dayanır.
İtaliyanın Azərbaycandakı səfirliyində “Milyon illər sonra görüşdük” antologiyasının təqdimatı mərasimi oldu.
Və bu antologiyanın nəşri gözəl şairəmiz Nigar Həsənzadəyə məxsus “Söz” ədəbi-bədii layihəsi və İtaliyanın ölkəmizdəki diplomatik nümayəndəliyinin birgə təşəbbüsü sayəsində həyata keçirildi. Iayihə özlüyündə iki kitabın dərcini ehtiva edir: gənc italiyalı şairlərin Azərbaycanda tanıdılması və Azərbaycanın müasir poeziya nümunələrinin də İtaliyada təşviqi.
Gənc Azərbaycan şairlərinin antologiyası İtaliyanın “Capire Edizioni” nəşriyyatında, Azərbaycan dilində italyan şeirləri antologiyası isə Azərbaycanın “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb.
Təqdimat mərasimində çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dedi ki, Azərbaycan onun ölkəsi üçün çox mühüm dövlətdir. Onun sözlərinə görə, xalqlarımız arasında əlaqələrin çox qədim tarixi var. Səfir vurğuladı: “İki müxtəlif dillərdə danışsaq da, hisslərimiz çox yaxındır. Bu antologiyanın əhəmiyyəti ondan ibarətdir ki, layihə İtaliya ilə Azərbaycan arasında təkcə siyasi, iqtisadi əlaqələrin deyil, həm də ədəbi-mədəni sahələrdə əməkdaşlığın olduğunu göstərir. Mən bu təşəbbüs ilə çıxış etdiyinə görə Nigar Həsənzadəyə təşəkkürümü bildirirəm”.
Sonra şairə, Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq PEN-klubun üzvü, “Söz” ədəbi-bədii layihəsinin rəhbəri Nigar Həsənzadə çıxış edərək təqdimat mərasiminə və nəşrin ərsəyə gəlməsində dəstəyinə görə səfirliyə minnətdarlıq etdi.
O dedi:
-Bu qiymətli antologiyanın təqdimatı üçün səfirliyin seçdiyi məkan da kitabın özünün ruhuna və fəlsəfəsinə tam uyğundur. Bu iki antologiyada bir-birindən təkcə poetik üslubu ilə deyil, həm də daxili emosional vəziyyəti ilə fərqlənən gənc və istedadlı şairlərin əsərləri toplanılıb. İnanırıq ki, bu kitablar diqqətdən kənarda qalmayacaq və İtaliya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafında, xüsusən iki ölkənin gənc şairlərinin ünsiyyəti və əməkdaşlığının yaranmasında yeni imkanlar açacaq.
Nigar xanım Həsənzadədən layihə barədə bu bilgiləri aldıq. Layihənin ideyası 2019-cu ilin sentyabrında italyan şairi Davide Rondoninin, eləcə də Nigar Həsənzadənin təşəbbüsü ilə Bakıda keçirilən “Nəsimi - poeziya, incəsənət, mənəviyyat” festivalında yaranıb və ilk kitabın nəşri 2021-ci ildə baş tutub. İkincisi isə budur, tam iki ildən sonra ərsəyə gətirilib.
Əsərlərin tərcüməçisi Züleyxa Muradova, redaktoru Seyfəddin Hüseynov, layihənin əlaqələndiriciləri Aydan Əliyeva və İzabella Serradır.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)