Super User

Super User

 

 

Bu gün Azərbaycanın məşhur teatr və kino aktyoru, Azərbaycan SSR Xalq artisti Fuad Poladovun anadan olmasının 75-cü ildönümüdür.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967-72-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.

Sənətə 1966-cı ildə “İstintaq davam edir” filmində çəkildiyi “Səlim” rolu ilə gəlib. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında hazırlanan “Məhv olmuş gündəliklər” pyesinin tamaşasında “Savalan” rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da baş tutan tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. Həmin vaxtdan 1989-cu ilə qədər Akademik Milli Dram Teatrının truppasında çalışıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub.

Xalq artisti “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Dolu”, “Qara “Volqa”, “Qayınana” filmlərində (ümumilikdə 44 filmdə), “Şah Qacar”, “Qılınc və qələm”, “Yağışdan sonra”, “Mirzə Şəfi”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “İblis”, “Qara dəlik” və sair tamaşalarda rollar alıb.

Sonralar Fuad Poladovun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib. O, bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Aktyor 4 may 2018-ci ildə vəfat edib. Fuad Poladov “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)

 

Bu gün Azərbaycanın ilk pianoçu xanımı Xədicə Qayıbovanın doğum günüdür.

Anadan olmasından 130 il ötməsinə baxmayaraq Xədicə Qayıbovanın adı bu gün də böyük hörmət və ehtiramla çəkilir.

 

Ailənin altıncı övladı olan Xədicə Qayıbova 1893-cü il mayın 24-də Tiflisdə tanınmış ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Anası Züleyxa xanım XIX yüz ildə Tiflisdə məskunlaşan tatar Terequlovlar nəslindən idi. Hər ikisi ziyalı olan valideynləri qızlarının yaxşı təhsil almasını istəyirdilər. Xədicə xanım Qayıbova ilk təhsilini “Müqəddəs Nina” Qızlar Məktəbində alıb. 1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurur. Professor N.Nikolayevin Fortepiano sinfində isə xüsusi kursu qızılı haşiyəli diplomla bitirir. Həmin il Tiflisdə vərəm xəstəliyi yayılır. Bu bəla Xədicəgilin ailəsindən də yan keçmir. Xədicə xanım gənc yaşında atasını, bacısını və qardaşını itirir. Bu səbəbdən də bir müddət təhsilini davam etdirə bilmir. Ailəsini itirməsi ona çox pis təsir edir və dərin sarsıntı keçirir. X.Qayıbova Azərbaycanın ilk tibb bacısı Nigar Şıxlinskayanın qardaşı mühəndis Nadir Qayıbovla 1911-ci ildə ailə qurur. Nadir Qayıbov Qafqazın müftisi, böyük maarifpərvər Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu idi. Mirzə Hüseyn Qayıbzadə “Məşhur Azərbaycan şairlərinin şeirləri” adlı dörd cildlik toplunun müəllifidir. O, bütün Qafqazda məşhur olan və Azərbaycan mədəniyyəti, həm də maarifi tarixində xüsusi yeri olan Qori seminariyasının Azərbaycan bölməsinin açılmasında təşəbbüskarlardan biri olub.

Xədicə Qayıbova bir müddət Tiflisdə Azərbaycan məktəbində dərs deyir. 1919-cu ildə Qayıbovlar ailəsi Bakıya köçür. Çünki Bakıda Xədicə xanım üçün əlverişli musiqi mühiti vardı. O dönəmlərdə Bakıda xanım musiqiçilərə çox böyük ehtiyac yaranmışdı. Bu ehtiyacın yaranma səbəbi dahi Üzeyir Hacıbəyli idi. O, qadın musiqiçilərin səhnəyə cəlb edilməsinə xüsusi önəm verirdi. Xədicə xanım səhnə üçün yaranmışdı və səhnə də ona qollarını geniş açmış şəkildə gözləyirdi. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edir, konsertlər verir, tələbələr hazırlayırdı. Xüsusi görüşlərdə, musiqi gecələrində həm özü, həm də yetirmələri ilə çıxış edirdi. Onun evi də Bakının yüksək mədəni təbəqəsinin görüş yeri sayılırdı. Musiqi, ədəbiyyat məclislərinin sədası onun evindən ətrafa yayılırdı. Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, xarici qonaqlar, özəlliklə Türkiyədən gələn alimlər, şairlər olurdu. 

Sovet dövründə X.Qayıbova musiqi mədəniyyətində daha fəal iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra layihələrlə çıxış edir. Onun bu istiqamətdə fəaliyyəti əsasən maarifçilik missiyalı idi. Sonra o, Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılır. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi respublikanın mədəni həyatında fəal iştirak edirdi. Dövrünün görkəmli sənətkarları ilə çalışır, Azərbaycan musiqi folklorunun toplanmasında fəal iştirak edirdi. Adı keçən kurs ləğv edildikdən sonra o, 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında Nəzəriyyə və bəstəkarlıq ixtisası üzrə professor L.Abdan dərs alır. Xədicə xanım tək musiqi fəaliyyəti ilə kifayətlənmir, ictimai həyatda da fəal iştirak edirdi.

Həyat yoldaşı Nadir Qayıbov da repressiya qurbanı olandan sonra Xədicə Qayıbova ikinci dəfə ailə qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşad Qayıbov da 1933-cü ildə həbs edilir. Ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də 1933-cü ildə sovet hüquq-mühafizə orqanları şübhəli şəxs kimi Xədicə xanımı 3 ay müddətinə həbs edir. O da həyat yoldaşı kimi “casusluq”da ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil tapmadıqlarına görə həbsdən azad etməli olublar. Azad olunduqdan sonra, 1934-cü ildən Xədicə xanım konservatoriyada elmi fəaliyyətlə məşğul olmağa başlayır, ömrünü Azərbaycanın musiqi mirasının araşdırılmasına sərf edir. Çox keçmir ki, 1937-ci ildə onun həyat yoldaşını yenidən həbs edirlər. Amma bu dəfə geri qayıtmır və Rəşad Qayıbov 1938-ci ildə qətlə yetirilir. Taleyin amansız sınaqlarına baxmayaraq, X.Qayıbova enerjili, nikbin və təşəbbüskar bir qadın idi.

1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın Birinci bölməsinin üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi. Arayışda bildirilirdi: “Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra X.Qayıbova öz evində Müsavat Partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə X.Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. X.Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əks-inqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən X.Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb olunmalıdır”. 

Bu arayış öz ardı ilə çox böyük fəlakətlər gətirdi. Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17-də həbs edilir və aprelin 28-dək müstəntiq tərəfindən 9 dəfə dindirilir. 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə, casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnir. 

Zaman zalımların və elə cəlladların da cəlladı ola bilər, öz hökmünü gec versə belə... – Güllələnmə hökmünə səbəb olanlar bir müddət sonra özləri də məhkəmə qarşısına çıxarılır. 1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova anasının günahsız həbs olunaraq güllələnməsi haqqında Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və anası haqqında ətraflı məlumat istəyir.

Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir.

Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)

 

Qırğız Respublikasının Oş şəhərində Çingiz Aytmatovun 95 illik və Muxtar Auezovun 125 illik yubileylərinə həsr olunmuş VII Beynəlxalq "Dünya xalqlarının dastanları" Festivalı keçirilib. Festivalın əsas təşkilatçıları sırasında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yer alıb.

 

Fonddan verilən məlumata görə, festival çərçivəsində dörd gün ərzində 20-dən çox ölkədən elmi, mədəni və yaradıcı nümayəndə heyətləri “Zaman və məkanda dastançının mətni” beynəlxalq elmi-praktik simpoziumunda, sənətkarlıq və xalq yaradıcılığı sərgisində, rəvayətçilərin və dastançıların müsabiqəsində, eləcə də "Mədəni müxtəlifliyin paradı" adlı teatrlaşdırılmış qala - konsertində iştirak ediblər. 

Festivalda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu təşkilatın layihə rəhbəri Mirbek Karıbayev təmsil edib.

Festivalın açılış mərasimində Qırğız Respublikasının dövlət katibi Suyunbek Kasmambetov Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakçılara müraciətini oxuyub.

Festival çərçivəsində “Zaman və məkanda dastançının mətni” adlı beynəlxalq elmi-praktik simpoziumu gerçəkləşib. Simpoziumun açılış mərasimində Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Kayrat İmanaliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Mirbek Karıbayev, Oş Dövlət Universitetinin rektoru Kudaiberdi Kojobekov çıxış ediblər.

Simpoziumda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş Azərbaycanlı manasşünas Adil Cəmilin “Manas eposu və türk dastançılıq ənənələri” kitabının təqdimatı keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Beynəlxalq Türk Akademiyası ilə birgə nəşr etdirdiyi “Сагымбайдын Манасы” kitabının təqdimatının planlaşdırıldığı da diqqətə çatdırılıb.

Təqdimat mərasimində çıxış edən tanınmış türkoloq, tarix üzrə elmlər doktoru Süleyman Kayıpov Adil Cəmilin müəllifi olduğu kitabın “Manas” dastanına yeni və zəruri yanaşmanı ifadə etdiyini və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edib.

Simpoziumda 20-dən çox ölkədən 60-a yaxın alim iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)

May ayının 26-da Azərbaycanın Xalq Yazıçısı Elmira Axundovanın 70 illiyini qeyd edəcəyik. Bu münasibətlə Elxan Zal Qaraxanın yazdığı “Elmira Axundovanın portretinə yazıçı ştrixləri” yazısını oxucularımızın diqqətinə çatdırırıq.

 

 AYB-nin Natəvan klubunda Heydər Əliyevin 100 illiyi ilə bağlı buraxılan xatirə kitabının təqdimatı keçirilirdi. Kitabda Yazıçılar Birliyinin üzvü olan bir çox qələm və fikir adamlarının Ümummilli lider barədə müxtəlif illərdə yazdıqları yazılar toplanıb. Anar, Elçin, İsa Həbibbəyli, Elmira Axundova..., qısası, mən qarışıq çox adamların yazıları vardı bu kitabda. Tədbirdə Elmira xanım Axundova ilə yanaşı oturmuşduq, xətiblərin çıxışları bir-birini sıralayırdı, biz də dinləyirdik və söhbətlər əsnasında qəfil bir fikir yaxaladı düşüncəmi: Görəsən Heydər Əliyev xatirəsi önündə məclisdə və ya kitabda yazıları çıxanlar arasında neçə adam, yanımda əyləşmiş bu gözəl və füsunkar xanım qədər əmək sərf edib? Hər halda çox olmaz-deyə düşündüm, çünki Elmira Axundova deyəndə adamın fikrinə ilk öncə - Heydər Əliyevin  bioqrafı məvhumu gəlir. Elmira xanım sözün əsl mənasında Heydər Əliyev irsinin araşdırılmasına bir ömür həsr edib, hər halda yeddi cild bədii-bioqrafik tədqiqat işi yazıb nəşr etdirmək elə-belə məsələ deyil.

Elmira Axundova dünyanın müxtəlif ölkələrində, müxtəlif dillərdə çap edilmiş qırxa yaxın bioqrafik, siyasi detektiv, bədii-publisist və sənədli tarixi roman janrında kitabların müəllifidir, amma Heydər Əliyev barədə yazdığı çoxcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” əsəri hələlik onun “şah əsəri” hesab edilir. Zənnimcə bu əsər yalnız Heydər Əliyev barədə bioqrafik tədqiqat deyil, böyük və maraqlı bir Epoxanın möhtəşəm səlnaməsidir.

Əsərin 2007-ci il nəşrlərinə önsöz yazmış böyük dostumuz, görkəmli qazax şairi Oljas Suleymenov bu möhtəşəm səlnamə barədə belə deyir: “Mənəvi və bədii axtarışları və imkanları maksimal dərəcədə ifadə edən əsər müəllifin şah əsəri hesab edilir. Hər yazıçının şah əsəri olmur və ola da bilməz. Qələm adamlarının özlərinə verdikləri qiymətlə oxucuların ona verdiyi qiymət heç də həmişə üst-üstə düşmür. Amma bu əsərdə əks olunan  gerçək hekayətlərin səmimiliyi, açıqlığı, hadisələrin şahidlərini dilləndirməyi bacarmış müəllifin qeyri-adi ustalığı sayəsində sözün həqiqi mənasında sanballı sənədli proza nümunəsi və yazıçı-publisistin şah əsəri olan bir roman ərsəyə gəlib”.

Oljasdan söz düşmüşkən, mən Elmira xanımla ilk dəfə əyani şəkildə Oljas Suleymenovun yubililey tədbirində tanış olmuşam. Azərbaycanın intelektual elitasının iştirakı ilə keçirilən tədbir Qəbələdə, “Qafqaz” otelində baş tutmuşdu və aparıcı qismində də Elmira Axundova çıxış edirdi. Mən Oljas Suleymenov poeziyasının çox böyük qismini azərbaycancaya çevirmiş bir şair olaraq tam məsuliyyətlə deyə bilərəm ki, Elmira xanım onun poeziyasına çox dərindən bələd olan bir insandır. Tədbirdə Oljas poeziyasından böyük sevgi ilə danışan Elmira xanım əzbərdən söyləyirdi onun şeirlərini. Və onun ifasında artistizm, saxtakarlıq yox idi, o ürəkdən danışırdı, şeirləri ürəkdən deyirdi. Ümumən, yaxşı bilirəm ki, mənim tanıdığım Elmira Axundova nə edirsə etsin, onu ürəkdən, sevə-sevə edir. Məncə bu xüsusiyyət yalnız həyatda deyi, yaradıcılıqda da onun böyük üstünlüyüdür. Oljasın “Mən xalqa heç vaxt yalan danışmadım” misrası bitən bir şeirini  deyəndən sonra isə onun gözlərindən yaş gəldi, çünki onun könül dünyası doğruluğa təşnədir. Möhtəşəm poeziyanın verdiyi mükafat - iki damla yaş! Bax budur ədəbiyyat, bax budur sənət. İçində sevgi və səmimiyyət olmayan adam böyük sənətkar ola bilməz.

İndi, Elmira Axundovanın yazılarını oxuyarkən Qəbələdəki həmin an keçir xəyalımdam, səhifədən-səhifəyə keçdikcə onu daha yaxşı tanımağa başlayıram, səmimiyyətinin aurasında əriyirəm sanki. Bir insan, yazıçı öncə özü yazdıqlarına bütün varlığı ilə inanmasa, oxucuları da inandıra bilməz. Amma o inandırır, çünki inandığı şeylərdən yazır, gənc yazıçı Kəramətdən də yazanda, Azərbaycan tarixinin gəlib getmiş ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyevdən də yazanda bunu eyni sevgi, eyni səmimiyyətlə edir. Tarixdə, antik dövrdən başlayaraq bu günə kimi hökmdarlar barədə yüzlərlə, bəlkə də minlərlə əsərlər yazılıb, amma yalnız bunu bədii şəkildə gələcək nəsillərə çatdıra bilən yazıçılar çıxıb zamanın sınağından. Deyərdim ki, Herodotun, Ktesiyin, Strabonun, Plutarxın, Rəşidəddinin və bu qəbildən olan çoxsaylı yazıçıların yazdıqları faktoloji xronikalar deyil, bədii sənət nümunələridir, yəni ədəbiyyatın bir janrıdır. Ya götürək Firdovsinin “Şahnamə”sini, Nizaminin “Xəmsə”sini, bunlar da bir növ qədim hökmdarlar, Keyxosrov, İskəndər, Xosrov Pərviz, Bəhran Gur və başqaları barədə bioqrafiq romanlardır. Hər yazıçı yaradıcılığında öz üslubuna uyğun olaraq bir janr seçir. Akademik İsa Həbibbəyli Elmira Axundovanın yazdığı kitabların janrını sənədli-bioqrafiq-roman-tədqiqat kimi xarakterizə edir. Mən bilən, əvvəllər bizdə belə bir janrda yazanlar olmayıb, yəni Elmira xanım bu janrın pioneridir. Əlbəttə janra ad qoymaq ədəbiyyatşünasların işidir, mənim anlamımda isə yazıçı yazısına başlayanda heç zaman janr barədə düşünməz, janrı yazıçının üslubu və ortaya qoyduğu mətn müəyyən edir. Forma baxımından mən Elmira xanımın “Heydər Əliyev. Şəxsiyyət və zaman” epopeyasını Çingiz xan xanədanının bioqrafı, daha dəqiq desək səlnaməçisi, bu janrın dünya tarixində ən böyük nümamayəndələrindən olan Fəzlullah Rəşidəddinin “Cəmi ət təvarix” əsəri ilə müqayisə edərdim. Təbrizdə, Elxanilər sarayında yazıb yaratmış Rəşidəddinin əsərini də, İsa müəllimin təbirincə decək “sənətli-bioqrafiq-roman-tədqiqat” adlandırmaq olar, çünki Rəşidəddin öz ölməz əsərində Çingizxanın bioqrafiyası fonunda bütöv bir dönəmin, bütöv bir epoxanın tarixini bədii bir şəkildə ortaya qoyub. Heç bilmirəm nəyə körə Rəşidəddinlə eyni dövrdə, eyni xanədana xidmət eləmiş Nəsirəddin Tusi Azərbaycanda geniş təbliğ olunur, Rəşidəddinə isə ögey bir münasibət var. Hər halda Rəşidəddinin Azərbaycana aidiyyatı Nəsirəddin Tusininkindən heç də az deyil. Amma maraqlıdır ki, Rəşidəddinin ortaya qoyduğu üslub yüz illər keçəndən sonra azərbaycanlı yazıçı Elmira Axundovanın yaradıcılığıda yenidən təcəlla elədi. Nə bilim, bəlkə də burada mənəvi varislikdən başqa bir genetik varislik də var. Hər halda Elmira xanımın əcdadlarının yaşadığı Masallı Təbrizdən o qədər də uzaqda deyil. Nə bilim vallah, hər şeyin doğrusunu bilən yalnız Allahdır. Amma Elmira Axundova da eynən Fəzlullah Rəşidəddin kimi, Heydər Əliyev şəxsiyyətinin fonunda Onun yaşadığı böyük bir dönəmin, böyük bir epoxanın səlnaməsini yaradır.

Hələ “Heydər Əliyev. Şəxsiyyət və zaman” epopeyası ortaya çıxmamışdan öncə, 2003- cü ildə onun “Həqiqət anı” kitabı çıxmışdı. Elmira xanım  Ümummilli lider haqqında yazmağa 1990-cı illərin ortalarından başlayıb. Dövlət başçısının əksər xarici səfərlərində onu müşayiət edən jurnalistlər qrupunun dəyişməz üzvlərindən və səfər boyu Heydər Əliyevin daha çox ünsiyyət saxladığı jurnalistlərdən olub. Əvvəlcə bu yazılar tələbə uyğun olaraq informativ xarakter daşıyır, səfər təəssüratları kimi qələmə alınırdı. Sonradan Heydər Əliyevin xarici siyasət strategiyasının əsas istiqamətlərini əks etdirən bu analitik-informativ yazılar Elmira Axundovanın "Həqiqət anı" adlı bu kitabında toplandı. Bu kitab haqqında rəy bildirən insanların əksəriyyəti buradakı materialların obyektivliyini və səmimiyyətini xüsusi vurğuladılar.

Kitaba ön söz yazmış Vaqif Səmədoğlu da onun yaradıcılığının bu aspektini xüsusi qeyd edir və bildirir ki: “Həqiqər anı” kitabının əsas qəhrəmanı şübbhəsis ki, Epoxadır”. Elmira Axundovanı Azərbaycan publisistikasının ən nüfuzlu, ən istedadlı nümayəndələrindən biri olduğunu xüsusi qeyd edən böyük Ustad, fransızlar demiş, metr Vaqif Səmədoğlu, onun “Həqiqət anı”nda toplanmış, prezident Heydər Əliyevin fəaliyyətini əks etdirən və Azərbaycan və Rusiyada dərc edilən yazılarını yalançı pafosdan, yaltaq ibarələrdən uzaq əsərlər kimi dəyərləndirir. Vaqif Səmədoğluna yaxşı bələd olanlar bilirlər ki, o, həyatı boyu heç kim barədə yalançı bir cümlə də yazmayıb, çünki istedadlı yazı barədə onun öz baxış bucağı vardı. Böyük Ustad mənim “Torqovu peyzajı” kitabıma da ön söz yazıb və bu aspektdən baxanda Elmira xanımla aramızda bir doğmalıqda var – hər ikimiz Vaqif Səmədoğlunun barəsində söz yazdığı nadir adamlardanıq və mən yəqin bilirəm ki, Vaqif Səmədoğlu Elmira xanımın yazılarındakı sevginini və səmimiliyi görməsəydi, duymasaydı  onlar barədə söz deməzdi. Amma Elmira Axundova sevgi və səmimiyyətini mətnə hopdurmağı bacaran yaradıcılardandır. Bu sevgi və səmimiyyət sonradan çoxcildlik bir epopeya ortaya çıxardı və cəmiyyət də bu əsərləri sevdi, çünki kiminsə sevgisini qazanmaqüçün öncə gərək özün sevməyi bacarasan.  Əlbəttə, Heydər Əliyev kimi qlobal bir şəxsiyyət barədə sənədli-bioqrafiq-roman-tədqiqat əsəri yazmaq üçün yalnız sevgi və səmimiyyət yetərli olmaz, bu iş həm də böyük istedad, ustalıq və zəhmət tələb edir. Bu prosesdə gərək yüzlərlə arxiv materialları ilə işləyəsən, müxtəlif ölkələrdə Heydər Əliyevi tanıyan saysız hesabsız insanla görüşəsən, sonra toplanan materialları saf-çarük edəsən və bundan sonra yazmağa başlayasan. Bütün bunlar böyük zəhmət, ustalıq və istedad tələb edir. Zənnimcə, Elmira xanım bu işin öhdəsindən ləyaqətlə gəlib. Tanınmış yazıçı Natiq Rəsulzadənin qeyd etdiyi kimi,

Heydər Əliyevin həyat və yaradıcılığının əhatə olunduğu altı cildlikdə maraqsız, dolğun olmayan hadisələr və müəllifin dərin fikri ilə zəngin olmayan bir dənə də olsun məqam, bir dənə də  “boş” səhifə yoxdur. Hər şey əvvəldən sona qədər azalmayan maraqla, həvəslə oxunur. Odur ki, kitabdan ayrılmaq qeyri mümkündür, dahi şəxsiyyətin zəngin bioqrafiyası və fəaliyyəti detektiv roman, bestseller, bütün dövrlərin ən yaxşı bestselleri kimi təqdim edilir. Müəllifin yüksək professionalizmi də məhz elə bundadır”.

Sözün düzü, cəsarətlə demək olar ki, Elmira xanım yalnız dövlət başçılarımızın bioqrafı  deyil, deyərdim ki, müstəqil Azərbaycan dövlətçiliyinin hələ ki, ilk səlnaməçisidir. Onun son kitablarından olan "Ədəbi səyahətlər: zaman, süjetlər, fikirlər..."də etiraf etdiyinə görə, bu səlnamələri yaratmaq istəyinin kökü məhz mərhum Prezidentin özünə bağlı imiş. Heydər Əliyev istəyirmiş ki, Elmira Axundova gələcəkdə onun irsini və fəaliyyətini araşdırsın, salnaməçisi, həyat yolunun, ölkəyə və xalq rəhbərlik fəaliyyətinin, dövlətçilik siaysətinin, Azərbaycan uğrunda mübarizəsinin tərəfsiz və obyektiv tərcümanı  olsun.

Zaman göstərdi ki, Elmira Axundova Onun arzusunu layiqincə yerinə yetirdi. Heydər Əliyevlə bağlı sənədli epopeya yaratmaqla yalnız həmin vaxta qədər yazılanları, arxiv  materiallarını öyrənməklə kifayətlənmədi. Tək Azərbaycanı deyil, bütün keçmiş Sovet İttifaqını, Azərbaycanla sıx qarşılıqlı əlaqələrə malik olan ölkələri gəzib dolaşdı. Onlarla siyasətçi, dövlət adamı, hərbçi, elm və mədəniyyət xadimi, sadə əməkçi ilə görüşüb söhbətlər elədi. Şəxsi müşahidələrini, söhbətlərini sistemə saldı. Nəticədə artıq bir neçə xarici dilə tərcümə olunmuş yeddi kitabdan ibarət olacaq altı cildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-epopeyasını ortaya qoydu. Aydın məsələdir ki, gələcəkdə də Heydər Əliyev haqqında yeni-yeni kitablar yazılacaq. Ancaq əminliklə demək olar ki,  onların heç biri fakt-sənəd baxımından "Şəxsiyyət və zaman"ın orbitindən, təsir dairəsindən kənara çıxa bilməyəcək.

Bütün bunlar böyük, titanik zəhmət tələb edir, deyirəm, yazılanlara görə Rəşidəddin “Cəmi ət-təvarixi”  yazanda onun sərəncamına böyük “yazarlar və alimlər ordusu” verilmişdi. Bilmirəm Elmira xanımın sərəncamında belə “alim ordusu” olubmu, amma o gördüyü çətin işin öhdəsindən çox böyük ustalıqla gəlib. Bu əsərlər barədə fikirlərini bölüşən akademik İsa Həbibbəyli bildirir ki, müəllif “öz fədakar əməyi nəticəsində bütöv bir elmi tədqiqat institunun fəaliyyətinə bərabər iş görüb”. Tanınmış rus tarixçisi Roy Medvedev də Elmira xanımın yaradıcılığı və ustalığı qarşısında öz heyrətini gizləyə bilmir: “Mən tarixçi və siyasi bioqrafiyalar üzrə peşəkaram. Sovet və Rusiya Olimpinin demək olar ki, bütün liderləri barədə yazmışam. Lakin bizm janrda indiyə qədər belə kitab olmayıb. Qətiyyətlə deyə bilərəm ki, bu kitablar, liderlər barədə kitabların ən yaxşısıdır”.

Ümumiyyətlə yazmaq, yaratmaq Elmira xanımın stixiyasıdır, o bir an da yaradıcılıqdan qalmır, yazdığı "İlham Əliyev: Dəyişikliklər fonunda Prezidentin portreti" kitabı da indiyə qədər bir çox xarici dillərə  tərcümə edilib.

Bu günlərdə isə E. Axundovanın "Ədəbi səyahətlər: zaman, süjetlər, fikirlər..." adlı yeni bir kitabı da çıxdı. Burada hər biri bir insan taleyinə işıq salan, maraqlı və cəlbedici üslubda qələmə alınmış portret-oçerklər toplanıb. Kitabdakı məqalə və oçerklərdə ədəbiyyat, elm, mədəniyyət sahəsində fəaliyət göstərmiş, bu gün də ön səflərdə olan onlarla insanın biri-birindən maraqlı, görümlü portretləri yaradılıb. Həmin "söz tablolarını" birləşdirən ümumi mənəvi-psixoloji cəhət - əgər bir kəlmə ilə ifadə etmək lazım gəlsə, qədirbilənlik adlandırıla bilər. Çünki Elmira Axundova milli mədəniyyətə xidmət etmiş, xalqın tarixində kiçik də olsa iz qoymuş hər bir sənət fədaisinin, qələm adamının, ictimai-siyasi xadimin həqiqi və layiqli qiymətini almasına çalışan bir insandır.

Tanınmış qələm adamları İsmayıl Şıxlı, Anar, Elçin, Vidadi Babanlı, Məmməd Oruc, Vilayət Quliyev haqqındakı məqalələri və portret ştrixləri ədəbi duyumun həssaslığı, ədəbiyyatın borc və vəzifələrinə baxış prinsipiallığı ilə seçilir. Bu oçerklərdə diqqəti çəkən başqa bir mühüm cəhət isə onun məşğulluğuna və məşhurluğuna baxmayaraq, ədəbi həyatın gündəlik qayğıları ilə yaşamağı bacarmasıdır. Professor Arif Hacıyev,  Siyavuş Məmmədzadə,  tənqidçi  Həsən Quliyev,  naşir və tərcüməçi Azər Mustafazadə, Yusif və Vaqif Səmədoğlular, rejissor Əli Qafarov,  jurnalist Elmira Əmrahqızı kimi insanlar haqda işıqlı-kədərli rekviyemləri təəssüf və ağrı hissi keçirmədən oxumaq olmur.

Azərbaycanın dostları və təbliğatçıları kimi tanınan məşhur qazax şairi Oljas Suleymenev, tənqidçi-publisist, "Literaturnaya qazeta"nın xüsusi müxbiri Lyudmila Lavrova, İsraildə milli maraqlarımızın ehtiraslı müdafiəçisi Arye Qut, hərb tariximizə dair qiymətli araşdırmaların müəllifi Rudolf İvanov, daim haqq işimizin tərəfdarı kimi gördüyümüz Qalina Mikeladze nəcib, minnətdar boyalarla təqdim edilir.

Mövzuya müraciət səbəbləri müxtəlif olsa da, məqalələrin hamısını birləşdirən bir ümumi cəhət var - "xalq öz qəhrəmanlarını tanımalıdır".  Gizli deyil ki, yaxşı tanıdığın, eyni zamanda cəmiyyətdə yetərincə tanınan insanlar haqda danışmaq asan olduğu qədər də çətindir. Bu kitab, görkəmli ədəbiyyatşünas və diplomat Vilayət Quliyevin qeyd etdiyi kimi, "tanış üzlər" mövzusunda tanış olmadığımız, bilmədiyimiz faktlar, müşahidə və təəssüratlar toplusudur. Özünəməxsus ensiklopediyadır, cəlbedici ədəbi-bədii soraq kitabçasıdır, kədəri və sevinci, acıları və qürur hissi ilə dolu bütöv bir insan tipləri  qalereyasıdır.

Gördüyümüz kimi böyük yazıçı, yorulmaz publisist, gözəl qadın, ən əsası isə əqidəsinə, Vətəninə sadiq insan olan Elmirə Axundova yaşadığımız zamanın səlnamələrini yaratmaqla bərabər, müasirlərinin, qələm yoldaşlarının da təkrarsız portretlərini yaradır. Bu yazı da mənim Elmira xanımın təkrarsız portretinə əlavə etdiyim ştrixlərdir.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)

 

 

 

 

 

 

 

Muğamın vətənində muğamla bağlı müsabiqələrin keçirilməsi bir ənənə şəklini alıb. “Kainat” Gənclik Mərkəzinin layihəsi ilə ənənəvi olaraq keçirilən Beynəlxalq Uşaq Muğam Festivalı da bu qəbildəndir və bu il festival 13-cü dəfə müxtəlif ölkələrdən ifaçıları bir araya gətirib. 

 

Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin iştirakı, “Nurgün Group” və “Bestcomp Group”un sponsorluğu, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən festivalın final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutub.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mərasimi “Kainat” Gənclik Mərkəzinin direktoru Kamran Rəsulzadə açaraq söyləyib:

“Böyük pandemiya fasiləsindən sonra davam edən builki festival Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivalın məqsədi muğam sənətimizi respublikamızda və xaricdə təbliğ etməkdir. 1996-cı ildə respublika miqyaslı festival kimi əsası qoyulan və daha sonra beynəlxalq festivala çevrilən layihə müxtəlif ölkələrdən istedadların (16 yaşadək) üzə çıxarılması və dəstəklənməsinə, muğam sənətinin yaşadılması və təbliğinə, yaradıcılıq əlaqələrinə və bu sənətin tədrisi sahəsində təcrübə mübadiləsinə töhfə verir.

Final mərhələsində festivalın formatına uyğun olaraq hər ölkəni 3 gənc istedad və 1 mütəxəssis (beynəlmiləl münsiflər heyətinin üzvü) təmsil edib.

Görkəmli tarzən, Xalq artisti Ağasəlim Abdullayevin sədrlik etdiyi beynəlxalq münsiflər heyəti qarşısında Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan ifaçılar öz məharətlərini nümayiş etdiriblər.”

 

Mərasimdə əsas məqam festivalın qaliblərinin elan edilməsi olub. 

 

Festivalın baş mükafatı:

Mətləb Əhmədzadə (Azərbaycan);

 

I yer Bark Örenoğlu (Türkiyə);

         Soyun Orazdurdiyev (Türkmənistan), 

 

II yer Mədinə Kərimjonova (Özbəkistan) 

          Salar Purmuhseni (İran) 

 

III yer Aybike Kadıraliyeva (Qırğızıstan) 

           Madi Yeldessov (Qazaxıstan) 

           Yusif Sadıqov (Azərbaycan) 

 

Bundan başqa, “Festivalın ən gənc əcnəbi iştirakçısı” nominasiyası üzrə Şahzoda Jalolova (Özbəkistan) və “Yüksək milli koloritin nümayişinə görə” nominasiyası üzrə Soyun Orazdurdiyev (Türkmənistan) Azərbaycan Mədəniyyət Nazirliyinin diplom və mükafatlarına layiq görülüblər.

Həmçinin beş iştirakçıya həvəsləndirici mükafat, eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyi və festivalın təşkilat komitəsi tərəfindən xüsusi nominasiyalar üzrə laureat olan iştirakçılara diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, XIII Beynəlxalq Uşaq Muğam Festivalının Azərbaycan üzrə seçimləri aprelin 15-də keçirilib və 78 iddiaçı arasından 3 nəfər finalda ölkəmizi təmsil etmək hüququ qazanmışdı.

Bütün qalibləri təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə açıq havada kitab sərgisi açılıb.

 

Baş İdarənin məlumatına görə, sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən kitablar və kitabxananın fonduna daxil olan yeni nəşrlər nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)

 

Sankt-Peterburq şəhərində “Azərbaycan nəsri antologiyası” kitabının birinci cildi çapdan çıxıb.

 

AzərTAC xəbər verir ki, antologiyada 1960-cı illərdən idiyədək yazıb-yaradan iyirmi dörd müəllifin müxtəlif janrlarda hekayələri toplanıb. 

Antologiyanın ideya müəllifi BDU-nun müəllimi, yazıçı, filologiya elmləri doktoru, professor Vaqif Sultanlı, tərtibatçısı, redaktoru və “Ön söz” müəllifi Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, türkoloq, yazıçı Şahnaz Kamaldır. 

Kitab UNESCO üzrə Azərbaycan Milli Komissiyasının maliyyə dəstəyi ilə nəşr olunub.

Kitabın nəşrinə Azərbaycanın Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev, UNESCO üzrə Azərbaycan Respublikasının Milli

Komissiyasının baş katibi Seymur Fətəliyev köməklik göstərib.

 

“Ədəbiytat və incəsənət”

(24.05.2023)

 

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə DGTYB -nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində 44 günlük Vətən müharibəsi iştirakçısı olan yazarların müxtəlif janr və məzmunlu yaradıcılıq örnəklərindən ibarət yeni nəşr olunmuş kitabın təqdimatı keçirilib. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar məlumat verib. Tədbirdə  Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Tərlan Hacızadə, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Şöhrət” ordenli şair-pedaqoq Ofelya Babayeva,  Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət ekspertlər şurasının sədri, tanınmış şair İbrahim İlyaslı, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialının sədri Gülnarə Cəmaləddin,  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova, tanınmış kitabçı, şair Xan Rəsuloğlu, tanınmış yazıçı Kənan Hacı, gənc şair Elşad Barat, "Vətən Bağı" STİB-nin sədri Emin Tarverdiyev, "Mən vətənəm" kitabında yaradıcılıq nümunələri yer alan qazi yazarlardan Emin Piri, Vüsal Hətəmov, Həsən Kür, Elvin İntiqamoğlu, Nicat Fərman və digər vətən müharibəsi iştirakçıları, gənclər və ictimaiyyət nümayəndələri iştirak edərək layihə və kitab haqqında fikirlərini bölüşüblər, kitabdakı şeir və hekayələrin bədii xüsusiyyətlərindən, gənclər üçün faydasından söz açıblar. 

Yekunda layihənin həyata keçirilməsində fəal iştirak edən müəlliflər və təşkilatçılar Dünya Gənc Türk Yazarlar Birliyininin diplomları ilə təltif olunublar.

Tədbirə xatirə şəkli çəkilməklə yekun vurulub.

Onu da qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi "Cəbhədən cəmiyyətə" Müharibə iştirakçısı yazarlarla səngər yoldaşlarının görüşləri adlı layihə çərçivəsində bundan öncə Mingəçevir şəhərində, Gədəbəy rayonunda və Samux rayonunda silsilə tədbirlər keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)

 

BU GÜN TELLİ PƏNAHQIZININ DOĞUM GÜNÜDÜR

 

“Ədəbiyyat və incəsənət” portalının daimi müəllifi Elman Eldaroğlunun növbəti doğum günü təbrikini təqdim edirik. 

 

O vaxtlar hər adamın evində televizor olmazdı. Yaxşı yadımdadır, beş-altı qonşu bir yerə yığışıb, mavi ekranından göstərilən verilişlərə tamaşa edərdilər. Hətta qonşuların arasında onu möcüzə sananlar da var idi...

Televizor adlanan bu “möcüzənin” qüdrətinə yaxşı bələdəm. Zaman-zaman insanlara çox adamları sevdirə bilib...

 

Bəli, televizor olmasaydı, bəlkə də biz onu kəşf edə bilməzdik. Bu dünyada Əməkdar mədəniyyət işçisi, şairə, publisist, nasir Telli Pənahqızının varlığından xəbərimiz olmazdı...

Deyir ki,- “AzTv mənim ilk və yeganə iş yerim olub. Uzun illər “Xəbərlər” proqramını aparmışam, 10 il qocalar evindən verilişlər çəkmişəm. Sonra “Mədəniyyət xəbərləri”ni apardım. Ardınca verilişin adı dəyişib “Mədəniyyət aləmində” oldu. Ondan sonra unudulan sənətkarlarla bağlı “Gümüşü yağışlar” verilişim oldu...”

Dünyaya gəldiyi Vedibasarın Böyük Vedi kəndini, məktəbə getməyini, uşaqlıq dostlarını, qonşularını, atalı-analı günlərini tez-tez xatırlayır. Atası 37 yaşında, mədə xorasından dünyasını dəyişib. Düşünür ki, mədə xorasından cərrahi əməliyyat o vaxt da əlçatan olub, amma atasının vəfatında məhz erməni həkimlərini günahlandırır. Orta məktəbi bitirdikdən sonra, Bakıya ali təhsil almağa yollanıb. 1971-1976-cı illərdə Azərbaycan Dovlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. Sonra əmək fəaliyyətinə başlayıb. Cəmi üç il Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı işləyib. Daha sonra 1980-ci ildən 2005-ci ilədək AzTv-də müxtəlif vəzifələrdə çalışıb...

 

 “Bu gün teleaparıcı gənclərin danışığında yetərincə qüsurlar var. Məsələn, indi hamı “mentalitet” sözünü işlədir. Amma onu bilən də deyir, bilməyən də. Türklər fransızlardan bir “performans” sözü götürüblər. Bunun bizim dilimizdəki qarşılığı qabiliyyətdir. Amma bizim bu jurnalistciklər o sözü efirdə deyə-deyə adamın bütün əsəblərini korlayırlar. Bir də yeri gəldi, gəlmədi “belə deyək də” ifadəsi işlədilir. Böyüklü-kiçikli, deputatlı, süpürgəçili hamı belə danışır. Bu sözü o vaxt işlədirsən ki, nəyinsə adını tapa bilmirsən. Əksər özəl telekanallarda çıxış edənlərin işlətdiyi dörd-beş cümlədə səkkiz dəfə bu kəlmə işlənir. Efirə çıxan, müsahibə verən adam hazırlıqlı olmalıdır, dediyi sözün məsuliyyətini hiss etməlidir.”- söyləyir...

Gəncliyində onu Aida xanım İmanquliyevaya, Şəfiqə xanım Məmmədovaya bənzədənlər də az olmayıb. O qədər eşq elan edənləri, dəlicəsinə sevənləri olub ki. Özü isə...

Deyir ki,- “Söhbət ilk gənclik illərimdən gedir. Dəli kimi olmasa da, bir nəfəri sevə bilmişdim, amma araya girənlərə görə ailə qurmağımız alınmadı. Sonra isə həyat mənə elə dərs verdi ki, mənimçün karyeram daha önəmli oldu.  Soradan çox adamlar etiraf edirdilər ki, “səni çox sevirdik, amma düşünürdük ki, ev arvadı ola bilməzsən”. Maşından düşüb təyyarəyə, təyyarədən qatara, qatardan gəmiyə minirdim axı...”

Mayın 24-də - bu gün 69 yaşı tamam olur. Buna baxmayaraq, əlahəzrət Zaman gözəlliyini, şuxluğunu ondan ala bilməyib. Kim bilir, bəlkə də onu, hələ də dəlicəsinə sevənlər var?..

Yeni yaşınız mübarək, Telli xanım!

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)

Gecə saatlarında Londonda Buker mükafatı laureatının adı elan edildi. 

Nobel ədəbiyyat ödülündən sonra ikinci pillədə qərarlaşan Beynəlxalq Buker mükafatının nüfuzu barədə çox deyilib, çox yazılıb. Bu dəfə növbəti Buker laureatının adı Londonda elan edildi. 

 

“Ədəbiyyat və incəsənət” portalı Week-end-ə istinadən xəbər verir ki, nüfuzlu ədəbi mükafatın qısa siyahısına 6 əsər daxil edilmişdi, bunlardan birinin müəllifi kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşmək şərti ilə 50 min funt-sterlinq (təqribən 100000 manat) aldı. 

6 nominant Bolqarıstan, İspaniya, Kot-d'İvuar, Meksika, Fransa və Cənubi Koreyanı təmsil edirdi. Bolqar və katalon dillərində yazılmış əsərlər ilk dəfə namizədlərin qısa siyahısına daxil edilmişdi. 

İndi isə nominant siyahısını təqdim edirik: 

 

Georqi Qospodinov, Bolqarıstan, “Zaman sığınacağı”, 

 

Eva Baltasar, İspaniya, “Qaya”, 

 

Qvadelupe Nettel, Meksika, "Yenicə doğulmuş", 

 

Patrik Arman-Qbaka Breden, Kot-d’İvuar, “Mütəmadi ağır”, 

 

Çeon Myan Kvan, Cənubi Koreya, “Balina”, 

 

Mariz Konde, Fransa, “Yeni dünyanın İncili”.

 

Bəs ən şanslı kim idi? “Ədəbiyyat və incəsənət” sualla bağlı peşəkar kitab redaktoru və ədəbiyyat funksioneri Nadir Cəfərova müraciət etmişdi. Nadir Cəfərovun fikrincə, əsas favorit ənənəvi ədəbiyyat ölkələri sayılan Fransa və İspaniya təmsilçiləri Konde və Baltasar idilər. Amma son illərdə daim gözlənilməz qərarlara şahid olduğumuzdan, güman ki, bu dəfə Buker mükafatını siyasi gedişlərə uyğunlaşdıraraq dünyaya nüvə silahı təhlükəsi yaradan Cənubi Koreya təmsilçisinə vermək jesti nümayiş etdirəcəllərini demişdi. 

Amma tam fərqli bir nəticə oldu. 

Bolqar nasir və şairi Georgi Qospodinov “Zaman sığınacağı” romanına görə ingilis dilində ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi oldu.

Nəticəni Londonda keçirilən mərasimdə münsiflər heyətinin sədri, Mərakeş əsilli fransız yazıçısı Leyla Slimani bildirdi.

Mükafatı alan 55 yaşlı yazıçı romanını “yaddaş və zaman” haqqında hekayə adlandırdı. 

Mükafatın qalibi 50 min funt sterlinq (62 min dollar) mükafat alacaq. Mövcud qaydalara görə, o, pul mükafatını amerikalı Angela Rodel tərəfindən hazırlanmış kitabın ingilis dilinə tərcüməçisi ilə bölüşməli olacaq. Bundan əvvəl bolqar dilində yazılmış kitab Buker mükafatına namizəd olmamışdı. Əsər Qospodinovun Böyük Britaniyada çap olunan ilk romanı idi. 

Qeyd edək ki, mükafat 1969-cu ildə təsis olunub və iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.