Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı Yazıçı və cəmiyyət rubrikasında bu dəfə Şəmil Sadiqin fikirlərini paylaşır. Çox ibrətamizdir, mütləq oxuyun! 

 

Bir dəfə yeməkxanaya bir baş aşpaz götürürdüm işə. Görüşdük, dedim ki, heç kimi işdən çıxarmırıq, amma səni başa götürürük. İşçilərlə tanış olmadan dedi ki, komandanı dəyişmək istəyirəm. Dedim ki, çoxdan işləyirlər, bir bağ var, kimisə işdən çıxarmaq istəmirəm, maaşına dəymirəm,  amma işləri tam ürəyimcə deyil. Qayıdasan  ki, müəllim, birdən onlar mənim torbamı tikər, yeməyə nəsə qatar, işi pozarlar, mən pis vəziyyətdə qalaram, ona görə də öz komandamla işləmək istəyirəm. 

Bu söz məni elə tutdu ki, gəl görəsən. Çünki heş vaxt ağlıma belə şey gətirmədiyimdəndir, nədəndir, bilmədim. Bacarıqlı insanın, işini bilənin, qarşısını nə ala bilər ki. Kim nə edər, özü özünə edər misalı. Bu təfəkkür sovet dövrünün naftalin iyli təfəkkürüdür. Axı kiminsə maaşın kəsmirsənsə, xüsusi pislik etmirsənsə, gözümçıxdına salmırsınsa, niyə belə düşünəsən ki... 

Bəlkə də var, yəqin ki, hardasa bu cür hallar da var. Amma mən hələ də düşünürəm ki, nəyi çağırırsansa, o da gəlir. Və ya özün necəsənsə, elə də düşünürsən. Ona görə də insan yaşadıqlarının hamısına birbaşa özü səbəbkardır. Bir, iki, üç olanda səbir çatmır. Başqalarını günahlandırmaq, cəhənnəm üçün özünə yoldaş cəhdi yanlışdır, ola bilsin ki, cəhd baş tutdu, bəs o zaman vicdan.. Hara getdi vicdan? Hər kəs öz ayağından asılır hekayəsi həmişə yaddaşlardadır...  Ümumiyyətlə, bu düşüncədə olan insanlar həmişə duru suyu bulandırır, harda və necə olmasından asılı olmayaraq, qəbuledilməzdir. Gec və ya tez! Ədalət ölməz heç vaxt, ədalət bəzən yorulub mürgü vurar, diqqəti yayınar, amma yatmaz.

Ümumiyyətlə, insanın insana məqsədli şəkildə pislik etməsi, haqsız yanaşması, əzməsi, sındırması çox böyük qəbahətdir! 

Sevin bir-birinizi, ey insanlar, dünya, həyat qısadır. Eqolarınızı, kreslolarınızın təkəbbürünü kənara qoyun, oyun oynamayın, mehriban olun! 

Vallah onda elə gözəl olur, özün də rahat olursan, özgələri də! Sevgi hər şeyin ən yaxşı açarıdır!

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

Cümə axşamı, 23 Noyabr 2023 11:44

Onları tək yibileyləri birləşdirmir

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən müxtəlif tədbirlərlə könlümüzü oxşayan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu dəfə kino korifeylərinə diqqət yönəltdi. Xalq artisti, görkəmli rejissor Rasim Ocaqovun 90 və Xalq artisti, sevilən aktyor Həsən Məmmədovun 85 illik yubileyi münasibətilə “Azərbaycanın sənət korifeyləri” adlı ənənəvi və virtual kitab sərgiləri hazırlandı. 

 

Və hazırlanan sərgilərdə Xalq artistlərinin Azərbaycan kino sənətinə qızıl sətirlərlə yazılan yaradıcılıq fəaliyyətləri haqqında məlumat verilir.

Xalq artisti, görkəmli rejissor Rasim Ocaqova həsr edilən virtual kitab sərgisində onun yaratdığı ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr verməsi, Azərbaycan kinosunu yeni zirvələrə ucaltması, çəkdiyi həqiqi sənət nümunələrinin Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olması haqqında məlumatlar təqdim edilir.

Virtual kitab sərgisində Xalq yazıçısı Anarın, Xalq artistləri Rasim Balayev və Fəxrəddin Manafovun, sevilən bəstəkar Emin Sabitoğlunun görkəmli kinorejissor haqqında xatirələri, birgə fotogörüntüləri, Rasim Ocaqovun lentə aldığı filmlərdən fraqmentlər də yer alır. Virtual kitab sərgisində “Azərbaycan kinosu”, “Azərbaycan kino salnaməsi”, “Azərbaycan kinosu və müharibə”, “Kinoşünaslıq” kimi 10-dan çox kitabın biblioqrafik təsviri verilir.

Xalq artisti, yüzə qədər filmdə yaddaqalan obrazlar yaradan Həsən Məmmədova həsr edilən virtual kitab sərgisində aktyorun həyat və yaradıcılıq rolu, ekranda canlandırdığı filmlər, layiq görüldüyü təltif və mükafatlar haqqında məlumat verilir. Virtual kitab sərgisində aktyorun çəkildiyi “Dədə Qorqud”, “Bir cənub şəhərində”, “Böyük dayaq” və digər filmlərdən fraqmentlər təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində Azərbaycan kino sənətindən, görkəmli teatr və kino sənəti nümayəndələrinin həyat və yaradıcılığından bəhs edən “Azərbaycan kinomatoqrafçıları”, “Onların dünəni”, “Azərbaycan Dövlət Milli Dram Teatrı” kimi kitabların biblioqrafik təsviri yer alır.

“Azərbaycanın sənət korifeyləri” adlı ənənəvi kitab sərgisində Azərbaycan kino tarixindən, onun inkişaf mərhələlərindən, öz adlarını Azərbaycanın kinematoqrafiya tarixinə qızıl hərflərlə yazmış korifeylərin həyat və yaradıcılığından bəhs edən 20-dən çox kitab sərgilənməkdədir.

Xalq artistləri Rasim Ocaqovun 90 və Həsən Məmmədovun 85 illik yubileyləri münasibətilə hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrdə yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyatımız beynəlxalq arenada təmsil olunmaqda, poeziyamız müxtəlif arenalarda səsləndirilməkdədir.

İstedadlı gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn Türkiyədə keçirilən XIV Beynəlxalq İstanbul Ədəbiyyat və Şeir Festivalında iştirak edir.

 

Bu barədə Fərid Hüseyndən məlumat almışıq.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin və Beykoz Bələdiyyəsinin dəstəyi ilə təşkil edilən festivalın açılışı Rami Kitabxanasında keçirilib.

Açılış mərasimində festivalın rəhbəri Adnan Özər, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Müəllif hüquqları şöbəsinin müdiri və Türkiyə Cümhuriyyətinin UNESCO üzrə təmsilçisi Ziya Daşkənd çıxış ediblər. Natiqlər beynəlxalq poeziya tədbirinin tarixindən, əhəmiyyətindən və dünya ədəbiyyatındakı önəmindən danışıblar.

Sonra şairlər poeziya haqqında məlumat verib, eyni zamanda, şeirlərini səsləndiriblər.

F.Hüseyn Azərbaycan ədəbiyyatı, müasir poeziya barədə çıxış edib və sonda “Başqa cür olmur” adlı şeirini səsləndirib.

F.Hüseyn noyabrın 23-də Türkiyənin Mədəniyyət Universitetinin kitabxanasında “Türk dünyasının modern poeziyası” mövzusunda məruzə edəcək. Bundan başqa, gənc şair festival günlərində təşkil edilən müxtəlif poeziya axşamlarında şeirlərini oxuyacaq.

Festival noyabrın 26-dək davam edəcək.

Bu arada Fərid Hüseyndən aldığımız bilgiyə görə, 2021-ci ildə Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı çərçivəsində onun  “Yaddaş ilanı” adlı şeirlər kitabı “Vapur” nəşriyyatı tərəfindən yüksək tirajla çap edilib. Türkiyə, Serbiya, Moldova, Gürcüstan, Tatarıstan (Rusiya) və İraqda keçirilən poeziya festivallarında, habelə İngiltərə, Misir, Polşa, Macarıstan, Monteneqro, Rusiya və başqa ölkələrdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında Azərbaycan mədəniyyətini uğurla təmsil edən gənc şairin kitabları Amerika, Moldova, Serbiya, Özbəkistan və Türkiyədə nüfuzlu nəşriyyatlar tərəfindən yayımlanıb.

Uğurlar, Fərid Hüseyn!

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə sizə Gülnarə Mustafazadə ilə müsahibəmi təqdim edəcəyəm. Riyaziyyat müəllimi və şair - ilk baxışda iki zidd sahələri özündə birləşdirir müsahibim. Ancaq deməzsənmiş, bu sahələr heç də zidd deyilmişlər. 

 

-Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz, Gülnarə xanım.  

 

 -Mən Mustafazadə Gülnarə Nasir qızı 1986-cı ildə dekabr ayının 10-da dağlar qoynunda yerləşən Şəki şəhərində anadan olmuşam. Orta təhsilimi elə doğulub boya-başa çatdığım Şəki şəhərində 20 saylı tam orta məktəbdə almışam. Ali təhsilimi isə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində 2004-2008-ci illərdə Bakalavr, 2008-2010-cu illərdə isə Magistr olaraq müvəffəqiyyətlə, fərqlənmə diplomu ilə tamamlamışam. Hal-hazırda həm Bakı Dövlət Universitetinin Ali Cəbr kafedrasında, həm də ADRA-nın nəzdindəki Əzim Əzimzadə adına İncəsənət kollecində Riyaziyyat müəlliməsi olaraq pedaqoji fəaliyyət göstərirəm.

 

-İlham mənbəyiniz nədir?  

 

-Ümumiyyətlə onu qeyd edim ki, bir şairə ilk növbədə gözəl görməyi bacarmaq gərəkdir. Mən bunu bacardığım üçün baxdığım hər bir şeydə görə bildiyim bütün gözəlliklər və özəlliklər mənim ilham mənbəyimə çevrilməyi bacarır. Ümumi olaraq əsas ilham mənbəyim "GÖZƏLLİK VƏ SEVGİDİR".

Ancaq bir şeyi də qeyd etməliyəm ki, yaradıcı insanların ortaq xüsusiyyətlərindən biri də onların əbədi və əzəli bir ilham mənbəyinin tarixi minilliklərə söykənən, tarix səhnəsində hər zaman öz söz və mövqeyinə malik olan Vətən olmasıdır. Bu zaman gözlərimiz önündə yurdumuzun gözəl düzləri, bol sulu çayları, məğrur dağları, yalçın qayaları canlanır. Küləyin səsini, suyun şırıltısını, şimşəyin çaxmasını və s təbiət gözəlliklərini bizə sevdirən ədəbiyyat olduğu üçün danılmaz həqiqətdir ki, dağlar, qayalar, çaylar və s təbiət gözəllikləri poeziyanın yaranma mənbəyidir. Elə bu səbəbdəndir ki, suyun səsi, güllərin xoş ətri, dağların uca zirvəsi və s kimi duyğular məni hər zaman yazmağa səsləyib. İlham mənbəyini mən hər zaman bir "Vulkan ocağına” bənzədirəm. Bütün yaradıcı insanlara isə ilham mənbəyindən maksimum dərəcədə faydalanaraq, zəngin göstəricilərlə bol, ölməz, parlaq sənət nümunələri yarada bilməyi arzu edirəm.

 

-Əsərlərinizi ən çox nə zaman və harada yazmağı sevirsiniz?  

 

 -Əsərlərimi əsasən gecə saatlarında öz iş otağımda yazmağı sevirəm. Çünki bu saatlarda beynimdəki bütün əlavə yüklərdən, düşüncələrdən tam azad oluram və özümə, yazacağım şeirlərə köklənə bilirəm.

 

-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra  üstünlük verirsiniz?  

 

-Çox gözəl sualdır. Viktor Hüqonun belə bir fikri var, "Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır". Mənim ruhum "Sevgi şəhəri"ndən ibarət və Oxatan bürcünün nümayəndəsi olduğum üçün romantika janrına, sevgi macəralarından bəhs edən əsərlərə daha çox üstünlük verirəm. Ancaq psixoloji dramlar həmişə mənə maraqlı gəlib. Yaxşı yazılmış psixoloji dramın süjet xətti istər-istəməz adamı oxumağa vadar eləyir. Klassik ədəbiyyatın bəzi nümunələri çox əladır. Əsas səbəb də həmin dövrün elementlərini və təfəkkürünü əks etdirməsidir. Bioqrafik və avtobioqrafik əsərləri xüsusilə sevirəm. Çünki real faktlara əsaslanırlar. Təbii ki, antiutopiyanı da unuda bilmirəm. Ələlxüsus da bu janrda olan əsər hansısa real faktları özündə ehtiva edirsə, daha da mükəmməlləşir. 1950-1990-cı illər aralığındakı postmodern ədəbiyyatı oxumaqdan həmişə zövq almışam. Sərbəstliyi və ifadə tərzi də mühüm amildir. Ancaq oxumasam belə, mənə görə ən vacib janr isə elmi ədəbiyyatdır, çünki yaxşı yazılmış elmi əsərin təsir gücü ilə həm özündə, həm də başqalarında çox şeyi dəyişmək mümkündür.

 

-Bir riyaziyyat adamı olaraq soruşuram, riyaziyyatla ədəbiyyatı birləşdirən və fərqləndirən hansı cəhətlər vardır?  

 

-Əvvəlcə oxşar cəhətlərindən danışım. Qəlbən şair olmayan insan əsla riyaziyyatçı ola bilməz. (S.Kovalevskaya). Əsl riyaziyyatçı bir qədər də şair olmalıdır. (K.Veyerştrass) ... Bu siyahını uzada da bilərəm. Bir sözlə, "Ədəbiyyat olmasa riyaziyyatın üzə çıxması mümkünsüzdür". Hər ikisi, necə deyərlər, insanların dünyasını əks etdirir. Çünki “İnsanlar da ədədlər kimidir. O insanın dəyəri isə o ədədin içində olduğu ədəd ilə ölçülər". Hər ikisi müqəddəratını təyin edir. Biri insanların, digəri isə rəqəmlərin. Riyaziyyatçılar da ədəbiyyatdakı aşiqlər kimidir. Onlardan birinə ən kiçik bir qanunu verin, o ondan bir nəticə çıxaracaq, təbii ki, bu nəticəni qəbul etməniz lazım olacaq, o da bu nəticədən başqa bir nəticə çıxaracaq. Riyaziyyatda da ədəbiyyatda, böyük obrazlarda olduğu kimi böyük olmanın iki yolu vardır: birincisi hər kəsdən ağıllı olmaq, ikincisi də hər kəsdən axmaq, lakin təmkinli olmaq. Riyaziyyatçının da naxışları rəssam və ya şairlərinki kimi gözəl olmalı, fikirləri rənglər və ya sözlər kimi bir-birlərinə ahənglə uyğun gəlməlidir... Dünyada çirkin riyaziyyat üçün əsla daimi bir yer yoxdur. Hər ikisində də gözəlliklər qəbul edilə bilər, lakin açıqlana bilməz. Fərqli cəhətləri: Bir riyaziyyatçı fərz etməz, lakin bilər. İnandırmağa çalışmaz, çünki isbat edər. Etibarınızı gözləməz, bəlkə diqqət yetirmənizi istər. Riyaziyyatda bir şeyləri əsla anlamazsan, yalnız onlara alışarsan. Bir riyaziyyatçının işi teoremləri isbat etməkdən, bir yazarın əsas işi isə cümlə yazmaqdan ibarətdir. Məntiqi olaraq düşünülə biləcək olanı məntiqi olaraq düşünmək -, riyaziyyatçının məqsədi budur. Ədəbiyyatda əsas rol oynayan amil hiss, duyğu, düşüncələr, sentimentallıqdır. Riyaziyyatda isə məhz məntiq, dəqiqlik hökm sürür. 

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün fikrimcə ən gözəl üsul hər bir övlada hələ uşaqlıqdan yatmamışdan öncə nağıl, öz yaşlarına uyğun kiçik mənzum hekayələr kitabı maraqlı emosiyalarla xəyalında canlandıraraq oxumağı vərdiş halına gətirmək lazımdır. Uşaqlıqdan onlara kitabın insan həyatındakı rolundan, faydalarından bəhs edərək kitabı sevdirmək lazımdır. Onlara kitabların susqun olsalar belə, ən səmimi və etibarlı dost olduqlarını başa düşəcəkləri tərzdə anlatmaq lazımdır.

 

-Fəaliyyətlərinizlə bağlı hər hansı bir planlarınız varmı?  

 

-Xeyr. Fəaliyyətlərimlə bağlı nail olmaq istədiyim heç bir planlarım yoxdur əslində. Çünki demək olar ki, bütün peşə fəaliyyətlərimdə kifayət qədər uğur əldə etmişəm, sevgi və dəyər qazanmışam. Rəbbim bütün yazar və şairlərə haqq etdikləri, layiq olduqları şəkildə dəyərləndirilib qiymətləndirilməyi nəsib, qismət etsin inşəAllah!

 

-Yazıçı və ya pedaqoq olmaq istəyən gənclərə hansı məsləhətlərinizi verərdiniz?

 

-Yazıçı və pedaqoq olmaq istəyən gənclərə öz növbəmdə iddiadan uzaq olmağı, mütəmadi olaraq mütaliə etməyi, yeni çağdaş ədəbiyyat nümunələri barəsində xəbərdar olmağı, poetik, düşündürücü ifadələrdən daha çox istifadə etməyi, xırda, bəsit, çox işlənmiş mövzulardan uzaq olmağı, çox işlənmiş mövzu olsa belə tamamilə fərqli tərzdə, biçimdə işləməyi, uzun -uzadı, yorucu yazmamağı, qeyri peşəkarların sözünə əhəmiyyət verməmələrini tövsiyə edirəm.

 

-Şeirlərinizdən birini bizimlə paylaşa bilərsinizmi Gülnarə xanım?

 

 -Öz şeirimi deyil, ən çox bəyəndiyim bir şeiri paylaşacam. Şair Şamil Ənvəroğluna aiddir.

 

Sənin gözlərindən bir körpə baxar,

mənim gözlərimdən min illik qoca...

 

Sənin itirməyə səbəblərin çox,

mənim itirməyə nəyim qalıb ki?

Gör neçə istəyin tutur əlindən,

mənim istədiyim nəsə olub ki?

 

Sənin gözlərində yaşam sevinci,

mənim gözlərimdə yaş da qalmadı,

Sənin əllərində neçə doğma əl,

mənim əllərimdən tutan olmadı...

 

Mən hələ bilmirəm hansı arzumun,

toyunu edəcəm, xoşbəxt görəcəm,

Mən hələ bilmirəm, bəlkə bu axşam,

bütün arzularla birgə öləcəm...

 

Başını tumarlar ata əlləri,

mənimsə əllərim daş üstə gəzər.

Sənin həyatını "dörd fəsil" xalı,

mənimsə ömrümü qış xalı bəzər...

 

Sənin Günəşin də bir başqa doğar,

bir başqa açılar sabahların da.

Mənimsə Günəşim içimdə əsir,

dörd divar içində sabahlarım da...

 

Gedər hamar yolla, illərin gedər,

geridə bir xoşbəxt xatirə qoyar.

Mənimsə çıxdığım daş yoxuşlarda,

neçə arzularım əzilib qalar...

 

Sənin gözlərindən bir körpə baxar,

mənim gözlərimdən min illik qoca.

Sənin qayğıların barmaq sayında,

mənim ağrılarım saysız, dəryaca...

 

Bax, gülə bilirsən, nə xoş bir durum,

hər zaman ürəyin sevinsin, gülüm.

Gör, çırpa bilirsən bu üst-başımı,

illərin dərd yükü tökülsün, gülüm.

 

-Dəyərli zamanınızdan bizə vaxt ayırdığınız üçün minnətdaram, Gülnarə xanım!

 

-Mən də sizlərə öz dərin təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

Cümə axşamı, 23 Noyabr 2023 11:30

Qara qış yuxusuna, ağ boya taxta çıxdı

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə müsahibə, esse yox, şeir təqdim edəcəm sizlərə, əziz oxucularım. Əsla özümü şair sanmıram, sadəcə, hisslərimi bu dəfə məhz bu cür izhar eləmişəm.

 

Oxuyuram gözündən,

Qəlbinin ağrısını.

Gözlərimdə canlanır,

Oxuduğum mənzərə..

Nə çoxdur qara boya,

Çoxmu sevirsən onu?!

Boyanıb qara rəngdə,

Qəlbinin divarları.

Qara libas geyinib,

Titrəyən damarları.

Qəlbinin lap küncündə,

Paslı sandıq gizlənib.

Üstündə qara kilid.

Özünün öz qəlbindən,

Gizlətdiyin sirmi var?!

Axı qəlbindir, dostum,

Gizlətsən də anlayar.

 

Bir izn ver, sən  Allah,

Açım mən o sandığı.

Niyə xəsis olmusan?!

Paylaşsana mənimlə.

Dilin başqa söz deyir,

Qəlbin boynuna almır.

Söylə, görüm bir zaman,

Ağ boyanı sevdinmi?!

Nələri gizləyirsən?

Gözləri kədər İnsan.

Qüssə sənə sarılı,

Onumu izləyirsən?!

Gəl izn ver gözünə,

Məni alsın qəlbinə.

Qara boya tələsik

Ağ boyaya bürünsün.

Ala -qaranlıqda heç,

Düşündünmü nə olur?

Gecəylə səhər gizli

Vallah, qol-boyun olur.

 

Gözün səndən xəbərsiz

Qapını mənə açdı.

Budur keçdim qəlbinə,

Sandıq özü açıldı.

Kilid yaman qorxaqdı,

İndi bildim sandıqda

Sevgi özü dustaqdı.

Məni görən bu dustaq

Ətrafa nur saçırdı.

Qara əşyalarını,

Yığışdırıb qaçırdı.

Budur qəlbin divarı,

Qırmızıya boyandı.

Qara qış yuxusuna

Ağ boya "taxta çıxdı."

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mən bu tamaşa haqda daha geniş yazı təqdim edəcəyəm. İndilikdə isə istərdim Şərqin ən gözəl baletinin növbəti təqdimatı barədə xəbəri çatdırım.

 

Demək, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli bəstəkar, dünyaşöhrətli  Fikrət Əmirovun məşhurdan məşhur “Min bir gecə” baletini Heydər Əliyev Sarayında təqdim etdi. 

Min bir gecə — 1979-cu ildə yazılmış iki hissəli baletdir. Baletin musiqisini Fikrət Əmirov, librettosunu Rüstəm və Maqsud İbrahimbəyovlar yazmışlar. Premyera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında elə həmin 1978-cu ildə baş tutmuşdur. 

Ərəb nağılları əsasında yazılmış baletdə musiqi, xoreoqrafiya, libretto və bədii tərtibat üzvi vəhdətdədir. Valehedici melodiyalar, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə xalq səhnələri və məişət lövhələrinin növbələşməsi "Min bir gecə" baletinin əsas xüsusiyyətləridir. Baletdə əsas diqqətçəkən məqamlardan biri də, tembr dramaturgiyasında qadın səsinin istifadə edilməsidir. Baletin əvvəlində orkestrın incə, cazibədar axıcı intonasoyaları fonunda səslənən qadın xoru kədərli olsa da, işıqlı arzulara və sədaqətə inamı əks etdirir.

“Min bir gecə” dərin fəlsəfi tamaşadır.

Bu, qadına, onun məhəbbətinə və müdrikliyinə himndir. Çox mürəkkəb və dərin ideyaların rəqslə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir.

Qeyd edim ki, tamaşada əsas rolları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Elmira Süleymanova (Nuridə), solistlər Fatimə Xələfova (Şəhrizad), Aleksandr Suldin (Nuridənin sevimli qulu) böyük məharətlə ifa etdilər. 

Xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluq etdiyi tamaşada, həmçinin Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivi və teatrın solisti Fatimə Cəfərzadə də çıxış etdilər.

Nə deyim, klassik, ciddi musiqi sevənlər üçün əsl bayram oldu.

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Nəşriyyat və təhsil sektorunda gördüyü əhəmiyyətli işlərlə Şəmil Sadiq bizləri təəccübləndirməkdə davam edir. Bu dəfə isə o, bir ilkə imza atdı. Ölkəmizdə ilk dəfə Təhsil Mecerləri Forumunu təşkil etdi.

İndi isə təfərrüatı.

 

Noyabrın 19-da yerli və xarici təhsil müəssisəsi rəhbərlərinin iştirakı ilə “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı ilə 20 nömrəli məktəbdə Təhsil Menecerləri Forumu keçirildi. Giriş nitqi ilə çıxış edən “Hədəf” Şirkətlər Qrupunun Baş direktoru Şəmil Sadiq tədbirin məqsədi, perspektivləri barədə məlumat verib, bu sahədə atılan addımlar və problemlərdən söz açdı, onların həlli yollarına diqqət çəkdi.

Deputatlar Fazil Mustafa, Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov Təhsil Menecerləri Forumunun Azərbaycanda ilk dəfə keçirildiyindən, belə tədbirlərin təhsil sahəsi üçün açdığı imkanlardan söz açdılar. Bundan başqa çıxışçılar istər məktəblər, istər kollec və universitetlərdə təhsil sisteminin çatışmazlıqlarından, mövcud problemlərin həlli yollarından danışıb, bunun üçün əlverişli şərait yaradılmasının vacibliyindən bəhs eddilər.

Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı isə “Təhsildə idarəetmə və keyfiyyət” mövzusunda çıxış etdi. Keyfiyyətli təhsilin keyfiyyətli gələcəyə yol açacağından, əvvəl bilmək istəyən, daha sonra öyrənməyə can atan nəsil yetişdirməyin vacibliyindən danışdı.

“Azərbaycanda təhsil idarəçiliyi: reallıqlar və perspektivlər” adlı mövzu qoyan Ceyhun Məmmədov Azərbaycan təhsilinin hazırkı vəziyyəti ilə bağlı qayğılarından, perspektivləri dəyərləndirmənin mümkünlüyündən, təhsil işçilərinin vahid nəticə üçün ortaq qənaətdə birləşməli olduqlarından söz açdı.

Biznes və karyera məsləhətçisi Fəxri Ağayev “Şirkət nəticələrində rəhbərin rolu və məsuliyyəti”ndən danışdı. O, qeyd etdi ki, işə götürülən işçinin potensialı və gördüyü işin keyfiyyəti rəhbərin məsuliyyəti deyil. Amma bir il sonra da nəticə dəyişmirsə, bu, təkcə işçi ilə yox, rəhbərlə də bağlı problemdir.

Şəmil Sadiq “Təhsildə Hədəf konsepti”ndən söz açdı, yeni tipli məktəbin yaradılmasının, milliliyi qorumaqla bəşəri yeniliklərin tətbiqinin mümkünlüyündən danışdı. Əlbəttə ki, ənənəvi şagirdləri balabilgələrin əvəz etməsi, milli papaqlı oğlanların və milli örpəkli qızların görünüşü, vətənpərvərlik ruhunda təhsil – “Hədəf”in irəli sürdüyü milli konsepsiya təqdirəlayiqdir.

“CIBS Europe” təlim mərkəzinin təsisçisi Təbriz Hacınski “Təhsil menecerliyində NLP” mövzusu ilə danışıqların idarə olunmasının, bunun üçün strategiyanın, səs tonunun, sözlərin düzgün seçilməyinin vacibliyini dilə gətirdi.

“Azərbaycan İnsan Resursları Assosiasiyası” İctimai Birliyinin təsisçisi Nərgiz Seyidzadə “Ofis başlarında dəyişim”dən danışdı, işçilərin və rəhbərliyin bölündüyü qruplardan, iş yerində düzgün hesab olunan yanlışlardan, işçilərə fərdi yanaşmanın əhəmiyyətindən bəhs etdi.

Forumda jurnalist Orxan Cabbarlının moderatorluğu ilə panel də baş tutdu. Bakı Şəhər Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev və təlimçi-psixoloq Fərid Seyfullayevin iştirakı ilə reallaşan paneldə uğurlu təhsil konsepsiyaları, təhsildə idarəetmə strategiyası, məktəb idarəetməsindəki yanlışlıqlar, yeni nəslə yeni təhsil, təhsilin onlayn idarəedilməsi və rəqəmsallaşma, eləcə də metamən mövzuları ətrafında bir-birindən maraqlı fikirlər səsləndirildi.

Forum iştirakçıları da tədbirə interaktivlik qatıb, sözügedən mövzularla bağlı məruzəçilərə bir-birindən maraqlı suallar verib, dolğun cavablar aldılar.

Əlavə məlumat üçün bildirək ki, yüzlərlə təhsil işçisinin qatıldığı forumda Təhsilin İnkişafı Fondu idarə heyətinin sədri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü İlqar Orucov, Mədəniyyət Nazirliyi yanında ictimai şuranın üzvü Əkbər Qoşalı, təhsil eksperti Kamran Əsədov, müxtəlif universitetlərin rektorları, təhsil sahəsində çalışan mütəxəssislər, media, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər.

Forumun tərəfdaşlarının siyahısını təqdim edirəm: “Hedef Group”, “Hədəf Global”, Hədəf STEAM Liseyi, Dünya Məktəbi, “SİNKOD” yayın və dağıtım şirkəti, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kipr Elm Universiteti, AzTV, EduPress, SİA, Hədəf Təlim və Karyera Mərkəzi, Təhsil Forumu Platforması.

Sonda bütün iştirakçılara sertifikat verildi.

Əminik ki, forum təhsilimizin inkişafına öz töhfələrini mütləq verəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.11,2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Yazıçı Vaqif Sultanlıdan şad xəbər almışıq. Bu yaxınlarda onun “İnsan dənizi” və “Ölüm yuxusu” (The Human Sea &The Dream of Death) romanlarından ibarət kitabı Londonda nəşr edilmişdir. Tanınmış ingilis yazarı və ədəbiyyat araşdırıcısı Dr.Maykl Brannokun redaktəsi ilə yayınlanmış kitab Böyük Britaniyanın “Rossendale Books” nəşriyyatı tərəfindən “Modern dünya nəsri” seriyası ilə oxuculara təqdim olunmuşdur.

 

Qeyd edək ki, “İnsan dənizi” və “Ölüm yuxusu” romanları müəllifin dünya oxucularına təqdim olunan ilk kitabı deyildir. Belə ki, yazıçının hər iki romanı, həmçinin hekayələr toplusu müxtəlif dövrlərdə dünyanın bir sıra dillərinə çevrilərək İngiltərə, Amerika, Almaniya, Danimarka, Türkiyə, Rusiya, Ukrayna, Misir, İran, Özbəkistan və başqa ölkələrdə nəşr olunmuşdur.

Vaqif Sultanlının yeni kitabına daxil edilmiş “İnsan dənizi” və “Ölüm yuxusu” romanlarını birləşdirən ümumi cəhət onların mənəvi-əxlaqi ovqata köklənərək yazılması, mövzu-problem və ideya baxımından aktuallığı, çağdaş dünyaya hakim olan ədalətsizliyə, insan taleyinə münasibətdə müşahidə edilən və getdikcə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz ruhu ilə seçilməsidir.

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

 

 

Cümə axşamı, 23 Noyabr 2023 10:00

Əyyub Türkaydan yeni uşaq şeirləri

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Əyyub Türkayın uşaqlar üçün yazdığı yeni şeirlərini təqdim edir.

 

 

 

BAĞ EVİMİZ

 

Nə gözəl ətirlidir

Bağçamızdakı güllər.

Məni oyadır səhər

Gözəl səsli bülbüllər.

 

Nənəm deyir, nə xoş ki,

Yaşamırıq binada.

Bülbül yaxın gəlməzdi,

Eşitməzdik onu da.

 

Bağ evimizdən ayrı

Bir ev sevmirəm qəti.

Burda yaşayıb sevdim

Mən "Ana təbiət"i.

 

 

İŞLƏMƏYƏN DİŞLƏMƏZ

 

Arzu babasın görüb

Yaxınlaşdı tez ona.

Əlindəki çörəyi

Yeyib çatdırdı sona.

 

Mən anamdan bu sözü

Eşitmişəm söylədi.

"İşləməyən dişləməz",

Həqiqətən belədi?

 

Anam kimi zavodda

Mən də gedim işləyim?

Sonra gəlib rahatca

Evdə çörək dişləyim?

 

Babası dedi: - Balam,

Sən kömək et anana.

Ev işlərin tez görsün,

İmkan vermə yubana.

 

Uşaqlıqdan zəhmətə

Gərək alışa insan.

Böyüdükcə sözümü

Anlayacaqsan asan.

 

 

UZUNÖMÜRLÜ

 

Nənəmin doxsan yaşı

Yenicə tamam olub.

Uzun ömür yaşayıb,

Sağlıqla yaşa dolub.

 

Maraqlandım, soruşdum

Uzun ömürün sirrin.

Nənəm üzümə baxıb

Tez güldü şirin-şirin.

 

Dedi: - Əvvəl gündən mən

Sağlam qidalanmışam.

Daim hərəkət edib

Çox yerlər dolanmışam.

 

Təmiz dağ havasını

Nəfəsimə almışam.

Sevinclə ömür sürüb

Bu yaşıma dolmuşam.

 

 

HƏR FƏSİLİN ÖZ YERİ VAR

 

Yenə gəldi payız fəsli,

Hər tərəfə yağdı yağış.

Xəzəl olan yarpaqlar da

Torpaq üstə saldı naxış.

 

Dəyişmişdir bu fəsildə

Təbiət öz ahəngini.

Xatırladım mən baharın

Gül-çiçəkli çələngini.

 

Dodaqaltı bu havadan

Gileyləndim yavaş-yavaş.

Deyinərək dolanırdım

Evimizdə o baş-bu baş.

 

Yağan yağış, soyuq külək

Darıxdırdı yaman məni.

Payız fəsli qurutmuşdu

Oynadığım göy çəməni.

 

Babam dedi: - Əziz balam,

İnciməyə səbəbmi var?

Bir az keçsin, qış gələcək,

Yağacaqdır hər yerə qar.

 

Bir neçə ay ötəcəkdir,

Gələcəkdir güllü bahar.

Yay gələndə bağçamızda

Bar verəcək bu gilənar.

 

Gileylənmə, gözəl balam,

Aylar ötər, il dolanar.

İstəyirəm anlayasan,

Hər fəsilin öz yeri var.

 

Əziz valideyinlər, rica edirik, bu şeirləri uşaqlarınınz üçün oxuyun. Sabah isə sizin balalarınız üçün Əyyub Türkayın “Acgöz ağa” adlı mənzum nağılını təqdim edəcəyik.

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

65-Cİ DƏRC

 

Ekspert çıxışını bitirəndə gənc hakim yerindən söz atdı:

-Minlərlə insanın bilərəkdən qanını töküb özlərini bəşəriyyət üçün təhlükə mənbəyi hesab etmirlər, ancaq futbol fanatlarının toqquşması zamanı iki nəfərin qəsdən olmayaraq öldürülməsini bunlar bəşəriyyət üçün təhlükə mənbəyi hesab edirlər.

 Baş Hakim gənc hakimin fikirləri ilə şərik olduğunu başını razılıq əlaməti olaraq yelləməsi ilə bildirdi, ardınca artıq sakitləşib prosesi izləyən Balayanın ağzını açmağı xahiş etdi, bu təmin olunanda ona belə bir sual ünvanladı:

-Cənab Balayan, mənim də içimdə sizə ünvanlanacaq bir sual var, çox istəyirəm səmimi cavabınızı alım. Hardandır sizdə türklərə qarşı bu qədər nifrət? Biz hələ ki, sizi zərərli ideologiya yayan şəxs kimi ittiham etməkdəyik, bu ideologiya türklərin fiziki məhvinə çağırışa aparıb çıxaran cinayətdən ibarətdir. Hardandır bu qədər nifrət?

Zori Balayan əlinin qandallanması və ağzının bağlanmasının insanlığa zidd olması barədə bir xeyli danışdıqdan sonra hakimin sualını cavablandırdı:

-1919-cu ilin oktyabrında türklərin mənim xalqıma qarşı törətdikləri zülmə və rəzalətə cavab olaraq "Daşnaksütun” partiyası İrəvanda keçirdiyi IX qurultayında “Nemezis əməliyyatı” adı altında türklərə qarşı intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdi. Armen Qaronun rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Bax həmin qruplarda mənim nəslimdən olan şəxslər də yer almışdı. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları “Daşnaksütun” partiyasının “Nemezis” terror hərəkatının hədəfinə çevrilmişdilər. Bəzilərini burada fəxrlə sadalamaq istəyirəm:

1920-ci il. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici işlər naziri Fətəli xan Xoyski Tiflis şəhərində bizim fədai Aram Yerkanyan tərəfindən qətlə yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Həsən bəy Ağayev Tiflis şəhərində bizim qrup tərəfindən qətlə yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli  Tiflis şəhərində yenə də bizim qrup tərəfindən qətlə yetirilmişdir.

1921-ci il. Osmanlı imperiyasının Daxili işlər naziri Tələt paşa Berlində bizim fədailər tərəfindən qətlə yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir Türkiyənin İstanbul şəhərində fədaimiz Misak Torlakyan tərəfindən qətlə yetirilmişdir.

1922-ci il. Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri, Osmanlı ordusunun Suriyadakı 4-cü ordusunun baş komandanı Camal paşa və onun müavini qəhrəman Petros Ter-Poqosyan və Artaşes Gevorkyan tərəfindən Tiflis şəhərində qətlə yetirilmişlər. Osmanlı imperiyasının Hərbi naziri Ənvər paşa Əfqanıstan yaxınlığında yenə də bizim fədailər tərəfindən qətlə yetirilmişdir.

Uşaqlıqdan bu şərəfli tarixçəni mənə babalarım, atam, əmi və dayılarım danışmışlar, erməniyə diş qıcayanın dişinin ovulmasının zəruri olmasını mənə aşılamışlar. Genosidə məruz qalan xalqımın xiılaskarı olmaq, türk qanı tökmək mənim həyat amalım olmuşdur. Uşaqkən ayağıyalın Stepanakert küçələrində tay-tuşlarımla qaçarkən, oynayarkən onlara təkliflər də edirdim ki, gəlin Şuşaya gedib ordakı mənfur türkləri döyək.

Zori Balayanın çıxışından sonra Baş Hakim sözü şahidə vermək istədiyini dilə gətirdi:

-Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sədri olmuş, hazırda təqaüddə olan və Ukraynada yaşayan polkovnik Vladimir Lebedev, o polkovnik ki, bizim Divanımızda Sumqayıt hadisələri ilə bağlı ittiham olunan Qriqoryan barədə şahid ifadələri vermişdi, Zori Balayan barədə də çox qiymətli bilgilərə malikdir. Odur ki, Divan sözü hörmətli Vladimir Lebedevə verir.

Vladimir Lebedeb kürsüyə çıxıb eynəyini taxaraq əlindəki konspektinə göz gəzdirdi, amma sonra onu cibinə qoyaraq konspektsiz danışmağa başladı:

-İstədim geniş şəkildə oxuyum, amma yox, qoy elə yaddaşımdakıları qısaca izhar edim. Demək, SSRİ-nin perestroyka deyilən vaxtında Zori Balayanın adı olduqca tez-tez eşidilirdi. O, deyildiyi kimi “Literaturnaya qazeta”nın Ermənistan üzrə xüsusi müxbiri işləyirdi. Az-çox yazıçılıqla da məşğul idi. Qatı millətçi, şovinist, türklərə, azərbaycanlılara nifrət bəsləyən, faşist ideologiyasına qulluq edən yaramazın birisi idi.

Zori Balayan yerindən Lebedevi ədəbli danışmağa çağırdı, Lebedev isə ona “Mənim sizin haqqınızda dediyim ədəbin ən yüksək formasıdır, çünki siz daha qaba və vulqar sözlərə layiqsiniz” cümləsi ilə cavab verib tamaşaçıların alqışlarını qazandı. Sonrasa çıxışını davam etdirdi:

- Onun “Ocaq” kitabı özünün təşəbbüsü ilə yazılmayıb. 1980-ci illərin əvvəllərində xarici kəşfiyyat orqanları (bu, o orqanlardır ki, orada çoxlu erməni millətindən olan nümayəndələr çalışırdı) Sovetlər birliyində, öncə Ermənistanda öz qatı millətçiliyi və şovinistliyi ilə tanınan qələm sahibləri üzərində araşdırmalar aparandan sonra Balayanın üstündə dayanıblar. Onu ABŞ-a dəvət ediblər, Mərkəzi Kəşfiyyat İdarəsində çalışan ermənilər onunla görüşlər aparıb. “Ocaq” kitabının əsas konturlarını məhz o insanlar cızıb Balayanın qarşısına qoyublar və ona xeyir-dua veriblər. Kitab hazır olandan sonra onu komitetçilər redaktə ediblər, ona  əlavələr ediblər və ABŞ-da rus dilində çap eləyiblər. Bundan sonra Balayan tez-tez xaricdə erməni lobbisinin qonağı olub. Bu kitab fasilələrlə 4 dəfə çap edilib, bütün dünya ictimaiyyətinə çatdırılıb. Dağlıq Qarabağ məsələsi alovlananda hər bir erməni məhz Zori Balayana istinad edib. Zori Balayanın geniş əl-qol açmasında, Dağlıq Qarabağ məsələsində millətinin ideoloji liderinə çevrilməsində onun SSRİ prezidenti Mixail Qorbaçovdan aldığı kart-blanş da böyük önəm daşıyırdı. Beləcə, o, Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi kimi on minlərlə insanın qanını tökmüş bir layihənin baş ideoloquna çevrilib.

Lebedev çıxışını bitirib Balayana qarşı qəzəbli bir baxış sərgiləyərək  yerinə qayıtdı. Növbəti söz ekspertlərə verildi. Baş Hakim ekspertlərdən yenicə səslənən “Mixail Qorbaçovun erməni simpatiyası” fikrinə aydınlıq gətirilməsini xahiş etdi. Ekspertlərin sözügedən sənədi üzə çıxarması xeyli vaxt çəkdi. Bundan istifadə edib Zori Balayan öz kitabını çıxarıb uca səslə ordan bir səhifə açıb oxumağa başladı. O, Ermənistanın “qədim tarixini” vəsf etdi.

Nəhayət, sözügedən arayış hazır oldu, ekspertin gur səsi Zori Balayanın səsini batırdı:

-Mixail Qorbaçov Kremlə SSRİ-nin sonuncu baş katibi kimi hakimiyyətə gətiriləndə və SSRİ-nin sosializmdən kapitalizmə keçidi məsələsi tam çılpaqlığı ilə gündəmə gələndə SSRİ-nin Siyasi Büro üzvləri iki yerə bölünmüşdü. SSRİ-nin qorunması, milli respublikaların torpaqlarının toxunulmazlığı haqqında çıxış edən birinci qrupa Mərkəzi Komitənin katibi Y. Liqaçov rəhbərlik edirdi.  Qorbaçovun “yenidənqurma” siyasətinin baş memarı sayılan, Mərkəzi Komitənin katibi A.Yakovlev isə ikinci qrupa rəhbərlik edirdi ki, Qorbaçov da, şübhəsiz məhz bu ikinci qrupu müdafiə edirdi. Qorbaşovun ətrafı isə sözün həqiqi mənasında ermənilərlə əhatə olunmuşdu. Divanda prosesini izlədiyiniz akademik Aqanbekyandan savayı, burada Şahnazarov, Sitaryan var idi, Qorbaçovun perestroykasının yaşıl işıq yandırdığı dissidentlər hərəkatının başında duran akademik Saxarov var idi ki, onun da həyat yoldaşı erməni idi. Və daha önəmlisi o idi ki, Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovanın bir tərəfinin erməni olması idi. Bu şəxslərin Qorbaçova təsiri və təzyiqi böyük idi. Raisa  Qorbaçova həyat yoldaşı ilə Fransada rəsmi səfərdə olarkən erməni icması ilə görüşmüş, onlara Dağlıq Qarabağla bağlı vədlər vermişdi. Amerikada, Fransada bu sayaq vədlərinə görə erməni oliqarxları tərəfindən Raisaya bahalı zinyət əşyaları da hədiyyə olunmuşdu. Bu haqda SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ovaxtkı sədrinin birinci müavini Bobkov da məlumatlı olubmuş, hətta məsələyə “Mən hər şeyi həll etməyə səlahiyyətli deyiləm. Raisanın Mixail Sergeyeviçə təsiri böyükdür” şəklində reaksiyası da məlumdur.

Baş Hakim ekspertə minnətdarlıq bildirib erməni müdafiəçilərin Raisa və Mixail Qorbaçovlardan Divanın ermənilərin xeyrinə söz almaları barədə növbəti vəsadətini rədd etdi, çox vacib bir məqama aydınlıq gətirilməsini xahiş etdi:

-Biz Divanın əvvəlki proseslərində erməni-türk münaqişəsinin bütün dövrlərinə işıq tutduq. Qriqoryanın, Aqanbekyanla Mento Melkonyanın prosesində müasir mərhələdən də söz açdıq, Xocalı faciəsinə toxunduq. Mən indi ekspertlərdən xahiş edərdim ki, SSRİ dönəmində Dağlıq Qarabağ məsələsinin tarixçəsini xronoloji ardıcıllıqla, çox qısa çəkildə anlatsınlar.

Ekspertlər sənədləri hazırlayarkən Zori Balayan kitabını çıxarıb oxumağına davam etdi. Deməzsənmiş, “bəşər mədəniyyətinin beşiyi qədim hayların vətəni imiş”...

Arayış hazır olan kimi ekspertlər onu səsləndirib yenidən Balayanın səsini kəsdilər:

- Ermənistanın Dağlıq Qarabağın birləşdirilməsi ilə bağlı ilk müraciəti 1945-ci ilə təsadüf edir. Ermənistan Kommunist Partiyasının rəhbəri Q.Arutyunov 1945-ci ilin noyabrında SSRİ-nin rəhbəri İosif Stalinə məktubla müraciət edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Qarabağ vilayəti kimi Ermənistanın tərkibinə daxil edilməsi məsələsini qaldırıb. Stalinin tapşırığı ilə dövlət səlahiyyətlisi  Malenkov Azərbaycan Kommunist Partiyasının rəhbəri M.C.Bağırova Arutyunovun təklifi ilə bağlı sorğu göndərib. Bağırov ərazi mübadiləsi təklif edib: əsasən azərbaycanlıların yaşadıqları Şuşa rayonu istisna olunmaqla Dağlıq Qarabağın qalan ərazisi Ermənistana keçsin, əvəzində Ermənistanın Azərbaycana bitişik və əsasən azərbaycanlıların yaşadıqları üç rayonu Azərbaycana keçsin. Ermənilər razılaşmayıblar və qərar təxirə salınıb...

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.