Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Nəşriyyat və təhsil sektorunda gördüyü əhəmiyyətli işlərlə Şəmil Sadiq bizləri təəccübləndirməkdə davam edir. Bu dəfə isə o, bir ilkə imza atdı. Ölkəmizdə ilk dəfə Təhsil Mecerləri Forumunu təşkil etdi.
İndi isə təfərrüatı.
Noyabrın 19-da yerli və xarici təhsil müəssisəsi rəhbərlərinin iştirakı ilə “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı ilə 20 nömrəli məktəbdə Təhsil Menecerləri Forumu keçirildi. Giriş nitqi ilə çıxış edən “Hədəf” Şirkətlər Qrupunun Baş direktoru Şəmil Sadiq tədbirin məqsədi, perspektivləri barədə məlumat verib, bu sahədə atılan addımlar və problemlərdən söz açdı, onların həlli yollarına diqqət çəkdi.
Deputatlar Fazil Mustafa, Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov Təhsil Menecerləri Forumunun Azərbaycanda ilk dəfə keçirildiyindən, belə tədbirlərin təhsil sahəsi üçün açdığı imkanlardan söz açdılar. Bundan başqa çıxışçılar istər məktəblər, istər kollec və universitetlərdə təhsil sisteminin çatışmazlıqlarından, mövcud problemlərin həlli yollarından danışıb, bunun üçün əlverişli şərait yaradılmasının vacibliyindən bəhs eddilər.
Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı isə “Təhsildə idarəetmə və keyfiyyət” mövzusunda çıxış etdi. Keyfiyyətli təhsilin keyfiyyətli gələcəyə yol açacağından, əvvəl bilmək istəyən, daha sonra öyrənməyə can atan nəsil yetişdirməyin vacibliyindən danışdı.
“Azərbaycanda təhsil idarəçiliyi: reallıqlar və perspektivlər” adlı mövzu qoyan Ceyhun Məmmədov Azərbaycan təhsilinin hazırkı vəziyyəti ilə bağlı qayğılarından, perspektivləri dəyərləndirmənin mümkünlüyündən, təhsil işçilərinin vahid nəticə üçün ortaq qənaətdə birləşməli olduqlarından söz açdı.
Biznes və karyera məsləhətçisi Fəxri Ağayev “Şirkət nəticələrində rəhbərin rolu və məsuliyyəti”ndən danışdı. O, qeyd etdi ki, işə götürülən işçinin potensialı və gördüyü işin keyfiyyəti rəhbərin məsuliyyəti deyil. Amma bir il sonra da nəticə dəyişmirsə, bu, təkcə işçi ilə yox, rəhbərlə də bağlı problemdir.
Şəmil Sadiq “Təhsildə Hədəf konsepti”ndən söz açdı, yeni tipli məktəbin yaradılmasının, milliliyi qorumaqla bəşəri yeniliklərin tətbiqinin mümkünlüyündən danışdı. Əlbəttə ki, ənənəvi şagirdləri balabilgələrin əvəz etməsi, milli papaqlı oğlanların və milli örpəkli qızların görünüşü, vətənpərvərlik ruhunda təhsil – “Hədəf”in irəli sürdüyü milli konsepsiya təqdirəlayiqdir.
“CIBS Europe” təlim mərkəzinin təsisçisi Təbriz Hacınski “Təhsil menecerliyində NLP” mövzusu ilə danışıqların idarə olunmasının, bunun üçün strategiyanın, səs tonunun, sözlərin düzgün seçilməyinin vacibliyini dilə gətirdi.
“Azərbaycan İnsan Resursları Assosiasiyası” İctimai Birliyinin təsisçisi Nərgiz Seyidzadə “Ofis başlarında dəyişim”dən danışdı, işçilərin və rəhbərliyin bölündüyü qruplardan, iş yerində düzgün hesab olunan yanlışlardan, işçilərə fərdi yanaşmanın əhəmiyyətindən bəhs etdi.
Forumda jurnalist Orxan Cabbarlının moderatorluğu ilə panel də baş tutdu. Bakı Şəhər Təhsil İdarəsində Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, 291 nömrəli Ekologiya liseyinin direktoru Arif Əsədov, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev və təlimçi-psixoloq Fərid Seyfullayevin iştirakı ilə reallaşan paneldə uğurlu təhsil konsepsiyaları, təhsildə idarəetmə strategiyası, məktəb idarəetməsindəki yanlışlıqlar, yeni nəslə yeni təhsil, təhsilin onlayn idarəedilməsi və rəqəmsallaşma, eləcə də metamən mövzuları ətrafında bir-birindən maraqlı fikirlər səsləndirildi.
Forum iştirakçıları da tədbirə interaktivlik qatıb, sözügedən mövzularla bağlı məruzəçilərə bir-birindən maraqlı suallar verib, dolğun cavablar aldılar.
Əlavə məlumat üçün bildirək ki, yüzlərlə təhsil işçisinin qatıldığı forumda Təhsilin İnkişafı Fondu idarə heyətinin sədri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü İlqar Orucov, Mədəniyyət Nazirliyi yanında ictimai şuranın üzvü Əkbər Qoşalı, təhsil eksperti Kamran Əsədov, müxtəlif universitetlərin rektorları, təhsil sahəsində çalışan mütəxəssislər, media, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər.
Forumun tərəfdaşlarının siyahısını təqdim edirəm: “Hedef Group”, “Hədəf Global”, Hədəf STEAM Liseyi, Dünya Məktəbi, “SİNKOD” yayın və dağıtım şirkəti, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kipr Elm Universiteti, AzTV, EduPress, SİA, Hədəf Təlim və Karyera Mərkəzi, Təhsil Forumu Platforması.
Sonda bütün iştirakçılara sertifikat verildi.
Əminik ki, forum təhsilimizin inkişafına öz töhfələrini mütləq verəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(23.11,2023)