“Qəlbən şair olmayan insan əsla riyaziyyatçı ola bilməz” - MÜSAHİBƏ Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə sizə Gülnarə Mustafazadə ilə müsahibəmi təqdim edəcəyəm. Riyaziyyat müəllimi və şair - ilk baxışda iki zidd sahələri özündə birləşdirir müsahibim. Ancaq deməzsənmiş, bu sahələr heç də zidd deyilmişlər. 

 

-Zəhmət olmasa öncə özünüz haqqında məlumat verərdiniz, Gülnarə xanım.  

 

 -Mən Mustafazadə Gülnarə Nasir qızı 1986-cı ildə dekabr ayının 10-da dağlar qoynunda yerləşən Şəki şəhərində anadan olmuşam. Orta təhsilimi elə doğulub boya-başa çatdığım Şəki şəhərində 20 saylı tam orta məktəbdə almışam. Ali təhsilimi isə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində 2004-2008-ci illərdə Bakalavr, 2008-2010-cu illərdə isə Magistr olaraq müvəffəqiyyətlə, fərqlənmə diplomu ilə tamamlamışam. Hal-hazırda həm Bakı Dövlət Universitetinin Ali Cəbr kafedrasında, həm də ADRA-nın nəzdindəki Əzim Əzimzadə adına İncəsənət kollecində Riyaziyyat müəlliməsi olaraq pedaqoji fəaliyyət göstərirəm.

 

-İlham mənbəyiniz nədir?  

 

-Ümumiyyətlə onu qeyd edim ki, bir şairə ilk növbədə gözəl görməyi bacarmaq gərəkdir. Mən bunu bacardığım üçün baxdığım hər bir şeydə görə bildiyim bütün gözəlliklər və özəlliklər mənim ilham mənbəyimə çevrilməyi bacarır. Ümumi olaraq əsas ilham mənbəyim "GÖZƏLLİK VƏ SEVGİDİR".

Ancaq bir şeyi də qeyd etməliyəm ki, yaradıcı insanların ortaq xüsusiyyətlərindən biri də onların əbədi və əzəli bir ilham mənbəyinin tarixi minilliklərə söykənən, tarix səhnəsində hər zaman öz söz və mövqeyinə malik olan Vətən olmasıdır. Bu zaman gözlərimiz önündə yurdumuzun gözəl düzləri, bol sulu çayları, məğrur dağları, yalçın qayaları canlanır. Küləyin səsini, suyun şırıltısını, şimşəyin çaxmasını və s təbiət gözəlliklərini bizə sevdirən ədəbiyyat olduğu üçün danılmaz həqiqətdir ki, dağlar, qayalar, çaylar və s təbiət gözəllikləri poeziyanın yaranma mənbəyidir. Elə bu səbəbdəndir ki, suyun səsi, güllərin xoş ətri, dağların uca zirvəsi və s kimi duyğular məni hər zaman yazmağa səsləyib. İlham mənbəyini mən hər zaman bir "Vulkan ocağına” bənzədirəm. Bütün yaradıcı insanlara isə ilham mənbəyindən maksimum dərəcədə faydalanaraq, zəngin göstəricilərlə bol, ölməz, parlaq sənət nümunələri yarada bilməyi arzu edirəm.

 

-Əsərlərinizi ən çox nə zaman və harada yazmağı sevirsiniz?  

 

 -Əsərlərimi əsasən gecə saatlarında öz iş otağımda yazmağı sevirəm. Çünki bu saatlarda beynimdəki bütün əlavə yüklərdən, düşüncələrdən tam azad oluram və özümə, yazacağım şeirlərə köklənə bilirəm.

 

-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra  üstünlük verirsiniz?  

 

-Çox gözəl sualdır. Viktor Hüqonun belə bir fikri var, "Kitabı müəllif, onun aqibətini isə cəmiyyət yaradır". Mənim ruhum "Sevgi şəhəri"ndən ibarət və Oxatan bürcünün nümayəndəsi olduğum üçün romantika janrına, sevgi macəralarından bəhs edən əsərlərə daha çox üstünlük verirəm. Ancaq psixoloji dramlar həmişə mənə maraqlı gəlib. Yaxşı yazılmış psixoloji dramın süjet xətti istər-istəməz adamı oxumağa vadar eləyir. Klassik ədəbiyyatın bəzi nümunələri çox əladır. Əsas səbəb də həmin dövrün elementlərini və təfəkkürünü əks etdirməsidir. Bioqrafik və avtobioqrafik əsərləri xüsusilə sevirəm. Çünki real faktlara əsaslanırlar. Təbii ki, antiutopiyanı da unuda bilmirəm. Ələlxüsus da bu janrda olan əsər hansısa real faktları özündə ehtiva edirsə, daha da mükəmməlləşir. 1950-1990-cı illər aralığındakı postmodern ədəbiyyatı oxumaqdan həmişə zövq almışam. Sərbəstliyi və ifadə tərzi də mühüm amildir. Ancaq oxumasam belə, mənə görə ən vacib janr isə elmi ədəbiyyatdır, çünki yaxşı yazılmış elmi əsərin təsir gücü ilə həm özündə, həm də başqalarında çox şeyi dəyişmək mümkündür.

 

-Bir riyaziyyat adamı olaraq soruşuram, riyaziyyatla ədəbiyyatı birləşdirən və fərqləndirən hansı cəhətlər vardır?  

 

-Əvvəlcə oxşar cəhətlərindən danışım. Qəlbən şair olmayan insan əsla riyaziyyatçı ola bilməz. (S.Kovalevskaya). Əsl riyaziyyatçı bir qədər də şair olmalıdır. (K.Veyerştrass) ... Bu siyahını uzada da bilərəm. Bir sözlə, "Ədəbiyyat olmasa riyaziyyatın üzə çıxması mümkünsüzdür". Hər ikisi, necə deyərlər, insanların dünyasını əks etdirir. Çünki “İnsanlar da ədədlər kimidir. O insanın dəyəri isə o ədədin içində olduğu ədəd ilə ölçülər". Hər ikisi müqəddəratını təyin edir. Biri insanların, digəri isə rəqəmlərin. Riyaziyyatçılar da ədəbiyyatdakı aşiqlər kimidir. Onlardan birinə ən kiçik bir qanunu verin, o ondan bir nəticə çıxaracaq, təbii ki, bu nəticəni qəbul etməniz lazım olacaq, o da bu nəticədən başqa bir nəticə çıxaracaq. Riyaziyyatda da ədəbiyyatda, böyük obrazlarda olduğu kimi böyük olmanın iki yolu vardır: birincisi hər kəsdən ağıllı olmaq, ikincisi də hər kəsdən axmaq, lakin təmkinli olmaq. Riyaziyyatçının da naxışları rəssam və ya şairlərinki kimi gözəl olmalı, fikirləri rənglər və ya sözlər kimi bir-birlərinə ahənglə uyğun gəlməlidir... Dünyada çirkin riyaziyyat üçün əsla daimi bir yer yoxdur. Hər ikisində də gözəlliklər qəbul edilə bilər, lakin açıqlana bilməz. Fərqli cəhətləri: Bir riyaziyyatçı fərz etməz, lakin bilər. İnandırmağa çalışmaz, çünki isbat edər. Etibarınızı gözləməz, bəlkə diqqət yetirmənizi istər. Riyaziyyatda bir şeyləri əsla anlamazsan, yalnız onlara alışarsan. Bir riyaziyyatçının işi teoremləri isbat etməkdən, bir yazarın əsas işi isə cümlə yazmaqdan ibarətdir. Məntiqi olaraq düşünülə biləcək olanı məntiqi olaraq düşünmək -, riyaziyyatçının məqsədi budur. Ədəbiyyatda əsas rol oynayan amil hiss, duyğu, düşüncələr, sentimentallıqdır. Riyaziyyatda isə məhz məntiq, dəqiqlik hökm sürür. 

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün fikrimcə ən gözəl üsul hər bir övlada hələ uşaqlıqdan yatmamışdan öncə nağıl, öz yaşlarına uyğun kiçik mənzum hekayələr kitabı maraqlı emosiyalarla xəyalında canlandıraraq oxumağı vərdiş halına gətirmək lazımdır. Uşaqlıqdan onlara kitabın insan həyatındakı rolundan, faydalarından bəhs edərək kitabı sevdirmək lazımdır. Onlara kitabların susqun olsalar belə, ən səmimi və etibarlı dost olduqlarını başa düşəcəkləri tərzdə anlatmaq lazımdır.

 

-Fəaliyyətlərinizlə bağlı hər hansı bir planlarınız varmı?  

 

-Xeyr. Fəaliyyətlərimlə bağlı nail olmaq istədiyim heç bir planlarım yoxdur əslində. Çünki demək olar ki, bütün peşə fəaliyyətlərimdə kifayət qədər uğur əldə etmişəm, sevgi və dəyər qazanmışam. Rəbbim bütün yazar və şairlərə haqq etdikləri, layiq olduqları şəkildə dəyərləndirilib qiymətləndirilməyi nəsib, qismət etsin inşəAllah!

 

-Yazıçı və ya pedaqoq olmaq istəyən gənclərə hansı məsləhətlərinizi verərdiniz?

 

-Yazıçı və pedaqoq olmaq istəyən gənclərə öz növbəmdə iddiadan uzaq olmağı, mütəmadi olaraq mütaliə etməyi, yeni çağdaş ədəbiyyat nümunələri barəsində xəbərdar olmağı, poetik, düşündürücü ifadələrdən daha çox istifadə etməyi, xırda, bəsit, çox işlənmiş mövzulardan uzaq olmağı, çox işlənmiş mövzu olsa belə tamamilə fərqli tərzdə, biçimdə işləməyi, uzun -uzadı, yorucu yazmamağı, qeyri peşəkarların sözünə əhəmiyyət verməmələrini tövsiyə edirəm.

 

-Şeirlərinizdən birini bizimlə paylaşa bilərsinizmi Gülnarə xanım?

 

 -Öz şeirimi deyil, ən çox bəyəndiyim bir şeiri paylaşacam. Şair Şamil Ənvəroğluna aiddir.

 

Sənin gözlərindən bir körpə baxar,

mənim gözlərimdən min illik qoca...

 

Sənin itirməyə səbəblərin çox,

mənim itirməyə nəyim qalıb ki?

Gör neçə istəyin tutur əlindən,

mənim istədiyim nəsə olub ki?

 

Sənin gözlərində yaşam sevinci,

mənim gözlərimdə yaş da qalmadı,

Sənin əllərində neçə doğma əl,

mənim əllərimdən tutan olmadı...

 

Mən hələ bilmirəm hansı arzumun,

toyunu edəcəm, xoşbəxt görəcəm,

Mən hələ bilmirəm, bəlkə bu axşam,

bütün arzularla birgə öləcəm...

 

Başını tumarlar ata əlləri,

mənimsə əllərim daş üstə gəzər.

Sənin həyatını "dörd fəsil" xalı,

mənimsə ömrümü qış xalı bəzər...

 

Sənin Günəşin də bir başqa doğar,

bir başqa açılar sabahların da.

Mənimsə Günəşim içimdə əsir,

dörd divar içində sabahlarım da...

 

Gedər hamar yolla, illərin gedər,

geridə bir xoşbəxt xatirə qoyar.

Mənimsə çıxdığım daş yoxuşlarda,

neçə arzularım əzilib qalar...

 

Sənin gözlərindən bir körpə baxar,

mənim gözlərimdən min illik qoca.

Sənin qayğıların barmaq sayında,

mənim ağrılarım saysız, dəryaca...

 

Bax, gülə bilirsən, nə xoş bir durum,

hər zaman ürəyin sevinsin, gülüm.

Gör, çırpa bilirsən bu üst-başımı,

illərin dərd yükü tökülsün, gülüm.

 

-Dəyərli zamanınızdan bizə vaxt ayırdığınız üçün minnətdaram, Gülnarə xanım!

 

-Mən də sizlərə öz dərin təşəkkürümü bildirirəm. İşlərinizdə uğurlar arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.