Könül, “Ədəbiyyat və incəsənət”
Mən bu tamaşa haqda daha geniş yazı təqdim edəcəyəm. İndilikdə isə istərdim Şərqin ən gözəl baletinin növbəti təqdimatı barədə xəbəri çatdırım.
Demək, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli bəstəkar, dünyaşöhrətli Fikrət Əmirovun məşhurdan məşhur “Min bir gecə” baletini Heydər Əliyev Sarayında təqdim etdi.
Min bir gecə — 1979-cu ildə yazılmış iki hissəli baletdir. Baletin musiqisini Fikrət Əmirov, librettosunu Rüstəm və Maqsud İbrahimbəyovlar yazmışlar. Premyera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında elə həmin 1978-cu ildə baş tutmuşdur.
Ərəb nağılları əsasında yazılmış baletdə musiqi, xoreoqrafiya, libretto və bədii tərtibat üzvi vəhdətdədir. Valehedici melodiyalar, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə xalq səhnələri və məişət lövhələrinin növbələşməsi "Min bir gecə" baletinin əsas xüsusiyyətləridir. Baletdə əsas diqqətçəkən məqamlardan biri də, tembr dramaturgiyasında qadın səsinin istifadə edilməsidir. Baletin əvvəlində orkestrın incə, cazibədar axıcı intonasoyaları fonunda səslənən qadın xoru kədərli olsa da, işıqlı arzulara və sədaqətə inamı əks etdirir.
“Min bir gecə” dərin fəlsəfi tamaşadır.
Bu, qadına, onun məhəbbətinə və müdrikliyinə himndir. Çox mürəkkəb və dərin ideyaların rəqslə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir.
Qeyd edim ki, tamaşada əsas rolları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Elmira Süleymanova (Nuridə), solistlər Fatimə Xələfova (Şəhrizad), Aleksandr Suldin (Nuridənin sevimli qulu) böyük məharətlə ifa etdilər.
Xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluq etdiyi tamaşada, həmçinin Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivi və teatrın solisti Fatimə Cəfərzadə də çıxış etdilər.
Nə deyim, klassik, ciddi musiqi sevənlər üçün əsl bayram oldu.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)