Super User

Super User

Çərşənbə axşamı, 30 May 2023 10:30

“Oazis”də “Ağ atlı oğlan”ın “İntizar”ı

GÖRKƏMLİ BƏSTƏKAR FİRƏNGİZ ƏHMƏDOVA ÖMRÜNÜN 76-cı BAHARINI QEYD ETDİ

 

Yola saldığımız istirahət günlərində üzərindən sükutla keçilə bilməyəcək daha bir doğum günü tarixi də oldu. Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadə ömrünün 76-cı baharını qeyd etdi. “Ədəbiyyat və incəsənət”in növbəti yazısı tanınmış bəstəkarımız barədədir. 

 

Qara Qarayevin tələbələrindən söz düşəndə ilk olaraq F.Əlizadənin adı çəkilir. O, yeganə azərbaycanlı bəstəkardır ki, “UNESCO-nun Sülh Artisti” fəxri adına layiq görülüb. Firəngiz Əlizadənin yaradıcılığında uğurlar çoxdur. Bu, təkcə onun deyil, Azərbaycan mədəniyyəti tarixinin səhifələrinə yazılan uğurlardır. Firəngiz xanım bu uğurlara böyük istedadı və zəhməti sayəsində nail olub. 

Təsadüfi deyil ki, 1992-ci ildə Firəngiz xanıma Türkiyə dövləti tərəfindən “Boş beşik” baletinin yazılması sifariş olunub. Mersin Opera və Balet Teatrının açılışı münasibətilə səhnəyə qoyulan bu əsər böyük uğur qazanıb. Türkiyə hökumətinin xahişi ilə Firəngiz xanım qardaş ölkədə bir neçə il fəaliyyət göstərib. 1997-ci ilədək Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışan F.Əlizadə 1999-cu ildə Almaniyaya, Berlin İncəsənət Akademiyasının professoru vəzifəsinə dəvət alıb. O, 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərib. Bu illər ərzində Firəngiz xanım dünyanın müxtəlif ölkələrində möhtəşəm konsertlər verməklə müasir musiqinin ən görkəmli nümayəndələrindən biri kimi adını tarixə yazdırıb.

Firəngiz Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Xarici ölkələrin məşhur musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərindən: Violonçel üçün "Oyan!" (Paris, 2005), Kvintet üçün "Xəzər" (Nyu-York, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, 2006), "Optical İdentity" baleti (Sinqapur, 2007), Misteriya "Al Kamandcaty" (Roma, 2007), Skripka üçün "Dastan" (Ausburq, 2007), fortepiano, violonçel və kamera orkestri üçün "Dəniz" (Bern, 2008), "Your name means the Sea" operası (Hyuston, 2011), xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (Amsterdam, 2011), Skripka və fortepiano üçün "İmpuls" (ABŞ, 2012), fortepiano üçün "Landscape" (Fransa, 2012) və sair qeyd etmək olar.

Bəstəkarın əsərlərini dünya şöhrətli musiqiçilər - Mstislav Rostropoviç, Yo-Yo Ma, Monigetti, Evelin Qlenni, Yulius Berger və musiqi kollektivləri - "Kronos-Quartet", "Collegium Novum", "Continuum" və başqaları ifa edib və bu gün də ifa etməkdədir. Bu ansambllara Azərbaycanın görkəmli musiqiçiləri Alim Qasımovun, Möhlət Müslümovun, Fəxrəddin Dadaşovun və başqalarının da adlarını əlavə etmək yerinə düşər. Çünki F.Əlizadə öz əsərlərində Avropa alətlərində milli alətlərin səslənməsindən alınan tembr boyalarına üstünlük verməklə yanaşı, məhz qərb və şərq musiqiçilərini bir ansamblda birləşdirməyi də çox sevir.

Məşhur amerikalı skripkaçı, meqastar Hillari Hanın Firəngiz Əlizadənin əsəri də daxil olan "Deutsche Grammofon" albomu 2014-cü ildə "İlin ən yaxşı kamera musiqisi" nominasiyasında "Grammy" mükafatına layiq görülüb. Azərbaycan bəstəkarlıq məktəbi tarixində F.Əlizadə bu mükafatı alan ilk bəstəkardır.

Müasir Azərbaycan musiqisinin görkəmli nümayəndələrindən olan Firəngiz Əlizadə əsərləri ölkə hüdudlarından kənarda böyük məmnunluq hissi ilə ifa olunan azsaylı  bəstəkarlardandır ki, qastrol etdiyi şəhərlərin coğrafiyası da çox genişdir: Turin, Berlin, Lösern, Boston, San Dieqo, Çikaqo, Los-Anceles, San-Fransisko, Nyu-York, Sietl, Bazel, Amsterdam, Bern, Roma, Sürix, Vyana, Zaltsburq, Bonn, Lion, Tokio, Paris və sair.

Bəstəkarın milli-mənəvi və psixoloji-əxlaqi keyfiyyətləri tərənnüm edən "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş beşik" və "Stadt-Graniza" baletləri, "Habilsayağı", "Oazis", "Dərviş", "Abşeron" - müxtəlif ifaçılıq tərkibi üçün instrumental kompozisiyaları, "Silk road", violonçel və orkestr üçün "Mərsiyə" konsertləri, böyük simfonik orkestr üçün "İthaf" və digər əsərləri dünyanın mötəbər konsert salonlarında sevilə-sevilə ifa olunur və dinlənilir. İstər amerikan, alman, fransız, istər rus, eləcə də türk qardaşlarımız bu bəstəkarı özününkü hesab edir və onun əsərlərinə böyük məmnunluq hissi ilə qulaq asırlar. Bu səbəbdəndir ki, Firəngiz Əlizadəni həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkarı) kimi fəxri titulu ilə təltif ediblər. Bu da Firəngiz xanımın beynəlxalq aləmdə böyük nüfuza malik olmasını bir daha təsdiq edir.

Əsərlərində bəşəri mövzulara toxunaraq insanların diqqətini qlobal məsələlərə yönəltməyi bacaran bəstəkarımızın yaradıcılığının əsas ana xəttini canından artıq sevdiyi doğma Azərbaycanın tərənnümü təşkil edir. Buna misal olaraq, onun yaradıcılığının şah əsəri kimi qiymətləndirilən "İntizar" operasını göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nərgiz Paşayevanın librettosu əsasında yazılan, yüksək bədii keyfiyyətləri ilə seçilən "İntizar" operasının əsas ideyası - Vətən uğrunda mübarizənin və əbədi məhəbbətə inamın təcəssümüdür. Bu opera Xeyir və Şər qüvvələrin qarşıdurması, haqq-ədalətin qələbə çalması kimi bəşəri mövzuları əks etdirir.

 

Firəngiz Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli mədəniyyət xadimidir. 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) üzvü olan F.Əlizadə 1979-cu ildə ABİ-nin İdarə Heyətinin katibi, 2007-ci ildən sədri seçilib və bu günə kimi həmin vəzifədə fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. Üzeyir Hacıbəylidən sonra İdarə Heyətinin sədrləri görkəmli bəstəkarlar - Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və başqaları olublar. Bu ənənə bu gün də davam edir. Bəstəkarlar İttifaqının idarə heyətinin sədri Firəngiz Əlizadə təşkilatın işinin daha səmərəli qurulmasına böyük əmək sərf edir. Bu gün Bəstəkarlar İttifaqı respublikanın musiqi həyatında öndə gedir, yüksək bədii səviyyənin saxlanılması istiqamətində öz sözünü deyir. Bəstəkarlar İttifaqı Heydər Əliyev Fondunun dəstəyi ilə "Muğam aləmi", habelə "İpək Yolu" Beynəlxalq Musiqi festivallarını təşkil edir. Bəstəkarlarımızın dəyərli əsərləri İttifaqın xətti ilə festivallarda, plenumlarda, baxışlarda, konsertlərdə səsləndirilir, onların albomları buraxılır. Həmçinin İttifaqın təşəbbüsü ilə tanınmış bəstəkarlar və musiqişünasların həyat və yaradıcılığından bəhs edən broşürlər nəşr olunur.

Professor Firəngiz Əlizadə həm də bir neçə sənədli filmin ssenari müəllifidir. Rejissor Cahangir Zeynalovun çəkdiyi "Hüdudsuz muğam aləmi" sənədli filmi buna ən gözəl nümunədir. Filmdə 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Muğam Festivalı bütün təfərrüatı ilə öz əksini tapıb.

Dünya şöhrətli bəstəkarımız yaradıcılığının müdrik çağında bu gün də gənclik şövqü ilə uğurlar ənənəsini davam etdirir. Belə ki, 2019-cu ildə Firəngiz xanıma "Aga Khan Music Award" musiqi mükafatı təqdim edilib. Portuqaliyanın paytaxtı Lissabonda baş tutan mükafatlandırma mərasimində mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Amin təqdim ediblər.

Qeyd edək ki, 1967-ci ildə yaradılan “Aga Khan Foundation” “Aga Khan Music Award” nominasiyasını yeni təsis edib. Bəstəkarlıq sahəsində verilən mükafatın ilk laureatı Firəngiz Əlizadə olub.

Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, "Şöhrət", "Şərəf" ordenlərinə və bir sıra mükafatlara, o cümlədən "Uğur", "Zirvə" mükafatlarına layiq görülüb.

Yüz yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Ədəbiyyatımız üçün olduqca əhəmiyyətli bir layihəyə imza atan “Xalq Bank” həm də digər qurumlar üçün bir örnək olduğunu da sübut edir. Bankın “Xalq Əmanəti” layihəsinin 23-cü nəşri görkəmli Azərbaycan şairi, ictimai-siyasi xadim Hökumə Billuriyə həsr edilib. Şairin “Seçilmiş əsərləri” kitabı Bakıda “Xalq Bank”ın əsas binasında geniş ictimaiyyətə təqdim olunub.

 

Hökumə Billuri 1926-cı il martın 3-də Zəncan şəhərində anadan olub. 1933-1943-cü illərdə “Azəri” qızlar məktəbində orta təhsil alıb və məktəbi bitirdikdən sonra həmin məktəbdə müəllimlik edib. İctimai-siyasi fəaliyyətə xanım Billuri İkinci Dünya müharibəsi illərində, sovet ordusu Cənubi Azərbaycanda olduğu dövrdə başlayıb. Əvvəlcə Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsinin təbliğat şöbəsi müdirinin müavini, mədəniyyət evi kitabxanasının müdiri vəzifələrində çalışıb. 

Lakin 1946-cı il dekabrın 12-də Azərbaycan Milli Hökuməti xarici imperializmin birbaşa siyasi, maddi və hərbi dəstəyi ilə İran şahlıq rejimi tərəfindən devrilir, Sovet qoşunları Cənubi Azərbaycandan çıxarılır, milli qüvvələrin 25 min nəfərdən artıq nümayəndəsi güllələnir, dar ağacına çəkilir, 100 mindən çox adam sürgünə göndərilir, mütərəqqi və demokratik ruhlu insanlar amansız təqiblər üzündən mühacirət etməli olur. Onların sırasında Bakıya üz tutan 20 yaşlı gənc Billuri də vardı.

Artıq Bakıda olarkən 1947-1952-ci illərdə Billuri Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alır. 1956-cı ildə Bakı Ali Partiya məktəbi, 1963-də Moskvada Sov.İKP yanında İctimai Elmlər Akademiyasını bitirir. Təhsili dövründə, “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək, Filologiya Elmləri Namizədi alimlik dərəcəsini alır. 

Bunlarla bərabər 1952-1954-cü illərdə Hökumə Billuri “Azərnəşr”də ədəbi-bədii şöbənin redaktoru, 1956-1960-cı illərdə isə Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı kimi nəşr edilən “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1964-cü ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi kimi fəaliyyət göstərib.

Poetik yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, həmçinin “Azərbaycan” jurnalında, sonrakı illərdə isə şeir və poemaları ədəbi dövri mətbuatda mütəmadi şəkildə dərc olunub.

“Mənim arzum” (“Uşaqgəncnəşr”, 1949), “Ölməz qəhrəman” (“Azərnəşr”, 1950), “Həyat yollarında” (“Azərnəşr”, 1951), “Mübarizə illərində” (“Azərnəşr”, 1954), “Şeirlər”, (“Uşaqgəncnəşr”, 1954), “Şairin yadigarı” (“Azərnəşr”, 1957), “Səhər günəşi” (“Azərnəşr”, 1964), “Səndən uzaqlarda” (“Azərnəşr”, 1961), “İstərəm”, “Şeirlər” (“Azərnəşr”, 1966), “Necə unudum” (“Gənclik”, 1974), “Çinar gözləyir məni” (“Azərnəşr”, 1976), “Apar məni o yerlərə” (“Yazıçı”, 1981), “Bir də bahar gəlsə” (“Yazıçı”, 1984), “Seçilmiş əsərləri” (“Azərnəşr”, 1986), “Dünya belə dünyadır” (“Yazıçı”, 1989), “Nə qəribə dünya imiş” (“Azərbaycan”, 1997), “Seçilmiş əsərləri” (“Şərq-Qərb”, 2005) şeir kitablarının, “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” (“Elm”, 1972) və “Məhəmmədhüseyn Şəhriyar” (“Elm”, 1984) monoqrafiyalarının müəllifidir. Şeirləri Yunna Morits və Rimma Kazakovanın tərcüməsində kitablaşaraq Moskvada nəşr edilib.

Hökumə Billuri həm də tərcüməçi fəaliyyəti ilə məşğul olub. Məhəmmdəhüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini fars dilinə çevirib.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Çərşənbə axşamı, 30 May 2023 10:00

Kamana can verən sənətkar

Xalq artisti Habil Əliyevin doğum gününə sözardı

 

Yola saldığımız istirahət günlərinə düşən əlamətdar hadisələr sırasında Xalq artisti, kamanın ən mahir ifaçısı Habil Əliyevin doğum günü də dayanır - onun 96-cı ildönümüdür. “Ədəbiyyat və incəsənət” portalı da bu doğum gününə toxunmaqdan  vaz keçə bilməz. 

 

Böyük yumor hissi olan bu baməzə insan daim ətrafdakıları güldürər, zarafatdan qalmazdı. Amma onun yumorları adi gülüş doğurmurdu, düşündürürdü, satiraya bərabər olurdu. 

Bu, filmin jurnalı. Filmin özü isə, şübhəsiz, onun ifasıdır. 

Habil Əliyevin həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. O, tarixə Azərbaycanın ecazkar  musiqi aləti olan kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi düşüb. 

 

Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. O, Ağdaşda orta məktəbi və eyni zamanda, yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub, 1952–1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Habil Əliyev burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəmişdir.

Erkən yaşlarından kamançaya meyil salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında çalışmaqla başlamış, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərmişdir. O, 1956–1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.

Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırmışdır. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir.

Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olmuşdur. Sənətkarın ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Habil Əliyevin ifaçılıq üslubu şəxsən ona həsr olunmuş simfonik bəstələrin işıq üzü görməsinə yol açmışdır.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.

Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Mahir kaman ifaçısı, eyni zamanda, bir sıra mahnıların müəllifi olaraq tanınırdı. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqiyə, muğamlara geniş şöhrət qazandırmışdır.

O, Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab edib, Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi olub. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsl məktəbdir. Azərbaycan ədəbiyyatının və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını canlandırmışlar.

 

Bu ustad sənətkarın əməyi də layiqincə qiymətləndirilib. Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər almış, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

Xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib.

Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Çərşənbə axşamı, 30 May 2023 09:30

Bir yandan boşalır, bir yandan dolur

ŞƏHİDİN OĞLU DÜNYAYA GƏLDİ

 

 

“Ədəbiyyat və incəsənət” portalı Səbinə Yusifin yazısını təqdim edir. 

 

Toyundan 20 gün sonra Şəhid olan Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş giziri, Vətən müharibəsi iştirakçısı Azər Məmmədovun oğlu dünyaya gəlib. Adını Azay qoyublar! 

 

Azər Məmmədov 2022-ci il sentyabr 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Zəngilan istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdu. Allah rəhmət eləsin. O, Qazax rayonunun Kəmərli kəndindəndir.

Azərin ata-anasını, həyat yoldaşını, doğmalarını Azayın dünyaya gəlməsi münasibətilə ürəkdən təbrik edirik. Gözü dolusu görəsiniz. Azay Atasının adına layiq oğul olsun! 

Dünya belədir, bir yandan boşalır, bir yandan dolur!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Çərşənbə axşamı, 30 May 2023 09:00

Gülnarə Xəlilova mükafatlandırılıb

Mədəniyyət Nazirliyinin Bakı şəhər Baş Mədəniyyət idarəsinin təşkilatı dəstəyi və "Emedia Group" media təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Müstəqillik Gününə həsr olunan Şəms Milli Mükafatlandırma mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, mükafata layıq görülənlər arasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, məşhur modelyer-dizayner Gülnarə Xəlilova da var. 

Foto Vüqar İmanovundur.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Bazar, 28 May 2023 00:01

105 yaşın mübarək, Respublikam!

Təbii ki, günün baş mövzusu Respublika günümüzdür. 105 il öncə Rus və fars imperialistlərinin ikiyə parçalayıb sahibləndikləri Azərbaycanımızın şimal hissəsində Məhəmməd Əmin Rəsulzadə başda olmaqla vətən təəssübkeşləri bir müstəqil dövlət qurdular. Bugünkü dövlətimiz bax o qurucu babalarımızın dövlətinin hüquqi varisidir.

“Ədəbiyyat və incəsənət” portalının daimi  yazarı Elman Eldaroğlunun növbəti doğum günü təbriki Azərbaycan Xalq Cumhuriyyətinin 105 illiyinədir. 

 

 

Sənin necə şipşirin, nə qədər dopdoğma olduğunu Səndən uzaqda- günbatanda yaşayanda daha dərindən hiss etdim. Axı babalarım yüz illər boyu qoynunda qərar tutub, ömür sürüblər. Aclıq, fəlakət, müharibə, hətta xəyanətlə üzləşsələr də, heç biri Səni tərk edib, rahatlığı yad ölkələrdə axtarmayıblar. Haraya getsələr, harada olsalar belə sonda yenə də sənə dönüblər, Vətən!.. 

Demirəm ki, Səndən gözəli yoxdur, dünyanın ən gözəl ölkəsisən. Əsla! Hər kəsə özününkü  şirindir, sən də mənim şirinimsən, Sən mənim üçün bütün gözəllərdən də gözəlsən...

Yüz illərlə yadelli xəqanların oylaq yeri olmusan. Səni yeniltməyə çox sərkərdələr səy göstərib, baş sındırıblar. Səni əziblər, Səni məhv etməyə çalışıblar, amma hər zaman yaşamısan…

Nəhayət 1918-ci ildə Məmməd Əmin Rəsulzadə adlı bir övladın əqidədaşları ilə birlikdə Sənə sahib çıxıb, respublika səviyyəsinədək yüksəldə biliblər. Sənə ad da veriblər- Azərbaycan Demokratik Respublikası!..

Sonradan adındakı Azərbaycan və Respublika kəlmələrinin arasına müxtəlif ögey sözlər əlavə olunsa da, Respublika olaraq yüz beş ildir ki, varsan. Dövlət rəmzlərin- bayrağın, gerbin, himnin neçə dəfə dəyişsə belə Sən olmusan, mövcudsan, varsan...

Azərbaycan! Mənim doğma məmləkətim! Qoynunda dil açıb danışdığım, ayaq tutub yeridiyim ölkə! Yaxşı bilirəm, Səni unutmaq, danmaq mümkün deyil…

Kaş biləydin, dünyadakı iki yüzə yaxın dövlətin rəngarəng bayraqları sırasında Sənin üç rəngli bayrağının dalğalanmasından necə qürurluyam, necə şadam...

105 yaşın mübarək, Respublikam! 

“Yaşa, yaşa, çox yaşa Azərbaycan!”

 

“Ədəbiyyat və incəsənət”

(28.05.2023)

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaşların qəbulu keçirilir.

Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu mayın 26-da Xaçmaz şəhərində gerçəkləşib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbulda, həmçinin mədəniyyət nazirinin müavini Səadət Yusifova, aparat rəhbəri Xanlar Ağalarov və struktur bölmələrin rəhbərləri də iştirak ediblər.

Xaçmaz Şəhər Tarix-Diyarşünaslıq Muzeyində keçirilən qəbulda əsasən Xaçmaz, Quba və Qusar rayonlarından, eləcə də digər bölgələrdən sakinlər iştirak ediblər.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbər və nümayəndələrinin də iştirak etdikləri görüşdə vətəndaşların müraciətləri işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması və digər məsələlərlə bağlı olub. Həmçinin yerlərdə mədəni fəaliyyətlə bağlı təkliflər səsləndirilib.

Sakinləri ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

 

BU GÜN XALQ YAZIÇISI ELMİRA AXUNDOVANIN 70 YAŞI TAMAM OLUR

 

Bu gün Xalq Yazıçısı, ədəbiyyat tariximizə Heydər Əliyev barədə ən yaxşı sənədli prozanı bəxş etmiş Elmira Axundovanın doğum günüdür. Ötən gün ölkə prezidentinin sərəncamı ilə Elmira xanım 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Elmira Hüseyn qızı Axundova 1953-cü ilin 26 mayında Rusiyada, Moskvaaltı Ramensk rayonunda anadan olub. 2018-ci ildə Xalq Yazıçısı adını alıb, nasir, publisist, tərcüməçi, ədəbiyyatşünasdır, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədidir. Milli Məclisin 2005, 2010 və 2015-ci illərdə deputatı olub, 2020-23-cü illərdə Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsini daşıyıb. 

Bir neçə gün öncə Azərbaycan Prezidentinin sərəncamı ilə Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırıldı. Bu, təbii ki, Ukraynada davam edən Rusiyanın işğalçı müharibəsi səbəbindən idi, təbii ki, müharibənin od-alovu içində həssas qəlbli, zərif qadın hansısa missiyanı yerinə yetirməsi absurd olardı. 

Portalımız bu gün Elmira xanımdan bundan sonra hansı vəzifə, imtiyaz gözlədiyi barədə bilgi alıb. Elmira xanım söyləyib: “Mən heç bir post, inanın səmimiyyətə, istəmirəm. Yaman yorulmuşam. Sadəcə yaşamaq istəyirəm - səyahət etmək, gözəl kitab oxumaq, gözəl filmlərə baxmaq istəyirəm. Post isə istəmirəm, daha bəsdir!”

Elmira Axundovanın ədəbiyyatımız tarixindəki yerini, ədəbi xarakterini açan bu xarakteristikaya nəzər yetirək:

“Bir insan, yazıçı öncə özü yazdıqlarına bütün varlığı ilə inanmasa, oxucuları da inandıra bilməz. Amma o inandırır, çünki inandığı şeylərdən yazır, gənc yazıçı Kəramətdən də yazanda, Azərbaycan tarixinin gəlib getmiş ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyevdən də yazanda bunu eyni sevgi, eyni səmimiyyətlə edir. Tarixdə, antik dövrdən başlayaraq bu günə kimi hökmdarlar barədə yüzlərlə, bəlkə də minlərlə əsərlər yazılıb, amma yalnız bunu bədii şəkildə gələcək nəsillərə çatdıra bilən yazıçılar çıxıb zamanın sınağından. Deyərdim ki, Herodotun, Ktesiyin, Strabonun, Plutarxın, Rəşidəddinin və bu qəbildən olan çoxsaylı yazıçıların yazdıqları faktoloji xronikalar deyil, bədii sənət nümunələridir, yəni ədəbiyyatın bir janrıdır. Ya götürək Firdovsinin “Şahnamə”sini, Nizaminin “Xəmsə”sini, bunlar da bir növ qədim hökmdarlar, Keyxosrov, İskəndər, Xosrov Pərviz, Bəhran Gur və başqaları barədə bioqrafiq romanlardır. Hər yazıçı yaradıcılığında öz üslubuna uyğun olaraq bir janr seçir. Akademik İsa Həbibbəyli Elmira Axundovanın yazdığı kitabların janrını sənədli-bioqrafiq-roman-tədqiqat kimi xarakterizə edir. Mən bilən, əvvəllər bizdə belə bir janrda yazanlar olmayıb, yəni Elmira xanım bu janrın pioneridir. Əlbəttə janra ad qoymaq ədəbiyyatşünasların işidir, mənim anlamımda isə yazıçı yazısına başlayanda heç zaman janr barədə düşünməz, janrı yazıçının üslubu və ortaya qoyduğu mətn müəyyən edir. Forma baxımından mən Elmira xanımın “Heydər Əliyev. Şəxsiyyət və zaman” epopeyasını Çingiz xan xanədanının bioqrafı, daha dəqiq desək səlnaməçisi, bu janrın dünya tarixində ən böyük nümamayəndələrindən olan Fəzlullah Rəşidəddinin “Cəmi ət təvarix” əsəri ilə müqayisə edərdim. Təbrizdə, Elxanilər sarayında yazıb yaratmış Rəşidəddinin əsərini də, İsa müəllimin təbirincə decək “sənətli-bioqrafiq-roman-tədqiqat” adlandırmaq olar, çünki Rəşidəddin öz ölməz əsərində Çingizxanın bioqrafiyası fonunda bütöv bir dönəmin, bütöv bir epoxanın tarixini bədii bir şəkildə ortaya qoyub. Heç bilmirəm nəyə körə Rəşidəddinlə eyni dövrdə, eyni xanədana xidmət eləmiş Nəsirəddin Tusi Azərbaycanda geniş təbliğ olunur, Rəşidəddinə isə ögey bir münasibət var. Hər halda Rəşidəddinin Azərbaycana aidiyyatı Nəsirəddin Tusininkindən heç də az deyil. Amma maraqlıdır ki, Rəşidəddinin ortaya qoyduğu üslub yüz illər keçəndən sonra azərbaycanlı yazıçı Elmira Axundovanın yaradıcılığıda yenidən təcəlla elədi. Nə bilim, bəlkə də burada mənəvi varislikdən başqa bir genetik varislik də var. Hər halda Elmira xanımın əcdadlarının yaşadığı Masallı Təbrizdən o qədər də uzaqda deyil. Nə bilim vallah, hər şeyin doğrusunu bilən yalnız Allahdır. Amma Elmira Axundova da eynən Fəzlullah Rəşidəddin kimi, Heydər Əliyev şəxsiyyətinin fonunda Onun yaşadığı böyük bir dönəmin, böyük bir epoxanın səlnaməsini yaradır.

Hələ “Heydər Əliyev. Şəxsiyyət və zaman” 

epopeyası ortaya çıxmamışdan öncə, 2003- cü ildə onun “Həqiqət anı” kitabı çıxmışdı. Elmira xanım  Ümummilli lider haqqında yazmağa 1990-cı illərin ortalarından başlayıb. Dövlət başçısının əksər xarici səfərlərində onu müşayiət edən jurnalistlər qrupunun dəyişməz üzvlərindən və səfər boyu Heydər Əliyevin daha çox ünsiyyət saxladığı jurnalistlərdən olub. Əvvəlcə bu yazılar tələbə uyğun olaraq informativ xarakter daşıyır, səfər təəssüratları kimi qələmə alınırdı. Sonradan Heydər Əliyevin xarici siyasət strategiyasının əsas istiqamətlərini əks etdirən bu analitik-informativ yazılar Elmira Axundovanın "Həqiqət anı" adlı bu kitabında toplandı. Bu kitab haqqında rəy bildirən insanların əksəriyyəti buradakı materialların obyektivliyini və səmimiyyətini xüsusi vurğuladılar.

Kitaba ön söz yazmış Vaqif Səmədoğlu da onun yaradıcılığının bu aspektini xüsusi qeyd edir və bildirir ki: “Həqiqər anı” kitabının əsas qəhrəmanı şübbhəsis ki, Epoxadır”. Elmira Axundovanı Azərbaycan publisistikasının ən nüfuzlu, ən istedadlı nümayəndələrindən biri olduğunu xüsusi qeyd edən böyük Ustad, fransızlar demiş, metr Vaqif Səmədoğlu, onun “Həqiqət anı”nda toplanmış, prezident Heydər Əliyevin fəaliyyətini əks etdirən və Azərbaycan və Rusiyada dərc edilən yazılarını yalançı pafosdan, yaltaq ibarələrdən uzaq əsərlər kimi dəyərləndirir. Vaqif Səmədoğluna yaxşı bələd olanlar bilirlər ki, o, həyatı boyu heç kim barədə yalançı bir cümlə də yazmayıb, çünki istedadlı yazı barədə onun öz baxış bucağı vardı. Böyük Ustad mənim “Torqovu peyzajı” kitabıma da ön söz yazıb və bu aspektdən baxanda Elmira xanımla aramızda bir doğmalıqda var – hər ikimiz Vaqif Səmədoğlunun barəsində söz yazdığı nadir adamlardanıq və mən yəqin bilirəm ki, Vaqif Səmədoğlu Elmira xanımın yazılarındakı sevginini və səmimiliyi görməsəydi, duymasaydı  onlar barədə söz deməzdi. Amma Elmira Axundova sevgi və səmimiyyətini mətnə hopdurmağı bacaran yaradıcılardandır. Bu sevgi və səmimiyyət sonradan çoxcildlik bir epopeya ortaya çıxardı və cəmiyyət də bu əsərləri sevdi, çünki kiminsə sevgisini qazanmaqüçün öncə gərək özün sevməyi bacarasan.  Əlbəttə, Heydər Əliyev kimi qlobal bir şəxsiyyət barədə sənədli-bioqrafiq-roman-tədqiqat əsəri yazmaq üçün yalnız sevgi və səmimiyyət yetərli olmaz, bu iş həm də böyük istedad, ustalıq və zəhmət tələb edir. Bu prosesdə gərək yüzlərlə arxiv materialları ilə işləyəsən, müxtəlif ölkələrdə Heydər Əliyevi tanıyan saysız hesabsız insanla görüşəsən, sonra toplanan materialları saf-çarük edəsən və bundan sonra yazmağa başlayasan. Bütün bunlar böyük zəhmət, ustalıq və istedad tələb edir. Zənnimcə, Elmira xanım bu işin öhdəsindən ləyaqətlə gəlib. Tanınmış yazıçı Natiq Rəsulzadənin qeyd etdiyi kimi,

“Heydər Əliyevin həyat və yaradıcılığının əhatə olunduğu altı cildlikdə maraqsız, dolğun olmayan hadisələr və müəllifin dərin fikri ilə zəngin olmayan bir dənə də olsun məqam, bir dənə də  “boş” səhifə yoxdur. Hər şey əvvəldən sona qədər azalmayan maraqla, həvəslə oxunur. Odur ki, kitabdan ayrılmaq qeyri mümkündür, dahi şəxsiyyətin zəngin bioqrafiyası və fəaliyyəti detektiv roman, bestseller, bütün dövrlərin ən yaxşı bestselleri kimi təqdim edilir. Müəllifin yüksək professionalizmi də məhz elə bundadır”.

Sözün düzü, cəsarətlə demək olar ki, Elmira xanım yalnız dövlət başçılarımızın bioqrafı  deyil, deyərdim ki, müstəqil Azərbaycan dövlətçiliyinin hələ ki, ilk səlnaməçisidir. Onun son kitablarından olan "Ədəbi səyahətlər: zaman, süjetlər, fikirlər..."də etiraf etdiyinə görə, bu səlnamələri yaratmaq istəyinin kökü məhz mərhum Prezidentin özünə bağlı imiş. Heydər Əliyev istəyirmiş ki, Elmira Axundova gələcəkdə onun irsini və fəaliyyətini araşdırsın, salnaməçisi, həyat yolunun, ölkəyə və xalq rəhbərlik fəaliyyətinin, dövlətçilik siaysətinin, Azərbaycan uğrunda mübarizəsinin tərəfsiz və obyektiv tərcümanı  olsun.

Zaman göstərdi ki, Elmira Axundova Onun arzusunu layiqincə yerinə yetirdi. Heydər Əliyevlə bağlı sənədli epopeya yaratmaqla yalnız həmin vaxta qədər yazılanları, arxiv  materiallarını öyrənməklə kifayətlənmədi. Tək Azərbaycanı deyil, bütün keçmiş Sovet İttifaqını, Azərbaycanla sıx qarşılıqlı əlaqələrə malik olan ölkələri gəzib dolaşdı. Onlarla siyasətçi, dövlət adamı, hərbçi, elm və mədəniyyət xadimi, sadə əməkçi ilə görüşüb söhbətlər elədi. Şəxsi müşahidələrini, söhbətlərini sistemə saldı. Nəticədə artıq bir neçə xarici dilə tərcümə olunmuş yeddi kitabdan ibarət olacaq altı cildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-epopeyasını ortaya qoydu. Aydın məsələdir ki, gələcəkdə də Heydər Əliyev haqqında yeni-yeni kitablar yazılacaq. Ancaq əminliklə demək olar ki,  onların heç biri fakt-sənəd baxımından "Şəxsiyyət və zaman"ın orbitindən, təsir dairəsindən kənara çıxa bilməyəcək”. Sitat Elxan Zal Qaraxandan götürülüb.

Gəlin sidqi ürəkdən Elmira xanımı yubileyi münasibətilə təbrik edək, ona daim zirvədə qalmağı arzulayaq.

Yüz yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

 

Hazırda bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb.

Bu barədə AzərTAC-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

Verilən açıqlamada qeyd olunur ki, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı, dövlət sifarişi və dəstəyi ilə kino istehsalı, o cümlədən animasiya filmlərinin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulur. ARKA-nın ən yaxın zamanda fəaliyyətə başlaması üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.

Xatırladaq ki, kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

 

Sabah paytaxtın İncəsənət Muzeyində yazıçı Adəm İsmayıl Bakuvinin “Paris üçbucağı” romanının təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində ölkənin tanınmış ziyalıları, söz adamları iştirak edəcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu həmin o romandır ki, Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayon onun barəsində Tvitterdə xoş sözlər yazmışdı: “Yağışlı bazar günü üçün çox uyğundur”.

Qeyd edək ki, sözügedən roman Parisə ezamiyyətə gedən azərbaycanlı oğlanla orda ilk baxışdan vurulduğu fransız qızın sevgisindən bəhs edir, bu sevgiyə qızın milliiəyətcə erməni olan nənəsinin qurduğu maneələr sonda uçurulub dağıdılır. 

Roman “Azərkitab” Yayınlarında işıq üzü görmüşdür. 

Adəm İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur. Yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir.

İdarəetmə üzrə Beynəlxalq simpozium və konfranslarda dəfələrlə moderator kimi iştirakçı olub.

2021-ci ildə “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı ilə ədəbiyyatda debüt edib. Müəllifin bəşər tarixində ən qatı cinayətkar hesab etdiyi 17 erməninin utopik məhkəməsindən bəhs edən bu əsəri ciddi rezonans doğurub.

 

“Ədəbiyyat və incəsənət”

(26.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.