Türkiyə UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib

Türkiyə 2023-2027-ci illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilub. Bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.

 

“Ədəbiyyat və incəsənət” portalı TRT-yə istinadən xəbər verir ki, Türkiyənin Fransanın paytaxtı Parisdə təşkil olunan “İştirakçı Dövlətlərin 24-cü Baş Assambleyası” sessiyasında keçirilən səsvermə ilə komitəyə üzv seçildiyini bildirən nazir deyib: “Türkiyə dördillik üzvlük müddətində Ümumdünya İrs Anlaşmasının idarəetmə orqanı olan və ildə bir dəfə toplanan Ümumdünya İrs Komitəsi iclaslarında komitənin digər üzvləri ilə birlikdə Ümumdünya İrs Siyahısına namizədlərlə əlaqədar qəraralma prosesində söz sahibi olacaq. Ölkəmiz 1983-1989-cu və 2013-2017-ci illərdə UNESCO-nun Ümumdünya İrs Komitəsində olub”.

 

Xarici İşlər Nazirliyi də bununla bağlı açıqlama verib.

Açıqlamada deyilir: “Türkiyə Ümumdünya Mədəni və Təbii İrs Anlaşmasına Tərəf Dövlətlərin İdarə Heyətinin 2023-cü il 22-23 noyabr tarixlərində Parisdə keçirilən 24-cü iclası çərçivəsində bu gün baş tutan seçkilərdə namizədliyini irəli sürdüyü boş yerlər kateqoriyasında ən yüksək, 137 səs alaraq 2023-2027-ci illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib.

Bütün insanlığın ortaq mirası qəbul edilən, bəşəri dəyərlərə sahib mədəni və təbii irsi tanıtmaq, cəmiyyəti sözügedən irsin qorunması üçün maarifləndirmək və fərqli səbəblərdən təhrif edilən mədəni və təbii dəyərlərin yaşadılması üçün lazımi tədbirlər görməklə vəzifələndirilən UNESCO Ümumdünya İrs Komitəsi ölkəmizdən də 21 mirasın daxil edildiyi Ümumdünya İrs Siyahısı ilə əlaqədar işlər görür.

 

Daha əvvəl 1983-1989-cu və 2013-2017-ci illərdə iki dəfə UNESCO-nun Ümumdünya İrs Komitəsinə daxil edilən Türkiyə Neolit dövründən bu yana Anadoluda mövcud olan və bütün sivilizasiyaları təmsil edən 21 dünya irsinin idarə edilməsi və qorunması sahəsində əldə etdiyi təcrübə və biliklərini UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv olaraq beynəlxalq arenada əks etdirməyi hədəfləyir”.

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.