Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) akademiyanın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” adlı kitabının təqdimatı keçirilib.
BMA-dan AzərTAC-a bildirilib ki, tədbirdə Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə çıxış edərək milli musiqimizin incilərindən olan və bizə etnik kökənimizdən miras qalan musiqi əsərlərimizin qorunmasından və bu səbəbdən Qərbi Azərbaycan yallılarının mövcudluğunun təsdiqlənməsilə bağlı görülən işlərdən söz açıb.
Elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə kitabın Azərbaycan dilində çap olunan versiyası ilə yanaşı, ingilis və rus dillərinə tərcümə olunmaqla daha geniş auditoriyaya çatdırılmasını yüksək qiymətləndirib. O, Rauf Bəhmənlinin uzun illər apardığı tədqiqatlar əsasında əldə etdiyi 500-dən çox rəqs melodiyalarının əhəmiyyətini, onların öyrənilməsi və notlaşdırılması sahəsində alimin yorulmaz zəhmətini xüsusi qeyd edib.
Rauf Bəhmənli 2022-ci ildə Azərbaycan dilində çapdan çıxmış “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” kitabının Qərbi Azərbaycan İcması tərəfindən rus və ingilis dillərinə tərcümə olunaraq yenidən nəşr olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.
Müəllif kitabın əlamətdar bir amili kimi erməni plagiatının ifşa olunması ilə yanaşı, Qərbi Azərbaycan bölgəsinə aid 43 yallının notlaşdırıldığını bildirərək təşkil olunan tədbirdə bu yallıların artıq yaddaşlardan silinməkdə olan 3-nün (“Ağbulaq”, “Çəmənkənd” və qədim adı “Babacan” olan “Teymur ağa” yallıları) videoyazısını təqdim edib.
R.Bəhmənli yallıların yaranma tarixindən, onların ermənilər tərəfindən necə mənimsənildiyindən nümunələr gətirərək, bu saxtakarlıqları ifşa edən faktlarla bağlı auditoriyanı məlumatlandırıb.
Tədbirdə qonaqlar da öz məruzələrində ilkin olaraq Qərbi Azərbaycanın musiqi mədəni irsinin əhəmiyyətindən söz açıb, təqdim olunan kitabın mədəniyyətimizin araşdırılması, tətbiqi və təbliği baxımından çox müasir əsər olması ilə bağlı fikirlər səsləndiriblər.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)