Super User
Bakı sinaqoqunda İsrailə yay düşərgəsinə yollanan azərbaycanlı uşaqlarla görüş keçirilib
Avropa yəhudilərinin Bakı dini icması diabetdən əziyyət çəkən azərbaycanlı uşaqların bir qrupunun İsrailə səfərini təşkil edib.
İcmadan verilən məlumata görə, bu münasibətlə Bakı sinaqoqunda bu yeniyetmələrin diabetdən əziyyət çəkən israilli həmyaşıdları ilə görüşü olub.
Sözügedən layihə Azərbaycan Səhiyyə Nazirliyi və “Stolero” qrupunun dəstəyi ilə Avropa yəhudilərinin Bakı dini icması tərəfindən İsrail və Azərbaycan əməkdaşlığı çərçivəsində həyata keçirilir. Unikal olan bu layihə diabetin birinci tipi ilə mübarizədə, habelə onun uşaqlar və yeniyetmələr arasında müalicəsində mühüm mərhələdir. İsraildəki Yeniyetmə Diabeti Assosiasiyası (JDRF) hər il diabetdən əziyyət çəkən uşaqlar üçün unikal yay düşərgəsi təşkil edir. Bu təşəbbüsün həyata keçirilməsi azərbaycanlı yeniyetmələrdən olan qrupun səfərinin maliyyələşdirilməsini öz üzərinə götürən Avixay Stoleronun rəhbərlik etdiyi “AS Holdings” kompaniyasının köməyi sayəsində mümkün olub.
Görüşdə Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal, icmanın sədri Aleksandr Şarovski, həmçinin “AS Holdings” kompaniyasının sahibi Avixay Stolero və kompaniyanın biznesin və sosial layihələrin inkişafı üzrə vitse-prezidenti Ruti Rubin-Qross iştirak ediblər. Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova da tədbirə qatılıb. Azərbaycan Ali Məhkəməsinin hakimi Elşad Şamayev görüşdə xüsusi qonaq qismində iştirak edib.
İsraildən olan yeniyetmələr qrupunun təmsilçisi İdan Stolero çıxış edərək diabetlə mübarizədə öz təcrübəsindən bəhs edib, habelə yeniyetmələrin hər birinin diqqətinə onların güclü cəhətlərinin cəmləşdirilməsinin zəruriliyini çatdırıb.
Görüş iştirakçıları Avropa yəhudilərinin Bakı dini icmasının unikal tarixinin bir hissəsi kimi, həmçinin Azərbaycan ilə İsrail arasında dostluq əlaqələrinin inkişafında bu təşəbbüsün əhəmiyyətini qeyd ediblər.
Natiqlər, həmçinin İsrailin Azərbaycandakı səfiri Corc Dikə və Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədova yeniyetməlilərin İsrailə səfərinin təşkilində göstərdikləri səylərə, habelə iki ölkə arasında səhiyyə sahəsində əlaqələrin inkişafına verdikləri töhfəyə görə təşəkkürlərini bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Sabah Bakıda 35, bəzi bölgələrdə isə 38 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraitinə əsasən mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacağı ehtimal edilir.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Ombudsman: Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı nifrət və dözümsüzlük siyasətini davam etdirir
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistanın ölkəmizə qarşı nifrət və dözümsüzlük siyasətinə münasibət bildirib.
AzərTAC xəbər verir ki, ombudsmanın məsələ ilə bağlı açıqlamasında deyilir: “Son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajlar bir daha onu göstərir ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı nifrət və dözümsüzlük siyasətini davam etdirməkdədir.
Əvvəlki bəyanatlarımızda da qeyd etdiyimiz kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır.
Ermənistan ombudsmanının bu məsələ ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir.
Bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mətbuatda hadisələrin qərəzli şəkildə şişirdilməsi, insanlar arasında nifaq salınması regionda dayanıqlı sülh prosesinə mane olur və eyni zamanda, mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Bütöv Azərbaycan həsrətlisi
Bu gün Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın doğum günüdür
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan.
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan.
Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan.
Bütün dünya bilir – sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-İran, Azərbaycan.
Bisütuni-inqilabda Şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına zaman-zaman, Azərbaycan.
Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
Ustadımız deyib “heçdir vətənsiz can”, Azərbaycan.
Qurtarmaqçün zalimlərin əlindən Rey şümşadını
Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan.
Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!
İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan.
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!
Bu gün Azərbaycanın görkəmli şairi, bu ölməz misraların müəllifi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 117-ci ildönümü tamam olur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.
1906-cı il iyulun 31-də Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya göz açan Məhəmmədhüseyn Şəhriyar Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin tibb fakültəsinə daxil olub. Təhsilini yarımçıq qoysa da, dahi şair xalq təbabətinə dərindən bələd olduğu üçün həkimliklə də məşğul olub.
Tələbəlik illərində Sürəyya adlı gözəl bir qıza vurulan Şəhriyar o qıza şeirlər həsr edir. Deyilənlərə görə, həmin vaxt Sürəyyanı şahın qohumlarından olan başqa bir nəfər də sevir. Qızın və şahın qohumları Şəhriyara təzyiq etməyə başlayırlar. Universitetin son kursunda şah rejimi onu Nişapura sürgün edirlər. Sevgilisi üçün bəstələnən şeirlərin içərisində ən məşhuru "Yar qasidi" şeiri olub ki, sonralara şair bu şeiri ağlaya-ağalaya məclislərdə deyib. Şəhriyar sevgisini belə ifadə edib:
"Sürəyyanın eşqi olmasaydı men şair yox, həkim olardım"...
Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub.
O, XX əsrin 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayıb. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Məhəmməd Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olub.
M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poeması olub. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib. Şairin ata-baba yurdunun şirin xatirələri ilə yaşayan, “Heydərbabaya salam” poeması haqqında M.Rövşənzəmir yazırdı: “Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeiri nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaqdır”.
Ömrünün son günləri Tehranın Mehr xəstəxanasında yatır. 1988-ci il sentyabrın 18-də o, ağciyər iltihabı və ürək çatışmazlığından dünyasını dəyişir. Öz vəsiyyətinə görə Təbrizdəki Surxab qəbiristanlığında “Məqbərətüş-şüəra”da (“Şairlər məqbərəsində”) dəfn edilir. Onun ölümü İranda “Milli şeir” günü kimi qeyd olunur.
Məhəmmədhüseyn Şəhriyarın xatirəsi ədəbiyyatsevərlərin ürəyində əbədi yaşayır və sevilir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Işığa qaranlıq demək məqbuldurmu, yaxud kinomuzdakı inqilabi islahatlar kimləri qıcıqlandırır?
Varis,
Azərbaycan Ədəbiyyyat Fondunun Baş direktoru,
Azərbaycanın Əməkdar Jurnalisti
(“Ədəbiyyat və incəsənət” üçün)
Böyük işlər görmək üçün böyük düha olmaq, insanlardan bir baş hündür olmaq lazım deyil. Böyük işlər görmək üçün insanlarla birgə olmaq lazımdır.
Şarl Monteskyü
Bəli, mədəniyyətimizdə həlli vacib məsələlər illərdir ki, üst-üstə qalaqlanmışdı, bu xüsusda kino başda dayanırdı. Kino xadimləri altermativ yaradıcı qurumlarda iki cəbhəyə parçalanmışdılar, kino təsərrüfatı büsbütün intriqalara köklənmişdi, dövlət sifarişi ilə çəkilən filmlərin büdcəsi dost-tanışlara paylanırdı, peşəkarlar və istedadlı gənclər xarici ölkələrə üz tutur, yaxud kinodan küsürdülər. Nəticədə kino təsərrüfatı problemlərin altında inləyir, sadə vətəndaşlara isə yalnız “köhnə fiımlərin” nostalgiyası ilə yaşayaraq müasir kinoya fatihə vermək qalırdı.
Və məhz belə bir ortamda yeni mədəniyyət nazirinin kino cəbhəsindəki bərbadlıq atəşkəsini pozması, Ümummilli Kino Forumunun keçirilməsi - kino sahəsindəki bütün nöqsanların açıq müstəvidən dilə gətirilməsi, Dövlət Kino Agentliyinin yaradılması – öz aydın proqramı, açıq məramı olan funksional mexanizmin işə düşməsi, filmlərin çəkilməsi üçün ədaləti bərqərar etməklə müsabiqə elan etməsi sakit səmada bir partlayış effekti verdi. Amma nə yazıq ki, bu nəcib təşəbbüs müəyyən şəxslər tərəfindən dərhal sərt təpkilərlə, böhtan və qarayaxmalarla qarşılandı. Hələ yenicə startı verilən, tam şəffaflığı təmin edilən, şərtləri də həqiqətən təqdirəlayiq olan müsabiqəni “artıq nəticələr bəllidir” çamırı ilə bulamağa çalışanlar dərhal meydana atıldılar.
Şəxsən mənim hekayə və romanlarımın ssenariləri əsasında əvvəlki dönəmlərdə bir neçə film və teleserial çəkilibdir, bununla belə, daim kinomuzun durumundan narazı olmuşam, onu yataqdakı ağır xəstəyə bənzətmişəm. İndi isə kinomuza əsən xoş bahar nəsimini duymaqdayam, bunu hamınız duyursunuz, kinomuzun üstünü qapamış qara pərdənin yırtılmasını da hamımız görürük. O ki qaldı duymayanlara və görməyənlərə, daha doğrusu, bunun imitasiyasını edənlərə, zalımcasına işığa qaranlıq deyənlərə, onlar, “ilk növbədə” hansısa sehirli dirijor çubuqlarına oynayanlardır. Bu çubuqları isə idarə edənlər, təbii ki, kinomuzun zülmətdə qalmasını istəyənlər, ümumən mədəniyyət sahəsində inkişafımızı arzulamayanlardır. Ümumi söz yığını, şər, qarayaxma və ortada bircə faktın, bircə arqumentin belə olmaması. Bəlli ssenaridir. Bir qapıya oyundur. Qarşı tərəfin böhtanlara əhəmiyyət verməyərək öz işini görəcəyinə əminlik böyükdür.
Orta statistik oxucu bəlkə də kino sferasındakı əsaslı, inqilabi dəyişikliklərin məğzini dərindən bilmir, ona görə də bəzi açıqlamalar verməyi özümə borc sayıram. Xüsusən açıqlamaq istəyirəm ki, yeni filmlər üçün nazirliyin Kino agentliyinin müsabiqə elan etməsi zərurətdən doğurdu. Çünki yaxşı anlayırdılar ki, əvvəlki inzibati-amiranə üsul – yəni, filankəs, sən bunu çək, bəhmənkəs, sən bunu çək üsulu daha işə yaraya bilməz. Uzun illər Azərbaycan kinosu məhz bu üsulla idarə edilib, büdcələr nazirliyin yuxarı eşalonunda əyləşənlərinin yaxın çevrələrindəki bəlli rejissorlar arasında bölüşdürülüb, nəticədə zəif, sönük, boz filmlər çəkilib.
Mən çox diqqətlə nazirliyin kino strategiyasını izləyən bir adam kimi çıxardığım arqumentləri dilə gətirmək istəyirəm.
Yeni kino strategiyasının ilk bəhrəsi olan müsabiqə özündə filmlərin 5 xətt üzrə maliyyələşəcəyini ehtiva edir:
-Dövlət sifarişi ilə çəkilən filmlər - ilk öncə milli-mənəvi və sənət dəyərlərinə xidmət edəcək filmlər;
-Kommersiya filmləri - daha çox gəlir əldə etməyə hesablanan, bir sözlə, “kassa filmləri”;
-Sənət filmləri (art-hauslar) –istedadlı rejissorlarımızın öz seçim və istəkləri ilə çəkdikləri, beynəlxalq kinofestivallarda təmsil olunacaq yüksək zövq filmləri;
-Debüt filmlər – gənc rejissorların debüt işləri;
-Tələbə filmləri - İncəsənət Universitetinin və digər kino təhsili verən ali məktəb tələbələrinin çəkdikləri filmlər.
Beləliklə, peşəkar və həvəskar hər bir kəs kino çəkmək şansı əldə edir. Razılaşın ki, indiyədək nəinki belə, heç bunun həndəvərinə yaxınlaşan bir şey olmayıb.
Bir baxın, qısa müddətdə bu müsabiqənin elan edilməsi ilə yanaşı parçalanmış və iki kinematoqrafçılar ittifaqında cəmləşən kino cameəsi birləşdirilibdir. “Debüt studiyası” bağlanmışdı, bərpa edilibdir. Kino mediasının maliyyələşdirilməsinə başlanılıbdır.
Bu gün Mədəniyyət Nazirliyi ən əvvəl prodüsser mərkəzlərinin çoxalmasında və təkmilləşməsində maraqlıdır. İkinci - bazarın və rəqabətin yaranmasında maraqlıdır. Seleksiya yolu ilə tələbələr arasından, gənc istedadlar arasından yeni rejissorlar, ssenaristlər, operatorlar, aktyor və aktrisaların müəyyənləşdirilməsində maraqlıdır. Və bu sahələrdə artıq canlanma hiss edilməkdədir.
Ölkəmizdə kino festivallarının keçirilməsi ənənəvi hal alacaq. Beynəlxalq anima, doko və kiçikhəcmli filmlər festivallarını maliyyələşdirməklə mədəniyyət nazirliyi eyni zamanda ölkəmizə təşrif buyuran tanınmış əcnəbi kino mütəxəssilərini panel müzakirələrinə cəlb etmək, Azərbaycan kinosu barədə bilgiləri dövriyyəyə buraxmaq fikrindədir. Tədricən A kateqoriyalı festivallara çıxmaq, ölkədə kino pavilyonları tikmək məqsəd kimi götürülür.
Mədəniyyət Nazirliyi dünyaçaplı studiyaların gəlib Azərbaycanda filmlər çəkməsində maraqlıdır. Hətta onları maliyyələşdirməkdə də. Azərbaycan ərazisində film çəkən bütün xarici şirkətlərdən yalnız bir şey tələb olunacaq: 60-70 faiz yerli işçilərdən – azərbaycanlı mütəxəssilərdən istifadə etsinlər. Bu bizə nə verəcək? Yeni kadrlar hazırlanacaq, hazır kadrların isə kino təcrübəsi artacaq.
Yeni kadrların hazırlanması prosesində tələbələrin xaricdə təhsil almasına önəm veriləcək, ssenaristlərin təkmilləşdirilməsində xeyli işlər görüləcək. Animasiya Akademiyası açılacaq, uşaqlarımızın Betmənlərin, Spaydermənlərin, Maşaların və Ayıların təsirindən qopmaları üçün milli animasiya filmlərinin çəkilməsi prioritet sayılacaq.
Kinoaktyor truppası bərpa ediləcək, texniki heyət üçün hər 6 aydan bir kvalifikasiya kursları keçiriləcək, dünyanın qəbul etdiyi ən yüksək avadanlıqlarla işləyən peşəkarlar dəvət ediləcək ki, bizdəki texniki heyətə ustad dərsləri keçsinlər. Bu dərsləri mənimsəyənlər müvafiq sertifikatlar alacaqlar.
Kinoteatrlarda göstərilən əcnəbi filmlərin dublyaj keyfiyyəti məsələsi də önəm daşıyır, buna görə dublyaj studiyaları yaradılacaq, yüksək səviyyədə tərcümə mətnlərindən istifadə ediləcək.
Kinoteatrlarda Azərbaycan filmlərinin nümayişinə üstünlük veriləcək və bu filmlər üçün üstün prokat şərtləri müəyyənləşəcək.
Yadıma düşənlərin hamısını qeyd elədim. Gördüyünüz kimi, kinomuz reanimasiyadan çıxıb. Bir azdan tam sağalmış halda xəstəxanadan da çıxacaq.
Ən sevdiyim kinorejissor olan Federiko Fellininin bir fikri var. Deyir: “Mən yalnız öz işimi görəndə özümü ölü yox, diri hiss edirəm.”
Razılaşın ki, öz işini görmək əvəzinə başqasının gördüyü işə pəl vurmaq heç də dirilik əlaməti deyil.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Qaçaq Mayılın qızı 101 yaşında vəfat edib
“Ədəbiyyat və incəsənət” portalı Qubadan, tanınmış şair Ramiz Qusarçaylıdan aldığı bir xəbəri diqqətinizə çatdırır.
Xalqımızın qəhrəman oğlu, uzun illər Şura hökumətinə qarşı dəyanətlə mübarizə aparmış tarixi şəxsiyyət Qaçaq Mayılın qızı Seyrə xanım 101 yaşında vəfat etmişdir.
Seyrə xanım bu gün saat 13-də Qonaqkənddə, atasınun uyuduğu məzarlıqda torpağa tapşırılacaqdır.
Sənəddə təvəllüdü 1922-ci il göstərilən, özünün söylədiyində isə doğum ili təxminən 1916-cı ilə təsadüf edən Seyrə xanım tez-tez Ramiz Qusarçaylının rəhbərlik etdiyi "Ay işığı" ədəbi məclisinin ən əziz qonağı olub, yazarlara Qaçaq Mayılın taleyi və mübarizə yolu haqqında çox mətləbləri anladıb, çox sirləri açıb.
Seyrə xanım Ramiz Qusarçaylının üzərində işlədiyi "Seyrə seyri" adlı poemanın baş qəhrəmanıdır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Qafqaz TV-də çalışmaq istəyərsinizmi?
Ölkənin ən populyar regional televiziyalarından olan Qafqaz TV vakant iş yeri barədə elan verib. Televiziyaya SMM menecer lazımdır.
“Ədəbiyyat və incəsənət” portalı Qafqaz TV-nin elanını diqqətinizə çatdırır:
“Qafqaz TV olaraq təcrübəyə dəyər verən bir iş birliyi olaraq yaradıcı, özü kimi düşünən, əyləncəli və təcrübəli bir SMM menecer axtarırıq. İş yeri hələlik Quba şəhərindədir. Televizyanın binası bəlli bir dönəmdən sonra Bakıya köçürülücək.
Əsas İşləri :
QAFQAZ TV-nin bütün sosial media platformalarında (Youtube, Facebook, Instagram, Tiktok və s.) paylaşım strategiyasının hazırlanması və gerçəkləşdirilməsi;
Yenilikçi, gözəgəlimli paylaşımların yaradılması və səs gətirən, çox yayılan postların düzəldilməsi;
Sosial media səhifələrində canlı yayımlar və bildirişlərin doğru yönləndirilməsi;
Paylaşımların tamaşaçıların sayının artmasını təmin etməsi, yararlılığının izlənməsi, incələnməsi, soruğulanması və hesablatların hazırlanması;
İzləyicilərlə bağlantıların qurulması, yozum və ismarıclara cavab verilməsi;
Tələblər:
Sosial media idarəçiliyi və ya bənzər sahədə iş təcrübəsi;
Sosial media platformalarının vəziyyətinə görə məlumat sahibi olmaq;
Yaradıcı düşünmə, araşdırma və incələmə bacarığı;
Rəsmi və danışıq dilində çox yaxşı yazma və danışma bacarığı;
Birlik içindəki iş yoldaşları ilə doğma və istiqanlı davranışlarla köməkləşərək çalışmaq, tapşırıqları tez və sıxıntısız gerçəkləşdirmək.
Təklifimiz:
Yaradıcı və dostluq mühiti;
Rahat iş qrafiki
QAFQAZ TV-nin layihələrinin uğurlarında iştirak imkanı və peşəkar həyatınızın inkişafı üçün imkanlar.
Əgər bizimlə çalışacaq istək və diləyin olduğunu düşünürsüzsə və QAFQAZ TV-nin sosial media platformalarını idarə edəcək bacarığınız varsa , CV-nizi və portfolionuzu (əgər varsa) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ya da +994703079779 whatsap ünvanına göndərin.
Yaradıcı fikirlərinizi gözləyirik!
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
MENECMENT, ODİSSEY VƏ … - Üç ən müasir lətifə
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Bu gün birdən-birə 3 lətifə söyləyəcəyəm. Qısa, lakonik, güldürən və düşündürən.
1.
-Alçaqlıq və xəsislik hibridini bir sözlə necə ifadə etmək olar?
-Menecment.
2.
Məktəbdə bizi öyrədirdilər ki, Odissey iyirmi il haralardasa sülənib, onun arvadı Penelopasa onun danışdığı bəhanə nağıllarına inanıb.
Amma indiki arvadları iyirmi il nədir, heç iyirmi saat da fırlada bilməzsiniz.
3.
Vladimir Putinin İrana səfərinin gizli məğzi: Putin gələcək Rusiyaya getmişdi. O, bilmək istəyirdi ki, rusları gələcəkdə nə gözləyir.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
“Təbiətimizin sovqatı” müsabiqəsinə əsər qəbulu davam edir
“Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir.
Mərkəzin yaydığı məlumata görə, yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-na qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.
Ölçü və texnika sərbəstdir. Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.
Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. Seçim 10-17 yaş kateqoriyasında aparılacaq. Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.
Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)
Nar çəyirdəyi yağının hədsiz faydası
Sirr deyil ki, mədəni elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir.
“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq.
Nar çəyirdəyi yağı
Sağlamlığın əvəzsiz eliksiri!
Orqanizm hüceyrələrini zərərli təsirlərdən qoruyan, ürəyin sağlamlığına kömək edən, bir çox xəstəliklərin yaranması riskini azaldan, dərinin keyfiyyətini yüksəldən, yaşlanma əlamətlərinə maneə törədən nar çəyirdəyi yağını ölkədə ilk dəfə “Ataşah” şirkəti ən son texnologiya ilə, heç bir qatqısız, 500 kiloqram xammaldan vur-tut 1 litr məhsul almaqla sizlərə çatdırır.
Bu məhsuldan necə imtina etmək olar?
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)