Super User

Super User

Çərşənbə axşamı, 01 Avqust 2023 13:20

Qara zirə yağı - günümüzün trendi

Sirr deyil ki, mədəni elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir. 

“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq. 

 

Qara zirə yağı

 Günümüzün trendi

 Ümumi tonusu və iş qabiliyyətini yüksəldən, allergik reaksiyaları azaldan, çəkini normallaşdıran, qanda qlükozanın səviyyəsini salan, bakteriyalara, viruslara, parazitlərə, göbələklərə təsir göstərə bilən, qaraciyərin keşikçisi sayılan qara zirə yağı immun sistemini də möhkəmləndirən çox qiymətli bir vasitədir.

Stressli, viruslu dövrümüzdə bu yağ əvəzsizdir.

Təsəvvür edin ki, hətta müqəddəs “Quran” kitabında da bu yağın hədsiz faydalarından bəhs edilib.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Noyabrın 10-dan 15-dək paytaxtımızda XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Festivalın Təşkilat Komitəsindən verilən müəlliflər festivalın beynəlxalq və yerli müsabiqəsinə 30 dəqiqə, “Cinemobil”ə isə 5 dəqiqədən çox olmayan filmlərini təqdim edə bilərlər. 

 

Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini avqustun 31-dək filmfreeway.com/bakuisff  platforması üzərindən göndərməlidirlər. Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur. Müəlliflər filmlərini festivalın saytı (www.filmfestival.az) vasitəsilə sentyabrın 20-dək göndərə bilər. 

Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” və “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda mübarizəyə qoşulacaq.

“Cinemobil”ə mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlər qəbul olunur. Müsabiqənin yarışma bölümündə mübarizə aparacaq filmlər iki nominasiya uğrunda yarışacaq. Belə ki, “Ən yaxşı film” nominasiyasının qalibi münsiflər heyətinin, “Tamaşaçı rəğbəti” nominasiyasının qalibi isə tamaşaçıların qərarı ilə seçiləcək. 

Festivala göndərilən bütün filmlər Seçim Komissiyasının ixtiyarına veriləcək. Peşəkar mütəxəssislərdən ibarət olan həmin heyət festivalın müsabiqə bölmələrində yarışacaq filmləri müəyyənləşdirəcək. Seçim zamanı hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə diqqət yetiriləcək. Festivalın müsabiqə bölmələrində iştirak edəcək qısa filmlərin siyahısı oktyabrın 25-də elan olunacaq. 

Qeyd edək ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl Nar”dır. “Qızıl Nar”la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı artıq 14 ildir ki, əzmlə yoluna davam edir. Məqsəd ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir. Festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin Film festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Çərşənbə axşamı, 01 Avqust 2023 12:45

Əbasət Rurhəsənlinin “Birinci sual”ı

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən bəyənilən şeirlərinin təqdimatı sırasında bu həftə Əbasət Purhəsənin həftəsidir. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır. 

 

Şair Əbasət Purhəsən bu gün “Birinci sual” deyəcək. 

 

 

BİRİNCİ SUAL

 

Ölümlər şirindi, ölümlər acı,

Yoxsulluq ölümün biridi bəlkə.

Biz hələ dünyadan nə bilirik ki,

O qız, o oğlanın əridi bəlkə?!

 

Ağaclar köynəyin dəyişir nədən?

Küçədən, küçəyə min sualım var.

Yadımda babamın nağıllarında,

Bir nağıl deyirdi: “Axtaran tapar.”

 

Axtardım, tapdığım bu gün sən oldun,

Ah qundaq, sənin də dərdin çox imiş.

Inqıltı səsinə analar gəldi,

Heç eləbil sənin anan yox imiş!..

 

Gözlərimdə yollar, içimdə dağlar,

Səni evlərinə kimlər aparar?

Atalı, analı yetim qundağın,

Bələyin kim açar, başın kim dadar?

 

Günəş də küsürdü dağın dalından,

Quşlar da göylərdən yığışırdılar.

Sızıltı səsinə can-can deyənlər,

Sadağa tullayıb soruşurdular.

 

Sən qucağımdaydın, mən oturmuşdum,

Kiçik əllərini üzümə çəkdin.

Dilənçi deyildik, biz qərib idik,

Beynimdə nə varsa gözümə tökdün.

 

Yolun qırağına kim qoyub səni,

Bəlkə də yenidən Həvva doğubdur!

Bizi göydən yerə gətdiyi kimi,

Səni də cənnətdən yerə qovubdu.

 

Biz hələ dünyadan nə bilirik ki,

Bir uşaq qolumda, ana olmuşam.

Atası kim ola, anası kimdi?

Birinci sualda hələ qalmışam...

 

Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Çərşənbə axşamı, 01 Avqust 2023 12:30

“Yevgeni Onegin” monotamaşası BMA-da təqdim olunacaq

Oktyabrın 21-də Bakı Musiqi Akademiyasının (BMA) nəzdində Opera Studiyasında Rusiyanın Əməkdar artisti Aleksandr Dyujevin ifasında A.Puşkinin ən məşhur, parlaq əsəri təqdim olunacaq. 

 

BMA-dan verilən məlumata görə, Dmitri Dyujev tərəfindən ifa olunacaq “Yevgeni Onegin” valehedici monotamaşadır. 

Tamaşaçılar dünya ədəbiyyatının şah əsərini yeni tərzdə dəyərləndirmək imkanı əldə edəcəklər. 

Səhnə əsərində görkəmli bəstəkar Sergey Prokofyevin bu tamaşa üçün xüsusi olaraq yazılmış musiqisi səsləndiriləcək. Tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti Antonina Kuznetsovadır.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

33–cü dərc

 

 

Səhər yeməyini yeyib qurtaran «Qızılbaş» qızın qolundakı saata baxdığını görüb dedi:

-Tələsirsən?

Qız şıltaq-şıltaq cavab verdi:

-Hə, işlərim var, amma heç səndən ayrılmaq istəmirəm.

«Qızılbaş» özünün də xeyli işi olduğunu fikirləşib dedi:

-Eybi yox, onsuz da vədələşdiyimiz vaxt tamamdı. Gedək, səni yola salım.

Birlikdə süfrədən qalxıb həyətə endilər. Həyətdəki ikiqapılı «Mercedes» markalı idman avtomobilinə çatanda dayandılar. Qız öpmək üçün üzünü yaxınlaşdıranda «Qızılbaş» əli ilə sinəsindən tutub onu saxladı.

-Dayan görüm, gedirsən, ancaq heç demədin dayıdan nə istəyirsən?

-Öpüm, sonra deyəcəm.

Cavab gözləməyən qız, əvvəlcə onun yanağından, sonra boynundan öpdü, bundan sonra dodaqlarını qulağına yaxınlaşdırıb pıçıldadı, -«Sən həyatımda qarşılaşdığım ən erkək kişisən, səninlə bir də olmaq istəyirəm».

Gecə bu qızla dünyanın həzzini yaşamış «Qızılbaş», bu sözlərdən xoşhallanıb, gülümsədi:

-Yaxşı, bir-iki gün işlərim var, sonra səninlə əlaqə saxlayacaqlar.

Üzünə təbəssüm verən qız, -Sağ ol, canım,-deyib maşına oturdu və mühərriki işə saldı. İdman maşınının mühərrikinin gurultusu həyəti başına götürdü. Motorun qızmasını gözləməyən qız sürətlə avtomatik açılan darvazadan çıxıb gözdən itdi.

O, ona verilən tapşırığın ilk hissəsini yerinə yetirmişdi…

 

* * *

Gecə düşmüşdü. Saat ikinin yarısı idi. Xəlvətcə məhəlləmizin yaxınlığındakı tikintisi yarımçıq qalmış hündürmərtəbəli binanın arxa tərəfinə yaxınlaşdım. Müəllimimə buraya gələcəyimi deməmişdim. Bilsəydi, bunu mənə qadağan edəcəyinə şübhəm yox idi. Ona görə hər şeyi ondan gizlətməli olmuşdum. Tikinti sahəsinə əvvəlcədən gəlmiş, gözətçinin oturduğu yeri öyrənmiş, sonra ərazini hasarlayan dəmir lövhələrdən birinin bir tərəfinin mismarlarını çıxarıb getmişdim. Qaranlıqda həmin lövhəni tapmaq çətin olmadı, onu özümə tərəf çəkdim və içəri keçdim. Bina bir bloklu idi. İndi tikilinin dördüncü mərtəbəsinə qalxmalı idim. Ehtiyatla pilləkənlərə yaxınlaşıb səs salmadan qalxmağa başladım. Üçüncü mərtəbəyə çatıb bir qədər dayandım. Ani olaraq məhəlləmizə tərəf baxdım. Böyük bir ərazini əhatə edən məhəllənin tək-tük işıq yanan həyətlərini nəzərə almasam, hər yan qaranlığa qərq olmuşdu. Mənim evim isə buradan görünmürdü. Sonradan qonşuluğa köçmüş Fəttah kişinin yol kənarında tikdirdiyi ikimərtəbəli, üstü mansardlı evi mənim evimin qarşısını kəsirdi. Ona görə də, evimi görmək üçün aşağı mərtəbələrdən müşahidə aparmaq mümkün deyildi. Elə məni də bir mərtəbə yuxarı, dördüncü mərtəbəyə aparan səbəb, lazım olan adamın məhz bu səbəbdən orada qərar tutması idi. İndi son dərəcə ehtiyatlı olmalı idim. Dediyim kimi, bu gecə qarşı tərəfə ilk ağır zərbəni endirəcəkdim. Başımın üstündəki mərtəbədən gecənin qaranlığına qarışmış ölümün soyuq nəfəsini hiss edirdim. Ancaq narahat deyildim. Yuxarıdakı adam məni burada gözləmədiyindən ona qəfil hücum edəcəyim üçün üstünlük məndə olacaqdı. Belə bir vəziyyətdə isə, bu heç də kiçik üstünlük deyildi. Bəlkə də imkan tapıb endirəcəyim tək zərbə kifayət edəcəkdi. Son dərəcə ehtiyatla sonuncu pilləkənləri qalxmağa başladım. Birinci, ikinci, üçüncü, nəhayət sonuncu pillə. Mərtəbəyə qalxan kimi cəld birinci, sonra ikinci sütunun arxasına keçdim. Artıq gözüm qaranlığa öyrəşmişdi. Diqqətlə baxanda, bir qədər irəlidə, daşın üstündə oturub kürəyini divara söykəmiş adamı gördüm. Adam bir nöqtəyə baxıb qımıldanmırdı. Gizləndiyim sütun ilə onun arasında təxminən iki metr məsafə olardı. Bu, qəfil həmlə etmək üçün yaxşı məsafə idi. Nəfəsimi alıb sıçrayışa hazırlaşdım. Elə bu zaman olduqca sakit tərzdə deyilən sözlər sükutu pozdu:

-Burada olduğunu bilirəm, Bəxtiyar. Səni gözləyirdim.

Bunu deyən adam ayağa qalxdı və dayandığı yerdən sol tərəfə bir addım atdı. Qaranlıqda onun əlində tutduğu tapançanın lüləyinə səsboğucu keçirdiyini görməyə imkan tapdım. Vəziyyət kökündən dəyişmişdi. Az qala nəfəs belə almadığım halda adam mənim burada olduğumu hiss etmişdi. Ehtimal etdiyim kimi, qara paltarlı, məndən bir qarış hündür olan bu adam mükəmməl hazırlıq keçmiş biridir. Soyuqqanlı davranışı da, qalxdıqdan sonra sola bir addım atması da buna dəlalət edirdi. Bu addımla o, qarşısındakı dörd beton sütunun hər biri ilə arasında olan maksimal məsafəni ən optimal həddə çatdırmışdı. Əlbəttə, mənim məhz hansı sütunun arxasında olduğumu bilmədyindən bu addımı atmışdı, bu isə, aramızdakı məsafəni yarım metr də çoxaltmaqla onun üstünlüyünü artırmışdı. Təbii ki, o, harada olduğumu dəqiq bilmədiyindən daldalanmaq üçün sütunlardan heç birinə yaxınlaşmadı.

Daha qəfil hücumdan heç bir söhbət gedə bilməzdi. Nə qədər ehtiyatla tərpənsəm də, özümü büruzə vermişdim. Adamın sualını da cavabsız qoymaq mənasız idi. Qarşımdakı mənim kimi bir peşəkar idi və səhv etmədiyini bilirdi. Əlbəttə sual səsimi çıxarmaqla, hansı sütunun arxasında olduğumu öyrənməyə hesablanmışdı.

-Mən heç yana tələsmirdim. Ona görə də, bu «lyuks otel»də bir müddət dincəlməyin üçün sənə şərait yaratdım. Əlbəttə, darıxmamağın üçün şəhər kənarına təşkil etdiyim ekskursiyanı da nəzərə alsaq, yəqin ki, məndən narazı qalmamısan.

İstehza ilə dedyim bu sözlərin bir peşəkara toxunacağına əmin idim.

-Oraya mən öz istəyimlə getməmişdim,- səs yenə də sakit idi, ancaq bu səsdə özü kimi bir peşəkarın istehzasından doğan təəssüfün zəif notlarını tuta bildim.

Aldığım cavabla, düz onluğa düşdüyümü də anladım. Həriflər Ruhi-əsəb xəstəxanasından qayıdarkən avtobusdan düşüb etdiyim zəngin koordinatlarını öyrənib o düzənlik ərazini yoxlamışdılar. Bu, həm də polkovnikin telefondan istifadə etməyi qadağan edərkən necə haqlı olduğunu sübut edirdi. Bu adamların əlləri həqiqətən də çox uzundur.

-Bilirəm, «Qızılbaş»ın sözündən çıxa bilməzdin.

Bu dəfə araya sükut çökdü. Çox uzun bir sükut. Nəhayət adam dilləndi.

-Elə birisini tanımıram.

Verdiyi uzun pauza onun yalan danışdığını, mənimsə, fürsət düşmüşkən yoxladığım daha bir ehtimalımızın doğru olduğunu təsdiq edirdi. Bizə qarşı bilvasitə tapşırıqları verən «Qızılbaş» idi.

-İnanıram. Amma bu heç nəyi dəyişmir.

Söhbət edə-edə beynim sürətlə işləyir, yaranmış vəziyyətdə variantları götür-qoy edirdim. Aramızdakı məsafəni bir daha vizual olaraq ölçdüm. Bu məsafəni sıçrayışla qət etməyə mənə bir saniyə yetərdi. Belə şeyləri vaxtilə polis sıralarında xidmət edərkən çox məşq etmişdim. Belə təlimlər əməliyyat işinə buraxılış üçün tələb olunan sərt şərtlərdən biri idi və bu məşqlərə xüsusi önəm verilirdi. Ancaq əgər birbaşa irəli atılaramsa, bu saniyə qarşımdakı adamın sərrast atəş açmasına da kifayət edirdi. Bu zaman mənim heç bir şansım qalmırdı. Onun dayandığı yeri binanın hörülməmiş çöl divarlarından düşən zəif ay işığı işıqlandırırdı. Elə ay işığında əlindəki silahın Avstriya istehsalı olan «Qlok17» tipli tapança olduğunu müəyyən edə bilmişdim. Kalibri doqquz millimetr olan bu tapançanın çəkisi on yeddi patronla birlikdə cəmi doqquz yüz beş qram idi və bu da istifadə edənə xeyli üstünlük verirdi. Üstəlik, atış sürəti də çox yüksək idi. Bir çox ölkələrin xüsusi xidmət orqanları hətta suyun altında belə atəş açmağa imkan verən bu silahdan istifadə etməyə üstünlük verirdilər. Əlindəki silah qarşımdakı adamın peşəkar olmasının daha bir sübutu idi. Artıq geriyə çəkilmək də mümkün deyildi. Son dərəcə diqqətli və cəld hərəkət etməli idim. Silahdan istifadə edib səs-küy salmaq planlarıma daxil deyildi. Tək çıxış yolu, qarşımdakı adamı ilk atəşi açmağa vadar etmək, sonra ikinci atəşi açmaq imkanı vermədən onu yaxalamaq idi. Birinci və ikinci atəşin arasındakı zaman kəsiyi isə, bir yox, yarım saniyə idi və deməli yenə də şansım əlli faiz azalırdı. Hər halda başqa çıxış yolum yox idi. Xırda bir üstünlüyüm də var idi ki, adam məni görmür, mən isə, açıqlıqda dayandığı üçün onu rahat görə bilirdim. Elə bundan istifadə etməyi qərara aldım.

Bayaqdan yerdən tapıb sol əlimdə tutduğum yarımçıq kərpic parçasını sağ əlimə ötürdüm. Bütün diqqətini konsentrasiya etdiyi halda ona hücum edə bilməzdim. Onu bir qədər də söhbətə çəkib danışdığı anda hücum edəcəkdim. Öz hazırlığıma arxayın idim. Buraya, sadəcə məni aradan götürmək tapşırığı almış bu qaniçəni şil-küt edib uzun müddətə sıradan çıxarmağa gəlmişdim. Qoy bir-neçə ay yorğan-döşəkdə yatsın. Bu həm onun xeyrinə gedər, həm də araşdırmamızın həlledici məqamında əl-ayağa dolaşmaz. Əgər onu silahla vurub aradan götürmək fikrim olsaydı, bunu çoxdan etmiş olardım. Ancaq mən qatil deyiləm. Həm də, bunu etmiş olaramsa, sonradan istintaq orqanlarına təqdim etmək üçün əlimdə əsaslı sübutlarım yoxdur. Daha doğrusu, haqlı olduğuma nə qədər əmin olsam da, əlimdə olan sübutlar istintaq üçün yetərli olmayacaq. Üstəlik, bu araşdırma əvvəlkilərə bənzəmir və hər şeyi səssiz etmək lazımdır. Hər halda mənim daldanacaqda, onun isə açıqlıqda dayanması riskli addımımın yaxşı nəticələnəyinə çox ümid verirdi. «Qızılbaş»ı tanımadığını dedikdən sonra adam bir kəlmə də kəsməmişdi. Onun bütün əzalarının qayış kimi gərildiyini hiss edirdim. Əlbəttə, o da bir peşəkar kimi, açıqlıqda dayanmasının onun üçün yaratdığı riski dərk edirdi.

-Mənim buraya gələcəyimə niyə belə əmin idin, axı gəlməyə də bilərdim, -qəfildən soruşdum.

-Sənin qeyri-standart düşüncə tərzinin olduğunu çoxdan başa düşmüşəm. Ya buraya, ya da evinə mütləq gələcəyini bilirdim.

-Buraya sənin pis əməllərinə son qoymaq üçün gəldim, -bu sözləri deyib, tam şəkildə özümü topladım.

-Ona hələ bax…

Qara paltarlı adama sözünü bitirməyə imkan verməyib sütunun arxasından çıxmadan əlimdəki kərpic parçasını var gücümlə onun səsi gələn tərəfə, təxminən sifəti tuşunda atdım. Adam cəld əyilib ona tərəf uçan kərpicdən yayındı və dərhal mənə tərəf atəş açdı. Güllə gizləndiyim beton sütuna dəyib cingildədi. Mən də elə bunu gözləyirdim. Cəld hərəkətlə sütunun arxasından yarım addım sağa atıb ona tərəf yuvarlandım. Yuvarlanaraq atılacağımı təxmin etmədiyindən adamın qarın nahiyyəsi səviyyəsində mənim tərəfə atdığı ikinci güllə vıyıltı ilə başımın üstündən keçib arxamdakı yarıtikili divara dəyidi. Ancaq artıq adamı haqlamışdım. Onun silah tutan əlinə güclü bir zərbə endirib tapançanı yerə saldım. Düşən tapança taqqıltı salaraq kənara sürüşdü. Bu vaxt adam uzun ayağı ilə sinəmə tutarlı bir təpik atdı. Son anda bir qədər zərbədən yayına bildiyim üçün ayağı sinəmi yalayıb keçdi. Müvazinətimi düzəldib, onun növbəti həmləsini gözlədim. Əlləri və ayaqları uzun olduğu üçün onunla məsafədən döyüşmək özünü doğrultmazdı. İmkan tapıb «yaxın döyüşə» girməli idim. Elə bu zaman adam sıçrayıb bir qədər əvvəl atdığı təpiyi yenidən təkrarladı. Buna hazır idim. Cəld əyilib ayağını altdan çiynimə keçirib qalxdım və yerə dayaq verdiyi sol ayağına bir badalaq vurdum. Adam yerə sərildi. Ancaq yıxılarkən, bədəni qayış kimi elastik olan bu adam sürüşüb əlimdən çıxmağa imkan tapdı və qalxıb yenə üstümə atıldı. Atdığı yumruqlardan yayınıb qəfildən var gücümlə qarnından bir qədər yuxarı, günəş kələfinə möhkəm bir təpik ilişdirdim. Bu təpikdən səntirləyib dal-dala gedən adam birdən qaranlıqda gözdən itdi, ardınca isə aşağı mərtəbədən bir guppultu səsi gəldi. Tez yaxınlaşıb onun yıxıldığı yerə, aşağı baxdım. Qaranlıqda heç nə seçmək mümkün deyildi. Cibimdən dəsmalımı çıxarıb yerə düşüb qalmış tapançanı götürdüm və əlimi toxundurmadan dəsmala bükdüm. Sonra ehtiyatla aşağı düşdüm. Adam yerə tökülmüş dəmir parçalarının üstünə sərilib zarıyırdı. Mənim gəldiyimi görəndə zarıya-zarıya dedi:

-Deyəsən belim sındı.

Onu bu halda qoyub gedə bilməzdim. Yaxına gəlib vəziyyətinə baxdım. Vəziyyəti pis idi, deyəsən, doğrudan bel sümüyü sınmışdı.

-Bir az döz, mən gedirəm, amma təcili yardım çağıracam.

Adam diqqətlə mənə baxdı. Sonra dedi:

-Tapançanı götürdün?

-Götürmüşəm.

İkimiz də vəziyyətə düzgün qiymət verirdik. Artıq suallar heç birimizə lazım deyildi. Ağrıdan sifəti əyilmiş adam daha heç nə deməyib üzünü çevirdi.

Pilləkənləri düşüb gözətçi köşkünə yaxınlaşdım. Yaşlı gözətçi oturduğu yerdə mürgüləyirdi. Pəncərəni taqqıldadıb ay düşən tərəfdən üzü köşkə tərəf dayandım. Taqqıltıya oyanan gözətçi köşkün qapısını açıb bayıra çıxdı:

-Kimsən, ay bala?

Dayını qorxutmamaqçün tez dilləndim:

-Dayı narahat olma, yoldan keçənəm. Yuxarıda kimsə köməyə çağırır. Səsi yola gəlirdi. Ona görə gəldim deyim ki, biləsiz.

-Harada ay bala? -bunları eşidən dayı həyəcanla soruşdu.

-Dəqiq bilmirəm, ya ikinci, ya da üçün mərtəbə tərəfdən.

Qoca tez köşkə girib iri bir fənərlə qayıtdı. Bayaqdan ay işığı arxadan düşdüyü üçün gözətçinin mənim üzümü görməsi mümkün deyildi. Ancaq fənərlə qayıtdığını görəndə yandırıb üzümə işıq sala biləcəyindən ehtiyatlanıb arxamı ona çevirdim və qəsdən axsaya-axsaya bir neçə addım atıb dayandıqdan sonra özümü yuxarı mərtəbələrə baxan kimi göstərdim. Gözucu baxanda gözətçinin «axsadığıma» fikir verdiyini gördüm. Mənə də bu lazım idi. Sonradan buraya gələcək polis işçilərinə xəbəri verən adamın axsaq olduğunu deyəcəkdi.

-Gedim, görüm nə məsələdir.

-Hə, baxın, bəlkə təcili yardım lazımdır.

Gözətçi fənəri yandırıb yaşının imkan verdiyi sürətlə binanın girişinə tərəf getdi. Daha burada mənlik bir iş qalmamışdı. Qoca yuxarı qalxıb adamı tapacaq, sonra təcili yardım çağıracaqdı. Yavaşca dövrə vurub tikinti sahəsini tərk etdim. Hələ cibimdəki tapançanı da yox etməli idim…

 

 

 “Ədəbiyyat və incəsənət”

(01.08.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 01 Avqust 2023 12:00

Niyə bölgələr xarici turistləri cəlb etmir?

Günün sitatı: “Bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır.

Hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir. Bu ilin birinci yarısında turistlərin 84,2 faizi Bakıda, 4 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlardakı hotellərdə gecələyiblər. Bütövlükdə isə, ölkə üzrə hotellərdə gecələmələrin ümumi sayı 32,7 faiz artaraq 1363,2 minə çatıb. Turistlər üzrə isə gecələmələrin sayı 56,5 faiz artaraq 788,1 min olub. 

Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Nəticədə, bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmur. Bu isə o deməkdir ki, bölgələrin turizm imkanlarının reinteqrasiyası üçün işlər sürətləndirilməlidir. Bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır. Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz”.

 

Sitat iqtisadçı-ekspert Vüqar Bayramova məxsusdur.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Çərşənbə axşamı, 01 Avqust 2023 11:45

“Dəvələr, atlar, şarlar” – Rəvan Cavidin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində Nəsr saatı davam edir. Bu gün sizlərə Rəvan Cavidin “Dəvələr, atlar, şarlar” hekayəsini təqdim edəcəyik.

 

 

 

İlahi, mən buradayam!

Vaqif Səmədoğlu

 

Dəvələr quyuya atılırdı, toplar səbətə düşən kimi. Quyunun ağzı palçıqlı olduğundan bəzilərinin ayaqları sürüşür, düşünməyə macal tapa bilmirdilər. Suyun üzərinə ağır daş kimi çırpılır, səssiz-səmirsiz yoxa çıxırdılar. Karvandakı sonuncu dəvənin nə ayağı sürüşdü, nə də özünü Cordanın əlindəki top kimi hiss etdi. Çömbəlib dostlarının arxasınca xeyli baxdı, baxdı... Qəfil hönkürtüsündən kənardakı dağdağan ağaclarının budaqları silkələndi, yarpaqlarından qarışqalar yağdı. Ucsuz-bucaqsız çölün tənhalığı dəvənin boynunda yük idi; o ya o biriləri kimi bu quyuya atılacaq, ya da çölün kimsəsizliyini dolduracaqdı. O isə ölməyi seçdi və başını quyunun kənarındakı daşa çırpıb intihar etdi.

 

***

 

Ona yalan danışmağı mən öyrətdim, ilk yalanı da mənə danışdı. Murovdan dəvə karvanının düşdüyünü dedi. Bir anlıq buralarda artıq əfqanların yaşamadığını, Qarabağ müharibəsindən sonra köç etdiklərini, karvanlarını da özləri ilə keçmişə çevirdiklərini unudub arxaya çöndüm. Heç nə yox idi. Güləndə hələ də körpə olduğunu anladım və özümə söz verdim ki, bir də onu siqaret almağa göndərməyəcəyəm. Hər dəfə “Camel”dən birini də ona uzadar, çəkməsi üçün israr edərdim. Gecələr anasının danladığını eşidib vicdan əzabı çəkmək adətim olmuşdu. Sarvan bizim məhlənin ən balaca sakini idi. Ondan sonra qadınlar hamilə qalmadı. Anası Züleyxa blokdan beş-on addım qabaqda qutab bişirib satar, atası Yusif mobil nömrələrin sifarişini alardı. Qapısına “Nar, Cin, Sim nömrələr satılır” yazılmış budkada həm də telefonların təmiri ilə məşğul olan cavan oğlan işləyirdi. Günlərin birində oğlanı maşın vurdu, yerindəcə keçindi. Həyat isə davam edə bilirdi onsuz.

Sarvana Şəmslə Mövlanənin dostluğunu danışırdım tez-tez. Fikir verirdim ki, dinləyəndə gözləri yol çəkir, elə bil kimisə gözləyirdi. Dəfələrlə Şəmsin necə qeyb olduğunu soruşmuşdu, axırıncı görüşümüzdən savayı heç vaxt ona bu barədə danışmamışdım.

Avqustun yeddinci günü Sarvan bikef halda yanımda oturdu. Siqaret istədi. Mən də verdim. Həmişəki kimi peşman olacağımı bilə-bilə verdim. Şəmsin necə qeyb olduğu barədə bircə dəfə soruşdu. Kefini bir az da pozmayım deyə, danışdım. Bura yazıb onu yenidən incitmək istəmirəm. Siqareti yerə atıb uzaqlaşdı.

Şər qarışanda məhləmizin quyusunun başına bütün məhlə əhli yığılmışdı. Züleyxayla Yusif diz çöküb quyunun zil qaranlıq dibinə baxırdı, sanardın, səcdədədirlər. Sarvan özünü quyuya atmışdı, amma suyun üzündə eləcə oturmuşdu, batmırdı, adamlar da onu görüb heykəl kimi donmuşdular. Atasının suallarına cavab vermirdi, elə bilirdilər, eşitmir.  Başımı əyib qışqırdım:

“Niyə quyuya düşdün, nə gəzirsən orada?”

Quyunun dibindəki qaraltının səsini bircə mən eşitmişdim:

“Rumini gözləyirəm...”

 

***

 

İlxıdakı atlardan biri kişnəyib ayağını quyunun yanındakı qoca dağdağan ağacına vurdu. Ağacın yarpaqlarından qarışqalar yağdı. At sakitləşə bilmirdi, quyuda nə isə görmüşdü, qorxub ağaca tərəf qaçmışdı. Kənarda sərilən dəvəni isə yatmış bilib yaxınlaşmırdılar. İlxı yavaş-yavaş uzaqlaşır, dağdağan ağacını ayaqları ilə döyəcləyən at isə öz anlaşılmazlığını davam etdirirdi; Ruminin yorğun gözlərinə gah görünür, gah da yoxa çıxırdı.

 

***

 

Sarvanın quyuya düşüb Rumini gözləməyə başladığı gündən iki il, iki ay, iyirmi səkkiz gün keçirdi. Ruminin nəinki Sarvandan, heç quyudan da xəbəri yox idi. O öz itmiş karvanını axtarırdı. Qozbel atı tez-tez yorulur, tövşüyür, Rumini belindən atırdı. Tanrı atı dəvəmi yaratmaq istəmişdi? Dodaqları, beli, quyruğu dəvələrdəki kimi, ayaqları, gözləri, səsi isə atlardakı kimi idi. Günlər keçir, nə Rumi gəlib bizim məhləyə çıxırdı, nə də Ruminin karvanı tapılırdı. Uşaqlar Züleyxanın qutablarını yedikcə yazıq qadının gözləri dolur, həsrətlə quyuya tərəf çevrilirdi. Sarvan isə heç nə yemədən, içmədən o məzlum qaranlıqdaca tale dostunu gözləyirdi.

Atlar kəndimizdə maşın sürməyə başlayanda heç kim təəccüblənmədi. Daha əvvəllər belə şeylər olmuşdu. Camaat bu qəribəliyin fərqinə Yusifin yanında işləyən gəncin qəzaya düşdüyü gün vardı. Atlardan biri onu vurmuşdu. Başı daşa dəyib boynu qırılmışdı. At zar-zar ağlayırdı, ancaq heç kim ona məhəl qoymur, hamı gəncin nakam həyatına üzülürdü. Bu hadisədən sonra atlar kəndimizdən köç etdi. Yay səhəri oyanıb gördük ki, bir dənə də olsa at qalmayıb, tövlədən qaçıblar.

Payıza doğru havalar sərinləyir, arada küləklər dağdağan ağaclarını yelləyirdi. Məhləmizə təzə köçən ailənin balaca qızı hər gün şar alıb doldurar, sonra ətrafı məftillə hasarlanmış quyunun yanına gəlib oynayardı. Bunu bircə mən izləyirdim, çünki hekayənin necə bitdiyini bircə mən bilirdim.

Yusifin budkası artıq işləmirdi. Züleyxa da artıq qutab bişirmək istəmirdi. Ailənin bircə oğlu quyuda qalmışdı, sağ idi, səsini eşidirdilər, özünü də qaraltı kimi sevirdilər. Neçə dəfə cəhd etdilər çıxartmağa, alınmadı. Sarvan gözlərini bir nöqtəyə düyünləyib bircə cümləni təkrarlayırdı:

“Rumini gözləyirəm...”

 

***

 

Sarı şar mavinin qulağına pıçıldadı:

“Uça bilərsən?”

Mavi şar qızcığazın əlindən siyrilib havaya qalxdı, ağacın budağına toxunub partladı.

 

***

 

Kəndin bütün qocaları öldü, bütün cavanları qoca oldu, uşaqlar böyüdü, Sarvandan sonra uşaq doğulmadığı üçün kəndin sonuncu nəsli kədər içində qıvrılırdı. Günəş az-az gəlir buralara, ağaclar quruyub əldən düşürdü.

Rumi karvanındakı sonuncu dəvənin bədənini tapanda ağlaya bilməmiş, qozbel atını kənardakı ağacın gövdəsinə bağlayıb qeyb olmuşdu.

Mən də köçməyə hazırlaşırdım. Kənddən canını qurtaranların övladı da olurdu, xoşbəxt həyatı da.

Yasəmən – quyunun həndəvərində şar oynadan qız da böyüyüb gözəlləşmişdi. Əllərindəki şarları papkalar, çiynindəki aşırmanı çanta əvəz etmişdi. Artıq hamı kimi, onun da ailəsi kənddən köçürdü. Evlər boşalmışdı. Bu kənddən birinci atlar, sonra şarlar, indi də adamlar getmişdi. Çamadanı yığıb həyətə çıxdım. Yusiflə Züleyxa oğullarını quyuda qoyub kəndi tərk etmişdilər. Sonuncu dəfə quyuya baxdım. Qaraltı yox idi. Adını qışqırdım. Bir səs eşitmədim. Quyudan qırmızı rəngdə şar gözümün önündən havaya yavaş-yavaş qalxdı. Sonra budaqların arasında ilişib partladı.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

 

 

 

 

 

 

 

Latviyanın Gülbene şəhərində Tarix və İncəsənət Muzeyinin təşkilatçılığı ilə “Divi Juliji” VI Beynəlxalq İncəsənət Festivalı keçirilib. 

 

AzərTAC xəbər verir ki, ənənəvi festival bu şəhərdə anadan olan tanınmış iki rəssam, tətbiqi sənət ustaları Yulius Madernieks (1870-1955) və Yulius Straumenin (1874-1970) xatirəsinə həsr edilib.

Tədbir çərçivəsində Yulius Straumenin bütün Qafqazda, o cümlədən Azərbaycanda apardığı etnoqrafik tədqiqatlara həsr olunan “Zirvəyə gedən yolda” adlı sərgi açılıb. Sərginin ekspozisiyasını Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX əsrin sonu-XX əsrin əvvəllərinə aid 16 ədəd ənənəvi xalça məmulatı təşkil edir. Sərgidə yüksək bədii keyfiyyəti, özünəməxsus kompozisiyası və rəng çalarları ilə seçilən Qarabağ, Bakı və Şirvana aid çul, ləməqabağı, məfrəş, dəvəbəzəyi, cecim, duz torbası, qaşıqdan, xurcun, heybə, dəstərxan, corab, çanta olmaqla, ümumilikdə 16 eksponat nümayiş olunur. Sərgi müddətində həmçinin Şuşanın tarixi memarlıq abidələrindən ibarət foto-slayd təqdim olunur. 

Azərbaycanın Latviyadakı səfirliyinin dəstəyi ilə baş tutan sərgi avqustun 25-dək davam edəcək.

Festivalın ilk günü “Divi Juliji. Virsotnes”/ “İki Yulius. Zirvələr” adlı beynəlxalq konfrans da keçirilib. Konfransda Azərbaycan Milli Xalça Muzeyinin Elmi tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova “Azərbaycan xalqının adət-ənənələrində və məişətində xalça məmulatları” mövzusunda çıxış edib. O, xalça məmulatlarının xalqımızın gündəlik həyatının ayrılmaz hissəsi olduğunu bildirib. Onların təkcə utilitar əşya deyil, gözəl bədii həllə, naxış sisteminə malik yüksək estetik zövq göstəricisi hesab olunduğunu diqqətə çatdırıb.

Konfransda Azərbaycan Milli Xalça Muzeyinin Elmi Şurasının üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva “Straumenin Azərbaycan yaradıcılığının beşiyi Şuşada fəaliyyəti” mövzusunda çıxış edib.

Burada həmçinin“Yulius Straumenin eskizlərində Qarabağ xalçaları”, “XX əsrin I yarısında toxuculuq məktəbləri”, “Yulius Madernieksin pedaqoji baxışları və prinsipləri” və s. mövzularda müxtəlif ölkələrdən olan mütəxəssislərin məruzələri dinlənilib. Sonda qarşılıqlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

SÖHBƏT NƏSİBƏ ZEYNALOVANIN OĞLUNDAN GEDİR

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Deyir ki;- “Bizim xalq qədirbilən xalqdır. Çünki hər zaman gerçək istedada sahib olan şəxsiyyətləri ilə fəxr edir və onları təmənnasız sevir. Söhbət guya xalqı təmsil edən, rəsmi idarələrdə oturan və rəy yaradan bəzi vəzifəli şəxslərdən gedəndə, əfsuslar olsun ki, “bəziləri” sənəti və sənət adamlarını dəyərləndirəndə, bilik və peşəkarlıqla cilalanmış zövqə sahib olmadıqlarından daha çox şəxsi maraq və münasibətlərindən yola çıxırlar. Gerçək yaradıcı insanlar daim zəmanəsindən bir addım irəlidə olub. Bunu dərk etməkdə çətinlik çəkən səriştəsiz “təmsilçilər” onlara lazım olmayanların önünü kəsir, bununla da mədəniyyət və incəsənətin inkişafına böyük əngəl olurlar. Mən buna özünü görməzliyə vurmaq da deyərdim. Heyf, bu sistemdə dərin bilgiyə, doğru estetik meyarlara sahib olan düşüncəsi geniş mütəxəsislərin sayı azdır.”

 

Çox çılğın adamdır, bir anda coşa, elə bir anda da skitləşə bilir. İncə yumor hissi var- deyib gülməyi, zarafat etməyi xoşlayır. Ünsiyyətdə mehribandır, kiminsə qəlbinə dəyməyi, acı söz deməyi xoşlamır. Uşaqlıqda həmişə diqqət mərkəzində olduğu üçün bir qədər ərköyün böyüyüb. Məclis qurmağı, dostları ətrafına yığmağı, süfrə açıb necə deyərlər, yeyib içib şənlənməyi bacarır...

 

“Azərbaycan teatrı bu gün nəinki paklığını, təəssüf ki, peşəkarlığını da saxlaya bilməyib. Peşəkar teatr deyilən anlayış ancaq bir neçə aktyorda qalıb. Düzdür, Azərbaycan Dövlət Milli Dram Teatrında peşəkarlıq görünür, ora professionallığını qoruya bilib, amma onun adına və şanına uyğun səviyyədə deyil. Bir millətin bugünkü problemlərini onun təhsilində axtarmaq lazımdır. Məsələn, gedib bazardan alma alırıq, lakin piştaxtada qurd dəyməmiş alma yoxdur. Bəs, bu necə olub? Cavab bəsitdir: Vaxtında buna qarşı tədbir görülməyib, ağac dərmanlanmayıb. Biz bu gün həmin ağacın məhsulunu yeyirik. Ona görə teatrdakı problemlərin qaynağı dünən buraxılan səhvlərdir. Bütün bunlara baxmayaraq teatra yeni gələn gənclərimiz məndə bir qədər ümid yaradır. Çox heyf ki, Mehdilər, Təhmasiblər, Tofiq Kazımovlar, Adil İsgəndərovlar artıq yetişmir. Ona görə də olan-qalan aktyorlarımızın qədrini bilməliyik.”- söyləyir.

 

Azərbaycan dövlət teatr institutunun rejissorluq fakültəsini bitirib. Əsgər gedənə qədər və əsgərlikdən sonra il yarıma yaxın Dövlət Musiqili Komediya Teatrında işləyib. Daha sonra öz xahişilə Şəki Dövlət Teatrına- kurs yoldaşlarının yanına yollanıb və on il Şəki Teatrında işləyib. Oradan da Bala Qasımovun direktorluğu dövründə "Muzkomediya"ya baş rejissor təyin olunub. Bir qədər sonra bəzi səbəblərdən Musiqili Komediya Teatrından gedib və altı il də Gənc Tamaşaçılar Teatrında çalışıb, müxtəlif tamaşalar hazırlayıb...

 

Deyir ki;- “Artıq neçə illərdir ki, Türkiyədə çalışıram. Ötən müddət ərzində müəyyən işlər görə bilmişəm. Deyə bilərəm ki, fərqli düşünən bir aktyor nəsli yetişdirmişəm və yetişdirməyə davam edirəm. Dərs dediyim kafedrada yetişdirdiyim tələbələr də artıq dərs deyir. Bizim məzunlardan Adana Bələdiyyə Teatrında bir kollektiv qurulmasına və fəaliyyətə başlamasına nail olmuşam. Gözəl tamaşalar hazırlanır. Uzun zamandır ki, rejissor fakültəsi açmağa çalışıram. Mövcud bürokratik qanunlarla qarşılaşsam da israrlıyam. Atalar yaxşı deyib, can çıxmayınca ümid kəsilməz.”

 

Haqqında söhbət açdığım Cahangir Mütəllib oğlu Novruzov 1954-cü ildə Bakı şəhərində dünyaya gəlib. Tanınmış teatr və kino aktyoru, teatr rejissoru və Azərbaycan Respublikasının xalq artistidir. Hazırda Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professorudur...

 

“Hər dəfə Türkiyədən Bakıya gələndə nələrinsə əskik olduğunu görürəm. Sanki qoyub getdiyim mühit deyil. Elə bil, etinasızlaşma, professionallıqdan uzaqlaşma var. Mən Türkiyədə teatr məktəbimi Azərbaycan teatrının klassik qayda-qanunları, ənənələri əsasında, Moskvada, Sankt-Peterburqda gördüyüm nizam-intizam əsasında qururam. Arzu olunsaydı, təbii ki, mən onu burda da edə bilərdim.”- söyləyir.

 

Heç vaxt ictima-siyasi proseslərə qarışmır. Ölkədə baş verən heç bir hadisəyə münasibət bildirməyə tələsmir. Onu yalnız Azərbaycan teatrının inkişafı maraqlandırır...

 

Deyir ki;- “O vaxtı Nəsibə xanım xəstəxanada müalicə aldığı üçün Bakıya gəlmişdim, İncəsənət Universitetini keçmiş rektoru Aslan Aslanov da orada müalicədəydi. Məni görüb dedi, sənin Türkiyədə nə işin var? Gəl, sənə kurs verim, burda qal, dərs de. Mən də cavabında dedim ki, Aslan müəllim, gəlim, amma bircə şərtim var, tələbələri imtahanla seçəcəm. Dedi, yox, mümkün deyil. Mən də cavab verdim ki, o zaman mənim də gəlməyim mümkün deyil. Çünki sadəcə və sadəcə istedadına görə seçəcəyim tələbə aktyorların üstündə mənim adım olacaqdı. Mən peşə qürurumu təhlükəyə ata bilməzdim. 25 ildir Türkiyədə sənət imtahanlarında tələbələri sənət vicdanıma görə özüm seçirəm. Müəllimlərimiz Mehdi Məmmədovdan, Adil İsgəndərovdan, Rza Təhmasibdən, anam Nəsibə xanımdan belə tərbiyə almışam. Babam Cahangir Zeynalov Azərbaycan professional teatrını qurarkən xeyir güdməyib, xeyir verib. Nəinki mənə, heç kimə belə bir şans vermirlər. Səbəblərini də hamı bilir, amma susur. Hər dəfə gələndə Azərbaycan teatrının nədən zəiflədiyi haqqında suallar verirlər. Guya səbəbini özləri bilmir. Qoy mənə bilmədikləri şeylər haqqında suallar versinlər.”

 

Xalq artistinin 69 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Çərşənbə axşamı, 01 Avqust 2023 11:00

Bu gündən Xalça Muzeyi qapılarını ziyarətçilərə açacaq

Bu gündən etibarən Azərbaycan Milli Xalça Muzeyi öz qapılarını yenilənmiş ekspozisiyası ilə ziyarətçilərinin üzünə yenidən açacaq. 

 

Muzeyin yaydığı məlumata görə, ziyarətçilər sabahdan etibarən bu möhtəşəm məkanda heç vaxt görmədikləri bir-birindən dəyərli, rəngarəng xalçalarla tanış ola, onlardan zövq ala biləcəklər. 

Xatırladaq ki, Xalça Muzeyi iyulun 21-dən 31-dək profilaktik tədbirlərlə əlaqədar fəaliyyətini dayandırmışdı.

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.