Super User
Əbasət Rurhəsənlinin “Bəzəkli mankən”ı
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən bəyənilən şeirlərinin təqdimatı sırasında bu həftə Əbasət Purhəsənin həftəsidir. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır.
Şair Əbasət Purhəsən bu gün “Bəzəkli mankən” deyəcək.
BƏZƏKLİ MANKƏN
Bazar qabağında bəzəkli mankən,
Hər gələn əl atır donuna sənin.
Yaşamağın üçün açılmır donu,
Soyuq şəhrimizdə geydiyin donun.
Əllərin əlimdə, əlin əlimi,
Əlinin içində saxlaya bilmir,
Nə çəpik çalırlar qabağımızda?!
Nə üçün görənlər ağlayır, gülmür?
Mən səni sevdiyim qıza oxşatdım,
Ya şəhər ağılsız, ya da mən dəli!
Bir dəyqə özümü sevindirməyə,
Sənin də abrına toxundum, bəli.
Səndən ayrılıram, bilirəm ancaq,
Əynindəki donu götürəcaqlar.
Bilmirəm bəlkə də oğlan paltarın,
Geydirib əyninə, toy tutacaqlar.
Bəlkə də bazardan, bazara köçüb,
Gözdən düşəcəksən, gic qalacaqsan.
Bilmirəm, sabahın heç kimsə bilmir,
Bəlkə də sevdiyim qız olacaqsan!..
Ədəbiyyat və incəsənət”
(02.08.2023)
18 milyon manatlıq “Buğatti”yə maşın çatmaz…
2023-CÜ ILIN BREND AVTOMOBILLƏRI
Top Gear nəşri dünyanın ən bahalı beş avtomobilinin adını açıqlayıb. Qiymətlər 2023-cü ilin iyul ayına aiddir.
“Bugatti Chiron Profili”
Bir nüsxədə yaradılmışdır. O, dörd turbin ilə 1479 at gücünə malik mühərriklə təchiz edilib. 100 km/saata 2,3 saniyəyə sürətlənir. Hiperkarın qiyməti 9792500 avro təşkil edir.
“Bugatti Centodieci”
Brendin 110 illiyi üçün yaradılmış bu məhdud sayda hiperkar dörd turbinli 1578 at güclü W16 mühərriki ilə təchiz edilib. Hiperkar 100 km/saata cəmi 2,4 saniyəyə sürətlənir. Centodieci cəmi 10 ədəd hazırlanmışdır. Avtomobilin qiyməti 9 milyon avrodur.
“Pagani Huayra Codalunga”
Avtomobil Pagani Grandi Complicazioni tərəfindən hazırlanmış və yalnız 5 ədəd istehsal edilimişdir. Hiperkarın kapotunun altında 829 at gücünə malik “Mercedes-AMG V12” mühərriki var. İkili turboya malikdir. Modelin qiyməti 7 000000 avro təşkil edir.
“Bugatti W16 Mistral”
Cəmi 99 ədəd istehsal edilən bu avtomobil dünyanın ən sürətli rodsteridir. O, 1578 at gücü ilə 16 silindrli 8 litrlik dörd turbo mühərrikə malikdir. Avtomobilin qiyməti 5000000 avrodur.
“Koenigsegg CC850”
CC850 şirkətin qurucusu Kristian fon Koenigseqin 50 illik yubileyinə həsr olunmuş modeldir. Bu modeldən cəmi 70 ədəd istehsal edilib. Avtomobil 1169 at gücünə malik ikili turbo ilə 5,1 litrlik V8 mühərriki ilə təchiz edilib. Sportkarın qiyməti 3397000 avrodur.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş”
“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.
34–cü dərc
Bağdan çıxan Xalid maşını sürətlə sürüb özünü şəhərə çatdırmış, bağın açarlarını, çantanı, bağlamanı və məktubu Arif Dadaşzadəyə vermişdi. Polkovnik məktubu oxuyub Xalidə dincəlməsini tapşırmış, sonra dərhal Layiqənin rəfiqəsini qorumasını tapşırdığı adamını yanına çağırmışdı. Qız üçün heç bir təhlükənin olmadığı daha şübhə doğurmurdu və onu qorumağa ehtiyac yox idi. Bu, onun ən təcrübəli adamı idi. Ona verəcəyi tapşırıq isə olduqca diqqətli olmağı tələb edirdi. Artıq Əmirxanın qatilinin kim olduğu bilinmişdi və onu izləməyi gənclərdən heç birinə tapşıra bilməzdi. Qısa müddətdə yanına gələn adam tapşırığı alıb, vaxt itirmədən Kürdəxanı kəndinə yollanmışdı.
Nədənsə, polkovnik bu gün, daha doğrusu bu gecə çox vacib bir xəbər alacağını hiss edirdi. Ona görə də yuxusu qaçmışdı, gecə saat 3 olsa da, ona rahatlıq verməyən bu hissin təsiri altında son günlər qaldığı ofisindəki otağında var-gəl edir, dincəlməyi heç düşünmürdü.
Bəxtiyar, bağda keçirdiyi son yoxlamalardan sonra göndərdiyi məktubunda Qılıncın məhz onları maraqlandıran adam olduğunu yazmışdı. Razılaşdıqları kimi, indi Bəxtiyarın cızdığı planın ikinci hissəsini o həyata keçirirdi. Elə ona görə də bu işi ən çox etibar etdiyi adamına tapşırmışdı, hazırda o, Qılıncın evini nəzarətdə saxlayırdı. Adama səhərə qədər gözünü qırpmamağı tapşırmışdı polkovnik. Plan elə idi ki, hətta indi həyata keçirdiyi ikinci hissəsi bir neçə gün də çəkə bilərdi. Ancaq uzun illərin təcrübəsi və güclü hissiyatı ona hər şeyin bu gün aydınlaşacağını, bir çox yarımçıq qalmış sualların cavablarının yerini alacağını deyirdi.
Polkovnik otağın işığını söndürüb pəncərəyə yaxınlaşdı. Şəhər yatırdı. O, bu şəhərdə anadan olmuş, bu şəhərdə böyümüş, bütün ömrünü bu şəhərdə yaşamışdı. Bu qocaman insanın uşaqlıq xatirələri, məktəb, tələbəlik illəri, ömrünün yarısından çoxunu həsr etdiyi polis sıralarındakı xidməti bu şəhərlə, ona son dərəcə doğma olan Bakı ilə bağlı idi. O, bu şəhəri, onun insanlarını sevirdi. İstefaya çıxsa da doğma şəhərinin sakinlərinin rahatlığını pozan, onların həyatlarına qəsd edən, halal mal və mülklərinə göz dikənlərlə heç vaxt barışmayacağına, onlarla mübarizə aparacağına özünə söz vermişdi Arif Dadaşzadə…
* * *
Qaranlıqda gizlənib həkim briqadasının gəldiyinə əmin olduqdan sonra oradan uzaqlaşmışdım. Təxmin etdiyim kimi, gözətçi dayı «təcili yardım»a zəng etmişdi. Cibimdəki tapança ilə şəhərdə gəzmək təhlükəsiz deyildi. Əslində, tapança məsələsində gec də olsa Arif müəllimlə məsləhətləşməli idim. Ancaq hələ araşdırmanın lap əvvəlində ona sonluqdakı qərar barədə sual verəndə cavab vermək üçün necə çətinlik çəkdiyini görmüşdüm. Ona görə də, bu məsələ ilə onu daha da yükləməyə lüzum görmürdüm. Sadəcə, tapançanı yox edəcəkdim. Haraya, necə, bunu təkcə özüm biləcəkdim. Bəzən yaranmış vəziyyətə uyğun addım atmaq ən düzgün olan addım hesab olunur. İndi təcili yardım maşınında xəstəxanaya aparılan və fədakar həkimlərimizin «adam» bilərək həyatını xilas etmək üçün çalışdıqları, kim bilir neçə günahsız insanın həyatına son qoymuş o muzdlu qatil onsuz da öz cəzasına çatıb. Çətin ki, bu zədə ilə bir də kimisə öldürməyə qalxa bilsin. Cəzanı ona mən yox, Allah verdi. Belə işlərdə nə qədər hazırlıqlı olsam da, rəqibimin ən azı mənim qədər hazırlıq keçdiyi göz qabağında idi və bu qarşıdurmada əsas bel bağladığım gözlənilməzlik amili arxa plana çəkiləndən sonra üstünlük aşkar onun tərəfinə keçmişdi. Bəli, yaxın məsafədən atılmış iki güllədən məni salamat qurtaran da, qaranlıqda onu binanın yarımçıq betonlanmış döşəməsindən aşağı mərtəbəsinə yuvarladıb belini qıran da Allahdır. Başqa sözlə, o Uca Varlıq, hərəyə öz haqq etdiyini verdi. O ki qaldı tapançaya, onsuz da heç bir muzdlu qatil eyni silahdan iki dəfə istifadə etmir. Bu tapança «təmizdir» və ələ keçməsi onun törətdiyi heç bir qətlin açılmasına kömək etməyəcək.
Artıq saat 3 idi. Gecənin bu saatında Gülanəni narahat etmək fikrim yox idi. Bir neçə saat yatmağa görə hansısa bir oteldə yer götürmək də istəmirdim. Tək gedəcəyim yer Arif müəllimin ofisi idi. Xasiyyətini gözəl bildiyim üçün, araşdırmanın belə bir məqamında onun yatmayacağına, verdiyi tapşırıqla bağlı cavabı gözləyib oyaq qalacağına əmin idim. Oraya getməyim həm də vaxt udmağımıza kömək edə bilərdi. «Bağ əməliyyatı»nın ikinci hissəsi ilə bağlı hər-hansı məlumat daxil olardısa, onu Arif müəllimlə birlikdə dərhal müzakirə edib növbəti addımlarımız barədə qərar verərdik. Birgə olduğumuz müddətdə Qılıncı kifayət qədər «oxuya» bilmişdim. Nə qədər bic olsa da, onun bizim xeyrimizə işləyən bir cəhətini aşkara çıxarmışdım. Bu adam olduqca hövsələsiz biri idi. Bağa gələn kimi söhbəti uzatmadan və çaydan imtina edərək tez yekunlaşdırmaq üçün dərhal işə başlaması, arada qəsdən bağa keçib ona hansısa xırda tapşırıqlar verməyimdən qıcıqlanması, səhər açılar-açılmaz gecə qaldığı otaqda ona atdığım «yem»lə bağlı şübhələrini dəqiqləşdirmək üçün hətta səhər yeməyinin bitməsini gözləmədən suallar verməsi bu qənaətə gəlməyimə kifayət etmişdi. Əgər belədirsə və bu adamın bağda yarandığı şübhələrlə bağlı hansısa addım atmaq fikri varsa, mütləq elə bu gecə hərəkətə keçəcəyinə əmin idim. Bu gecədən bir «hədiyyə»mi almışdım, görək ikinci «hədiyyə»ni də bəxş edəcəkmi mənə gecə. Saata baxdım, 4-ə işləyirdi, səhərə hələ var idi.
* * *
Arif Dadaşzadənin Kürdəxanı kəndinə gəlmiş adamı lazım olan ünvanı tapdıqdan sonra uzaqdan müşahidə aparmış, hava qaraldıqdan sonra isə maşınını bir qədər yaxına sürüb görünməməkçün arxa oturacağa keçmişdi. Ancaq yenə də şübhə doğurmamaqçün izlədiyi evlə arasında kifayət qədər məsafə saxlamışdı. Kiçik taxta giriş qapısı, suvağı tökülmüş divarları, bu divarlardan aşıb küçəyə sallanan çoxdan budanmamış ağacların toz basmış budaqları evin olduqca kasıb və baxımsız olmasından xəbər verirdi. Kəndin bu qaranlıq küçəsində gediş-gəliş hələ axşamdan kəsilmişdi. Gecə düşdükdən sonra isə, ümumiyyətlə bir adam da gözə dəymirdi. Hər yan sükuta qərq olmuşdu, bu sükutu təkcə həyətlərdən hansındasa hərdən-bir hürən itin səsi pozurdu.
Adam qolunu azca qaldırıb əqrəbləri fosforlu olan saatına baxdı. Saat 03:30 idi. Elə bu zaman əsas küçədən bu ara küçəyə dönən avtomobilin işıqları hər yanı işıqlandırdı. Adam cəld maşının oturacağına uzanıb gözləməyə başladı. Maşın onun yanından keçib bir qədər irəlidə, axşamdan bəri müşahidə apardığı evin qarşısında dayandı. Ehmalca başını qaldıran adam bundan sonra nə olacağını görə bilmək üçün maşının dayandığı yerə baxmağa başladı. Gələn maşının üzərində taksi emblemi var idi. Sürücü mühərriki və işıqları söndürmədən sükan arxasında oturub gözləyirdi. Adam maşının markasını və nömrə nişanlarını yadında saxlayıb izləməni davam etdirdi. Gün kimi aydın idi ki, taksi hazırda onun izlədiyi ünvana çağırılıb və bu küçəni məkan barədə ona atılmış məlumat əsasında naviqator vasitəsilə çox rahatlıqla tapıb. Naviqator quraşdırılmış telefon aparatının ekranı hələ də maşının salonunu işıqlandırırdı.
Birdən həyətin qapısı açıldı və oradan hündürboylu, cantaraq bir kişi çıxıb maşına yaxınlaşdı. Maşının işığında kişini çox rahatlıqla görmək olurdu. Əynində qara kostyum, açıq mavi rəngli köynək, ayaqlarında ucu biz ayaqqabılar olan bu kişi, bir qədər sağa-sola boylanandan sonra taksinin arxa oturacağına oturdu. Taksi dövrə vurub gəldiyi yolla geri qayıtdı və əsas yola tərəf istiqamət aldı. Yenidən maşının işıqlarından gizlənməyə məcbur olan adam, taksi ötüb keçdikdən sonra cəld uzandığı yerdən qalxıb bir sıçrayışla öndəki oturacağa, sükan arxasına keçdi. Mühərriki işə salıb bir qədər gözlədi, sonra, işıqlarını yandırmadan maşını uzaqlaşmaqda olan taksinin ardınca sürdü.
* * *
Saat 04:10 idi. Tapançanı «yox» etdikdən sonra Arif müəllimin ofisinə gəldim. Bir qədər aralıda düşdüyüm taksini yola salıb arxa tərəfdən binaya yaxınlaşdım. Dəmir qapıdakı kodu yığıb yuxarı qalxdım, ofisin qapısını şərtləşdiymiz kimi, əvvəl bir dəfə, kiçik fasilədən sonra isə iki dəfə taqqıldadıb gözlədim. Az keçmiş qapını açan Arif müəllimlə salamlaşıb içəri keçdim. Gözlədiyim kimi polkovnik yatmamışdı. Dəhlizin işığında mənə diqqətlə baxan polkovnik heç nə deməyib başını buladı.
Əlbəttə, nə qədər üst-başımı səhmana salsam da, az əvvəl toz basmış binadakı süpürləşmənin izləri paltarlarımda qalmışdı. Təcrübəli polkovnikin bunu sezməməsi mümkün deyildi. İndi bu söhbətin açılması marağımda olmadığından onun susması yerinə düşdü. Keçib divanda oturdum. Mətbəxdə özünə kofe düzəldən Arif müəllim oradan səsləndi:
-Çay içəcəksən?
O, hamının yuxusunu qaçıran kofenin mənə yuxu gətirdiyini bilirdi.
-Özüm süzərəm, -deyib ayağa qalxdım.
-Otur, gətirirəm, -nidasıyla bir azdan otağa qayıdan polkovnik çay süzdüyü bardağı və əlindəki konfeti mənə uzatdı. Elə bu vaxt kabinetdəki şəhər telefonuna zəng gəldi. Telefonun dəstəyini qaldırıb o, heç nə demədən qulaq asmağa başladı. Xəttin o başındakı adam söhbəti bitirdikdən sonra, -Daha dincələ bilərsən, -deyərək polkovnik dəstəyi yerinə qoydu. Sonra üzünü mənə tutdu:
-Təbrik edirəm, Bəxtiyar. Sənin planın yüz faiz özünü doğrultdu. Təxminən bir saat əvvəl evdən çıxıb taksi ilə şəhərə gələn Qılıncın getdiyi ünvan məlum oldu.
Maraqla onun üzünə baxıb susdum. Planımı hazırlayarkən, gecə bağda Qılıncın «rahatlığını» pozduqdan sonra gedə biləcəyi bir neçə ünvanı təxmin etmişdim. Ancaq onlar arasında seçim edə bilməmişdim. İndi, gələn zəngdən sonra gözlərindəki yorğunluğu bir anda yoxa çıxan müəllmimin hansı ünvanı səsləndirəcəyini gözləyib ona baxırdım. Gün kimi aydın idi ki, məhz o ünvanlardan birini eşidəcəyəm. Nəhayət gözləri gülən polkovnik dilləndi:
-«Dostumuz» Rəmziyə qonaq gedib.
Bu, gözlədiyim ehtimallardan biri idi. Nəhayət bütün daşlar yerini almağa başlayır. İndi Arif müəllim də, mən də deyə bilərdik ki, ilk gündən yalnız ehtimallara əsaslanan araşdırmamızda ilk real nəticəni əldə etmişik. Qatil olduğunu müəyyən etdiyimiz, Bakı ətrafında yaşayıb onun-bunun həyətində işləməklə dolanan bir «dəli»nin böyük biznes imperiyasının başında dayanan, milyonlar sahibi Rəmzi Xanbabayevlə nə əlaqəsi ola bilərdi, təxmin etdinizmi? Özü də, az qala səhər açılana yaxın. Şəhərin özündən deyən kişiləri bu saatda Rəmzini narahat etməyə cəsarət etməz, nə qədər vacib işləri olsa belə, səhərin açılmasını gözləyərdilər. «Dəli» kimi tanınması bir yana, onun-bunun qapısında işləməklə dolanan biri isə çox rahat şəkildə bunu edir. Deməli, bu iki adamı bir-birinə bağlayan çox dərin tellər var. Üstəlik də, nə isə fövqəladə hadisə baş verib. «Fövqəladə hadisə»ni də biz yaratmışdıq onlar üçün. Böyük ehtimalla isə bu görüş hansısa yolla əvvəlcədən razılaşdırılıb.
Bəli, Əmirxanın qatilini müəyyən etməyin mənasız olduğunu, damla-damla toplayacağımız sübutların bizi bu qətlin sifarişçisinə çıxaracağını düşünmüşdük. Təxminən hər şey də buna gedirdi. Bir neçə adam diqqət mərkəzimizə düşmüş, onlar ətrafında aparılan işlə sifarişçiyə yaxınlaşmışdıq. Ancaq Matvey Semyonoviçin gözləmədiym halda verdiyi bir məlumat bizə həm də qətlin icraçısına çıxmağımıza kömək etmişdi. Maraqlı olsa da, əgər Rəmzi haqqında əvvəlki şübhələrimizi nəzərə almasaq, sonda məhz qatildən icraçıya çıxa bilmişdik. Bu, yüz olmasa da, doxsan doqquz faiz Rəmzinin sifarişçi, yaxud da sifarişçilərdən biri olduğunun sübutu idi. Heç nə danışmasa da, polkovnikin də belə düşündüyünə əmin idim. Nadir hallarda gözlərində görünən sevinc də buna dəlalət edirdi.
Dediyim kimi, araşdırmamızda maraq doğuracaq adamların tam siyahısını müəyyən etmək üçün etdiyim psixoloji gediş nəticə verməkdə davam edirdi. Heç də yaxşı şeylərə bağlanmayan böyük bir sirrin daşıyıcıları təhlükə hiss edən kimi təcili olaraq bir-biri ilə görüşməyə başlamışdılar. Əlbəttə, onların hamısı eyni vaxtda bir yerə yığışa bilməzdilər. Kimin kimlə bağlılığı varsa, ona da üz tutmuşdu. Məsələn, İlk hərəkətə gətirilən Səlim İsfəndiyarı ziyarət edib şübhələrini yoxladıqdan sonra hər ehtimala qarşı Rəmzi ilə görüşüb vəziyyəti bölüşməyi lazım bildi. Qılınc da eyni şeyi etdi. Amma böyük ehtimalla o, Səlimi heç tanımır. Bu səbəbdən onunla görüşməsi mümkün deyil. Əminəm ki, Səttar dünyasını dəyişməsə idi, mütləq eyni şeyləri müşahidə edəcəkdik. O ki qaldı «Qızılbaş»a, onun bu qətldə hansısa formada birbaşa rolunun olmasına gümanım azdır. Hətta səhv etmirəmsə, Əmirxan qətlə yetiriləndə o həbsxanada olub və hər hansı iştirakı mümkün deyildi.Ancaq hələ də, adı çəkilən adamlardan hansınınsa onunla da görüşəcəyi istisna olunmur. Çünki qətlin araşdırmasında bizə qarşı verilən tapşırıqların ondan gəldiyini öyrənə bilmişdik. «Qızılbaş»a isə hansısa tapşırığı ondan qat-qat yuxarıda duran birisi verir. Deməli bu məsələdə «Qızılbaş» yox, ona bu işi tapşıran maraqlı tərəfdir. Bu faktın özü də ilk gündən gəldiyimiz qənaətin, bu məsələdə «oğru» dünyasının başında duranların əli olması barədəki ehtimallarımızı bir daha təsdiqləyir. Mənim qətlimin sifariş verilməsi kimi kəskin bir addımın atılması isə bu ehtimalların doğruluğuna heç bir şübhə qoymur.
Sifarişçi və ya sifarişçilərdən birinin Rəmzi olması qənaətinə də elə-belə gəlmədik. Bu adamın adı düz üç dəfə hallandı araşdırmada. Belə təsadüf olmur. Əvvəlcə polkovnikin şübhələndiyi Səlim təhlükə hiss edən kimi bir müddət evinə qapandı, sonra isə Rəmzi ilə görüşməyə tələsdi. Bundan sonra Səttarın göndərdiyi gizli şifrin açmasında Rəmzi adı ortaya çıxdı. Bu artıq tutarlı sübut idi. Qılıncın da, bağdan qayıdan kimi elə həmin gecə, təcili Rəmzinin yanına getməsi bu sualın nöqtəsini qoymuş oldu.
İndi Arif müəllimin nə qərar verəcəyini gözləyirdim. Bizə lazım olan hədəflər artıq məlum idi. Ancaq məsələ o qədər də sadə deyildi. Hər şey bizim üçün məlum olmuşdu sadəcə. Az əvvəl sadaladıqlarım yalnız bizim apardığımız analitik işin və çoxgedişli kombinasiyalarımızın nəticəsində əldə olunan və doğruluğuna əmin olduğumuz sübutlardır. Bu sübutlarla, hətta aradan keçən müddəti nəzərə alaraq qanun imkan versə belə, istintaq orqanları qarşısında hansısa iddia qaldırmaq elə ilk gündən uduzmaq deməkdir. Ona görə də, hər şey müəllimimin verəcəyi qərardan asılı idi.
-Bu gün ayın neçəsidir?
Arif müəllimin sualı məni fikirdən ayırdı.
–Mayın iyirmi altısı.
Polkovnik əli ilə tük basmış çənəsini ovuşdurdu.
-Sən daha bu gün və sabah heç bir addım atma. Sonrasına baxarıq.
Yenə heç nə soruşmasa da, “heç bir addım atma” deyəndə, bayaq içəri girəndə paltarlarımda qalmış süpürləşmə əlamətlərini nəzərdə tuturdu polkovnik.
-Aydındır, Arif müəllim, -qısa cavab verdim.
-İndi isə bir az yatmaq lazımdır. Sən elə bu oturduğun divanda dincəl. Mən isə istirahət otağına keçirəm.
Arif müəllimin istirahət otağına keçməsini gözləyib ayaqqabılarımı çıxardım və divana uzandım. Bu iki günün niyə boş keçəcəyini bilmirdim. Ancaq bu iki gün Salamın yarımçıq qoyduğum işi ilə məşğul olmağım üçün əla fürsət idi. Nəyin harada qırıldığını tapmalı, sonra düzgünlüyünə əmin olduğum fərziyyəmi həmin yerdən davam etdirməli idim. Bunun üçünsə, indi bir qədər yatmaq lazım idi. Beyin insan ac olanda daha sürətlə işləyir, yuxusuz olanda isə fikirlər qarışır.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
CinemaPlus-da “Barbenheimer” fenomenal ajiotaj yaradıb
"CinemaPlus"da “Barbenheimer” fenomenal ajiotaj yaradıb. Belə ki, eyni gündə böyük ekranlarda nümayiş olunan “Barbi” və “Oppenheymer” filmləri ilin ən səs-küylü fenomeninə çevrilib.
“CinemaPlus”dan "Report"a verilən məlumata görə, tamaşaçılar hər iki filmi eyni gündə qiymətləndirə bilmək üçün bilet alırlar.
Onlar “CinemaPlus” kinoteatrlar şəbəkəsinə çəhrayı və qara rəngli geyimlərdə gəlirlər.
Təkcə ilk həftədə Marqo Robbi və Rayn Qoslinq-in rol aldığı “Barbi” dünya üzrə təxminən 530 milyon dollar gəlir əldə edib. “Oppenheymer” ilk həftəsində 265 milyon dollardan çox gəlir əldə edib. Ancaq kassa baxımından qalibi müəyyən etmək üçün filmləri müqayisə etmək düzgün olmazdı. Çünki “Barbi” dünyada bir çox nəsillərə məlum olan oyuncaq əsasında qurulub və film uşaqlarla rahat izlənilə bilər. “Oppenheymer” isə R reytinqli kimi qiymətləndirilən (17 yaşdan aşağı izləyicilərə valideyn müşayiəti tələb olunur) fizika haqqında üç saatlıq biopikdir.
Real hadisələr əsasında çəkilən “Oppenheymer” bioqrafik filmi II Dünya Müharibəsi illərində atom bombası yaratmış amerikalı fizikin həyatından bəhs edir. Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-da, sonra isə bütün dünyada “nüvə bombasının atası” adlandırılmağa başladılar.
Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır. Baş rolu Killian Merfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar. Filmin büdcəsi 100 milyon dollardır. “CinemaPlus” kinoteatrlar şəbəkəsində film rus və ingilis dillərində nümayiş olunur.
“Mattel” şirkətinin Barbi oyuncaqları seriyası əsasında çəkilən “Barbi” komediya filminin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Margo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uvill Ferrell, Emma Makey, Simu Lyu və başqaları çəkilib. Barbi gözəllik standartlarına uyğun olmadığı üçün “Barbieland”-dən qovulur. Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir. Filmin büdcəsi 145 milyon dollardır.
“CinemaPlus” kinoteatrlar şəbəkəsində film türk, rus və ingilis olmaqla 3 dildə nümayiş olunur. “CinemaPlus” kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Cəmil Fərəcovun nekroloqu
Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov 77 yaşında vəfat edib.
O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir.
Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var.
Bu arada Mədəniyyət Nazirliyi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb.
Həmin nekroloqda deyilir:
"Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib.
Azərbaycan Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!"
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Vəhşi quş, yoxsa kəpənəkqanadlı təyyarə? - Ülviyyə Əbülfəzqızının hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının poçtundan növbəti bədii əsəri diqqətinizə çatdırırıq. Ülviyyə Əbülfəzqızının “Vəhşi quş, yoxsa kəpənəkqanadlı təyyarə” hekayəsini.
Budur yenə həmin yollar, həmin təkrarlanan ağrılar. Hava limanına aparan yollardan nə vaxt keçirdimsə, mənəvi ağrılarım ən yüksək zirvəsinə çatırdı. Nə vaxt təyyarə görürdümsə, o mənə vəhşi quş kimi görünürdü, o vəhşi quş ki, sevdiyimi məndən alıb uzaqlara aparmışdı.
Psixomatik ağrılar kaş ki, heç yaranmazdı..
Hər hansı bir hadisə qarşısında yaranan xoş və ya pis hisslər insanın davranışında mütləq özünü göstərəcək. İnsan özünü yaxşı hiss etdikdə bu pozitivliyi vucudu əks etdirir. Məmnuniyyət, razılıq, xoşbəxtlik kimi müsbət emosiyalar serotonin və ya dopamin kimi müsbət kimyəvi maddələrin ifrazına imkan verir. Eyni hal bunun əksi üçün də keçərlidir. Özümüzü yaxşı hiss etmkriksə, bu zehni yorğunluq bədənimizlə özünü ifadə edə bilər. Məsələn: vücudumuz uzun müddətli fiziki, zehni və ya emosional stress yaşayanda kortizolun səviyyəsi artır.
Psixomatik ağrılar xroniki və fiziki əlamətləri olan, lakin tibbi bir açıqlaması olmayan narahatçılıqdır.
Mənfi düşüncələr və hisslərin enerji tezliyi müsbət olanlardan fərqlənir. Elə buna görə də orqan, toxuma və hüceyrələrə ağrı verir.
Deməli, bu ağrıları özümüz özümə layiq bilirik.
Nədir axı vücudumuzun təqsiri?!
Maraqlısı budur ki, bütün bunları bilə-bilə özümə, bəlkə də, ona əziyyət verirdim. Ruhum və cismim əzab adlı məngənədə dustaq idi.
Onun gedişini bilirdim, lakin, dayandırmaq üçün heç nə etməmişdim. Bəlkə də, onu məndən ayıran vücudu dəmir olan vəhşi quşa- təyyarəyə qalib gəlib sevdiyimi geri qaytara bilərdim, amma heç cəhd də etmədim. Halbuki, onsuz sadəcə nəfəs alan, məyus yaşayan bir robot olacaqdım.
Övladım olmadığını öyrənən zaman dünya başıma yıxılmışdı.
Atilla da məyus olmuşdu, amma bildirməmək üçün uğrunda canımı belə verə biləcəyim qara gözlərindəki hüznü qovub təbəssümü süni şəkildə göstərməyə çalışmışdı.
Məni isə “ Yəqin ki, səhv diaqnozdur” deyib, sakitləşdirməyə cəhd etmişdi. Amma sevdiyim insanı, əlbəttə, atalıq hissindən məhrum etməyəcəkdim.
Atilla xarakterimi və tərsliyimi gözəl bilirdi. Hətta bir dəfə Atilla xəstə olduğu üçün yemək yeməkdən imtina edəndə mən də həmin gün heç su da içməmişdim. Hətta ac və susuzluqdan az qala ikinci mərtəbədən düşəndə yıxılacaqdım və son anda Atillanın cəldliyi ilə qurtuldum.Amma o, əsəbi olanda “möhtəşəm mədəni danlağından” qurtulmaq olmazdı.
Lakin susub bir kəlmə də danışmadım, günahkar idim. Əslində o yesin deyə, mən də inad etmişdim. Yazıq Atilla, özü süfrə açıb “Müjgan xanım, buyur” -söyləmişdi.
Heç iştahım yox idi, Atillaya acığım tutmuşdu, amma onun aclığına dözə bilmədiyim üçün süfrəyə əyləşdim.
Onun simasına baxa bilmirdim. Atilla mən yıxılmaq üzrə olanda çox qorxmuşdu. Onu incitmək mənim üçün ağır idi. Çox tanışlarımız ideal cütlük ifadəsi zamanı “Atilla və Müjgan sevgisi” söyləyirdi. Əlbəttə, ailədə xırda söz-söhbətlərimiz olurdu, amma sevgimizin böyüklüyü incikliyi nöqtəyə çevirib yox edirdi.
Bir dəfə Atillanı qısqandığım üçün az qala maşının altında qalacaqdım.Təbii ki, bu dəfə Şeytan məni aldatmağı başarmışdı və indi də özümü bu hərəkətim üçün heç cür bağışlaya bilmirəm.
Atillanın xanım iş yoldaşı xəstə imiş , özünü pis hiss edirmiş, təzyiqi ani qalxıb və huşunu itirib yıxıldığı zaman Atillanın ona köməketmə məqamını səhv anlamışdım. Buna görə ondan bütün varlığımla incimişdim. Halbuki, Atilla o xanımı yerdən qaldırıb kürsüyə əyləşdirəndə xanım özündə deyilmiş.
Mən isə aləmi bir-birinə vurmuşdum. Necə də axmaq olub Atilla barəsində ona layiq olmayan fikirlər düşünmüşdüm.
Haqq yerin tapdı, mən isə bu dəfə uzun müddət Atilladan qaçıb anamgildə qaldım. O da ona güvənmədiyim üçün məndən çox incimişdi. Haqlı da idi.İlk dəfə idi ki, Atilladan bu qədər uzaq qalırdım.
Gecələr uzun və qara əlləri ilə məni boğub yarımcan edirdi. Qara rəng öz vahiməsində məni istədiyi kimi qorxuda bilirdi. Atilla- deyərək qışqırsam da, sanki səsim çıxmırdı. Bu səssizlik qaranlığın ehtirasını daha da vəhşilik dərəcəsinə çatdırırdı və mənə rəhmi gəlmirdi.
Atilla onsuz canlı ölü olduğumu bilirdi, amma ona inanmadığım üçün mənə bərk acığı tutmuşdu. Onun gəlişini arzu edirdim. Özüm isə addım ata bilmirdim, görünməz zəncirlər ayaqlarımı bağlamışdı.
Əlimi bəlkə, yüz dəfə telefona atıb geri çevirmişdim. Əminəm ki, o da mənim kimi yarımcan idi.
O məndən 4 yaş da balaca idi. Onu qıcıqlandırmaq üçün- məndən balacasan-deyirdim. Bu onun heç xoşuna gəlmirdi.
Bu dəfə həqiqətən, günah məndə idi. Ona “sənin heç günahın olmayıb?” yazdım. Anında oxuyub “yazını getdiyin andan gözləyirdim”- yazdı.
Atilladan üzr istədim. Atilla isə bir şərtlə barışmağa razı oldu ki, o işdən qayıdanda sevdiyi balıq qızartması şam yeməyinə hazır olsun.
Baş üstə yazıb bir də səni qısqanmayacağam söylədim.
Əlbəttə, özüm dediyimə heç özüm də inanmadım. Mənfi cəhətim idi, ən zəif nöqtəm idi Atilla. Hətta kostyumuna belə təsadüfən yol keçən toxunurdusa, dəliyə dönürdüm. Deyəsən, qısqanclığım sərhəddi keçmişdi, bilirdim ki, bu, bizim yuvamızı uçura bilərdi. Bu hadisədən sonra özümə söz verdim ki, Atillanı səbəbsiz qısqanmayacağam. Atilla məni öz yanında işə də düzəltdi və hər şey çox gözəl davam edirdi.
Həkimə getdiyim o günə kimi.
Ailə qurduğumuz o gözəl gün -həsrətin məğlub, sevgimizin qalibiyyət qazandığı gündən düz 365 gün sonra..
Müxtəlif analizlərdən sonra həkim qərara gəldi ki, mən heç vaxt ana ola bilməyəcəyəm.
Bu xəbəri eşidəndə keçirtdiyim hissləri elə indi də xatırlayıram: uca sevincə sürətlə qanad açıb çox keçmədən qanadlarını itirmək kimi idi. Sevinc zirvəsinə az qalmış qanadlarını itirmək qədər ağrılı nə ola bilərdi ki?!
Mən qanadlarımı itirmişdim. Atilla isə bir an sadəcə susqun qalmışdı, lakin təsəlli vermək üçün tez özünə gəlmişdi.
Elə o andan Atilla ilə münasibətlərimi planlı şəkildə dəyişməyə başladım.
Mənəvi əzab çəkirdim, amma Atillanın mənə nifrət etməsini istəyirdim, ayrı cür o bağlararını məndən qoparmayacaqdı.
Atilla isə daxilimi üzümə oxuyurdu, nələri sevdiyimi, nədən nifrət etdiyimi əla bilirdi. Əslində biz onunla ruh əkizi idik. Düşündüyünü onun dili işə başlamamış söyləyirdim. Lap məəttəl qalırdı. Dediyinə görə, elə məni ona çəkən təxəyyülünü oxumam olubmuş.
Əslində tanışlığımız da ani olmuşdu. Yadımdadı, o, yaşıl rəngli gödəkçə geyinmişdi, saçları buruq idi. Maraqlı saç düzümü ona xüsusi yaraşıq verirdi.
Mən isə səbirsizliyimi nümayis etdirdiyim anda o məni izləyirmiş.Telefonuma kontur yükləmək istəyirdim, aparat isə pulu geri qaytarırdı, mən də tələsirdim. Dəfələrlə bu proses təkrar oldu, dodağımın altında “lənət sənə kor şeytan”- söyləmişdim. Atilla da məndən arxada növbə gözləyirmiş. O, pulu məndən alıb cəmi bir dəfəyə mənim bayaqdan “vuruşduğum” məsələni həll etdi. Mən Atillanın üzünü görmədən ilk olaraq qolundan gödəkçəsinin yaşıl olduğunu görüb, biixtiyar -sağ ol yaşıl rəng- söylədim.
Atilla təəccüblə mənə baxdı. Bəlkə də, ürəyində “Bu qız lap dəlidir”- söylədi.
Sonra üzünə baxmadan “təşəkkür edirəm” söylədim.
Bu hadisədən bir həftə ötmüşdü. Bir dəfə tanımadığım nömrədən mənə zəng gəldi. Amma telefonu açdığımda kim idisə, səsini çıxarmırdı.
Bu düz beş dəfə təkrar oldu. Ən sonda yenə səbirsizliyimi nümayiş etdirib “Ay qorxaq, dilin laldı, yoxsa, cəsarətini qaranlıqda itirmisən”- söylədim.
Elə bu an: “Yaşıl gödəkçəli oğlanam” söylədi.
Anladım ki, o mənim nömrəmi balansımı artırarkən əzbərləyib. Düzü, acığım tutdu və biixtiyar söylədim ki, “Yaşıl rəngi sevirəm deyə, o demək deyil ki, bütün yaşıl rəngdə geyimi olanları da sevməliyəm”.
Atilla tutulub əlaqəni bitirmişdi. Mən isə sanki elədiyimdən peşman olmuşdum.Çünki o yaşıl gödəkçəli oğlan mədəni bir oğlana bənzəyirdi.
Etdiyimdən peşman olub ona zəng vurdum. Atilla, dili tutula-tutula- bəli- söylədi. Deyəsən, gözü qorxmuşdu.
Zəng etməyinin səbəbini soruşdum. Atilla isə “Sizə bir şəkil göndərmək istəyirəm” söyləmişdi.
Əvvəlcə, yenə əsəb keçirdim, amma bu dəfə sakit tonla danışıb olar dedim. Özümə də maraqlı idi, bu yaşıl gödəkçəli oğlanda nə isə var idi..
Atilla şəkli mənə yönəltdi və gözlərimə inanmadım. Elə Atilla ilə qarşılaşdığım gündə itirdiyim- rəhmətlik nənəmin mənə yadigar verdiyi yaşıl rəngli sırqanın şəklini görəndə dəlicəsinə hönkürtü ilə ağlaya-ağlaya Atillaya “yaşıl gödəkçəli oğlan, təşəkkür edirəm”- deyib səsli mesaj yolladım. Yəqin ki, Atilla bu dəfə yüz faiz “Bu qız dəlidir” - söyləmişdi.
Sonra Atillaya bu sırqanın nənəmin mənə yadigarı və çox əziz olduğunu söylədim. Atilla isə “Yaşıl rəngi çoxmu sevirsən?” - soruşdu.
-Bəli, çox sevirəm söyləmişdim
Daha sonrakı səsli mesajda bildirdi ki, sırqanı tapmasaydım, Sizi narahat etməzdim. O, sırqa tayını məndən ayrılandan sonra elə həmin məkandan tapıbmış. Çox güman ki, qulağımda sırqanı görübmüş.
Düzü, kobudluğuma görə bir az utandım.
Atilladan soruşdum ki, “Nə vaxt o sırqanı Sizdən götürə bilərəm?”
Atilla isə “Nə vaxt istəsəniz” –cavabını verdi.
Qərara aldıq, işimə yaxın bir yerdə görüşək, çünki heç cür vaxtım olmurdu.
Elə səhərisi gün dediyim saatda Atilla o sırqa tayını mənə gətirmişdi. Üstəgəl əlində balaca bir hədiyyə də var idi. Onu götürməyimi və evdə açmağımı xahiş etdi. Atilla quru xına yaşılı rəngində köynək də geyinmişdi və bu rəng o buruqbaşa çox yaraşırdı.
Deyəsən, yaşıl sevdası mənə baha başa gələcəkdi.
Əlbəttə, hədiyyəni işə çatmamış yolda açacaqdım, səbirsiz adam idim.
Hədiyyəni açanda isə yaşılqaşlı gözəl bir üzük gördüm. Anında barmağıma taxdım. Sanki bu üzük mənə xüsusi güc verirdi.
İşdən evə getdikdən sonra isə adını bilmədiyim yaşılgödəkçəli oğlana hədiyyə üçün təşəkkür etdim. Adını da soruşdum. O isə adının Atilla olduğunu söylədi.
Təsadüf idi, ya yox, amma bu adı çox sevirdim.
O da məndən adımı söyləməyi xahiş etdi.
Mən də adım Müjgandır söylədim.
Adımı söyləyən kimi məşhur şeirdən bir parçanı yazdı.
Çərşənbə günündə çeşmə başında,
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun keçdi sinəmdən,
Cadu qəmzələri canıma düşdü.
Aşıq Ələsgərin bu şeirini çox sevirdim.
Yaşadığım süjet xətti beynimi dumanlandırmışdı, Atilla artıq doğma birinə çevrilmişdi.
O, məşhur klinakalardan birində psixoloq çalışırdı. Atilla mənə yaşıl rəng haqqında səsli məlumat yollamışdı. Psixologiyada yaşıl rəngin enerji verən, ümid, inkişaf, sakitlik, rahatlıq kimi yozumları haqqında bilgilər idi.
Atillanın zəngin zəkasına günü-gündən aşiq olurdum. Hətta, bəzən ona olan möhtəşəm hisslərimə görə nənəmin mənə verdiyi sırqaya təşəkkür edirdim.
Artıq Atillanı tanıdığım gündən düz bir ay keçmişdi və Atilla ruhumun qidasına çevrilmişdi.
Psixologiya elmi haqqında maraqlı müzakirələr edirdik. Düzdür təhsilim olmasa da, dünyagörüşüm zəngin idi və bu Atillanın çox xoşuna gəlmişdi.
Hətta Atilla ali məktəbə sənəd verməyimi xahiş etdi. Atilla elə bil möcüzə yaradırdı. Mən ali məktəbə elə həmin il qəbul oldum. Halbuki, on birinci sinfi düz beş il əvvəl bitirmişdim. Birinci il 4-cü qrupa imtahan verib kəsilmişdim və tam ruhdan düşmüşdüm. Dəyərli psixoloq Atilla mənə necə motivasiya verdisə, 6 ay içində bütün proqramı əla mənimsəyib Tibb Universitetinə qəbul oldum.
Atillanının ailəsi ilə bizim ailəmiz münasibətlərimizi rəsmiləşdirmək qərarına gəlmişdi. Hisslərimiz onlara da bəlli idi. Atillanın mənə verdiyi yaşılqaşlı üzük hər ürək döyüntümə şərik idi. Sanki bu üzük Atillanın böyük sevgisinin simvolu idi. Bu üzüyü göz-bəbəyim kimi qoruyurdum.
Yazda nişanımız oldu, yayda isə nikah masasına əyləşdik.
Çox xoşbəxt idik. Amma bu xoşbəxtlik bitməyə iddialı idi. Atilla ata olmağa layiq idi. Ona bu hissləri yaşada bilmədiyim üçün hər gün ölüb-dirilirdim. Onun üçün, ümumiyyətlə, qız və oğlan övladının fərqi yox idi.
Onu ata kimi təsəvvürümdə çox canlandırmışdım. Mən sarışın olsam da, övladlarımızın Atilla kimi qaraşın və buruqsaçlı olmasını arzulayırdım. Amma başıma gələcəklərdən xəbərsiz idim.
Atillaya ayrılmalıyıq söyləyəndə, əlbəttə, bunu əsəbi və qəzəblə qarşıladı. Hətta körpələr evindən uşaq götürməmizi istədi, lakin buna razı olmadım.
Nəhayət, cəsarətimi toplayıb boşanma üçün ərizə verdim.
Atilla narazı olduğu üçün məhkəmə işi üç ay təxirə saldı, əlbəttə, bu müddətə kimi ondan uzaq və ayrı qalacaqdım.
Atilla çox cəhdlər etdi, amma mən fikrimdən dönmədim ki, dönmədim. İş o yerə çatdı ki, o əsəbindən içib sükan arxasına əyləşmişdi. Qəza belə törətmişdi. Yaxşı ki, yüngül xəsarət almışdı.
Mən isə ona qəzadan sonra belə baş çəkmədim.
Bu , Atilla üçün növbəti zərbə oldu.
Bu olanlardan sonra artıq onun da qüruruna toxunmuşdum...
Bir müddət gözümə görünmədi. Əlbəttə, Atillasız hər an əvvəl sönməz odda yanacaq sonra isə buz tutmuş bir otaqda titrəyəcəkdim. Amma təslim olan deyildim. Bu işgəncələri özüm seçmişdim.
Atillanı itirmək ruhumdan imtina etmək kimi bir şey idi, amma o, mənsizliyə alışmalı idi. Ata olub məni, əlbəttə, unudacaqdı.
Beləliklə, biz rəsmi boşandıq. İmzanı atanda Atillanın üzünə baxmaqdan imtina etsəm də dəhlizdə əsəbi şəkildə qolumdan tutub mənə nifrət etdiyini söylədi.
Mən isə bu cümlələri qələbə kimi hiss etdim. Böyük mübarizədə qalib idim. Mən sevdiyimi özümdən xilas etmişdim...Bəli.. sevdiyimi özümdən xilas etmişdim. Onu özümdən çox sevirdim, o hər şeyin ən gözəlinə layiq idi.
Mən onu möhtəşəm hisslərdən məhrum edə bilməzdim.
Boşanma prosesindən bir həftə sonra atam söylədi ki, Atilla Türkiyəyə köçüb orada çalışacaq. Bəli, mən Atillamı tam itirəcəkdim. Uçuş saatın bilirdim, bəlkə də, bir kəlməmlə o mənə dönərdi. Amma, əlbəttə, lal olacaqdım, hisslərimi Günəşdə yandırıb, buzda donduracaqdım. Dəmir vücudlu vəhşi quşun- təyyarənin uçuş vaxtını da bilirdim.
Anam söylədi ki, Atilla səninlə son dəfə danışmaq istəyir.
Nömrəmi dəyişmişdim, Atilla ona görə anama zəng vurmuşdu.
Mən isə “Allah, keç günahımdan” deyib Atilla ilə gözləmədiyi tonda və obrazda danışdım. Atilla tam varlığı ilə mənə nifrət etdi və mənimlə keçirtdiyi ömrünün hər anına lənət oxudu. Amma bu məni mənə, dediyim kimi, qələbə sevinci kimi gəlirdi, çünki Atillanı barsız söyüddən, boş beşikdən xilas etmişdim.
***
Atillanın qrup yoldaşı da Türkiyənin tanınmış xəstəxanalarından birində çalışırdı. Atilla da həmin xəstəxanaya işə düzəlmişdi..
O xanım subay idi. Tələbə olarkən aralarında ötəri sevgi hissi olmuşdu, amma Atilla üçün bu, sevgidən daha çox dostluq hissi olduğunu mənə etiraf etmişdi. O, qısqanclığımı gözəl bilirdi. Onun yerə düşən bir telini belə bir qadınla bölüşməzdim.
Atilla əminəm ki, məndən qisas almaq üçün onun yanına getmişdi. Çox sonralar onların evləndiklərini öyrəndim.
Hətta onlar məşhur türk xəstəxanasında çalışan azərbaycanlı cütlüklər kimi müsahibə də vermişdilər.
***
İllər sonra Atillanın simasını gördüm. Saçları ağarıb siması yadlaşmışdı, o özünə bənzəmirdi.
Yoxsa, xoşbəxt deyildi? Görəsən, ata olmuşdumu? Nədənsə, bu suala cavab almaq həvəsi nəfəsimi kəsdi. Atillanın anası da onunla Türkiyəyə köçmüşdü. Bilmirdim kimdən soruşum ki, Atilla ata olub, ya yox.
Artıq beş il idi ki, Atilladan uzaq yaşayırdım. Mart ayının 24-ü idi. İşə getmək üçün evdən çıxdım. Evimizdən bir az aralaşmışdım ki, gözlərimə inanmadım. Atilla yaşıl gödəkçə ilə qarşıma çıxdı. Əvvəlcə düşündüm, yenə xəyal görürəm. Amma o, mənə yaxınlaşıb qucaqlayanda yanaqlarının istisi illərlə buz tutmuş qəlbimi alovlandırdı, qəlbimin buzu isti suya çevrilib gözlərimdə selə döndü.
Atilla “Müjgan, səni analıqdan məhrum edən həyat yoldaşını bir də sevərsənmi” - söylədi. Nə baş verdiyini anlamadım.
Elə bu anda onun həyat yoldaşı- qrup yoldaşı dizi üstə yerə çöküb qarşımda ikiqat oldu. Yenə heç nə anlamadım.
Atilla söylədi ki, mənim analizlərim saxtalaşdırılıb və həmin qarşımda ikiqat olan bu xanımın çirkin niyyəti ilə..
Zaman da intiqamını Atillanın ata ola bilməyəcəyi surprizi ilə o xanıma verib. Hətta onlar bir ildir ki, boşandıqlarını söylədilər.
O xanım bağışlanmağını məndən dilədi.
Mən isə o xanıma “Allah səni bağışlasın” -söylədim.
Amma əvvəlki qısqanclıq ani qayıtdı, yaşıl gödəkçəli buruq başı özümə dartıb o xanıma “buradan yox ol” söylədim. Atilla isə artıq əvvəlki şıltaq və qısqanc Müjganı görürdü.
Artıq təyyarələr mənə vəhşi quş kimi yox, sevdiyimi mənə yetirən kəpənəkqanadlı kimi görünürdü. Bu dəfə dəmir vücuda sahib vəhşi quş gözümdə kövrəlmiş görünürdü. Hətta elə kövrəlmişdi ki, kəpənəkqanadlıya bənzəyirdi.
***
2018- ci il yanvar ayının 18-i Atilla qucağında Mədinə adlı bir körpə ilə nə isə danışırdı. Narkozun təsirindən ayılmamışdım, amma Atillanın “möcüzə qızım” söylədiyini tam eşidirdim.
Səbrimizin çiçəyi- meyvəsi çox şirin idi. Həm də Atillanın ikinci arzusu da yerinə yetmişdi. Mədinə mənə bənzəyirdi. Səbrimizin mükafatı isə yaman ağlağan idi. Onun ağlamağı belə Atillanın dodaqlarında təbəssümə çevrilirdi. Yaradana Şükr edirdik.
Allah səbir edənləri sevir.( Ali İmran 146)
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Mədəniyyət naziri Adil Kərimli Tovuzda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 23 avqust tarixində saat 10:00-da Tovuz rayonu Nizami adına Mədəniyyət Evində (Tovuz rayonu, Bəhram Əsgərov küçəsi 3) Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 16 avqust 2023-cü il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Sərdar Aminin “Nilufərlər”i
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün nəsr saatı davam edir və sizlərə Sərdar Aminin “Nilufərlər” hekayəsi təqdim edilir.
Sərdar AMİN
NİLUFƏRLƏR
Orxan Pamuka...
Sahib kişi güzgüdən ona zillənmiş yuxulu sürücüyə “ver, ver, ver...” – deyib arxa-arxaya üstünə gələn “Kamaz”ı lazımi yerdə saxlatdı.
Əlini ağzına sipər edib “Yaxşı!” qışqıran kimi “Kamaz”ın əyləc işıqları bu zülmət gecəyə sıxılan qoşa sehrli nar kimi qızardı. Gözünü sürücüdən çəkmədən dal-dala bir neçə addım atıb maşının bir sağına, bir soluna baxdı. Əli ilə “Əndər!” işarəsini verən an yük yeri şahə qalxdı, elə bil görünməz bağla Sahibin əlinin tərsinə ilişmişdi, bort qalxdıqca tökülən daş-kəsəyin tozanağında Sahib də itib-batdı, “Kamaz” da.
Bircə maşının gur işıqları tozun içindən uzanıb qoşa şəhadət barmağı kimi Yeni Günəşlini işarə verirdi.
Çox keçmədi, Sahib toz-torpağın içindən tapdığı gəlinciyi çırpa-çırpa “Kamaz”ın qabağına keçdi. Oyuncağı beton piltənin üstünə qoyanda sürücü kabinədən atlanıb ciblərini axtardı, təzədən kabinəyə qalxıb siqaret qutusunu və kibriti götürdü. Əvvəl maşının işıqlarını söndürdü, sonra mühərrikini. Bir anın içində tozdan, küydən əsər qalmadı. Təkrar yerə atılıb siqaretindən bir dənə çıxartdı. Kibrit çöpünü “Plitspiçprom” yazılmış qutunun böyrünə sürtən kimi uzun illər Sibirin şaxtasında qızınmaq ehtirasıyla dikələn küknardan hazırlanmış çöp kükürddən qapdığı alovla Bakı bürküsündə nabələd-nabələd yanıb bir anlıq ucsuz Günəşli dərəsinin bir küncünə işıq saldı.
Sahib onunla üç kəlmə kəsmədi, yaxınlaşa-yaxınlaşa cibindən çıxardığı pulu üzünü tərdən islanmış tozlu köynəyinin qoluna silən sürücüyə uzatdı. Sürücü pulu götürəndən sonra Sahib kişiylə bir siqaretlik söhbətə belə ehtiyac qalmadığını başa düşüb təzə yandırdığı siqareti dalbadal üç dəfə sümürdü, indicə boşaltdığı daş- kəsəyin üstünə vızıldatdı.
“Kamaz” dolub yolla tən olan dərədən asfalta çıxan kimi uğultusu bir az da artdı və tezliklə zəhlətökən küy gecənin məşum səssizliyinə məğlub oldu.
Bu dərə bir zamanlar geri çəkilmək istəməyən, indiki Bakının torpaqlarını israrla yalayan Xəzərin yadigarı idi. Əsrlər əvvəl buralara gəlib qayıdan Xəzər dalğalarının ilğımı xəzri insanların ağzına qədər doldurduğu köhnə beşiyini – Günəşli dərəsini tapmadı, son dəfə əsdi və birdəfəlik buralardan qeyb oldu. Sahib xəzrinin sərinliyindən rahatlanıb gəlinciyi qoyduğu piltənin üstünə çökdü. Bürkülü gecədə betonun istisi onu incitmədi, əksinə, bayaqdan yanbızında olan yüngül narahatlıq da ilıq səthdə əriyib getdi.
Uzaqdan ötən maşınların ani işıq saldığı gəlinciyin üzünə, bərəlmiş gözlərinə baxsaydı, qorxudan bağrı yarılardı, ancaq hələ ki ikisi də üzünü bir azdan ayın doğulacağı üfüqə tutmuşdu. Şəhər işıqlarının sürməyi etdiyi üfüqdə Köhnə Günəşlinin göydələnləri təpədən aldığı əzəmətlə bir az da hündür görünür, səmaya nizə kimi sancılırdı.
Bircə qalırdı səhər saatlarında son “Kamaz”ın boşaltdığı daş-kəsəyi buldozerin döşünə qatıb hamarlamaq. Gərnəşdi...
Nə illah eləmişdi ki, ödəniş sabaha qalsın, “Kamaz” sürücüsünü qandıra bilməmişdi, yuxudan qalxıb yaşadığı binadan dərəyə piyada düşmüşdü.
Sahib işini bitirmişdi. Sonrakı işlər sonrakı adamların idi, dolmuş dərədə nə tikiləcəkdi, nə qurulacaqdı – metro, park, göydələn... Dərənin yeni taleyinə uyğun şayiələr, söz-söhbətlər çox idi. Sahib belə şeyləri düşünmək istəmədi, dolmuş dərənin göz işlədikcə ağaran səthinə baxıb sinəsini qabartdı.
Dərəni doldurmaq üçün 5-6 il işləmişdi. Son “Kamaz”dakı torpaq Yeni Günəşlidə tikiləcək təzə göydələnin təməlindən çıxmışdı. Bakının hər yerindən bir ovuc torpaq vardı ağzına kimi doldurulmuş bu dərədə.
Ətrafda ins-cins görünmürdü. Betonun üstünə uzandı. Başını sağa çevirəndə düz gözünün qabağında oturaqlı qalmış, beli bir az əyilmiş gəlinciyi gördü. Gözlərini yumdu. Qapalı bəbəklərində bütün dünya bir yana çəkildi, belini büküb oturan gəlincik o biri yana. Rahat ola bilmədi. Əlinin tərsiylə gəlinciyi yıxdı. İkisi də Bakının tozlu səmasına zilləndi.
Sahib altında hər gün bir buğda boyda çökən bu torpağı qat-qat düşündü...
Bura Bakının harasından torpaq, daş-kəsək gəlməmişdi? Badamdardan Hövsana, Sovetskidən Zabrata hər dağıdılan evin, uçurulan binanın qəbri burda idi. Qərib torpaqlar bu dərədə bir-birinə qarışıb içindəki sınıq-salxaq əşyaların hekayətində yoğrulur, əfsunlu bir haləyə dönüb kimisə səsləyirdi.
Qiyamət qopana qədər uyuşmayacaq bu torpaqlar hələ içindəki kimsəsiz əşyalar çürüyənədək onların iniltisinə də dözməli idi.
Küləklə, suyla, zəlzələylə yox, nəhəng maşınların sərt yük yerləriylə daşınmış torpaqlar Günəşli dərəsində çox nabələd idi. Yüksək təzyiqlə doldurulmuş təkərlərin torpaqdan ayırdığı bu maşınlar bəla orduları kimi yorulmadan torpağın qəsdinə dururdu, sonra qəriblik dalınca qəriblik...
Yad daş-kəsək Günəşli dərəsinin qarnını hər gün bir az da dikəldir, vələdüzzina kimi bu yerlərin ruhunu narahat edirdi.
Sahib indi xatırladı ki, uzun illər burada işləsə də, heç vaxt gecə yarısı tək-tənha Günəşli dərəsində qalmayıb. Onun təslim olduğu bu hava, səssizlik hər nədirsə, yeni bir şeydir. Onu əyləyən bu havaya təslim olmağında da bir kəramət var.
Ağzına qədər doldurduğu dərə isə durmadan danışır, Sahib dərənin sözünü kəsə bilmir, bu sirli pıçıltıya bir az da, bir az da, bir az da qulaq vermək istəyirdi.
Bu torpaqlar da əşyatək kiminsə evindən, həyətindən çıxarılıb gətirilmişdi. Zir-zibil, sınıq-salxaq əşyalar, beton, daş, torpağın ümumi qoxusu dərənin üzərinə kirli mələfə kimi sərilmişdi – viranəlik, göyə sovrulmuş toz qoxusu...
Tör-töküntü içində yararlı nə vardısa, adamlar daşımışdı. İllərlə bura atılmış şikəst əşyalarsa aysız gecənin vahiməsini bir az da artırırdı.
Ötən gün “Mercedes”in arxa şüşəsindən sürücünün də xəbəri olmadan 21 yaşlı Kamilənin əl çantasından çıxarıb pinqvin paketdə dərəyə vızıldatdığı alt paltarı hələ torpağa qarışmamışdı. İşlədiyi kafedə hər əyiləndə ucları görünən xırda məmələri çox kişinin diqqətini çəksə də, gənc oğlanların gecələr ağlayıb xəyalını qurduğu ətli-budlu gözəllərilə tavanı güzgülü otellərdə sevişməkdən doyan, yataqda fərqlilik gəzən 46 yaşlı Əlidə başqa hisslər oyatmışdı; qızın kafeyə ofisiant düzəldiyi ilk həftənin son günü hesabı restoranın bağlanmağını gözləyib son anda ödəmişdi və Kamiləyə hesabdan əlavə marqans kimi qızaran yüzlük verərək “aşağıda gözləyirəm” demişdi. Kamilə əvvəlcə yüzlüyü götürmüş, sonra düşünmüşdü və bir kəlmə də demədən adminstratorla “açot-uçot” eləyəndən sonra gəlib Əlinin rus tabutu kimi soyuq və mənasız “Mercedes”inə oturmuşdu. Əlinin “boş ev”ində ayaqlarını onun çiyninə qaldıranda canına rahatlıq gəlmiş, qıçları arxaya basıldıqca gün ərzində şaquli qalmaqdan gizildəyən baldırlarına qan işləmişdi. Ayaqyolunda uşaq paltarına bənzəyən pambıq şortunu lüt bədənə geyinəndə yenə də oxuduğu universiteti, patok yoldaşlarını xatırlayıb tumanıyla əvvəlcə yanağına yaxılan layneri, ardınca da qasığını silib pinqvin paketdə əl çantasına yerləşdirmişdi.
Dolmuş dərənin bir küncündə ağaran pinqvin paketdən 3-4 metr dərinlikdə maştağalı Əkrəm dayının nəvəsinin “artıq ət”i çürüməkdə idi. Əkrəm dayı babalarından belə görmüşdü, onları kəsdirəndə sünnətdən qalan dərini harasa basdırırdılar. Nə təhsil, nə tapşırıq, nə pul... Əkrəm dayı hələ də inanırdı ki, nəvəsini sünnət eləyəndən sonra kəsilən dərini hara basdırsa, uşağın taleyi ora bağlanacaq. Nəvəsini neft işinə ismarlamaq üçün kəsdirən kimi artıq ətini gətirib Neft şirkətinin tarixi binaların birində yerləşən ofisinin çöl divarına, suvağın altına dürtmüşdü. Üç gündən sonra sökülən binanın qalıqları ilə birgə uşağın duduşunun tənzifə bükülmüş artıq əti də Günəşli dərəsində toz-torpağa qarışmışdı.
İndi Sahibin düz altında, amma iki metr dərinlikdə qalan sarı divanı isə, yəqin ki, kimsə evinə aparacaqdı, cüvəllağı uşaqlar bir gün günorta yeməyini yedikdən sonra divanın üstündə var gücüylə atılıb-düşüb qıçlarını qırmasaydı. Dövlət qəzetinə təyin olunan yeni baş redaktor otağındakı həmin sarı divanın söykəndiyi divardakı barmaq izlərini dəfələrlə vurdurduğu emosiyanın aparmadığını görəndə suvağı qaşıdıb yenisini vurdurur, otağı təmir edir, yağlı ovucların, ehtiraslı barmaqların, tərli kürəklərin iz qoyduğu əşyaları suvaqqarışıq otaqdan çıxartdırıb şəhərin ən uyğun yerinə, təbii ki, Günəşli dərəsinə boşaltdırır.
Sahibin beton üstündə uzanmağından xeyli keçsə də, ona elə gəlirdi ki, arxası ilıq betona elə indicə dəyib. Belinin altında qalan xırda daşı çıxaranda yeri bir az da rahat oldu, kürəyini əzən çınqılı tullamaq istəyəndə onun daş yox, balıqqulağı olduğunu gördü, deşiyini qulağına yaxınlaşdırdı, uşaqlıqdan sevdiyi o səsi yenidən gicgahında duydu – dəniz uğultusu... Xəzər bu səmtdən illərlə Zığ qayalarını yalayıb uzaqlara çəkilsə də, səsi Sahibin qulağının dibində idi. Çox keçmədi, gicgahındakı balıqqulağının asta vıyıltısı hər an xortlamağa hazır olan əşyaların iniltisinə yenildi.
Karantin səbəbilə iki ay işsiz qalan, son 17 manatla bazarlığa çıxanda polisə maskasız yaxalanan Fərruxun uşaq kimi üç dəfə “Allah haqqı unutmuşam” deyəndən sonra arxa cibindən çıxarıb ümidlə göstərdiyi, polisin laqeyd üzünü gördükdə susub 200 manat cərimə olunduğu protokola imza ataraq heç kəsə hiss etdirmədən ağlaya-ağlaya əlindən buraxdığı həmin əzik maska da burdadır – üstündən bir neçə maşın keçdikdən sonra gecə yolun o biri tayında qalıb, külək sonra onu da uçurdub bəla ağacının növbəti xəzəli kimi bu dərəyə atıb.
Məmmədsadığın altı qızının yazda tutdan, yayda əncirdən, payızda üzümdən bulaşdığı biləklərini qoyub baxmaqdan qaraltdığı, Sovetski söküləndə bütün lazımsız əşyalar kimi bura atılan pəncərə çərçivəsinin alt taxtası da bir neçə qat aşağıda dikinə qalıb. Həmin çərçivədən iyirmi santimetr yuxarıda, Hacı Cavad məscidində Əmir kişinin otuz il səssiz-səmirsiz söykəndiyi və söykənməkdən parıldatdığı – üstündən yeni suvaq vurulsa da, söküləndə yenidən parıldayan divar daşı da qara kəhrəba kimi qalmaqdadır.
Torpağın altında xəyali bir ev kimi dursalar da, bu mişar daşları Binəqədidə ev olmaqdan son anda məhrum edilib. Bir gecəyə tikilib damı vurulsaydı, onlar da bir neçə adamı qışda şaxtadan, yayda istidən qoruyacaqdı, ancaq üstünün şiferi səhərə qədər hazır olmamışdı deyə, icra əməkdaşları betonu tam bərkiməyən daxmanı bir saata sökmüşdü və sarı traktorların çömçəsində maşınlara yükləyib Günəşli dərəsini dolduran daş-kəsəyin üstünə atmışdı.
Gənc yazıçının borca nəşr edib sata bilmədiyi 50 ədəd kitab, vaxtı ötmüş test dəftərçələri, yarımçıq yanmış ağcaqanad zəhərləri, zibil kimi atılsa da, yenidən cücərən sarımsaq dilimləri, “Sizin üçün çalışırıq” şüarı yazılmış cırıq vinil, qurumuş küknar tingləri, nərd zəri, hərbi odeyal, əmzik...
Qəfil dalğa Sahibi qaldırıb yerə çırpdı. Ağzına-burnuna dolan dəniz suyunu qaytarıb özünü ələ almaq istəyəndə növbəti nəhəng dalğa onu doldurduğu dərənin o başına atdı. Sudan başını çıxarıb Xəzərin dağ boyda dalğalarının Günəşli dərəsinə təpidilmiş torpağı rahatlıqla yuyub apardığını gördü.
Dalğaların köksündə beşik kimi yırğalandıqca içinə rahatlıq gəldi. Bu xarabanın yiyəsi yoxdu?! Nə vaxtsa dilinə gətirdiyi ifadəni xatırladı. Bəlkə də, bu sözləri dünyada ondan az işlədən ikinci adam yox idi, ancaq əsas odur, bir dəfə də olsa, demişdi. Bu an Sahib başqa təsəlli tapmadı. Kəlmeyi-şəhadəti xatırlaya bilmədi, son dəfə “bu xarabanın yiyəsi...” dedi.
Yeni Günəşlidən gəlmiş gəlinciyin də onunla birgə batıb-çıxdığını gördü. Yenicə doğmuş ay işığında gəlinciyin bərəlmiş gözləri üzünə zillənəndə onu vahimə bürüdü. Elə bunca dəhşətin içində Sahibi ən çox narahat edən də hekayətini bilmədiyi gəlinciyin bərəlmiş gözləri oldu.
Gəlinciyin ətrafında onlarla eynicildli kitab suyun səthinə sərilmişdi. Üzərində “Nilufərlər” yazılmış kitablar yan-yana düzülüb ay işığında bütün əşyalardan seçilsə də, Sahib artıq onları görmürdü. Xəzərin bu yerlərə qəribsəmiş sarımtıl ləpələri torpağın əsrlərlə günəşdən əmdiyi istidə qızınır, şövqlə köpüklənirdi.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
Nazir müşaviri Azərbaycan-Özbəkistan dostluğunu əbədi və sarsılmaz adlandırdı
“Bu mədəniyyət bayramı səbirsizliklə gözlənilirdi, çünki Özbəkistanın mədəniyyəti Azərbaycanda çox sevilir. Biz çoxdandır ki, belə geniş palitrada, heyətdə özbək həmkarlarımızı bu cür qarşılamırdıq. Ona görə də bu, Azərbaycan, həmçinin Özbəkistan mədəniyyət xadimləri, üçün böyük təntənə və bayramdır.”
Bu sözləri mediaya açıqlamasında “Özbəkistan mədəniyyəti günləri”nin açılış mərasiminə həsr olunmuş konsertdə iştirak edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib.
“Yayın bu cür istisində çox insanların istirahətdə olduğuna baxmayaraq qısa zamanda bilet və dəvətnamələr bitdi. Burada uzun illərdir fəaliyyətlərini izlədiyimiz, tanıdığımız sənət ustaları ilə yanaşı, gənc nəslin musiqiçiləri, rəqs xadimləri də öz sənətlərini göstərəcəklər. Bu proqrama, eyni zamanda teatr tamaşaları da daxildir. Milli Kitabxanada Özbəkistandan gətirilən kitabların təqdimatı da olacaq. Bizi bu isti yay günlərində maraqlı proqram gözləyir. Xatırlatmaq istərdim ki, yaxın günlərdə ölkəmizdə "Muğam aləmi" VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən müsabiqədə müxtəlif nominasiyalarda bir Qran-Pri mükafatını, həmçinin 1-ci yeri özbək musiqiçiləri qazanıblar. Özbək musiqiçiləri hər zaman Azərbaycanda çıxış etməyi və sevilməyi özlərinə şərəf biliblər. Xüsusilə qeyd etmək olar ki, Azərbaycan musiqiçiləri də Özbəkistanda yüksək səviyyədə qarşılanır. Bu iki qardaş ölkə arasında olan dostluq əbədidir və sarsılmazdır”, - deyə C.Səlimxanov qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)
"Cığır bitdi, Azərbaycan yola çıxdı” – Yunus Oğuzun “Çığır”ı barədə Vaqif Yusiflinin yazısı
“Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Vaqif Yusiflinin yazıçı, tarixi romanlar ustadı Yunus Oğuzun yeni çapdan çıxmış “Çığır” romanı barədə “Xalq romanı – “Çığır” başlıqlı qeydlərini oxucularının diqqətinə çatdırır.
ƏNƏNƏ YAŞAYIR
Azərbaycan tarixi romanlarından söz açanda deyə bilərik ki, Məmməd Səid Ordubadidən başlayan tarixi roman ənənəsi bu gün də uğurla davam etdirilir. Və hər bir romançı Azərbaycan tarixinin müxtəlif qütblərini, həm işıqlı, həm də qaranlıq səhifələrini canlandırarkən məhz Balzakın dediyi kimi katiblik missiyasını yerinə yetirirlər. Onlar təzədən tarix yaza bilməzlər, ancaq tarixi hadisələrə və tarixi şəxsiyyətlərin həyat yoluna yenidən nəzər yetirib onları bədii şəkildə canlandıra bilərlər. Bu əksetdirmədə tarixi reallıqlarla bədii təxəyyüldən doğan məqamlar bir-birilə vəhdət təşkil etməlidir, V.Q.Belinski demişkən: "Tarixi romana uydurma, hər şeydən əvvəl, şəxsi həyatı, ayrı-ayrı insanların taleyini təsvir etmək yolu ilə daxil olur və tarixlə bağlı hadisələr tək-tək adamların taleyi ilə qaynayıb qarışır". Amma dəxli yoxdur, istər tarixi reallıqlar, istərsə də yazıçı təxəyyülündən doğan hadisələr, olaylar, obrazlar...bütün bunlar təsvir olunan tarixi dövrün özünün obrazını yaratmalıdır.
Bizim ən sanballı tarixi romanlarımızda, istər Ordubadi, istər Y.V.Çəmənzəminli, istər Ə.Cəfərzadə, istər Y.Səmədoğlu, İstər Elçin, istər F.Kərimzadə, istər Ə.Nicat və istərsə də digər tarixi roman müəlliflərimiz bu prinsipə həmişə əməl etmişlər. Son iyirmi ildə də tarixi roman öz inkişafından qalmamış, yazıçılarımız mövcud ənənəyə sədaqət göstərərək yeni əsərlər yazmışlar. Sabir Rüstəmxanlının, Elçin Hüseynbəylinin, Hüseynbala Mirələmovun, Mustafa Çəmənlinin tarixi romanları bu janrın inkişafında yeni bir dönəmin başlandığını sübut edir. Bu romançılar sırasında son iyirmi ildə ən çox məhsuldar işləyən bir yazıçını - Yunus Oğuzu artıq bu janrın müməsili (təmsilçisi) kimi tanıyırıq, yəni, o, ancaq tarixi romanlar yazır. "Nadir şah", "Təhmasib şah", "Sultan Alp Arslan", "Əmir Teymur", "Atabəy Eldəniz", "Uçurum" tarixi romanları, həmçinin bir neçə tarixi pyeslər onun qələmindən çıxıb.
Yunus Oğuzu tarixi roman və pyeslər yazmağa vadar edən səbəb nədir,-deyə düşündüm. Birincisi, belə güman etdim ki, əsas səbəb onun heç də tarixçi olmasında deyil, illər boyu ürəyində mürgüləyən, sonrasa birdən-birə ayılan yazıçı şövqünün get-gedə şiddətlənməsidir. Necə ki, bəzi aktyorlar dönüb istedadlı bir rejissora çevrilirlər. Bu məqamda mən Yunus Oğuzun əksər romanlarına dəyərli müqəddimələr yazmış Nizami Cəfərovun bir fikrini xatırlayıram: "Yunus Oğuzun çox zəngin elmi-tarixi düşüncəsi var, tarixə dərindən bələdliyi var, tarixlə işləmək mədəniyyəti, eyni zamanda, çox müasir və güclü bədii təfəkkürü var. Tarixdən yazan yazıçı üçün bunların hər ikisi mühüm məsələdir".
İkincisi, qəti əminəm ki, ən yaxşı, sanballı tarixi romanlarımız böyük vətənpərvərlik duyğusu ilə qələmə alınır və vətənpərvərlik duyğusu istənilən tarixi romanın məzmununa da, bədiiliyinə də təsirsiz qalmır. Yunus Oğuzun tarixi romanlarında da bunu hiss edirik. Mətləbi uzatmaq istəmirəm və Yunus Oğuzun lap bu yaxınlarda çapdan çıxan "Cığır" romanı haqqında söz açmaq istəyirəm.
SÖHBƏTƏ CIĞIRDAN BAŞLAYAQ.
Romana niyə "Cığır" adı qoyulub? Bunun iki mənası var. Birincisi: Məlumdur ki, Şuşa 1752-ci ildə Qarabağın ilk hakimi Pənahəlli xanın qurduğu, yaratdığı bir şəhərdir. Təbii ki, ilk dönəmdə şəhərin qurğusunda bir sıra çətinliklər meydana çıxdı, bunu biz yeddi "Qarabağnamə"də də izləyə bilərik. Amma Yunus Oğuz belə bir versiya irəli sürür: gələcəkdə düşmən Şuşaya hücum edərsə, şəhər mühasirəyə alınarsa, hansı yolla bu mühasirədən qurtulmaq olar- xalqın nümayəndəsi-çoban olmasına baxmayaraq çox ağıllı bir insan olan Nəsrəddin kişi onu heç kimin tanımadığı, bilmədiyi bir cığıra gətirir. "Bu yolu heç kim bilmir, dağ keçilərindən başqa...Bu sirri yalnız bir neçə nəfər bilməlidir, yoxsa gələcəkdə tikəcəyin şəhər çox keçməz, bərbad olar"-deyir Nəsrəddin kişi. Əlbəttə, bunu real bir versiya hesab etmək olar. Çünki Şuşa bu 270 il ərzində dəfələrlə hücuma, mühasirəyə məruz qalıb, amma onu təkcə cəsur və qəhrəman Şuşa sakinləri deyil, həm də yenilməz dağlar, qayalar, cığırlar müdafiə edib.
İkincisi: CIĞIR həm də simvolik məna daşıyır.Cığırın lüğəti mənası kiçik yol və yaxud dar, balaca yol deməkdir, amma yolun özü deyil. Elə cığır var ki, yola çevrilmir, amma yola gedib çıxan və yola çevrilən, yolun tərkibinə qatılan cığırlar olur. Bu prosesi təbiət özü tənzimləyir. Lakin Yunus Oğuz buna simvolik məna verir. Deyək ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızın iyirmi faizi işğal olundu, cığırlar (ayrı-ayrı dəstələr, döyüşən qüvvələr) birləşə bilmədi, Yola çevrilmədi. Ancaq İkinci Qarabağ müharibəsində bütün cığırlar VAHİD YOLA çevrildi.
Romanın son səhifələrinə boylanaq: "Cığır bitdi, Azərbaycan yola çıxdı. Dövlətini dünyaya tanıdan Böyük YOLa. Müharibənin nəticəsi olaraq 10 noyabrda Ermənistan təslimçilik aktını imzaladı". "Şuşanın işğaldan azad edilməsi xalqı birləşdirdi, erməniləri isə parçaladı. Şuşa bütöv ruhumuzu özümüzə qaytardı, çünki parçalanmış ruh torpağı da, xalqı da parçalayır. Şuşa CIĞIRI Zəfər yoluna çevirdi. CIĞIRın Zəfər yolu isə davam edir".
KEÇMİŞLƏ MÜASİRLİYİN VƏHDƏTİ
Yunus Oğuzun "Uçurum" romanında olduğu kimi "Cığır"da da hadisələrin əksəriyyəti yaşadığımız illərdə baş verir. "Uçurum" haqqında yazdığım bir məqalədə qeyd etmişdim ki, Yunus Oğuz hər hansı bir romanında tarixlə müasirliyi vəhdətdə götürür, yəni "tarixdə bu gün, bu gündə tarix" (Nizami Cəfərov) prinsipinə əməl edir. "Üçurum"da o, XVI əsrdə-Şah Təhmasibin hakimiyyəti dövründə baş verən hadisələrlə XXI əsrin narkobizneslə bağlı olaylar arasında kommunikasiya-əlaqə bağları yaradır. "Cığır"da isə XVIII əsr-Qarabağ xanlığının ilk illəri-Pənahəli xanın Şuşanı inşa etməsi və burada baş verən ilk Cığır axtarışları ilə XXI əsdə Birinci və İkinci Qarabağ müharibələri dövrünün hadisələri paralelləşir. Hər iki əsərdə bəzi oxucular etiraz edib deyə bilərlər ki, "tarixi roman" istilahı nəyə lazımmış? Amma Yunus Oğuz "tarixdə bu gün, bu gündə tarix" prinsipini əsas götürür. "Tarix təkrar olunur" -xüsusilə Azərbaycan tarixinin elə dövrləri və mərhələləri var ki, hadisələrin gedişatı və inkişafı bir-birilə səsləşir. Məgər XVI əsrdəki erməni xisləti dəyişibmi? Məgər Azərbaycanın parçalana-parçalana belə vahidliyə, bütövlüyə can atması (xanlıqlardan üzü bəri) əsrlərdən bəri milli düşüncəyə təkan verməmişdimi? Yəni tarix spiralvari xətt üzrə inkişaf edir-xəttin əvvəli ilə sonu arasında bir-birini tamamlayan hadisələr mövcuddur. "Cığır"da da Məhəmmədhəsən Qacarın Şuşaya uğursuz hücumu təsvir olunur, eyni zamanda Şuşa uğrunda döyüşlərdən və şəhərin işğaldan azad olunmasından söhbət gedir.Əslində, müəllifin mövqeyi məlumdur: Azərbaycanın müstəqilliyi, Cığırı Yola çevirmək idealı... Və sonda: "Qarabağ-Azərbaycandır-nida!"
REALLIQLAR VƏ BİR DƏ BƏDİİ TƏXƏYYÜLÜN ROLU
Yazıçı üçün tarixi roman qələmə almaq çox məsuliyyətli bir işdir və burada ilk növbədə, əsl istedadla yanaşı, bu istedadı şərtləndirən bir çox arqumentlər də nəzərə alınmalıdır. O arqumentlər sırasında yazıçının müraciət etdiyi tarixi dövrü, haqqında söz açdığı tarixi şəxsiyyəti nə dərəcədə dərk etməsi birincidir. Deyim ki, Məmməd Səid Ordubadi Nizami dövrünü və Nizami şəxsiyyətini dərk etməsəydi, kifayət qədər (hətta tarixçilərin bildiyindən də artıq!) məlumatlı olmasaydı, necə deyərlər, təpədən-dırnağa nizamiləşməsəydi... Yunus Oğuz da "Cığır"da təsvir etdiyi hadisələri və real obrazları dərindən müşahidə edib, əslində, bütün bu hadisələr onun gözləri qarşısında baş verib və o, özü də bu hadisələrin içində olub. Təbii ki, Yunus Oğuz sənədli roman yazmaq iddiasında olmayıb və onün digər romanlarında da sənədlilik üslubi mahiyyət daşımır. Lakin məlum hadisələrin təsviri bədii informasiya vasitəsilə oxucuya çatdırılır. Bəzi məqamlarda tarixi faktlar da qısaca nəzərə çatdırılır və bu da vacibdir.
Romanda təsvir olunan reallıqlar (məlum hadisələr və insan obrazları) üç xətt üzrə diqqəti cəlb edir.
Birinci xətt- siyasi hadisələr və bu hadisələrin mərkəzində qərarlaşan real obrazlar. İlk növbədə, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev.
"Prezident ayağa durdu, saatına baxdı, Təhlükəsizlik Şurasının iclasına hələ on beş-iyirmi dəqiqə qalırdı...İçində bir qalxınma vardı. O özü də Azərbaycan üçün yeni bir CIĞIR açırdı. Bu yeni CIĞIRı yola çevirmək istəyirdi".Bütün roman boyu -xüsusilə, İkinci Qarabağ müharibəsi ilə bağlı hər səhifədə biz Ali Baş Komandanın qüdrətini və ağıllı, son dərəcə tədbirli və son dərəcə diplomatik dəst-xəttini hiss edirik. Ali Baş Komandanın Tovuz döyüşləri zamanı əsl sərkərdəlik məharəti üzə çıxdı və Yunus Oğuz təxminən 7-8 səhifədə bunu oxucuya çatdıra bilir.
Romanda Ermənistan rəhbərliyinin- Baş nazir Paşinyanın, müdafiə naziri Tonoyanın, keçmiş prezidentlər-Sarkisyanın, Koçaryanın, Paşinyanın arvadı Anna Akopovanın və bunlara dəstək olan xarici qüvvələrin obrazları da yaradılıb və Yunus Oğuz fəhmlə (həm də məlum informasiyalarla) onların söz-söhbətlərini, Azərbaycanla bağlı açıq və gizli niyyətlərini nəzərə çatdırır. Yunus Oğuz üçün erməni xislətini bütün mahiyyəti ilə əks etdirmək o qədər də problem deyil. Paşinyanın siyasi aləmdə uğursuz gedişləri, Moskvadan və Parisdən onu müdafiə edənlərlə nökərcəsinə yardım diləməsi, dünya erməni lobbisi ilə münasibətləri, Ermənistanın öz daxilində müxalifətlə "düşmənçiliyi" hamıya məlumdur, amma bütün bunlarla bir sırada antitürk mövqeyi hər bir düşmən erməni kimi onun da qanına hopub. İstər o, istərsə də məlum düşmən qüvvələri Azərbaycanın 44 gün ərzində qələbəsini heç gözləmirdilər. Yunus Oğuz gah ciddi ironiya, gah da açıq bir tövrlə, heç bir lağa qoymadan paşinyanların bütöv ERMƏNİ xtslətini canlandırır. Əsrlər boyu bu ERMƏNİ XİSLƏTİ dəyişmir. Ancaq 44 günlük Qarabağ zəfəri "Dənizdən dənizə böyük Ermənistan" xəyallarını puç elədi.
İkinci xətt- "Cığır"ı həm də müharibə romanı adlandırmaq olarmı? Axı, müharibə romanlarında döyüş səhnələri olur, ya da müharibə gedən illərdə arxa cəbhə təsvir olunur ki, bu da az əhəmiyyətli deyil. "Cığır"da genişliyilə olmasa da, bir neçə döyüş səhnəsi təqdim edilir. "Erməni əsgərləri arasında vahimə yarandı. "Kölgə əsgərlər" sözü onları elə qorxuya salmışdı ki, hara gəldi, gülləni atırdılar..Bir azdan qaçaqaç düşdü. Kimisi Xankəndinə, kimisi Laçın dəhlizinə, kimisi də dağa-daşa, meşəyə üz tutdu. Texnikaların hayına isə qalan yox idi. Erməni əsgərlər qaçır, özləri özlərinə atəş açır, ölür, öldürürdülər. Yol yaralılar və meyitlərlə dolmuşdu. Səhərə yaxın Şuşa yolunda daha heç kim qalmamışdı". Ümumən roman bütünlüklə müharibədən danışır, müharibənin bütün gedişatından xəbərdar oluruq, biz müharibənin insan talelərinə necə ağır zərbələr vurduğunu da izləyirik.
Üçüncü xətt- "Cığır" həm də Xalq romanıdır. Əsərdə- əksər səhifələrdə Xalqın iradəsi, otuz illik həsrətə son qoymaq, doğma torpaqlara qayıtmaq, qovuşmaq arzusu səslənir. "Çünki otuz il idi ki, elə bir yer yox idi ki, bu barədə danışılmasın, arzu-istək bildirilmıəsin. Xüsusən, xeyir-şər məclislərində bütün söhbətlər Qarabağla bitirdi. İnsanlar Allaha dua edirdilər ki, bu qisas qiyamətə qalmasın". Yunus Oğuz romanda Xalqla hakimiyyət, Xalqla Ordu arasında vəhdəti xüsusilə nəzərə çatdırır və doğrudan da, Lələtəpə və Tovuz döyüşlərində bu vəhdət daha artıq hiss edildi. "Elə müharibənin birinci günündən xalq orduya çevrildi. Əsgər həm də arxa cəbhədə olanlardan böyük dəstək görürdü. Bunun üçün ölməyə yox, öldürməyə gedirdi".Azərbaycan ordusu isə artıq dünyanın ən güclü, ən müasir bir ordusuna çevrilmişdi və 44 günlük müharibədə qazanılan qələbələr də bunu sübut etdi" Müəllif Tovuza tələsən, orduya yazılmaq istəyən minlərlə azərbaycanlının intiqam hissini qələmə alır, əslində, bütün bunlar bizə tanışdır, amma bədii əsər bu təsirli səhnələrdən yan keçə bilməz. "Baxın: bir atanın dilindən nə eşidirik: "Üç oğlumdan biri dövlətə, Vətənə qurban olsun!- Yanındakılara baxıb fəxrlə əlavə etdi.- Amma demişəm: Kürəyindən güllə dəyib ölsən, heç qəbrinin üstünə də gəlməyəcəm. Belə ölümlə rayonda biabır olaram. Qonum-qonşu deyər ki, ə, sən niyə kişi olursan? Oğlun erməninin qabağından qaçanda ölüb də. Ətrafdan səslər gəldi:
-Halal olsun!
-Afərin!"
Yunus Oğuz milli dəyərlərə bağlı yazıçıdır və "Cıjğır"da da bu dəyərlər, xalqın əsrlərdən bəri qoruyub yaşatdığı mənəvi ucalıqları hərarətlə vəsf olunur. General Polad Həşimovun simasında təkcə sərkərdə obrazını deyil, həm də milli -ailəsinə, əsgərlərinə və ən başlıcası Vətəninə bağlı milli-mənəvi dəyər meyarı ilə qarşılaşırıq. Müharibə-xalqın taleyini, ölüm-dirim savaşını həll edən psixoloji bir məqamdır. Müharibə insanları sınaqlardan keçirən məhək daşı deyilmi? Əgər su satan balaca bir uşaq satdığı suyun pulunu almırsa, bu da milli-mənəvi dəyərin kiçik də olsa, bir detalıdır. "Əmi, ağzında deyirsən, kişi oğluyam. Bu pulu ala bilmərəm". Beşinci sinif şagirdi Aybənizin əsgərə məktubu da o detallardan biridir. Romanda Əzizənin (onlarla Azərbaycan qadınlarından biri) əri Farizin ölümündən sonra keçirdiyi hisslər, mağazadan aldıqlarının pulu ödəniləndə etiraz etməsi bir azərbaycanlı qadına xas olan mənəvi keyfiyyətdir. Ancaq müharibə dövrü qadınları içərisində Nargül kimiləri də var ki, şəhid ərinin ölümündan sonra hərbi paltar geyinir, cəbhəyə yollanır. Qəbələnin Tüntül kəndində yaşayan Gülbala kişinin üç oğlu-Elgün, Elkin, Turan Vətən müharibəsində iştirak edirlər, belə ailələr Azərbaycanda az deyildi. Ədliyyə işçisi olan Kamran birbaşa hərbi komissarlığa gəlir ki, cəbhəyə yollansın, o, Suqovuşanda böyük hünər göstərir.Bəs Cəbrayıl Dövlətzadə necə( Əslən Zəngilandan olan Cəbrayıl Sumqayıtda-Corat qəsəbəsində doğulmuşdu. O, əliyalın olsa da, bir erməni polkovnikini bıçaqla, bir generalını isə əliylə boğub öldürür, özü də həlak olur. "Cığır"da belə misallar az deyil və Yunus Oğuz bu səhnələrlə Xalqın mənəvi qüdrətini əks etdirir. Qarabağ müharibəsi də təklərin, fərdlərin böyük axında - Orduda, "torpaq uğrunda ölən varsa, Vətəndir" məramında birləşməsi, cığırların böyük Yola çevrilməsini əks etdirdi.
"Cığır" romanı son otuz ilin ictimai-siyasi mənzərəsini canlandırmaq, bədii-publisistik yolla bu mənzərəni əks etdirmək, "Qarabağ-Azərbaycandır!" nidasının Qələbə, Zəfər ahənginə çevrilməsini, Azərbaycan tarixinin misli görünməmiş səhifələrini yaratmaq, böyük Azərbaycan və Azərbaycanlı obrazlarını dünyaya tanıtmaq baxımından Yunus Oğuzun uğurlu əsəridir.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)